08 Mart 2024 08:05
10499
SİYASƏT
A- A+

Mərhəmətin zərif rəmzi

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilir. Bu, Azərbaycan qadınına olan hörmət və ehtiram nümunəsidir.
Ümumiyyətlə, tarixinin ən qüdrətli Azərbaycanında zəriflik və gözəllik rəmzi hesab olunan qadınlara xüsusi diqqət göstərilib. Sarsılmaz iradə, mətanət, əzmkarlıq nümunəsi olan qadınlarımız həm də istedad, zəka və zəhmətin birlikdə necə xariqələr yaratdığını fəaliyyətlərində təcəssüm etdiriblər. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi ilə tanınıb, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirib. 
Azərbaycan qadını ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışır və dəyərli töhfələr verir. Bunun ən bariz nümunəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Azərbaycanın davamlı inkişafı, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlər göstərən, xalqımızın xoşbəxt və firavan yaşamasını həyat kredosuna çevirən Birinci vitse-prezident həm də beynəlxalq miqyasda Azərbaycan qadınının parlaq obrazıdır.

 

Nəciblik, xeyirxahlıq mücəssəməsi

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "Yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. 
Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Xoşniyyətli əməlləri ilə adını şanlı tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq olan Mehriban xanım Əliyevanın ömür kitabına yazılanlar həqiqətən də bənzərsizdir. Son 20 ildə ölkəmizdə qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər məhz onun şəxsiyyətində daha parlaq təcəssümünü tapır. 
Mehriban xanım Əliyeva uşaqların böyük dostu, "mənəvi anası" və kimsəsizlərin ən böyük hamisidir. Qayğıya ehtiyacı olanlara hər zaman sevinc hissləri yaşatdığına görə özünü də xoşbəxt sayır. Müsahibələrinin birində bu məqama toxunan birinci xanım deyib: "Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". 
Həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran Mehriban xanımın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq etmək, mərhəmət göstərmək onun ən ülvi insani keyfiyyətinə çevrilib. Onun xoşməramlı fəaliyyətinin kökündə təmənnasızlıq, səmimilik dayanıb. İnsan öz xeyirxah əməlləri ilə yadda qalır. Mehriban Əliyeva da nəcib əməlləri ilə insanların qəlbində özünəməxsus yer tutub.
 "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir".
Bu dəyərli fikirlərin müəllifi də hörmətli Mehriban xanım Əliyevadır.  Ölkənin birinci xanımı deyir ki, bu həyatda yalnız öz obrazını oynamalı, öz əməllərinlə iz qoymalısan. Göründüyü kimi, Ulu Öndər Heydər Əliyevin "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" kəlamını Mehriban xanım Əliyeva müdrikliklə, həm də müdrikə sədaqət kimi yaşadır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyevanın xarakteri vətənpərvərlik, xalqa, torpağa, dövlətçiliyə qədərsiz məhəbbət duyğularının vəhdətində bu səviyyədə formalaşıb.

 

Bacarıqlı siyasətçi, sadiq silahdaş

 

