19 Yanvar 2022 00:33
2804
SİYASƏT
A- A+

Möhkəm təməl, sarsılmaz birlik, əbədi qardaşlıq

 

Azərbaycan-Türkiyə münasibətləri gələcək nəsillər üçün strateji yol xəritəsi, əbədi və sarsılmaz mirasdır

 

Eyni soy-kökə, dilə, dinə, mədəniyyətə milli dəyərlər, səmimi dostluq-qardaşlıq və bir çox digər qarşılıqlı tarixi bağlara malik olan Azərbaycan-Türkiyə münasibətləri bu gün özünün ən yüksək zirvəsinə ucalıb. Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan-Türkiyə əlaqələri hazırda mühüm mərhələyə qədəm qoyub.

Bunu şərtləndirən amillər hər iki ölkənin dövlət başçıları arasındakı səmimi dostluq-qardaşlıq münasibətləri, liderlərin mütəmadi xarakter daşıyan qarşılıqlı səfərləri, görüşləri, imzaladıqları mühüm strateji əhəmiyyətli sənədlər, birlikdə həyata keçirdikləri beynəlxalq transmilli layihələrdir.

Bir sözlə, Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri və qarşılıqlı etimadı regionda sülhün, təhlükəsizliyin, yüksəlişin və həmrəyliyin qarantıdır.

 

Davamlı yüksələn əlaqələr, birmənalı dəstək

 

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. 1992-ci il yanvarın 14-də Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan tarixində əlamətdar hadisə kimi yaddaşlara yazılıb. İndi isə fərəh və iftixar hissləri ilə dostluğun-qardaşlığın 30 illik yubileyini qeyd edirik.

XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi adlandırılır.

Atılan qəti addımlarla Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığını bütün sahələr üzrə davamlı inkişaf etdirməyə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.

İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunədir.

Yanvarın 14-də İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edildiyi kimi, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçib, ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq edib.

İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərini dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi adlandıraraq müttəfiqliyin inkişafı və möhkəmlənməsində Rəcəb Tayyib Ərdoğanın xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb.

Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini və qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi dünya təkcə birlikdə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. İki qardaş dövlətin birliyi və müttəfiqliyi tarix boyu bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib.

 

Qürur dolu tarixi günlər

 

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. 44 günlük Vətən müharibəsi isə bunun bariz təcəssümü oldu.

Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbənin qazanılmasında mühüm rol oynadı.

İlham Əliyev dostuna ünvanladığı məktubda bu məsələyə xüsusi toxunaraq qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi: “Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqımızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”.

Göründüyü kimi, Azərbaycan-Türkiyə əlaqələri daim yüksəlişdədir. Liderlər isə bu əlaqələri daha da şaxələndirirlər. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarında qəbul edilən qərarlar iki ölkənin iqtisadi-ticari əlaqələrinin daha da genişlənməsinə böyük töhfələr verir.

 

Qarabağa ayaq basan ilk xarici ölkə Prezidenti

 

Bütün zamanlarda liderlərin görüşü, qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.

Ötən il Türkiyə Prezidentinin Azərbaycana 3 səfəri və xüsusilə də Rəcəb Tayyib Ərdoğanın Qarabağa ayaq basan ilk Türkiyə lideri olması tarixə yeni səhifə kimi yazıldı.    

Keçən il tarixi bir gündə - 15 İyun Milli Qurtuluş Günü Qarabağa ilk səfərini edən Türkiyə Prezidentini İlham Əliyev Füzulidə qarşıladı. İki qardaş birlikdə Şuşaya səfər etdi, təkbətək görüşdən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Liderlər mətbuata birgə bəyanatlarla çıxış etdilər. Bu, mətbuata yox, əslində, dünyaya verilən bəyanat idi. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığının Şuşa zirvəsindən verilən mesajları hər kəs eşitdi.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda həmin günü belə qiymətləndirir: “Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur”.

Şuşaya səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin heykəllərini ziyarət edib, “Xan qızı” bulağında olub, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyaya tamaşa edib.

 

Çiyin-çiyinə irəliləyən, yeni tarix yazan liderlər

 

Müharibədən sonrakı dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaratdı. Xüsusilə Zəngəzur dəhlizinin açılması Azərbaycanın logistik imkanlarının daha daha da artmasına real zəmin yaradacaq. Artıq bu istiqamətdə xeyli işlər görülüb.

Dəhlizin açılması istiqamətində reallaşan tarixi layihələrin təməlqoyma mərasimlərində Türkiyə Prezidentinin iştirakı Azərbaycana əlavə stimul vermiş oldu. Oktyabrın 26-da Azərbaycana rəsmi səfər edən Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər.

Bu, ilk  növbədə, Azərbaycanın qüdrətinin göstəricisi idi. Çünki İlham Əliyevin şəxsən mütəmadi olaraq maraqlandığı bu obyekt  cəmi 8 aya inşa edilmişdi. Prezidentlər həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olub Zəngilana yollandılar. Burada prezidentlər Zəngəzur dəhlizinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, “Dost Aqropark”ın təməlini qoydular və Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular.

Prezidentlər bir daha mətbuata bəyanatlarla çıxış edib Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz bağlarla daha da möhkəmləndiyini dünyaya bəyan etdilər.

İlham Əliyev dedi ki, Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirak bir daha birlik və gücümüzü göstərir: “Bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”.

Prezident Zəngəzur dəhlizinin açılmasını da dəyərləndirərək bildirdi ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.

Rəcəb Tayyib Ərdoğan isə dedi ki, Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək”.

Qürurverici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video