Vətən sevgisi, qoynunda dünyaya göz açdığın yurda məhəbbət insan qəlbinin ən xoş, ən ülvi duyğularıdır. Belə duyğular daim insanları qəhrəmanlığa, igidliyə və fədakarlığa səsləyir. Bu, daim vətən övladlarına məğlubedilməzlik hissi aşılayır. Gücünü və qüdrətini heç vaxt itirməyən Vətən sevgisi, doğma el-obaya məhəbbət kimi müqəddəs duyğulara köklənənlər daim torpaqlarının müdafiəsi naminə vuruşa, döyüşə hazır olurlar. Yurda düşmən hücumu olan kimi onlar silahlanaraq döyüşlərə, ata-baba ocaqlarının müdafiəsinə qalxırlar. Döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərərək düşməni məhv edirlər.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda da elə oldu. Ürəyi, qəlbi Vətən eşqi, yurd təəssübü ilə döyünən igid oğullarımız Müzəffər Ali Baş Komandanın çağırışına səs verərək silaha sarılıb döyüşlərə yollandılar. Həmin gərgin günlərdə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən əməliyyatlarda qəsbkarlarla vuruşanların sırasında kiçik çavuş Elçin Mirzəyev də var idi. Elçin də neçə illər idi ki, Qarabağın erməni işğalçılarından azad olunması uğrunda başlayacaq döyüşləri gözləyirdi. Ona görə də düşmən təxribatı nəticəsində müharibə alovlanan kimi cəbhə xəttinə getdi. Getdi ki, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirsin. Yetirdi də.
Elçin ömrünü hərbçi peşəsinə bağladı
Elçinin ömür yolunu vərəqlədik. Öyrəndik ki, Elçin Mirzəyev 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya göz açıb. 1991-ci ildə kəndlərindəki orta məktəbin birinci sinfinə gedib. 2002-ci ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra gələcəyin cəsur döyüşçüsü arzularının arxasınca gedərək Mingəçevir Tibb Kollecinin Ortopedik Stomatologiya fakültəsinə qəbul olub. Təhsilini uğurla başa vurduqdan sonra yaşıdları ilə bərabər ordu sıralarına çağrılıb. Vətən qarşısındakı müqəddəs borcunu şərəf və ləyaqətlə yerinə yetirərək valideynlərinin yanına alnıaçıq, başıuca qayıdıb. 2007-ci ildə sevib-seçdiyi Günel adlı qızla ailə həyatı qurub. Xidmət illərində doğma ordumuza sevgisi artan Elçin ömrünü hərbçi peşəsinə bağlamaq qərarına gəlib. 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Silahlı Qüvvələrimizin sıralarında xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan kimi Elçinin də xidmət etdiyi bölüyü döyüşlərə cəlb ediblər. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin edəcək əks-hücum əməliyyatında cəsur əsgər həmişə öndə vuruşub. Elçin Mirzəyevin döyüş yolu Talış kəndindən başlayıb Suqovuşan qəsəbəsində tamamlanıb. Elə ilk günlərdən o özünü igid, cəsur hərbçi kimi göstərib. Komandanlığın verdiyi bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. Dəqiq atəş zərbələri ilə yurdumuza soxulan qəsbkarları məhv edib. Təəssüflər olsun ki, onun döyüş yolu uzun çəkməyib. Elçin bu qısa vaxt ərzində döyüşlərdə çoxlarının bacarmadığı igidlik və qəhrəmanlıqlar göstərib. Oktyabrın 10-da Suqovuşan ətrafında gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən şəhid olub. Son döyüş əmrini də cəsarətlə yerinə yetirib. Üç gündən sonra yaxınlarının və döyüşçü yoldaşlarının işirakı ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
İgid döyüşçü kiçik çavuş Elçin Mirzəyev 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidlik məqamına yalnız seçilmişlər ucalırlar
Şəhidin ailəsi ilə görüşüb xatirələri dinləmək üçün yaşadıqları ünvana üz tutduq. Qəhrəmanın ömür-gün yoldaşı Günel Mirzəyeva Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmət edir. Elçin şəhid olduqdan sonra onun yolunu davam etdirmək üçün Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edib. Müraciətinə müsbət cavab verilib. İndi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Elçin kimi o da kiçik çavuşdur.