Artıq 7 ildir ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi uğurla fəaliyyət göstərir. Onun rəhbərliyi altında çoxsaylı layihələr reallaşıb, ümumiyyətlə, ölkə həyatının elə bir sahəsi olmayıb ki, diqqətindən kənarda qalsın.
Etiraf etməliyik ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin zaman həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Onun təşəbbüsü ilə reallaşan amnistiya aktları yüz minlərlə ailəyə sevinc bəxş edib. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.
Birinci xanım təkcə ölkə daxilində yox, dünya miqyasında məşğul olduğu sahələr üzrə yüksək standart müəyyənləşdirib. O, atdığı humanist addımlarla, gördüyü nəcib işlərlə, sülhün bərqərar olması üçün göstərdiyi şücaətlə bütün insanlar üçün təkrarlanması vacib örnəyə çevrilib.
Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır və həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Onun ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. 
İkinci Qarabağ müharibəsi başlayanda xalq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın duyğuları tərpədən, ədalətli müharibəmizdə döyüşçülərimizi döyüşə uğurlayan kəlamını da əsgəri çağırış bildi: "Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"
Bu həm çağırış, həm də ana duası idi. Bu çağırış Şanlı Zəfərə aparan yolda qəhrəman oğullarımızın döyüş ruhunu artırdı. Döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanan hərbçilərimizə mütəmadi baş çəkib qayğılarına qalan Mehriban xanım Əliyevanın ana qayğısı hər bir hərbçimizin döyüş ruhunu artırırdı. 
Böyük Zəfər ölkəmizin siyasi imicini də yüksəltdi, dünya dövlətlərinin ona ehtiramını da artırdı. Zəfərdən sonra Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərində Birinci vitse-prezident Mehriban xanım Əliyeva da olur, dövlət başçısı ilə birlikdə quruculuq işlərinin başlanğıcında, bu və ya digər müəssisənin təməlqoyma mərasimində iştirak edir. Bünövrənin qoyulmasında bu səviyyədə iştirak sevginin ifadəsidir, sözlə ifadə edilə bilməyən ana xeyir-duasıdır. 
Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda gördüyü işlər də möhtəşəmdir. Vandal ermənilərin 30 ildə darmadağın etdikləri tarixi-mədəni və dini abidələrimizi yenidən bərpa edən fondun gördüyü işlər misilsizdir. 
Bütün bunların fonunda əminliklə deyə bilərik ki, xeyirxahlığı, Vətənə, xalqa, dövlətçiliyə, dövlətə xidməti həyat fəlsəfəsi bilən Mehriban xanım Əliyevanın Azərbaycanın ən yüksək dəyərinə - "Heydər Əliyev mükafatı"na, "Heydər Əliyev" ordeninə layiq görülməsi təsadüfi deyil. 

 

Şərqin ilk seçib-seçilmək hüququ qazanan qadını

 

Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi tarixdə dərin iz buraxıb. 
Tomris, Nüşabə, Burla Xatun, Sara Xatun, Həcər, Nigar və başqa qəhrəman analarımız düşmənə gözdağı olublar. Onlar igidliyi və fədakarlığı ilə şanlı tariximizi yaradıblar. Əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmur, adlarını yaşadaraq nəsildən-nəslə ötürür. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verməklə onların cəmiyyətimizdə statusunu daha da artırmış, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaratmışdır. Azərbaycan qadını həmçinin milli kimliyimizin qorunmasında, azadlıq mübarizəsinin geniş vüsət almasında yaxından iştirak edib, ana dilimizin, mənəviyyatımızın ən etibarlı dayağı olub. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 
Ümummilli Lider qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşıb, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atıb. Ulu Öndər əsasən idarəçilik sistemində qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlayıb. 
Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında", "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında", "Analığın mühafizəsi haqqında", "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" və "Ərdə olan qadının vətəndaşlığı haqqında" konvensiyalarını qəbul edib.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Həmin il - 1998-ci il sentyabrın 14-də, 26 illik fasilədən sonra Azərbaycan Qadınlarının I Qurultayı keçirilib. Ötən il isə ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk qadın qurultayının 25 illiyinə təsadüf edirdi. 
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycan qadını haqqında çox dəyərli fikirlər səsləndirib və ölkəmizdə qadın hərəkatının daha da yüksəlməsində təqdirəlayiq addımlar atıb. Möhtərəm Prezidentimiz qeyd edib ki, Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərib və nailiyyətlərlə dolu parlaq bir yol keçiblər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsində və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynayıb, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.
Dövlət başçısı cənab İlham Əliyev hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklər ünvanlayır, ölkəmizin inkişafında onların xidmətlərini xüsusi qeyd edir, orden və medallarla təltif edir. Təbii ki, bu da dövlət səviyyəsində qadınlara olan diqqət və qayğının təzahürüdür.
Azərbaycan həmkarlar ittifaqları da qadınların ictimai həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda həmkarlar ittifaqı üzvlərinin sayında qadınlar üstünlük təşkil edir.
Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra gender bərabərliyi ilə bağlı BMT və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ən mühüm sənədlərinə qoşulub, "Gender bərabərliyinin (qadın və kişilər arasında) təminatı" və "Məişət zorakılığı" haqqında qanunları qəbul edib. Azərbaycanda bərqərar olan demokratik mühit qadınların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Belə bir zəmin əsasında AHİK qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib. AHİK-də "Gender siyasəti Konsepsiyası"na əsasən "Kollektiv müqavilələrdə gender yanaşmasını tətbiq etmək" və "Həmkarlar ittifaqı təşkilatlarının rəhbərliyində kişi və qadınların təmsil edilməsinin tarazlaşdırılması" üzrə tövsiyələr hazırlanmış, AHİK-in nəzdində "Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz" yaradılmışdır. Hər il gender bərabərliyini səciyyələndirən statistik hesabatların araşdırılması onu deməyə əsas verir ki, yerlərdə qadın və kişilər üçün bərabər hüquq və imkanların təmin olunması vacib addımlardır.

