Paşinyan-kilsə qarşıdurması isə yeni mərhələyə adlayıb
Ermənistanla Rusiya arasında münasibətlərin kifayət qədər pisləşməsi, iki ölkənin əlaqələrinin kəskin ziddiyyətlər mərhələsinə qədəm qoyması müşahidə olunmaqdadır. Göründüyü qədərilə Ermənistan Qərbin verdiyi vədlərə arxayın olub müttəfiqi Rusiyaya qarşı çıxır. Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasət onun konkret seçim etdiyini göstərir. O, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır.
Artıq Kremlə yaxın erməniəsilli siyasətçilər, jurnalistlər, ümumilikdə tanınmış simalar baş nazir Nikol Paşinyanı və onun komandasını hədəfə almağa başlayıblar. Erməniəsilli jurnalist Marqarita Simonyanın ötən gün Paşinyana qarşı açıq çağırışı erməni ictimaiyyətində maraqla qarşılanıb. Simonyan Erməni Apostol Kilsəsini son 2000 ildə ilk hədəfə alan şəxsin erməniəsilli biri olmasını inanılmaz adlandırıb. O, erməni xalqını mövcudluqları və dövlətçiliyi qorumaq üçün Paşinyana qarşı birləşməyə, onu devirməyə çağırıb. Yeri gəlmişkən qeyd edək ki, Paşinyan-kilsə qarşıdurması da son zamanlar yeni mərhələyə adlayıb. Bu dəfə N.Paşinyan kilsəyə, xüsusən kilsənin rəhbəri II Qareginə qarşı hücuma keçib. Məsələ ondadır ki, erməni kilsəsi ölkənin siyasi idarəçiliyinə müdaxilə etməyə çalışır, Paşinyan isə buna qarşı çıxır.
Keçmiş ədliyyə naziri, Ali Ruhani Şuranın üzvü Gevork Danielyan deyib ki, bütün ermənilərin katolikosu II Qaregin heç vaxt taxtdan əl çəkməyəcək: "Kilsə dünyəvi struktur deyil, o, cəmiyyətin dini gözləntilərinə xidmət etməyə çağırılıb". Onun sözlərinə görə, katalikosluğa qarşı aparılan bütün kampaniya Ermənistanın üzləşdiyi ciddi geosiyasi problemləri ört-basdır etmək üçün örtük rolunu oynayır: "Hakimiyyət xalqa yalançı gündəm sırıyır. Eyni zamanda onlar ölkə rəhbərliyi deyil, özəl şəxslər kimi çıxış etdiklərini açıq hiss etdirirlər. Amma “fərdi şəxslər” bütün xalqın adından açıqlama verə bilməzlər... Əgər həqiqətən də Eçmiədzində katolikosu aradan qaldırmaq üçün mitinq çağırılarsa, kilsə toqquşmaların qarşısını almaq üçün hər şeyi etməyə çalışacaq. Amma digər tərəfdən, bu toqquşmalara təhrik edirlər, yəni hər şeyi qabaqcadan görmək və təhlükənin qarşısını almaq mümkün deyil. Bu həm dövlət orqanları, həm də kilsə üçün biabırçılıq olacaq".
Bu arada Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sosial şəbəkə hesabında yazıb ki, Nikol Paşinyan yeni bir dahiyanə ideya irəli sürüb – öz tərəfdarları və dəstəkçiləri vasitəsilə Eçmiədzin meydanında hətta kilsənin yaxınlığında güclü bir mitinq təşkil etmək: "Bu, kilsəyə qarşı kütlə vasitəsilə yönəldilmiş bilərəkdən təxribat deyilsə, nədir? O, doğrudanmı anlamır ki, kilsənin ardıcılları onun tərəfdarlarından qat-qat çoxdur? Əlbəttə, anlayır, lakin onun məqsədi bəlkə də Neronun şöhrətinə layiq olmaq üçün məhz həmin gücü sarsıtmaqdır". Petrosyan bildirib ki, Paşinyanın bu addımı bir başqa baxımdan da fövqəladə və təhlükəlidir: "Hər bir hakimiyyətin əsas vəzifəsi ölkədə daxili sabitliyin və xalqın təhlükəsizliyinin təmin olunmasıdır. Halbuki Ermənistan hakimiyyətinin bütün addımları sabitliyi pozmağa və ölkədə xaos yaratmağa yönəlib".
Ermənistanın birinci prezidenti əlavə edib ki, keşişlərin və Samvel Karapetyanın azadlığa buraxılması Ermənistanın daxili siyasi gərginliyinin azaldılmasının yeganə vasitəsidir. Hər halda proseslərin gedişi İrəvanı qarşıdakı dövrdə daha çətin günlərin gözlədiyini göstərir.
Elçin CƏFƏROV,
"Azərbaycan"