Hər il respublikamızda dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan, müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilmiş müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində bildirilib.
Qeyd olunub ki, Azərbaycan dünyada İslami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. Azərbaycan dövləti bu gün regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
“Əminəm ki, Ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq, Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcək. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərib. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları Qurban bayramı münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha Sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, müqəddəs Qurban bayramı həyatınıza əmin-amanlıq və firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”, - deyə təbrikdə vurğulanıb.