Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı və publisist, həkim Nəriman Nərimanovun anadan olmasından 155, vəfatından 100 il ötür
Nəriman Nərimanov bir ədib kimi Mirzə Fətəli Axundzadə məktəbinin ilk davamçılarından olmuş, realist ədəbiyyatımızın inkişafında, onun qabaqcıl ideyalarla zənginləşməsində mühüm rol oynamışdır. Cəmiyyəti inkişafdan saxlayan mürtəce adət-ənənələri, dini fanatizmi, istibdadı tənqid, inkişafı, tərəqqini, mədəni yüksəliş və azadlıq ideyalarının tərənnümü onun bədii əsərlərinin əsas qayəsini təşkil etmişdir.
Görkəmli dövlət xadimi, ədib 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur. Qardaşından, əmisindən yazıb-oxumağı öyrənmiş, Azərbaycan ədəbiyyatının müxtəlif nümunələri ilə tanış olmağa başlamışdır.
1882-ci ildə Nəriman Nərimanov Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdur. Azərbaycan, rus və Avropa ədəbiyyatı klassiklərini həvəslə öyrənmişdir. Ədəbiyyat sahəsində ilk qələm təcrübələri də bu illərə təsadüf etmişdir.
İlklərin müəllifi
Seminariyanı başa vurduqdan sonra Nəriman Nərimanov Tiflis quberniyasının Qızılhacılı kəndinə müəllim təyin olunur. Bu kənddə keçən birillik müəllimlik fəaliyyəti ona kəndlilərin ağır həyat və məişəti ilə tanışlıq imkanı yaradır. O, bütün gücünü ortaya qoyaraq bu təbəqə arasında maarifi təbliğ etməyə, onları düzgün istiqamətlərə yönəltməyə çalışır. Hələ Qori Müəllimlər Seminariyasında yazmağa başladığı "Nadanlıq" dramını tamamlamaqda kənd həyatı ona zəngin material verir.
Qızılhacılı məktəbində bir il çalışdıqdan sonra Bakıya köçən N.Nərimanov burada özəl progimnaziyada, habelə realnı məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir. Bakıda yaşayıb çalışması ona o dövrdəki qaynar ictimai-siyasi mühitə daxil olmaq imkanı verir.
Nəriman Nərimanov qabaqcıl Azərbaycan ziyalılarının köməyi ilə 1894-cü ildə Bakıda ilk dəfə olaraq kütləvi xalq qiraətxanası açır. Qısa müddətdə həmin qiraətxana şəhər ziyalıları arasında çox böyük rəğbətlə qarşılanır. Şəhər sakinləri burada təkcə qəzet-jurnal, kitab oxumurdular. Nəriman Nərimanovun rəhbərliyi ilə tez-tez toplantılar təşkil olunur, yeni əsərlərin müzakirəsi aparılırdı. Bundan başqa, qiraətxanada yoxsul tələbələrə, şagirdlərə kömək məqsədilə xeyriyyə teatr tamaşaları da oynanılırdı. Bütün bunlarla yanaşı, Nəriman Nərimanov dərsliklər tərtib edir, bədii əsərlər və publisistik məqalələr yazırdı. Görkəmli ziyalının Azərbaycan dili qrammatikası, ruslar üçün Azərbaycan dili və azərbaycanlılar üçün rus dili dərslikləri məhz həmin dövrdə yaranmış, müəllimlərə, tələbələrə bu iki dili qarşılıqlı şəkildə öyrənməkdə çox böyük fayda vermişdi.
Azərbaycandilli əhalini mühüm siyasi hadisələrlə, ölkə daxilindəki vəziyyətlə tanış etmək üçün N.Nərimanov "Təzə xəbərlər" adlı qəzet, "Sovqat" və "Məktəb" adlı jurnalların nəşri barədə də məsələ qaldırmış, lakin hökumət idarələri tərəfindən bu xahişlər müxtəlif bəhanələrlə rədd edilmişdi.
Yazıçılıqdan həkimliyə
Bu dövrdə Nəriman Nərimanov ədəbiyyat və incəsənət sahəsində yorulmadan çalışırdı. 1894-cü ildə o, "Nadanlıq" pyesini, 1895-ci ildə "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasını, 1896-cı ildə məşhur "Bahadır və Sona" romanının birinci hissəsini, 1899-cu ildə isə "Nadir şah" faciəsini nəşr etdirir, görkəmli rus yazıçısı N.V.Qoqolun məşhur "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə edir.
