25 Iyun 2024 09:00
458
Mədəniyyət
A- A+

Nazim Hikmətin mənəvi övladı - Münəvvər Rzayeva

 

Heykəltaraşlığa marağı kiçik yaşlarında rəssamlıqdan başladı. Bəlkə də ona görə ki, 1929-cu il iyunun 6-da dünyaya gəldiyi Şuşanın sanki mahir, qüdrətli bir rəssamın fırçası ilə yaradılmış füsunkar, əsrarəngiz təbiəti uşaqlıq illərindən duyğularını qanadlandırır, arzulanı işıqlandırmışdı. Atası Məcid kişinin Şuşada tanınmış xalça ustası olması, sənətkar ailəsində böyüməsi də Münəvvər Rzayevanın peşə seçiminə güclü təsir göstərdi.
Orta məktəbi başa vurub xəyallarını gerçəkləşdirmək üçün Bakıya üz tutdu. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) daxil olması arzuları yolunda atdığı ilk uğurlu addımlardan oldu. 1950-ci ildə Rəssamlıq Məktəbini bitirən gənc Münəvvər bu sahədə ali təhsil almaq üçün Moskvaya getdi. V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsində Nikolay Tomskinin sinfində oxumağa başladı. 
Tələbəlik illəri bir-birindən maraqlı, şirin xatirələrə çevrilə-çevrilə ömründən ötüb keçirdi. Moskvada 1954-cü ilin soyuq noyabrında böyük türk şairi Nazim Hikmətlə tanışlığı isə Münəvvər üçün o xatirələrin bəlkə də ən unudulmazı oldu. Doğma Vətənindən ayrı düşmüş, orada qalan yaxınlarının, oğlunun, həyat yoldaşı Münəvvərin həsrətini çəkən şair azərbaycanlı tələbə qızın adını eşidəndə qüssə içində: "Bura gəldiyim vaxtdan ilk dəfə Münəvvərin adını eşidirəm, ona görə də bir an özümü pis hiss etdim", - dedi.
Münəvvər Rzayeva Nazim Hikmətə onun büstünü hazırlamaq istədiyini söylədi. Təklifi şair tərəfindən qəbul olundu. Heykəl üzərində iş aylarla davam etdi...
Münəvvər kiçik yaşlarında atasını itirmişdi. Bəlkə də buna görə 1954-cü ilin soyuq qışında ağır sətəlcəm olanda Nazim Hikmətin keçirdiyi rahatsızlıq onu kövrəltdi. Şair Münəvvərin qayğısına qalır, müalicəsi üçün ən yaxşı həkimlərə müraciət edirdi. Gənc qız çətinliklə xəstəlikdən qurtuldu. O zaman Nazim Hikmətdən gözləmədiyi bir təklifi eşitdi: "Münəvvər, mənim oğlum var, istəyirəm qızım da olsun. Sən mənim qızım olarsanmı?". Bu təklifi sevinclə qəbul edən Münəvvər şairin yanına köçdü. Günlərin birində Nazim Hikmət Münəvvər Rzayevaya xatirə olaraq verdiyi portretinin arxasına bu sözləri yazdı: "Adaşın mənə görə bəxtiqara oldu, sənə faydam toxunar inşallah, qızım".
1956-cı ildə Münəvvər Rzayeva ali təhsilini başa vurdu. Nazim Hikmət mənəvi qızına Bakıya qayıtmaması üçün israr etdi. Ancaq onu fikrindən daşındıra bilmədi. Münəvvər Vətəni üçün çox darıxmışdı, orada yolunu gözləyən anası vardı. Bir də sevdiyi, dərs aldığı sənət sahəsində görəcəyi işlər çox idi. Münəvvər Rzayeva məşhur şairin şöhrətinə, "Nazim Hikmətin qızı" adına sığınmadan yalnız öz istedadı, əməyi ilə tanınmaq arzusunda idi.
Gənc heykəltaraş 1956-cı ildə Azərbaycana qayıtdı. Amma qərib şairi, onun son sözlərini unutmadı. Nazim Hikmət ona demişdi: "Münəvvər, bilirəm, mən öldükdən sonra abidəmi hazırlayacaqsan. Onun üstündə uzaqda qalmış bir qadın surəti, bir də mənim gözlərimi həkk et. Yaşamaq istəyirəm. Baxmaq, görmək istəyirəm".
Münəvvər Rzayeva Nazim Hikmətin vəsiyyətinə əməl etdi. Şairin büstünü hazırladı. Hazırda həmin büst Zaqatala muzeyindədir. 
1943-cü ildən müxtəlif sərgilərdə iştirak edən Münəvvər Rzayeva 1953-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildi. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü oldu. Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərdi, bir sıra heykəlləri bərpa etdi.
O, təkcə istedadına güvənməklə böyük sənətkar olmağın mümkünsüzlüyünü yaxşı bildiyi üçün yorulmaq bilmədən çalışdı. Bu səyi, zəhməti sayəsində məhsuldar rəssam kimi tanındı. Adı incəsənət tarixinə Azərbaycan monumental heykəltaraşlığının ilk qadın nümayəndəsi kimi yazıldı.
Münəvvər Rzayeva Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzədək heykəl və büstün müəllifidir.  Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Ordubadi muzeyində, Siyəzən Mədəniyyət Evində, Bədii Fondda və digər yerlərdə saxlanılır. Mütəxəssislər özünəməxsus dəst-xətə malik olan heykəltaraş Münəvvər Rzayevanı psixoloji portret ustası hesab edirlər. 
Heykəltaraş əsərlərini yaratmaq üçün qranit, mərmər, bürünc, ağac  və digər materiallardan istifadə edirdi. Yaradıcılığında sənət adamlarının, eləcə də dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri əsas yer tutur. O, Məhsəti Gəncəvi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mikayıl Müşfiq, Nazim Hikmət, Bəhmənyar, Sergey Yesenin, Nəriman Nərimanov, Mehdixan Vəkilov, Nigar Rəfibəyli, Sevil Qazıyeva və digər heykəllərin, büstlərin müəllifidir. Qusar rayonunda yerləşən dağın 3763 metr hündürlüyündəki "Heydər zirvəsi"nə bərkidilən Heydər Əliyevin tunc barelyefi heykəltaraşın sonuncu işlərindən biridir.
Azərbaycanın ilk monumentalçı qadın heykəltaraşı, Əməkdar rəssam Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da - doğum günündə vəfat etdi.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video