06 Iyul 2022 13:23
695
CƏMİYYƏT
A- A+

Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə yaradılan yeni kursun ilk buraxılışı olub

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında Azərbaycan Ordusunun digər kateqoriyalardan olan hərbi qulluqçularla yanaşı, gizirlərin də böyük xidmətləri olub. Müharibənin ilk günündən respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda müxtəlif hərbi vəzifələri tutan “gizir” rütbəli hərbi qulluqçularımız da mərdlik, şücaət nümunələri göstərib. Neçə-neçə gizirimiz Qələbəyə gedən yollarda son gülləsinə, son nəfəsinədək vuruşub, şanlı döyüş tariximizə yeni-yeni qəhrəmanlıq səhifələri yazaraq şəhidlik zirvəsinə ucalıb. Neçəsi qanlı döyüşlər zamanı ağır yaralanmalarına baxmayaraq, dağlardan, dərələrdən, meşələrdən, sərt sıldırım qayalardan keçərək bayrağımızı ən uca zirvələrə sancıb. Bu gün yüzlərlə gizir işğaldan azad edilən bölgələrimizdə xidmətlərini şərəflə davam etdirərək Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edir, sərhədlərimizin müdafiəsində ayıq-sayıq dayanaraq, düşmən təxribatlarının qarşısını qətiyyətlə alırlar.

Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində dünya ordularının ən yaxşı təcrübələrindən bəhrələnən, hərtərəfli biliklərə yiyələnən peşəkar zabitlər yetişir və hər an yeniləşməni tələb edən bu istiqamətdə Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi altında məqsədyönlü islahatlar aparılır. Xaricdə təhsil alan gəncləri nəzərə almadan belə, ordumuzu milli zabit kadrları ilə təmin edən, hər cür maddi, texniki, tədris bazasına, təcrübəli, peşəkar professor-müəllim heyətinə malik Milli Müdafiə Universitetimiz və onun hərbi institut, hərbi lisey və digər xüsusi təyinatlı təlim və təhsil mərkəzləri fəaliyyət göstərir.

Vətən müharibəsində zabit və əsgərlərlə yanaşı, gizirlərimizin də xidmətləri Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək qiymətləndirilib və bu gün də araşdırmalar aparılaraq hər kəs öz layiqli mükafatını alır.

Dövlətimizin başçısı respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən, hərbi əməliyyatlar zamanı böyük təcrübə toplayan, hətta ən ekstremal vəziyyətlərdə taqım, bölük, heyət komandirinin vəzifəsini öz üzərilərinə götürərək fərqlənən gizirləri bir daha həvəsləndirmək, onların təcrübəsindən geniş şəkildə faydalanmaq məqsədilə “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun açılmasını məqsədəuyğun hesab etmiş və Müdafiə Nazirliyinin rəhbərliyi Müzəffər Ali Baş Komandanın bu təşəbbüs və tapşırığını da uğurla yerinə yetirmişdir.

Quru Qoşunlarında cari ilin may ayının 16-dan başlanan yeni kursun ilk buraxılışı olub.

Müdafiə nazirinin tapşırığına əsasən təntənəli buraxılış mərasiminin təşkilinə məsul Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani AZƏRTAC-a bildirib ki, iyulun 5-də “N” hərbi hissəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda keçirilən təntənəli buraxılış mərasimində kurs rəisi polkovnik Allahverdi Hacıyev Quru Qoşunları komandanına şəxsi heyətin “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışına həsr olunmuş təntənəli mərasimə hazır olduqları barədə raport verib.

Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev şəxsi heyəti salamladıqdan və bu əlamətdar hadisə münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik etdikdən sonra Ulu Öndərin abidəsi ziyarət olunub, önünə qızılgüllər düzülüb.

Hərbi orkestrin müşayiəti ilə ulu öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

General-leytenant Ə.Əfəndiyev çıxış edərək deyib: “Bu gün Quru Qoşunların həyatında əlamətdar və tarixi bir gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən cari ilin mayın əvvəllərindən Quru Qoşunlarında fəaliyyətə başlayan “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışını edirik. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Əlahiddə Ümumqoşun Orduda, qoşun növləri və ordu korpuslarında müxtəlif təyinatlı hazırlıq və təkminləşdirmə kursları olub. Lakin sizin məzunu olduğunuz bu kursun analoqu yoxdur. Fəxr ediləsi hadisədir ki, bu kursu uğurla başa vuranların əksəriyyəti Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında fərqlənən gizirlərimizdir. Siz respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda əsl qəhrəmanlıq, şücaət, mərdlik və igidlik nümunələri göstərmişsiniz. Xidmətləriniz dövlətimizin başçısı və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Fəxr etməlisiniz ki, bir ay bundan əvvəl “gizir” rütbəsi daşıyan yüzdən çox hərbi qulluqçumuz artıq “kiçik leytenant” hərbi rütbəsi alaraq, ordumuzun zabit heyətinə daxil olur”.

Komandan 4 may 1919-cu ildə, Əlahiddə Azərbaycan Korpusunun nəzdində fəaliyyət göstərən hərbi məktəbin növbəti buraxılışında görkəmli sərkərdələr Əlağa Şıxlinskin və Səməd bəy Mehmandarovun nitqlərindən aşağıdakı fikirləri kiçik zabit heyətinin tərkibinə yeni daxil olan məzunlara bir daha xatırladıb: “Müsəlman korpusunda xidmət edən hər bir zabit mənən təmiz olmalı, qətiyyət nümayiş etdirməli, həmişə düzgün mövqe tutmalı və öz mövqeyini açıq-açığına ifadə etməkdən çəkinməməlidir”.

