19 May 2022 19:23
686
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında 4 məsələyə baxılıb

pMayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitənin sədri Əhliman Əmiraslanov gündəliyə 4 məsələ daxil edildiyini deyib.

Komitə sədri qeyd edib ki, birinci oxunuşda müzakirəyə çıxarılan üç məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihələri 2020-ci il 20 oktyabr tarixli “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Əhliman Əmiraslanov bildirib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun komitə tərəfindən hazırlanıb və Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sənədin işləməsi üçün Nazirlər Kabinetinin Sərəncamı var. O diqqətə çatdırıb ki, artıq donor bankı yaradılıb, ölkədə orqan və transplantasiya həyata keçirəcək klinikaların adları təsdiqlənib, mütəxəssislərin hazırlığına başlanılıb. Komitə sədri vurğulayıb ki, donor sahəsində Türkiyə ilə əməkdaşlıq nəzərdə tutulub.

Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kamalə Paşayeva bildirib ki, 2020-ci il oktyabrın 20-də Səhiyyə komitəsinin önəmli qanunlarından olan “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra Əsas qanun) qəbul edilib. Həmin Qanunun tətbiqi barədə Prezident tərəfindən imzalanmış Fərmanda normativ hüquqi aktların Əsas Qanuna uyğunlaşdırılması barədə tapşırıq verilib.

Kamalə Paşayeva vurğulayıb ki, gündəlikdə olan məsələlərdən “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla başlayan və digər qanunlara da dəyişikliyi nəzərdə tutan layihə tamamilə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, qanun layihəsinin 39-cu maddəsinə “həkim konsiliumu” sözlərinin əlavə edilməsi Əsas Qanunda beyin ölümünün baş verməsi barədə məhz həkim konsiliumunun qərarı olmasından irəli gəlir və ona uyğunlaşdırılır. 40-cı maddədə isə transplantasiya məqsədilə insan orqan və (və ya) toxumalarının götürülməsi maddəsinin məzmunu tamamilə Əsas qanuna göndərici norma olaraq istinad edərək bu sahədə münasibətlərin tənzimlənməsini müəyyənləşdirir.

Sonra iclasda Kəmalə Paşayeva gündəlikdə olan digər iki layihə - Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər barədə məlumat verib. Bildirib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun 34-cü maddəsi bu Qanunun pozulmasına görə məsuliyyəti nəzərdə tutur. Təqdim edilən dəyişikliklər də bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyinə uyğun olaraq, iki növ məsuliyyət nəzərdə tutur. Konkret olaraq hansı əməllərin cinayət, hansılarının inzibati xəta kimi müəyyən edilməsi layihələrdən görünür. O qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq, ağırlaşdırıcı hallarda Qanunun geriyə qüvvəsi şamil olunmur. Ona görə də digər layihədən fərqli olaraq, məsuliyyət növlərinin hüquqi əsasları yalnız bu qanunların dərc edildiyi gündən sonra qüvvəyə minəcək.

Qanun layihələrinin müzakirəsində Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli, İlham Məmmədov, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı orqan və toxumaların transplantasiyasının, donorluğun aktuallığından danışıb, sənədlərlə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərə aydınlıq gətirib.

Sonra hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Daha sonra Əhliman Əmiraslanov iclasda üçüncü oxunuşda olan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirib ki, sənəd “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırmanın həyata keçirilməsini təmin etmək üçün hazırlanıb. Qeyd edilib ki, layihəyə komitədə və plenar iclasda iki oxunuşda baxılıb və qəbul olunub.

Müzakirələrin sonunda deputatlar qanun layihəsini üçüncü oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Kamaləddin Qafarov, Kamilə Əliyeva, Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video