23 Oktyabr 2024 08:45
593
İQTİSADİYYAT
A- A+
Naxçıvanın "yaşıl potensial"ı

Naxçıvanın "yaşıl potensial"ı



Culfada yaradılan modern elektrik stansiyaları bu prosesə mühüm töhfə verir


Azərbaycanın "yaşıl enerji" zonası elan olunan Naxçıvan Muxtar Respublikasındayıq. Səfərimizin məqsədi qədim yurdumuzun sahib olduğu bərpaolunan enerji potensialı ilə yaxından tanış olmaqdır. 

Üz tutduğumuz ilk ünvan isə həm küləkli, həm də günəşli iqlimi ilə diqqətçəkən Culfa rayonunda inşa edilən Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasıdır... 

Burada müşahidə olunan küləkli və günəşli günlər ərazidə həm küləkdən, həm də Günəşdən enerji almağa imkan verir. 

Elə maşından düşər-düşməz stansiyanın tikintisi üçün bu ərazinin niyə seçildiyi aydın olur. Bakının küləyindən gəlib, indi də Culfanın küləyinə yaxalanmışıq... 

Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına doğru irəlilədikcə küləyin səsindən bir-birimizi çətinliklə eşidirik. Bu arada qulağımıza çatır ki, Culfaya həm də Naxçıvanın "küləklər şəhəri" deyirlərmiş... 


Naxçıvanın bərpaolunan enerji potensialı, "yaşıl enerji" üçün ayrılan ərazilər


Doğrudur, Naxçıvan ərazisi küləkli sayılmasa da, Culfa bu baxımdan fərqlənir. Stansiyalardan müşahidələrə əsasən, küləyin maksimal sürəti 17 km/saata qədər olur. Bununla yanaşı, Günəş də burada özünü tez-tez göstərir. Günəşli saatların illik maksimum miqdarı da Naxçıvanda müşahidə olunur. Bu baxımdan ərazidə hibrid elektrik stansiyası tikilərək istismara verilib. Stansiyalarda əldə olunan enerji Culfa Elektrik Stansiyasına ötürülərək rayonun enerji təchizatında mühüm rol oynayır.

Prezident İlham Əliyevin 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzurla yanaşı,  Naxçıvan Muxtar Respublikası da "yaşıl enerji" zonası elan olunub. Naxçıvanın alternativ enerji potensialı yüksək olmaqla yanaşı, bölgənin Türkiyə ilə sərhəd olması enerjinin Avropa bazarına çıxarılması ilə Azərbaycanın Qərbin enerji təhlükəsizliyindəki rolunu da artırır. 

Hazırda Naxçıvandakı "yaşıl enerji" mənbələrindən 244,8 mVt enerji almaq mümkündür. Amma yaxın gələcəkdə bu gücə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 1500 mVt gücün əlavə olunması mümkün ola bilər ki, bu da enerji istehsalını 5 dəfə artacaq. İstehsal olunacaq bərpaolunan enerji muxtar respublikanı tam təmin etməklə yanaşı, xarici ölkələrə ixracına da şərait yaradacaq. Bu da Naxçıvanın ixrac potensialının yüksək olduğunu bir daha göstərir. 

Naxçıvanda "yaşıl enerji" layihələrinin reallaşdırılması üçün 7992 hektar əkinə yararsız sahə nəzərdə tutulub. Artıq investisiya prosesinə başlanılıb. Layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb. Yerli şirkətlərlə yanaşı, Türkiyə, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya şirkətləri də Naxçıvanda bərpaolunan enerji mənbələrinin qurulmasında maraqlıdırlar. Onların bir neçəsinin nümayəndəsi ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı ilə bağlı TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Energetika Xidməti arasında yaxın zamanda əməliyyat müqaviləsinin imzalanması da gözlənilir. 


Hibrid Elektrik Stansiyası bu il 1 milyon 384 min kVt/saat enerji istehsal edib


Ərazisində olduğumuz Külək-Günəş Hibrid Elektrik Stansiyası 1,1 meqavat gücündədir. Burada müşahidə apardıqdan sonra idarəetmə otağına baş çəkirik. Stansiyanın sahə müdiri Ayaz Hüseynovla həmsöhbət oluruq. 

Sahə müdiri bildirir ki, bu otaqdan ərazidəki stansiyaları idarə etmək mümkündür, eyni zamanda hər hansı problem olanda sistemdən nasazlığı görə bilirlər. Proqram, həmçinin telefon vasitəsilə uzaqdan idarəetməyə də imkan verir. 

Culfanın küləkli olması burada küləkdən enerji alınma potensialını artırır. 2021-ci ildə istifadəyə verilən stansiya 3,3 hektar sahəni əhatə edir. Stansiyada gücü 10 kVt olan 12 külək turbini quraşdırılıb və hava xətti ilə Culfa şəbəkəsinə ötürülür. Bundan başqa, 12 ədəd invertor mövcuddur.