 

AHİK kişi və qadın bərabərliyinə diqqətlə yanaşır

 

İnsan hüquqlarının müdafiəsi, gender bərabərliyinin əldə edilməsi və xüsusilə də qadın və qızların cəmiyyətdə fəallığının artmasına və inkişafına nail olunmasının təşviqi daim Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas məsələlərdən biri olmuşdur.
Məlumdur ki, gender bərabərliyi qadın və kişilərin, oğlan və qızların bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. Bərabərlik kişi və qadınların fərqli ehtiyaclarını, maraq və istəklərini eyni dərəcədə nəzərə almağı tələb edir.  AHİK kişi və qadın bərabərliyinə, ailə münasibətlərinin sağlam mühitdə formalaşması və qorunub saxlanılmasına diqqətlə yanaşır. Bu istiqamətdə həyata keçirdiyi siyasətin əsasında statistik göstəricilərin sosial-iqtisadi, hüquqi, mədəni və psixoloji aspektlərinin təhlili durur. AHİK-də qəbul olunmuş "Gender bərabərliyi konsepsiyası" əsasında uzunmüddətli "Fəaliyyət proqramları" icra olunur, "Gender və Qadın problemləri üzrə Mərkəz", "Gender bilikləri və texnologiyası məktəbi" fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən və AHİK-ə üzv olan 27 sahə həmkarlar ittifaqı mərkəzindən daxil olan statistik məlumatlar ümumiləşdirilir, cinslər arasındakı fərqlərin və təcrübələrin təsiri öyrənilir. Bu işlərlə sahə həmkarlar ittifaqlarının strukturlarında təyin olunmuş 10 minə yaxın məsul şəxsi əhatə edən 2463 komissiya məşğul olur. 
AHİK qadın üzvlərinin öz potensiallarının üzə çıxarılmasını prioritet istiqamətlərdən sayır. Gender statistikası göstərir ki, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər 47,7 faiz olduğu halda, qadınlar 52,3 faiz təşkil edir. Üzvlərin 18,9 faizi gənclərdir. Onların da yarıdan çoxu, yəni 9, 534 faizi gənc qadınlardır və bu xanımlardan da 6,18 faizi bütün səviyyəli rəhbər vəzifələrdə təmsil olunur. Sədr vəzifəsində işləyənlərin isə 32,7 faizi gənc qadınlardır. Ümumilikdə həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınlar - 47,8 faizi, bütün səviyyəli rəhbər vəzifələrdə isə 42,5 faiz göstərici ilə təmsil olunurlar. 
Gender bərabərliyi qlobal məsələdir. İş, təhsil, sosial müdafiə və məşğulluq üçün bərabər çıxış imkanı Yeni Sosial Müqavilənin də təminatı olmalıdır. Təəssüflər olsun ki, bu qədər qlobal inkişafa baxmayaraq, qadın və qızlar hələ də müxtəlif formalarda zorakılığa məruz qalırlar. Qeyri-rəsmi iqtisadiyyatın əksəriyyətini qadınlar təşkil edir.  Bərabər əməkhaqqı və layiqli iş şəraiti bütün hallarda qadınlar üçün həlledici olmalıdır.
