Yaşadıgımız dünya, bizi əhatə edən aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu dünya, bu aləm təbiət adlanır. Əslində, biz özümüz də təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
11 iqlim qurşağının 9 tipinin mövcud olduğu Azərbaycan təbiəti özünün cazibəsi ilə seçilir. Amma bəzən bu cazibə insan əli ilə məhv ola bilir. Ona görə də dövlət təbiətin qorunmasına xüsusi diqqət yetirir, mühafizə rejimi ilə onu nəzarətdə saxlayır. Ekoloji vəziyyətin tənzimlənməsi üçün qəbul olunan qanunlar qoruqları və parkları məhv olmaq təhlükəsindən xilas edir. Azərbaycanda 10 milli park, 11 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq, 24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyekt, 15 min hektar endemik və qiymətli meşə növü sahələri var. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və bu, ölkə ərazisinin 7 faizini təşkil edir.
Biz bu yazıda Azərbaycanın milli parklarından söz açacaq, özündə estetik, ekoloji və tarixi əhəmiyyətli nəsnələri birləşdirən ərazilərin faydasını qeyd etməyə çalışacağıq. Ölkədə ilk milli park Ulu Öndər Heydər Əliyevin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə 12131 hektar sahədə yaradılan Ordubad Milli Parkıdır. Akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradıldığı üçün parka onun adı verilib. Bir neçə il sonra 2009-cu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Üstəlik də Milli Parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.
Cəmi 9 ilə yaradılan Zəngəzur, Ağgöl, Şirvan, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Qızılağac, Göygöl və Samur-Yalama milli parkları 310136, 5 hektarlıq ərazini əhatə etməklə, ölkə ərazisinin 3,58 faizini təşkil edir. Ətraf mühitin qorunması məqsədi ilə yaradılan milli parklar bənzərsiz təbii mənzərəsi, fərqli iqlimi, təmiz havası və suyu ilə seçilir. Bu yerlərdə ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılmasını da həyata keçirmək olar. Milli park dövlətin ən qiymətli ekoloji, tarixi və mədəni obyekti olduğu üçün burada heyvanları ovlamaq, meyvə toplamaq qadağandır. Flora və faunanın inkişafı üçün hər cür şərait yaradılmış milli parkların ətrafında mühafizə olunan təbiət zonası yaradılır.
Turizm və gəzinti üçün milli parkları ziyarət etmək insana olduqca zövq verir. Turistlərin milli parklara səfərləri insanla təbiət arasında vəhdət yaradır. Odur ki, Azərbaycanda bu istiqamətdə ardıcıl maarifləndirmə işi aparılır, internetdə ana təbiətin foto və videoları paylaşılır. Sosial şəbəkələr üzərindən aparılan bu cür paylaşımlar ekoturizmin ən yaxşı təbliğidir. Çünki milli parklarımız əvəzolunmaz təbiət inciləridir, gözoxşayan gözəlliklərdir. İstər xarici qonaqlar, istərsə də yerli turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkarlıqdan zövq alır, həm də təbiətlə birbaşa təmas qurmuş olurlar ki, bu da ekoturistlərin sayının artmasını təmin edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, bu ilin 8 ayında milli parklara minlərlə turist səfər edib. Əsasən ilk üçlükdə yer alan Göygöl, Abşeron və Şahdağ milli parklarına səfər edən turistlərin ümumilikdə sayı 219 min nəfər olmuşdur. Nazirliyin məlumatında daha sonra bildirilir: "Parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaşlar da olub. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir. Yay mövsümünün bitməsinə baxmayaraq, qarşıda bizi qızılı-sarı payız mövsümü gözləyir. Bu fəsildə hər kəs müxtəlif bölgələrimizi əhatə edən, əsrarəngiz təbiəti ilə heyrətləndirən milli parklarımıza səfər edə, həftəsonlarını, istirahət günlərini təbiət qoynunda keçirə bilərlər".
Artıq qızılı payızın "ayaq səsləri" eşidilməyə başlayıb. Səyahət etməyi sevən insanlar payız sevgisindən dolayı birgünlük, ikigünlük turlara çıxırlar. Onlar getdikləri yerlərdə həm də milli parkları gəzir, təbiət gözəlliklərini yaddaşlarına hopdurub geriyə xoş təəssüratlarla dönürlər. Bir neçə günlük səyahətin xoş aurasına hopan payız sevinci həm fiziki, həm də mənəvi baxımdan sağlamlıqdır. Tibb də təsdiq edir ki, səyahətlər xoşbəxtlik hormonlarını yüksəldir, ruh halına müsbət təsir göstərir, stresi azaldır, düşüncəni aydınlaşdırır, beyin fəaliyyətini yaxşılaşdırır, əsəbləri sakitləşdirir. Ana təbiətin bir parçası olan insanın bu emosiyaları xüsusilə Azərbaycandakı milli parkları gəzərkən birə beş artır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"