Burada Günəşdən enerjinin alınması üçün də əlverişli hava şəraiti var. Buna görə stansiyada gücü 280 vatt olan 3520 günəş paneli və 20 ədəd gücü 50 kVt olan invertorlar quraşdırılıb.

Hibrid stansiya ötən il 1 milyon 600 min kVt/saat, bu ilin 9 ayında isə 1 milyon 384 min kVt/saat enerji istehsal edib. A.Hüseynov vurğulayır ki, Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasının yerləşdiyi ərazidən külək enerjisi üzrə toplanılmış statistik məlumatlara əsasən, ərazidə 3 mVt-lıq külək turbini qurularsa, il ərzində təqribən 6,5 mln kVt/saat elektrik enerjisi almaq mümkündür.

Culfada "yaşıl enerji" layihələrinin reallaşdırılması üçün ümumilikdə  əkinəyararsız 667 hektar ərazi müəyyən olunub. Həmin ərazilərdə külək-elektrik stansiyalarının qurulması planlaşdırılır. Bundan başqa, Babəkdə 2196 ha, Şahbuzda 64 ha ərazi külək-elektrik stansiyalarının qurulması üçün müəyyən olunub. Hazırda bu istiqamətdə işlər gedir. Belə ki, Danimarka şirkəti Naxçıvanda yeni külək-elektrik stansiyası qurmaq niyyətindədir. Bununla bağlı görüşlər keçirilib, hazırda layihənin texniki-iqtisadi göstəriciləri araşdırılır.

Stansiya ilə tanışlıqdan sonra ona yaxın ərazidə yerləşən Culfa Külək-Elektrik Stansiyasına da baş çəkirik. Ümumi gücü 0,3 mVt olan Culfa KES Türkiyənin ANE şirkəti və yerli mütəxəssislər tərəfindən 2022-ci ildə ərsəyə gətirilib. Stansiyada 10 ədəd gücü 30 kVt olan külək turbini və 30 kVt gücündə olan invertor quraşdırılıb. Culfa KES-də bu ilin 9 ayında 446 min kVt/saat enerji istehsal edilib.


Enerji təminatının 55 faizi bərpaolunan enerji hesabınadır


Müşahidələrimiz də göstərdi ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "yaşıl enerji" zonası elan olunan Naxçıvanın bərpaolunan enerji potensialı yüksəkdir. Xüsusilə son illərdə alternativ enerji mənbələrinin genişləndirilməsi, həmçinin dövlət proqramının prioritet istiqaməti kimi müəyyənləşdirilən elektrik enerjisi istehsalının və ixracının artırılması yaxın gələcəkdə Naxçıvanın bu sahədə daha da inkişaf edəcəyindən xəbər verir. İldən-ilə "yaşıl enerji" payı artan muxtar respublikada ötən ilin doqquz ayında bərpaolunan enerjinin istehsalı 35,1 faiz olduğu halda cari ilin müvafiq dövründə bu göstərici 53 faizə yüksəlib. Hazırda Naxçıvanda ümumi elektrik enerjisinin 55 faizi  bərpaolunan enerji hesabına təmin olunur. 


Naxçıvanın birgünlük elektrik enerjisinə tələbatı "yaşıl enerji" hesabına ödənilib


Bunu oktyabrın 11-də həyata keçirilən təcrübədən də göstərə bilərik. Belə ki, Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən olan 2050-ci ilə qədər atmosferə buraxılan karbon emissiyalarının 40 faizə qədər azaldılması əsas götürülərək, Naxçıvanda karbon emissiyası birgünlük sıfıra salınıb. Təbii ki, günümüzdə istixana qazlarını azaltmağın yollarından biri də alternativ enerjidən maksimum istifadədir. Elə bu məqsədlə muxtar respublikanın birgünlük 947508 kV/saat elektrik enerjisinə tələbatı  "yaşıl enerji" hesabına ödənilib. Bununla digər günlərlə müqayisədə 130 min kubmetr həcmində təbii qaza qənaət edilib.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair beş Milli Prioritet"dən biri də təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilmişdir. Hazırda dünyada "yaşıl enerji"yə marağın artdığını nəzərə alaraq, bu sahədə meqalayihələrin təşəbbüskarlarından olan, "yaşıl ölkə"yə çevrilməyi hədəfləyən Azərbaycanın həyata keçirdiyi və keçirəcəyi işlər ölkəmizi alternativ enerji sahəsində də lider edəcəkdir. "Yaşıl enerji" zonaları elan olunan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan isə bu sahədə məxsusi rol oynayacaq. 

Bizim "yaşıl yol"umuz isə hələ qabaqdadır. Küləkli Culfanı geridə qoyaraq Babək rayonuna - digər alternativ enerji mənbələrinə yollanırıq. 

Bu dəfə isə Günəşin və suyun  bəxş etdiyi enerji sahələrinə...


(Ardı var)


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Bakı-Naxçıvan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!