Bütün işəgötürənlər qayğı iqtisadiyyatını öz planlarının və büdcələrinin mərkəzinə yerləşdirməlidirlər ki, "ödənişsiz iş" məfhumu aradan qaldırılsın, sosial müqavilələrdə və kollektiv sazişlərdə qadın işçilərin də təmsil olunması təmin edilsin. Biz də öz növbəmizdə  sosial tərəfdaşlarımızı qayğı iqtisadiyyatına sərmayə qoymağa və qayğı işinin dəyərinin lazımi səviyyədə tanınmasına çağırırıq. Bu davamlı inkişaf üçün də təməl faktorlardır. Davamlı inkişafı təmin etmək üçün həyata keçiriləcək iş, istər  milli səviyyədə, istərsə də hər hansı bir orqan və ya müəssisə səviyyəsində düzəlişlərin və yeni imkanların mövcud olacağı vəziyyətin yaradılmasını tələb edir və əlbəttə ki, bu imkan və düzəlişlər ilk növbədə işçilərə yönəldiləcəkdir. Həmkarlar ittifaqları isə işçilərin nümayəndəsi kimi davamlı inkişafın təşviqində ən vacib qüvvədir. 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərib. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 70-dən artıq həmkarlar ittifaqı mərkəzi ilə əməkdaşlıq edir. İndiyədək AHİK dünyanın 12 xarici həmkarlar ittifaqı qurumu ilə ikitərəfli müqavilələr bağlayıb. Son 30 il ərzində 219 seminar və konfrans təşkil olunub, onların 114-ü beynəlxalq səviyyəli tədbirlərdir.
Gender və bərabərlik məsələlərindən başqa, AHİK Dayanıqlı İnkişaf Məqsədlərinin daha yaxşı mənimsənilməsi və milliləşdirilmə prosesinə töhfə vermək məqsədilə də "DİM 2015-2030 Gündəliyi" mövzusunda 2016-cı ildən başlayaraq BƏT ilə birgə bir sıra beynəlxalq, regional və sub-regional maarifləndirici seminar və konfranslar keçirib. Eləcə də AHİK-in bir çox mütəxəssisi mövzu ilə əlaqədar olaraq istər Beynəlxalq Əmək Təşkilatının, istərsə də Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçirilən bir sıra beynəlxalq təlim kursları, seminarlar və plenar iclaslarda iştirak etmişlər. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası BƏT-in Dayanıqlı İnkişaf Məqsədləri üzrə iki prioritet təşkilatından biridir (Moldova və Azərbaycan). 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq sosial rifahın təmini üçün qəbul edilən bütün qərarları dəstəkləyir, eləcə də işçi hüquqları müdafiəçiləri olaraq bütün dünyada hamı üçün sülh və ədalətin bərqərar olduğu bir dünya arzulayırıq. Unutmayaq ki, qadınlar həyatın əsas qurucuları və gələcəyi deməkdir. Qadın hüquqları bütövlükdə insan hüquqları deməkdir. Qadınlar dünyamızdır və biz bu dünyanı qorumalıyıq.  
Bir daha bütün dünyada qadınlarımıza bərabər hüquqda və həmrəylikdə yaşayıb inkişaf edəcəyi, səmərəli fəaliyyət göstərəcəyi və layiqli işlə təmin olunacağı bir həyat arzu edirəm!

Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video