Dekabrın 16-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 14 məsələ daxil edilib və 10 məsələ 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.
O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər layihələr həm komitədə, həm də plenar iclaslar çərçivəsində hökumət üzvlərinin və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilib.
Azər Əmiraslanov diqqətə çatdırıb ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir. Qeyd olunub ki, bəzi istiqamətlər üzrə xərclər ümumilikdə 229,8 milyon manat azaldılır, digər istiqamətlər üzrə həmin məbləğ qədər artırılır. Beləliklə, dövlət büdcəsinin gəlirləri növbəti il üçün 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulur.
Sonra maliyyə naziri Samir Şərifov 2025-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxış edib. Diqqətə çatdırılıb ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40,0 milyon manat məbləğində artırmaq nəzərdə tutulur. Əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilir. Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmək təklif olunur. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır.
Samir Şərifov bildirib ki, büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləri artırmaq nəzərdə tutulur. Belə ki, Milli Məclisin maliyyə təminatını əlavə olaraq 815,0 min manat məbləğində artırmaq, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat və ya 20 faiz artırmaq, 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Ümumdünya Sərgisində — Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri 24 milyon manat artırmaq, ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10,0 milyon manat ayırmaq planlaşdırılır.
Bununla yanaşı, 2025-ci ilin dövlət büdcəsində Prezidentin müvafiq Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika və Su Ehtiyatları agentliklərinin səlahiyyətlərinin müvafiq olaraq “AzərEnerji”, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ötürülməsi ilə bağlı dəyişikliklərin və bununla bağlı müvafiq xərclərin dövlət büdcəsində əks etdirilməsi zərurəti yaranıb. Müvafiq olaraq Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait muxtar respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir.
Nazir qeyd edib ki, təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə, 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrin gəlir və xərcləri bərabər olaraq 40,0 milyon manat artır, yəni, dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək. Dövlət və icmal büdcələrinin kəsirlərində hər hansı dəyişiklik baş verməyəcək və onlar ilkin təqdim olunmuş büdcə layihəsindəki kimi saxlanılır.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra gündəliyin növbəti iki məsələsi – “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri təqdim edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə məlumat verib.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O bildirib ki, layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.
Sonra Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Komitə sədri Azər Əmiraslanov Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə dair məlumat verib.
Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə danışıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Azər Əmiraslanov, həmçinin “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Beləliklə, büdcə zərfinə daxil olan bütün qanun layihələri üçüncü oxunuşda qəbul olunub.
İclasda çıxış edən Baş nazir Əli Əsədov bildirib ki, 2024-cü il Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olub, Azərbaycanın bütün suveren ərazisində prezident və parlament seçkiləri keçirilib. Eyni zamanda, Prezidentin Sərəncamına əsasən, sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilib, “Əsrin müqaviləsi”nin bağlanmasının 30-cu ildönümü qeyd olunub.
Ə.Əsədov Bakıda COP29-un yüksək səviyyədə keçirilməsinə də toxunub, ötən ilin dekabrında 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycanın bu tədbirə ev sahibi seçilməsinin ölkəmizə və şəxsən dövlətimizin başçısına böyük hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rola verilən yüksək qiymət olduğunu söyləyib.
Daha sonra bu ilin bəzi makroiqtisadi göstəriciləri diqqətə çatdıran Baş nazir qeyd edib ki, artıq 11 ayda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektorumuz 6,4 faiz artıb. Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.
Əli Əsədov diqqətə çatdırıb ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə isə 4,9 faiz real artım tempi proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir. 2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək. Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək. Səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21 faiz artım olub.
Baş nazir diqqətə çatdırıb ki, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb. Böyük Qayıdış çərçivəsində bu günədək 2417 ailə - 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb.
Baş nazir deputatların səsləndirdikləri bir sıra məsələlərin həlli üçün təkliflərə cavab olaraq bildirib ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 faizdir (o cümlədən Naxçıvanda 100 faiz). Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır. Hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var. Bu, ölkədəki bütün məktəblərin 10 faizini təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. 2021-ci ildən bu günədək ölkə üzrə 2700 kilometrdən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə 45 layihə icra edilir.
Baş nazir bildirib ki, dövlət büdcəsində “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə 1,1 milyard manat və investisiya xərclərindən sosial və infrastruktur təyinatlı layihələrə 540 milyon manat vəsait ayrılacaq.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası diqqət mərkəzində saxlanılacaq və 150 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, hökumət tərəfindən regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanması planlaşdırılır.
Sonra Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri səsə qoyularaq qəbul edilib.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı isə komitə sədri Azər Əmiraslanov məlumat verib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirə olunub.
Məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Bildirilib ki, layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Təklif olunan dəyişikliklərdə vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı xidmətlərin müvafiq informasiya sistemi vasitəsilə həyata keçirilməsi və hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılması nəzərdə tutulub. Bundan başqa, layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub. Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 30 yaşa endirilməsi təklif olunub.
Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan “Qeyd” hissəsində “çağırışdan boyun qaçırma” əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur.
Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.
Deputatlar dəyişikliklərə dair fikirlərini bildirib, qeydlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.