17 İyul 2026 10:00
324
Mədəniyyət
A- A+
Nizami ruhunun ekran təcəssümü

Nizami ruhunun ekran təcəssümü


Azərbaycan kino sənətinin "qızıl fond"una daxil olan ekran əsərlərindən biri də mütəfəkkir şair Nizami Gəncəvinin həyat və mənəvi dünyasından bəhs edən "Nizami" bədii filmidir. 1982-ci ildə çəkilən bu film milli mədəniyyətimizin ən möhtəşəm əsərlərindəndir. 

Görkəmli rejissor Eldar Quliyevin quruluş verdiyi bu tarixi-bioqrafik dram sadə bir şairin ömür yolunu deyil, XII əsr intibah dövrünün ictimai-siyasi mənzərəsini, insan azadlığı və ədalət axtarışlarını fəlsəfi baxış nöqteyi-nəzərindən tamaşaçıya çatdırır. Azərbaycan kinosunun çətin sınaqlardan keçdiyi bir dövrdə "Azərbaycanfilm" və "Mosfilm" kinostudiyalarının birgə layihəsi kimi ərsəyə gələn bu ekran əsəri həm ssenari dərinliyi, həm də möhtəşəm aktyor oyunu ilə indiyəcən aktuallığını qoruyur. 

Filmin ssenari müəllifləri - tanınmış yazıçı İsa Hüseynov (Muğanna) və rejissor Eldar Quliyev XII əsr Gəncə mühitini canlandırmaq üçün uzunmüddətli tarixi araşdırmalar aparmışlar. Filmin musiqi tərtibatı dahi bəstəkar Qara Qarayevə məxsusdur. Bu musiqi bəstəkarın ölümündən əvvəl kino sahəsində imza atdığı son və ən möhtəşəm şah əsərlərindən biri hesab olunur.

"Mosfilm"in maliyyə və texniki dəstəyi sayəsində filmin çəkilişləri təkcə Bakı, Gəncə və Şamaxı ilə məhdudlaşmamış, Türkmənistan, Özbəkistan və Qırğızıstanın tarixi məkanlarında lentə alınmışdır.


Filmin süjet xətti və fəlsəfi ideyası


Məşhur yazıçı-ssenarist İsa Hüseynov və rejissor Eldar Quliyevin ortaqlığı ilə yazılmış ssenari ənənəvi, xronoloji bioqrafik janrdan uzaqdır. Ssenari daha çox kino-pritça və fəlsəfi dram formatında qurulub. Müəlliflər şairin həyatındakı real faktları onun daxili sarsıntıları, poemalarındakı mistik obrazlar və fəlsəfi düşüncələri ilə sintez ediblər. Film iki əsas müstəvidə inkişaf edir: real və xəyali dünyada. Real dünya dedikdə XII əsrin Gəncə mühiti, saray intriqaları, müharibələr, aclıq və şairin xalqın dərdinə şərik olması əks olunur. Xəyali dünyada isə Nizaminin poemalarındakı fəlsəfi ideyaların ekranda vizuallaşması, şairin öz qəhrəmanları, məsələn, İsgəndər ilə xəyali dialoqları təsvir edilir.

Film Gəncənin mürəkkəb ictimai-siyasi ab-havası ilə açılır. Nizami artıq dövrünün ən nüfuzlu mütəfəkkiri və ustad sənətkarıdır. Yerli hökmdarlar və din xadimləri onun xalq arasındakı nüfuzundan çəkinir, sənətkarı öz tərəflərinə çəkməyə çalışırlar. Lakin Nizami saray təmtərağından, mədhiyyə yazmaqdan imtina edərək Gəncə ətrafındakı kasıb evində yaradıcılıqla məşğul olur. Onun bu mövqeyi saray əyanı Müzəffərinin rəhbərlik etdiyi qüvvələrin böyük qəzəbinə səbəb olur.

Ssenarinin ən həssas xətlərindən biri şairin sevgisi və ilham mənbəyi ilə bağlıdır. Filmdə aktrisa Həmidə Ömərova eyni anda iki obrazı canlandırır: Nizaminin erkən itirdiyi böyük sevgisi Afaqı və şairin xəyalında canlanan, ona çətin anlarda yol göstərən ilham pərisi Pərini. Afaqın ölümü şairi dərindən sarsıdır. Lakin bu kədər onun yaradıcılığını daha da ilahiləşdirir, onu bəşəri sevgiyə doğru ucaldır.


