14 İyul 2026 17:54
497
SİYASƏT
A- A+
Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

Prezident İlham Əliyev Şuşa Forumunda beynəlxalq tərəfdaşlarla münasibətlərin formulunu bəyan etdi: əlaqələr qarşılıqlı hörmət çərçivəsində qurulmalıdır 


Regional sabitliyin əsas təminatçısına çevrilən Azərbaycan həm də qlobal dialoq mərkəzi kimi çıxış edir. Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən IV Şuşa Qlobal Media Forumu ölkəmizin qlobal informasiya məkanında artan rolunu bariz şəkildə nümayiş etdirir. Şuşadan dünyaya ünvanlanan mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan dünya gündəminin formalaşmasında söz sahibi olan, əməkdaşlığa və sabitliyə real töhfələr verən qüdrətli dövlətdir.

Beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu onların nümayiş etdirdikləri siyasi iradə, etibarlılıq və prinsipiallıqla ölçülür. Bu mənada Azərbaycanın milli maraqlara söykənən müstəqil xarici siyasi kursu, verdiyi sözə sadiqliyi və praqmatik diplomatiyası ölkəmizi qlobal arenada etibarlı tərəfdaş kimi mövqeləndirib. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və regional əməkdaşlıq platformalarının qurulması istiqamətində Bakının atdığı addımlar məhz bu yüksək etimadın real təzahürüdür. Azərbaycan milli maraqlarına söykənən müstəqil, bərabərhüquqlu və praqmatik kursunu qətiyyətlə davam etdirir.

Rəsmi Bakı bütün tərəfdaşları ilə, o cümlədən Avropa ölkələri və beynəlxalq təsisatlarla münasibətlərdə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamaq prinsipinə və bərabərhüquqlu əməkdaşlığa xüsusi önəm verir. Bakının Avropa ölkələri ilə münasibətləri qarşılıqlı iqtisadi-strateji maraqlardan, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat logistikasından qaynaqlanır. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlıq sazişlərinə malikdir. Bu, Bakının Avropa ilə əlaqələrdə daha praqmatik və effektiv olan ikitərəfli münasibətlər formatına üstünlük verdiyini göstərir.

Son aylarda Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əlaqələr yüksələn xəttlə inkişaf edir. Lakin bu, hər zaman belə olmayıb. Əfsuslar olsun ki, bəzi qərəzli qrupların və erməni lobbisinin Avropa İttifaqının qərar qəbuletmə mexanizmlərinə təsir göstərməsi Aİ-nin regional siyasətində neytrallıq balansını pozub. Avropa İttifaqının bəzi daxili strukturlarında, xüsusilə Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentində kök salmış anti-Azərbaycan şəbəkəsinin fəaliyyəti bu əməkdaşlığa ciddi zərbələr vurmaqdadır. Bu şəbəkənin fəaliyyəti uzun illər Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi olmuş Cozep Borrelin qərəzli yanaşmasında özünü qabarıq göstərirdi. Beynəlxalq hüququ siyasi manipulyasiya vasitəsinə çevirən, korrupsiya qalmaqallarında adı hallanan Luis Moreno Okampo kimi şəxslərlə Borrelin qurduğu yaxın təmaslar Avropa diplomatiyasının obyektivliyinə böyük kölgə salırdı.

Buna baxmayaraq, rəsmi Bakı konstruktiv dialoq kanallarını hər zaman açıq saxlayıb. Avropa İttifaqının yeni rəhbərliyi ilə münasibətlərin sağlam təməllər üzərində qurulması da bunun isbatıdır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaya Kallasın, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfərləri göstərdi ki, Aİ-nin rasional rəhbərliyi Azərbaycanın qlobal strateji çəkisini yaxşı anlayır və əməkdaşlığı davam etdirməyin qitə üçün faydasını dərk edirlər.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Avropa təsisatları ilə münasibətləri dəyərləndirərək, sabiq rəhbər Borrelin fəaliyyəti və bəzi korrupsiyalaşmış şəxslərlə əlaqələri ucbatından Avropa Komissiyası ilə əlaqələrin çətin dövrlərdən keçdiyini vurğulayıb. Dövlətimizin başçısı hazırda bu qərəzli qrupun fəaliyyətinə son qoyulduğunu, yeni rəhbərliyin Bakıya ardıcıl səfərlərinin ikitərəfli əməkdaşlığın gələcəyi üçün qarşılıqlı maraqlardan xəbər verdiyini diqqətə çatdırıb: “Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər”.

Lakin eyni sağlam yanaşmanı AŞPA və Avropa Parlamenti (AP) kimi platformalara şamil etmək mümkün deyil. Bu qurumlar uzun illərdir ki, anti-Azərbaycan şəbəkəsinin hazırladığı ssenarilər əsasında ölkəmizə qarşı hücumların təşkil olunduğu tribunalara çevriliblər. Xüsusilə AŞPA-da Azərbaycana qarşı qəbul edilən qətnamələrin, nümayəndə heyətimizin səsvermə hüququnun məhdudlaşdırılmasının pərdəarxası məqamları hər kəsə bəllidir. Avropalı bəzi siyasətçilər tərəfindən “insan hüquqları və demokratiya” bəhanəsi ilə pərdələnən bu addımların real səbəbi tamamilə fərqlidir. Bu qurumlarda Azərbaycana qarşı qəbul edilən qətnamələr sistemli şəkildə koordinasiya olunan anti-Azərbaycan şəbəkəsinin fəaliyyətinin məhsuludur. Səbəbi isə odur ki, məlum dairələr regionda yaranmış yeni geosiyasi reallıqları və ölkəmizin tarixi qələbəsini həzm edə bilmirlər. 

Azərbaycan Prezidenti əməkdaşlığın yalnız qarşılıqlı hörmət çərçivəsində mümkünlüyünü, münasibətlərin normallaşması üçün ilk addımın qarşı tərəfdən atılmalı olduğunu qətiyyətlə tələb edib: “Əlaqələri biz pozmamışıq, onla pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq”. 

Ölkəmizin AŞPA-da fəaliyyətini dondurması, Avropa Şurasına üzvlükdən tamamilə çıxmağı nəzərdən keçirməsi tamamilə əsaslı və legitim addımdır. Çünki heç bir beynəlxalq təsisat üzv dövlətə təzyiq rıçağı olmamalı, milli suverenliyi kölgə altına salmamalıdır. Münasibətlərin gələcək perspektivində isə rəsmi Bakı dialoqa hazırdır, lakin dövlətimizin başçısının da qeyd etdiyi kimi bu, yalnız bərabərhüquqlu müstəvidə baş tuta bilər. Azərbaycan öz yolunu müstəqil şəkildə, heç bir təzyiqə boyun əymədən davam etdirəcək qüdrətə və iradəyə malikdir. 

     Nəticə etibarı ilə rəsmi Bakının Avropa təsisatları ilə münasibətlərdə nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe Azərbaycanın müasir xarici siyasət fəlsəfəsinin əsas düsturunu təşkil edir. Şuşadan ucalan sülh, dialoq və əməkdaşlıq çağırışları ilə yanaşı, ölkəmizin suverenliyinə yönələn təzyiqlərə qarşı verilən diplomatik cavablar dövlətimizin heç bir təzyiqi qəbul etməyəcəyini bir daha bütün dünyaya nümayiş etdirir.


İsmayıl QOCAYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

15:02
10 Avqust

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

14:50
10 Avqust

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

13:04
10 Avqust

Sabah bəzi yerlərdə yağış yağacaq

13:02
10 Avqust

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

12:59
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!