01 May 2024 22:12
1326
PARLAMENT
A- A+

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

 

Mayın 1-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev müzakirəyə 4 qanun layihəsinin təqdim edildiyini bildirib və məsələlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (ikinci oxunuş) tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması müəyyən edilir. Sənəddə, habelə tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti nəzərdə tutulur.

Növbəti məsələ - “Qida təhlükəsizliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı qeyd olunub ki, təklif olunan dəyişikliklərdə alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.

Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi nəzərdən keçirilib. Bildirilib ki, sənədə təklif olunan dəyişikliklər tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsi, qeydiyyat şərtlərinin pozulması faktlarının vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilməsi, sahibkarlıq subyektlərinin reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi, sahibkarlıq subyektlərinin qeydiyyata alınması ilə bağlı gömrük nəzarəti zamanı müvafiq reyestrdən çıxarışın yoxlanılması ilə bağlı məsələləri əhatə edir.

Müzakirələrdə çıxış edən komitə üzvləri Aydın Hüseynov, Cavanşir Paşazadə, Azər Badamov, Emin Hacıyev layihələrə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər, bəzi fikir və qeydlərini səsləndiriblər.

Sonra iclasda “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi də üçüncü oxunuşda təqdim edilib. Bildirilib ki, 4 fəsil və 10 maddədən ibarət qanun layihəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi məsələləri, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsasları və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətləri müəyyən edilir.

Gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video