Tarixi görüşlər


Filmin ssenarisində ən yaddaqalan fəlsəfi kulminasiya nöqtələrindən biri Şirvanşahlar sarayından qaçan və böyük məhrumiyyətlər yaşayan digər dahi şair Xaqani Şirvani ilə Nizaminin görüşüdür. Gəncə düzənliyində baş tutan bu görüşdə iki sənətkar azadlıq, yaradıcılıq, sənətkarın cəmiyyətdəki rolu və hökmdarlara münasibət barədə dərin dialoq aparırlar. Xaqaninin çəkdiyi iztirablar Nizaminin ədalət axtarışlarını daha da alovlandırır.

Atabəylər dövlətinin qüdrətli hökmdarı Qızıl Arslan (obrazı canlandıran Hacımurad Yegizarovdur) Gəncəyə gələrkən Nizami ilə görüşmək istəyir. Nizami hökmdarın hüzuruna sadə libasda gedir. Əslində, bu görüş şair-hökmdar dialoqu deyildi, ssenarinin ən güclü fəlsəfi toqquşması idi. Nizami Qızıl Arslana ədalətli olmağı, müharibələri dayandırmağı və xalqı incitməməyi nəsihət edir. Ona öz əsərini verir. Hökmdar Nizaminin cəsarətinə və müdrikliyinə heyran qalaraq şairə Həmdünyan kəndini bağışlayır. 

Ömrünün son illərində Nizami "İsgəndərnamə" poeması üzərində işləyir. Ssenaridə şairin yaratmaq istədiyi "Xoşbəxtlər şəhəri" (heç bir ağanın, nökərin, zülmün olmadığı cəmiyyət) fəlsəfəsi qabardılır. Lakin real dünyada Gəncə yenidən müharibə, qarət və aclıq girdabına sürüklənir. Şair xalqın göz yaşlarını gördükcə daxili sarsıntı keçirir. O, yazdıqları ilə real həyat arasındakı uçurumu gördükdə mənəvi böhran yaşayır.


Tarixi faktların bədii təhrifi və rejissor sərbəstliyi


"Nizami" filmi əvvəldə də qeyd etdiyimiz kimi, sənədli xronika deyil, bədii kino-pritça olduğundan ssenari müəllifləri şairin fəlsəfəsini, daxili dünyasını qabarıq göstərmək üçün bəzi bədii təhriflərə və tarixi sərbəstliklərə yol vermişlər. Dövrün ideoloji tələbləri və kinonun dramaturgiya qanunları real tarixlə filmin ssenarisi arasında müəyyən fərqlər yaratmışdır. Burada ssenarinin ən təsirli kulminasiya nöqtələrindən biri iki dahi şairin Nizami və Xaqaninin Gəncə çöllərindəki görüşüdür. Kino nəzəriyyəçiləri yazırlar ki, real tarixdə Nizami Gəncəvi ilə Xaqani Şirvaninin şəxsən görüşməsinə dair heç bir tarixi fakt yoxdur. Onlar eyni dövrdə, eyni coğrafiyada yaşasalar da, yalnız bir-birlərinin yaradıcılıqlarına bələd olublar, şeirlərində bir-birlərinə işarələr ediblər. Filmdə bu görüş iki fərqli sənətkar taleyini üz-üzə gətirmək üçün uydurulmuş bədii təxəyyülün nəticəsidir. 

Həmidə Ömərovanın canlandırdığı Pəri obrazı şairin yanında gəzən, ona yol göstərən, bəzən xəyal, bəzən isə real bir qadın kimi təsvir olunur. Nizaminin real həyatında Dərbənd hökmdarının ona verdiyi qıpçaq qızı - kəniz Afaq olub və şair onu sonsuz məhəbbətlə sevib. Lakin filmdəki Pəri obrazı da tamamilə bədii təxəyyülün məhsuludur. Rejissor şairin daxili səsi, ilham pərisi və "Xəmsə"dəki qadın ideallarını gerçəkləşdirmək üçün bu simvolik obrazı ssenariyə daxil etmişdir.

Filmdə Nizami ilə Atabəy hökmdarı Qızıl Arslanın çadırda baş tutan görüşü böyük bir siyasi-fəlsəfi qarşıdurma kimi təqdim edilir. Nizami hökmdara olduqca cəsarətli, az qala onu mühakimə edən tərzdə nəsihətlər verir. Bu görüş tarixi reallıqdır, 1188-ci ildə baş verib. Lakin o zaman şairlərin feodal hökmdarlarla münasibətləri dövrün ciddi saray etiketlərinə tabe idi. Filmdəki kəskin və tamamilə müstəqil ton sovet dövrünün "Xalq şairi zalım şahlara qarşı" ideoloji konsepsiyasından irəli gəlirdi. Rejissor Nizaminin humanist ideyalarını qabartmaq üçün dialoqu daha müasir və inqilabi xarakterdə qurmuşdur.