Nəriman Nərimanovun fəaliyyəti Azərbaycan teatr incəsənətinin keçdiyi yolla birbaşa bağlıdır. O, aktyor dəstələri ilə yaxından əlaqə saxlayaraq onların Bakıda verdikləri tamaşalara rəhbərlik edir, Azərbaycan qəzalarına da gedirdi.
Nəriman Nərimanov 1902-ci ildə Odessa Universitetinin Tibb fakültəsinə daxil olur. 1908-ci ildə universiteti bitirərək Bakıya gəlir və şəhər xəstəxanasında işə düzəlir. 1913-cü ildən Qara Şəhər xəstəxanasında həkimlik edir. Həkimlik fəaliyyəti ilə yanaşı, 1913-cü ildə "Pir", 1915-ci ildə "Bir kəndin sərgüzəşti" hekayələrini yazır, mətbuat səhifələrində ədəbi hadisələr, ayrı-ayrı tamaşalar haqqında məqalələri işıq üzü görür.
Cəmiyyət və insan mənzərələri ilə zəngin dramaturgiya
Ədibin yaradıcılığında onun dram əsərləri xüsusi yer tutur. Bu əsərlər cəmiyyət və insan mənzərələri ilə zəngindir. 1894-cü ildə nəşr olunmuş "Nadanlıq" dramında XIX əsr kəndinin dəhşətli ictimai mənzərəsi əks olunur. Əsərdə kənd müəlliminin çəkdiyi ağır əzab və iztirablar təsvir edilir. Dramın müsbət qəhrəmanı Məhəmməd ağa müəllim hər işdə tərəqqiyə çalışır, kəndlilərə yol göstərir. Ona kömək edən gənc Ömər isə Məhəmməd ağanın silahdaşıdır. Savadlı, xeyirxah və fədakar olmasına baxmayaraq, hamı Ömərdən üz döndərir. Hətta qaçaq qardaşı Vəli də ona düşmən kəsilir. Ömər fanatiklərin əlində faciəli şəkildə həlak olarkən deyir: "…məni… nadanlıq…, avamlıq, bimərifətlik güllələdi. Bunlar hamısı… Ah… adamı… heyvan edərmiş! Ah, nadanlıq…"
1895-ci ildə çapdan çıxmış "Dilin bəlası, yaxud Şamdan bəy" əsəri ədibin ilk və son komediyasıdır. Əsərdə o dövrdə özünü ziyalı adlandıran müəyyən ünsürlərin əxlaq pozğunluğu, pul, şöhrət ehtirası, mənəvi boşluğu, lovğalığı, satqınlığı və xəyanəti ifşa olunur. Ədib tamaşaçını "Nə tökərsən aşına, o da çıxar qaşığına" məsəli üzrə gedərək bədnam əməllərin mütləq bədnam bir aqibətə gətirib çıxaracağına inandırır. Əsərdə müsbət qəhrəmanlar əksəriyyət təşkil edir. Onlar hadisələrin gedişinə istiqamət verir və qələbə qazanırlar. Halbuki bu cəhət ənənəvi komediya üçün xarakterik deyil. Ədib ifşa yolu ilə belə bir nəticəyə gəlir ki, xoşbəxtliyə, səadətə mütərəqqi qüvvələrin birliyi, ittifaqı ilə çatmaq olar.
Nəriman Nərimanov dramaturgiyasının ən kamil və yetkin əsəri şübhəsiz ki, 1899-cu ildə çapdan çıxmış "Nadir şah" tarixi faciəsidir. Bu əsər Azərbaycan ədəbiyyatında tarixi dramın ilk nümunəsidir. Hadisələri müasir dövrün tələbləri baxımından mənalandırmaq, senzura şəraitində müəyyən mətləblərə tarixi don geyindirmək meyli Mirzə Fətəli Axundzadənin ədiblərə verdiyi məşhur məsləhətdir. Nəriman Nərimanovun məhz Nadir şah obrazına müraciət etməsi də təsadüfi deyildi. Nadir şahın tarix səhnəsində zühuru o dövrün mütləqiyyət qanunlarına zidd gəlirdi. Çünki Nadir şah hakim sülalədən çıxmamışdı, taxt-tacı varis qismində sələflərindən qəbul etməmişdi. O, xalq içindən gələn tarixi bir şəxsiyyət idi.