“Siz əsgərlərə yalnız mehriban və səmimi münasibətlərinizlə Azərbaycanın istiqlaliyyətinə sadiq olan möhtəşəm ruhlu ordunun yaradılması kimi ali məqsədə nail ola bilərsiniz”.

Şəxsi heyətin nəzərinə çatdırılıb ki, bir neçə gün əvvəl, 26 İyun – Silahlı Qüvvələr Günündə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində yeni hərbi şəhərciyin açılışını edərək, Əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağını təqdim etdi. Bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi.

Müzəffər Ali Baş Komandan həmin gün bir daha rəşadətli ordumuzun xidmətlərini yüksək qiymətləndirərək qeyd edib ki, Vətən müharibəsində bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

General-leytenant Ə.Əfəndiyev ulu öndər Heydər Əliyevin vaxtilə Azərbaycan ali hərbi məktəblərinin buraxılış mərasimində gənc zabitlərə ünvanladığı xeyir-dua ilə çıxışını yekunlaşdırıb və məzunlara çətin, məsuliyyətli və şərəfli zabitlik yollarında uğurlar arzulayıb: “Tutduğunuz yol şərəfli yoldur, ən şərəfli peşədir. İnanıram, siz gələcəkdə heç vaxt heyfslənməyəcəksiniz ki, bu peşəni seçmisiniz. İnanıram, siz gələcəkdə daha çox iftixar hissi keçirəcəksiniz ki, bu peşəni seçmisiniz. Eyni zamanda, inanıram ki, hər bir Azərbaycan vətəndaşı da, bizim müstəqil dövlətimizin cəmiyyəti də, zabitlik peşəsini seçən adamlara daha da böyük hörmət, ehtiramla yanaşacaq”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışını uğurla başa vuran kursantlardan və hərbi təlimatçılardan bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.

Kurs birincisi kiçik leytenant Səfərağa Ələkbərov, kurs ikincisi kiçik leytenant Faiq Mehtiyev və kurs üçüncüsü kiçik leytenant Elməddin Talıbovun adları xüsusilə qeyd edilib.

Vətən müharibəsi iştirakçıları olan zabitlər məzunlara sertifikatlar təqdim ediblər.

Məzunlar adından çıxış edən kiçik leytenant Elnur Quluyev deyib: “Mən “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun məzunları adından çıxış etməyin nə qədər qürurverici və məsuliyyətli olduğunu, qarşıda bizi hansı sınaqların gözlədiyini çox yaxşı dərk edirəm. Naxçıvan Muxtar Respublikasında müddətli həqiqi hərbi xidmətimi başa vurduqdan sonra valideynlərimin razılığı ilə öz həyatımı Vətənə xidmət peşəsinə həsr etmişəm. Əvvəl müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, sonralar isə gizir kimi reaktiv artilleriya divizionunda xidmət etmişəm. 2016-cı ilin Aprel döyüşlərinin, eləcə də Vətən müharibəsinin iştirakçısıyam. Xidmətlərim həmişə yüksək qiymətləndirilib. Xocavənd, Füzuli, Suqovuşan, Ağdam uğrunda döyüş əməliyyatlarında fərqləndiyimə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə həmin rayonların azad olunmasına görə döyüş medalları ilə təltif olunmuşam. Nəinki Quru Qoşunlarında, o cümlədən Azərbaycan Ordusunda məzunu olduğumuz kursun oxşarı yoxdur. Bu, Vətən müharibəsində böyük Zəfərin qazanılmasında müstəsna rolu olan gizirlərin xidmətlərinə Müzəffər Ali Baş Komandanımızın verdiyi ən yüksək qiymətdir.

Biz bu gündən xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan vətəndaşlarının hər birindən daha da qiymətli hesab etdiyi zabitlərin sıralarına qoşuluruq. Ulu Öndərimizin qeyd etdiyi kimi, zabit heyəti hər bir ordunun əsasını təşkil edir. Güclü ordu yaratmaq istəyən xalq və dövlət ilk növbədə yüksək hazırlıqlı zabit heyətinə malik olmalıdı. Biz fəxr edirik ki, qalib ordumuz, yüksək hazırlıqlı zabitlərimiz və Müzəffər Ali Baş Komandanımız var.

Biz and içirik ki, Ulu Öndərin ideyalarına bundan sonra da sadiq qalacaq, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Müzəffər Ali Baş Komandanımızın əmrlərinə hər an hazır olacaq, göstərilən etimadı rəşadətli Ordunun zabiti kimi əməli fəaliyyətimizlə doğruldacağıq!”.

Məzunlar birlikdə “And içirik!” dedikdən sonra kurs birincisi kiçik leytenant Səfərağa Ələkbərov “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun ilk buraxılışının xatirə lövhəsini rəmzi yaş kötüyünə vurub.

Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-leytenant Ə.Əfəndiyev Azərbaycan Ordusunun kiçik zabit heyətinə yeni qəbul olunan zabitləri bir daha təbrik edərək əmin olduğunu bildirib ki, onlar bundan sonra da Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazır olacaq, xidməti vəzifələrinin öhdəsindən layiqincə gələcək, çətin və şərəfli zabitlik yollarında göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlar.

Təntənəli mərasimdən sonra əsgər klubunda Həzi Aslanov adına İdeoloji İş və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin iştirakı ilə konsert proqramı təqdim edilib, əsgər yeməkxanasında məzunların şərəfinə çay süfrəsi təşkil olunub və kollektiv şəkillər çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video