Filmin sonuna yaxın Nizaminin xəyalında canlanan və ekranda vizual şəkildə göstərilən pulun, zülmün, sinfi bərabərsizliyin olmadığı "Xoşbəxtlər şəhəri" təsvir olunur. Nizami bu ideyanı XII əsrdə fəlsəfi reallıq kimi deyil, ədəbi utopiya kimi yazmışdır. Ssenari müəllifləri isə bu səhnəni filmə daxil edərək sanki Nizaminin əsrlər əvvəl sovet sosializminin təməlini qoyduğuna eyham vururlar. Bu da filmin çəkildiyi 1980-ci illərin sovet senzurasından keçməsi üçün edilmiş bədii-siyasi bir gediş idi.


Filmdə aktyor ansamblı


1982-ci ildə ekranlaşdırılan "Nizami" filminin ən böyük uğurlarından biri rejissor Eldar Quliyevin topladığı unikal aktyor ansamblı və onların yaratdığı dolğun xarakterlərdir. Tarixi şəxsiyyətləri canlandırmaq aktyordan təkcə xarici bənzərlik deyil, həm də dövrün fəlsəfəsini, daxili dünyasını vizual dilə çevirmək məharəti tələb edir. 

"Nizami" filmindəki aktyor oyunu statik bədii təsvirlərdən uzaq, psixoloji gərginlik və emosional dərinliklə zəngindir. Filmin mərkəzində dayanan və ən çox müzakirə edilən  şübhəsiz ki, Müslüm Maqomayevin canlandırdığı Nizami Gəncəvi obrazıdır. Estrada və opera ulduzu kimi tanınan M.Maqomayevin bu rola seçilməsi o dövrdə böyük risk hesab olunurdu. Lakin Müslüm peşəkar dram aktyorlarını kölgədə qoyacaq bir performans nümayiş etdirdi. Onun Nizami obrazı bağıran, pafoslu danışan şair deyil. O, baxışları, daxili sükutu, kübarlığı və dərin kədəri ilə intellektual bir mütəfəkkiri canlandırmışdır. Şairin yaradıcılıq əzabları, saray intriqalarına qarşı göstərdiyi sarsılmaz və məğrur duruşu onun plastikası və gözlərindəki işıqla tamaşaçıya birbaşa ötürülür.

Həmidə Ömərova filmdə iki fərqli, lakin mahiyyətcə eyni ideyaya xidmət edən obrazı - Pəri və Afaqı canlandırır. Aktrisa bu rollarda şairin həyatındakı real qadını yox, onun sənətini qidalandıran ülvi məhəbbəti, saflığı və fədakarlığı simvolizə edir,  Nizaminin daxili dünyasındakı zərifliyi üzə çıxarır.

Filmin çəkisini artıran digər mühüm xətt dövrün ustad aktyorlarının yaratdığı güclü obrazlardır. Həsənağa Turabov (Müzəffəri) dövrün ziddiyyətlərini, saray hiylələrini və feodal təfəkkürünü özünəməxsus kəsərli oyun tərzi və psixoloji dəqiqliklə təqdim edir. Onun obrazı Nizaminin əsas əleyhdarlarından biridir. Xaqani Şirvanini canlandıran Ələddin Abbasov Şirvan sarayının sıxıntılarından bezmiş, yaşlı və müdrik Xaqaninin faciəsini, eyni zamanda onun Nizamiyə olan heyranlığını və qardaşlıq sevgisini böyük ustalıqla çatdırır. 

Dövlət rəhbərinin qüdrətini, eyni zamanda hakimiyyətin gətirdiyi daxili tənhalığı və şair sözünə olan ehtiyacı canlandıran Yegizarov (Qızıl Arslan) rola monarx əzəməti bəxş edib. Onun Nizami ilə dialoqları, sadəcə, iki aktyorun yox, iki fərqli dünyanın toqquşmasıdır. 

"Nizami" filmində aktyor oyunu teatrallıqdan uzaq, kinonun gerçək və minimalist qanunlarına tam uyğundur. Aktyorlar rejissor Eldar Quliyevin fəlsəfi konsepsiyasını düzgün oxuyaraq, sadəcə, quru tarixi faktları yox, canlı və nəfəs alan insan taleyini ekrana gətiriblər.

Filmin sonu rəmzi xarakter daşıyır. Fiziki cəhətdən zəifləyən və dünyasını dəyişən Nizami mənəvi olaraq ölümsüzlüyə qovuşur. O, öz xəyali obrazları və Pərisi ilə birlikdə əbədiyyətə doğru addımlayır. Film tamaşaçıda belə bir fikir formalaşdırır: şair fiziki olaraq yox olsa da, onun qoyub getdiyi söz sənəti, humanizm və ədalət ideyaları əsrlər boyu yaşayacaq.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:22
17 İyul

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

12:21
17 İyul

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

12:18
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!