Muxtar respublikanın "yaşıl enerji"si təkcə region deyil, dünya üçün örnək olacaq
Naxçıvanda aparılan quruculuq, tikinti, abadlıq işləri bir an belə səngimir. Bu məqsədlə hər il Naxçıvana dövlət büdcəsindən lazımi qədər vəsait ayrılır. Dövlət başçısının tapşırığı ilə cari ilin iyununda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı da qəbul edilib.
Proqram qəbul olunduqdan bir ay sonra - 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında Prezident bildirmişdir ki, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək bu proqram tam icra ediləcək: "Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır. O cümlədən mən nə üçün bunu indi dilə gətirirəm, orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi "yaşıl enerji" zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını "yaşıl enerji" ilə təmin edəcəyik, həm də qonşu ölkələrə "yaşıl enerji"ni ixrac edəcəyik".
Mütəxəssislərin fikrincə, Naxçıvan Muxtar Respublikasının ərazisini qonşu İran və qardaş Türkiyə ilə enerji mübadiləsi təcrübəsinə söykənərək "yaşıl enerji" məkanına çevirmək mümkündür. Bu, mümkün olarsa, Naxçıvanın "yaşıl enerji"si təkcə regionda deyil, dünyada örnək ola bilər. Bir müddət əvvəl energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, "Cəbrayıl" enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə imkan yaradacaq. Bununla da Naxçıvan "yaşıl enerji"nin istehsalı və istehlakı ilə bərabər, ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək. Bu da o deməkdir ki, illərlə blokada şəraitində yaşayan Naxçıvan "yaşıl enerji"nin təbii imkanlarından və səmərəsindən yetərincə faydalana biləcək.
Əslində, Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji"nin inkişafının başlanğıcı illər əvvələ gedib çıxır. Məlumdur ki, muxtar respublikada hələ 1992-ci ildə Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilmişdir. Ondan sonrakı dövrdə Naxçıvanın elektrik enerjisinə olan tələbatı qardaş Türkiyədən çəkilən elektrik xətti vasitəsilə ödənilsə də, regionda 87 meqavatlıq modul-elektrik stansiyası, yeni su və günəş-elektrik stansiyaları tikilmişdir. Bununla da muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunmuş və bu qədim diyarın müasir, yeni dünya ilə sürətlə ayaqlaşmasına şərait yaradılmışdır. İlk dəfə 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş-Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, həmçinin 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi ərazisində 2, 2020-ci ildə isə 3 meqavat gücündə günəş-elektrik stansiyalarının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Daha sonra Şərur rayonunda 5 meqavat gücündə yeni günəş-elektrik stansiyası, həmçinin Culfa rayonunda muxtar respublikada ilk dəfə olaraq külək-günəş hibrid elektrik stansiyası da istifadəyə verilmişdir.
2020-ci ildən üzü bəri ardıcıl olaraq bölgədə günəş-elektrik stansiyalarının tikilməsi bu istiqamətdə görülən işlərin intensiv xarakter almasını bir daha sübut edir. Gələcəkdə belə stansiyaların istifadəyə verilməsi ilə muxtar respublikada günəş-elektrik stansiyalarının ümumi gücü daha da artacaq. Bu da təbii qaza qənaət olunması, atmosferə atılan zərərli tullantıların azalması, ekoloji tarazlığın təmin edilməsi ilə innovativ inkişafın sürətlənməsi, eləcə də yeni iş yerlərinin yaranması baxımından çox sərfəlidir. Əgər sovetlər dönəmində Araz çayı üzərində cəmi bir müştərək elektrik stansiyası tikilmişdisə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulmuşdur. Bunun 5-i su, 4-ü günəş-elektrik stansiyasıdır. Bu gün Naxçıvanda elektrik enerjisi istehsalının bərpa olunan enerji mənbələri hesabına şaxələndirilməsi qlobal iqlim dəyişikliyinin törətdiyi fəsadları aradan qaldırmaq üçün bir vasitədir.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Naxçıvandakı görüşü zamanı verdiyi bəyanatda bu mövzuya bir daha toxunaraq demişdir: "Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır".
Xəbər verildiyi kimi, "yaşıl enerji"nin muxtar respublikada inkişafını sürətləndirmək üçün sentyabrın 29-da Naxçıvanda geniş tədbir keçirilmişdir. Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında muxtar respublikanın "yaşıl enerji" zonasına çevrilmə prosesinin sürətli olacağının hər iki ölkənin bir-birinə olan sarsılmaz inamı və güvəni nəticəsində baş verəcəyi vurğulanmışdır. Bildirilmişdir ki, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu "yaşıl enerji" zonasına çevirməyi hədəfə alan yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir. Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı "yaşıl enerji"nin istehsalı - ixracının da mənbəyi və marşrutuna çevirəcəyi qeyd edilmişdir.
Forumla paralel konfrans da işini davam etdirmişdir. Konfrans çərçivəsində "Enerji keçidi sahəsində dövlət siyasəti", "Enerji keçidinə şirkətlərin baxışı və töhfəsi", "Naxçıvan "yaşıl enerji" zonası kimi: potensial imkanlar və layihələr", "Naxçıvanın "yaşıl enerji" potensialının Türkiyəyə və Avropa bazarlarına ixracı imkanları", "Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində konseptual yanaşmalar və milli kontentin yaradılması imkanları", "Naxçıvanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi imkanları" mövzularında plenar sessiyalar keçirilmiş, yekunda Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş-elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair sənədlər imazalanmışdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"