Ədib isə tarixi fakta, həqiqətə birtərəfli yanaşmamış, Nadir şah obrazına etinasız qalmamışdı. Onun qəhrəmanı taxt-tac sahibi olsa da, öz dövrünə görə mütərəqqi düşüncəli bir insan idi, rəhbərlik etdiyi dövlətdə islahatlar aparmaq üçün aydın planları vardı. O, tutduğu yüksək mövqeyin məsuliyyətini, əhəmiyyətini bilən, ölkə həyatını düşünən ayıq bir adam idi.
Bir çox cəhətlərinə görə "Nadir şah" faciəsini 1905-ci ilə qədər senzura tamaşaya qoymağa icazə verməmişdi. Çar məmurları əsərdə kənar bir adamın şah mərtəbəsinə gəlməsini "qanunsuz" və təhlükəli sayırdılar. Amma sonrakı illərdə əsər Zaqafqaziya və İran səhnələrində çox oynanılmış, Azərbaycan teatrının repertuarında da mühüm yerlərdən birini tutmuşdu.
Bədii nəsr tariximizdə yeni mərhələ
Nəriman Nərimanovun bədii nəsri həm ədibin öz yaradıcılığında, həm də realist ədəbiyyatın inkişafı tarixində əhəmiyyətli yer tutur. Doğrudur, o, böyükhəcmli romanlar, povestlər yazmamışdır. Amma məsələ heç də sayda və həcmdə deyil, məhz bədii dəyərdə, məzmundadır. XX əsrin əvvəllərindəki Azərbaycan bədii nəsri əsasən kiçikhəcmli, dərinməzmunlu, ictimai yaraları cərrahiyyə üsulu ilə kəsib atmağa çağıran, oxucunu əyləndirməyə, məşğul etməyə yox, düşündürməyə, qayğı çəkməyə yönəldən tutarlı, təsirli əsərlərdən ibarət olmuşdur.
Bu yaradıcılıq yolu ilə irəliləyənlərdən biri də məhz Nəriman Nərimanov idi. Onun "Bahadır və Sona" (1896-1908) romanı, "Pir" (1913) povesti, "Bir kəndin sərgüzəşti" (1915) hekayəsi ədibin bizə məlum olan bədii nəsr nümunələridir. "Bahadır və Sona" Azərbaycan ədəbiyyatı tarixində ilk romandır. Qoyulmuş ideyaların cəsarətlə təbliği, bədii forma gözəlliyi, maraqlı, sadə və təbii hekayə üslubu, hadisələrin sürətli inkişafı, tam və bitkin süjet, aydın xarakterlər, sağlam lirika, dildə canlılıq romanın əsas bədii keyfiyyətlərindəndir.
"Pir" povesti Nəriman Nərimanovun dini mövhumata qarşı yazdığı maraqlı əsərlərindən biridir. Xurafatı təmsil edənlər mühitində insani hisslərin, qabaqcıl meyillərin necə müdhiş zərbələrə məruz qaldığını, necə ağır məngənədə sıxıldığını göstərən bu əsərdə müxtəlif zümrələrdən olan surətlərə rast gəlmək olar.
1915-ci ildə "Açıq söz" qəzetində ədibin "Bir kəndin sərgüzəşti" hekayəsi də təfriqə şəklində çap olunmuşdu. Hekayədə kənd yerlərində mənəvi-əxlaqi dəyərlərdən məhrum şəxslərin bədnam əməlləri ifşa olunur. Kəndin bir tərəfinə sahiblənmiş Əmi adlı obraz adamları ələ almaq üçün zahirən çox mülayim, rəhmli, xoşsifət görünür. Aclara guya əl tutur, əslində isə yoxsul kəndlilərə sələmlə pul verir. Ancaq borcun vədəsi çatanda, kəndlilərin ödəmək bacarığı olmayanda, yoxsulların torpağı əldən çıxır, Əminin dövləti artır. Hekayədə ədibin ikinci tənqid hədəfi tənbəllik və avamlıqdır. Əmi kimilərin toruna düşməmək üçün müstəqil yaşamaq, biliklərlə silahlanmaq, öz hüquqlarını tələb etməyi bacarmaq lazımdır.