Həyat yoldaşı haqqında danışan Günel xanımın səsindəki kövrəklik, qəhər bizi də duyğulandırdı, Günel xanım xatirələrini çözələyərək dedi ki, Elçin kimi bir qəhrəmanın, Vətəni canından da çox sevən bir insanın ömür-gün yoldaşı idi. "Həyat yoldaşım Vətən, torpaq uğrunda şəhid oldu. Biz onunla Mingəçevir Tibb Kollecində tanış olmuşduq. Çox keçmədi ki, bu tanışlıq məhəbbətə çevrildi. Ömrümüzün gözəl günlərini yaşayırdıq. 2007-ci ildə ailə qurduq, arzularımıza qovuşduq. Elçin hərbçi olmaq arzusu ilə yaşayırdı. Buna görə də ordu sıralarına həvəslə getdi. Diş texniki olduğundan xidmətə də sanitar təlimatçı kimi başlamışdı. Amma sonra xidmət sahəsini dəyişdi. Müharibə başlayanda sevinə-sevinə döyüşlərə yollandı. Arzusu uzun illərdən bəri işğalda qalmış torpaqlarımız uğrunda vuruşmaq idi. Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etdi".
Günel xanım daha sonra sözünə davam edərək bildirdi ki, Elçin demək olar ki, hər gün telefon əlaqəsi saxlayırdı. Qısa mesajlarında bunları yazırdı: "Bu Vətəni biz qorumalıyıq", "İrəli, irəli, yalnız irəli", "Bu işğala son qoyulacaq"... Göndərdiyi bu mesajlarla məndə də, qızlarında da ruh yüksəkliyi yaradırdı.
Günel xanım ötən illəri xatırlayaraq dedi: "Elçin mənim yalnız həyat yoldaşım deyildi, həm də ən etibarlı dostum, sirdaşım və dayağım idi. Ən əsası o mənə inanır, bütün arzularımın, istəklərimin həyata keçməsini istəyirdi. Mənim idealım olan Elçin elə də hündürboy, canlı, cüssəli deyildi. Amma qorxmaz, qoçaq, igid və bacarıqlı idi. Onun sinəsində Vətən sevgisi ilə dolu olan bir ürək döyünürdü. Bu gün mən qızlarımı atalarına layiq övladlar kimi formalaşdırmaq üçün əlimdən gələni edirəm".
Biz mütləq qalib gələcəyik!
Döyüşçü yoldaşlarının dediklərinə görə, Elçin oktyabrın əvvəllərində də Talış kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb. Boynundan və ayağından qəlpə yarası alıb, xeyli qan itirsə də, döyüşdən çıxmayıb. Sonra onu hospitala göndəriblər. Hospitaldan özünün təkidli istəyi ilə oktyabrın 8-də çıxıb. Həmin gecə ailəsinə baş çəkib. Oktyabrın 9-da isə səhər tezdən döyüşlərə qayıdıb.
Günel xanım qəhər dolu səslə o günləri yada salaraq dedi ki, Elçinin çox mülayim çöhrəsi var idi. Müharibədə çəkdirdiyi şəkillərdə də, bir gecəlik evə gələndə də mənə elə gəldi ki, sanki üzündə sərtləşmə yaranıb, onda bir zəhm, qisas yanğısı peyda olub. Hətta danışığı da dəyişilmişdi. Hər kəlməsində qətiyyət, əminlik vardı. Hər sözünün başında: "Biz mütləq qalib gələcəyik" deyirdi.