İnsan və onun yaradıcı zəhməti, mənəvi qüdrəti Nəriman Nərimanovun əsərlərində həmişə yüksək tutulur. Şəxsiyyət azadlığı, insanın heysiyyət və şərəf ucalığı onun povest, roman və hekayələrində də, şəxsi həyatında da böyük ideal və zəruri tələb olmuşdur.
Nəriman Nərimanovun ədəbi irsində onun ədəbi-tənqidi məqalələri, publisistik əsərləri də mühüm yer tutur. O, usta bir dramaturq, mahir bir nasir olduğu kimi, alovlu, gözəl bir publisist idi. Doktorun mədəniyyət, maarif, tərbiyə, sənət, ədəbiyyat, dil, əlifba, iqtisadiyyat və siyasət məsələlərinə aid bir sıra maraqlı əsər və fikirləri var ki, vaxtilə ictimai-siyasi mühitdə çox böyük əks-səda doğurmuş və indi də öz əhəmiyyətini itirməmişdir.
Azərbaycanın bir çox görkəmli yazıçı və mütəfəkkirləri kimi Nərimanov da ədəbiyyat və incəsənətin böyük ictimai təsir vasitəsi olduğunu dönə-dönə qeyd etmiş və göstərmişdir ki, kütlələrin siyasi şüurunun düzgün formalaşmasında sənətin çox böyük əhəmiyyəti vardır.
İdeologiyaların fövqündə olan irs
1925-ci il martın 19-da 54 yaşında Moskvada vəfat etmiş Nəriman Nərimanov haqqında bəzən birmənalı olmayan rəylər irəli sürülür. Bunun əsas səbəbi qatı marksist olmuş doktor Nərimanovun siyasi görüşləridir. Bununla belə, Nəriman Nərimanov kimi şəxsiyyətlərə bu günün tarixi reallıqlarından deyil, onların yaşadıqları zamanın gerçəkliklərindən çıxış edərək qiymət vermək lazımdır.
Doktor Nərimanov elə bir dövrün yetirməsi idi ki, onda bütün dünyada insanları əzən, təhdid edən problemlərin həlli üçün müxtəlif ideologiyaların, baxışların mübarizəsi gedirdi. Bu ideologiyaların hər birinə on milyonlarla insan tapınmışdı. Nəriman Nərimanov da milyonlarla həmfikri kimi dünyanın gələcəyini marksizmin qələbəsində görürdü. Amma sonrakı illərin tarixi gerçəklikləri marksizmə inanmış insanların, o cümlədən Nəriman Nərimanovun ümidlərini puça çıxardı. Yanıldığını ömrünün son illərində özü də hiss etdi.
Bizim üçün isə ən mühümü Nəriman Nərimanovun ictimai fikir tariximizdə yaratdığı mütərəqqi ilklər, ortaya qoyduğu zəngin irsdir. Bu irs aid olduğu xalqa, yurda büsbütün sevgidən ibarətdir və həmin sevgi bütün ideologiyaların da, siyasi baxışların da fövqündədir.
İradə ƏLİYEVA,
"Azərbaycan"
FHN: Yağışlarla əlaqədar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar
Hikmət Hacıyev: Müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar
Ötən il Vəkillər Kollegiyası 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib
Ukraynanın Xarkov, Sumı və Dnepr şəhərlərinə hava zərbələri endirilib, ölənlər var
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib
DİN: Ötən gün 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub
Volodimir Zelenski: Ukrayna atəşkəsə hazırdır, lakin ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq
Konfrans Liqasında yarımfinalçılar bəlli olub
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub
Azərbaycanın diaspor fəalları Lvovda Pasxa bayramı ərəfəsində humanitar yardım aksiyası həyata keçiriblər
Belarusun Azərbaycandakı səfiri: Minsk və Bakı arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Rusiya XİN: Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Aİ-nin Ermənistandakı missiyasından istifadə etməyə çalışır
Ötən il bir dini icma qeydiyyata alınıb, altısının qeydiyyatı ləğv olunub
Almaniya müharibəyə başlayandan sonra Ukraynaya 28 milyard avroluq hərbi yardım göstərib
Tehranın nüvə proqramı
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!