Şəhid olan gün səhər saatlarında Elçin Mirzəyev həyat yoldaşına mesaj yazaraq hər şeyin qaydasında getdiyini, düşmənləri geri sıxışdırdırdıqlarını bildirib. Günel xanım deyir: "Mətbəxə keçəndə əlimdəki qab-qacaq yerə dağıldı. Ürəyim səksəndi, qəlbimdən ağrılı bir sızıltı keçdi. Sanki ürəyimin damarları qırılıb yerə düşdü. Özümdən asılı olmadan: "Neynəmisənsə halalın olsun, neyləmişəmsə halalın olsun" dedim. Saat 12-yə 25 dəqiqə işləyirdi. Elçinin nömrəsini təkrar-təkrar yığdım, zəng çatmadı. Narahatçılığımdan bir yerdə qərar tuta bilmirdim. Axşama kimi telefonuna zəng çatmadı. Ürəyimə dammışdı ki, Elçin şəhid olub. Lakin ürəyimə damanları dilimə gətirə bilmirdim. Axşam uşaqlarla birlikdə anamgilə üz tutduq. Gecə gözümə yuxu getmədi. Elçinin sonuncu dəfə evdən çıxanda dönüb geri qəribə baxışlarla baxması gözlərimin önündən getmirdi. Narahatlığımı, ağlamağımı görən bacıma gün ərzində Elçinlə əlaqə yarada bilmədiyimi dedim. Bacım mənə ürək-dirək verdi. Səhəri dirigözlü açdım. Qaynıma zəng vurub dünəndən bəri Elçinə zəng çatmadığını, çox narahat olduğumu bildirdim. Elçinin bizimlə əlaqə yaratdığı bütün nömrələri verərək bir xəbər öyrənməsini istədim. Çox çəkmədi ki, ürəyimin qəbul etmək istəmədiyi o bəd xəbər gəldi... Elçin şəhid olmuşdu..."
Elçin Vətəni kimi övladlarını da çox sevərmiş. Üçüncü qızı olanda lap çox sevinib. Dost-tanışlarına tez-tez deyirmiş ki, cənnətin qapısı üzümə açıldı. Sən demə, o cənnəti igidliyi, qəhrəmanlığı ilə qazanacaqmış.
Qızlar atalarını özlərinə ideal seçiblər
Anasının danışdıqlarını səssizcə dinləyən Gülay üç bacının böyüyüdür. Atası şəhid olanda 6-cı sinifdə oxuyurmuş. Gülay atasının sonuncu gəlişini xatırlayaraq dedi ki, onda atamın hospitaldan evə gələcəyini az öncə öyrənmişdik. Tez plakatlar hazırlamışdıq: "Qarabağ Azərbaycandır!", "Bizim atamız qəhrəmandır!", "Səni çox sevirik, atacan!" yazmışdıq. O gecə atam evdə qaldı. Atamı o qədər qucaqladıq, öpdük ki. Səhər tezdən atam getdi. Əmin idik ki, düşmən üzərində Zəfər çalıb gələcəkdi. Amma atam bir daha qayıdıb bizi qucağına alıb əzizləmədi. Gedəndə demişdi ki, mən həmişə sizin yanınızda olacam. Atam bizi çox sevir və dərslərimizi yaxşı oxumağımızı istəyirdi. Tapşırıqlarımızı hazırlamağımıza da kömək edirdi. Yüksək qiymətlər alanda sevinirdi.
Günel xanım qızlarına şəhidlərdən, qəhrəmanlardan danışır. Şəhidlərin ölmədiyindən söz açır. Bildirir ki, atalarının da ucaldığı şəhidlik müqəddəs zirvədir. Anasının danışdıqlarını tam anlamayan beşyaşlı Aylinin qaşları çatılır. O da zamanında bu sözlərin ifadə etdiyi mətləbləri anlayacaq. Atasını qəlbində yaşadan Aylin "Atam kimi mən də diş həkimi olacağam", - deyir.
Gülay, Əsma, Aylin sevgi dolu bir ailədə doğulublar. Hər bir uşaq üçün ana evin hərarəti, övladlarının qoruyucu mələyi, ata evin dirəyi, uşaqlarının dayağı, qürur mənbəyidir. Atalarla övladlar arasında, ələlxüsus da atalarla qızları arasında bir başqa sehrli bağlılıq olur. Qızlar atalarını özlərinə ideal seçirlər. Elçin də belə ata idi. Bundan sonra da qızlarının xəyalında beləcə yaşayacaq. Onlar daim ataları ilə qürur duyacaqlar. Cismən yanlarında olmasa da, qəhrəman ataları, şəhid qızları olmaları ilə fəxr edib, başucalığı ilə həyat yollarına davam edəcəklər.
Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan Günel Mirzəyeva şəhidləri ehtiramla anıb, ailələrinə xüsusi həssaslıqla yanaşdıqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirdi.
Vətən hamımız üçün olduqca müqəddəs və əziz bir məkandır. Bu müqəddəs məkan uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalanlar tarix durduqca yaşayacaqlar. Tarix isə əbədiyyətlə yol yoldaşıdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"