13 Dekabr 2024 08:40
690
Mədəniyyət
A- A+
"Mən həyata, reallığa bağlı insanam"

"Mən həyata, reallığa bağlı insanam"


Müxtəlif peşə sahibləri ilə görüşüb söhbət edəndə, onların işi ilə yaxından tanış olanda, yazıb-yaratdıqlarını görəndə həm sənətlərinə, həm də sənətkarlıqlarına heyran qalırıq. Nə gizlədək, onların möcüzələrlə dolu sənət aləmləri bizi sehirləyəndə hərdən ürəyimizdən bu sahənin adamı olmaq da keçir. Amma nə edəsən ki, hər şey təkcə ürəkdən keçirməklə, arzulamaqla deyil. Gərək bu işin, bu sənətin peşəkarı olasan. Başqa sənət adamlarını deyə bilmərik, amma rəssamların işlərinə baxanda nədənsə həyatı gözəl bir tablo kimi təsəvvür edirik. Daim bu xoş təsəvvür və gözəl mənzərə içində yaşadıqca yaşamaq istəyirik.

Bu günlərdə Bakının qədim kəndlərindən biri olan Balaxanıda yaşayan rəssam Əzizbala Dadaşovla görüşüb söhbət etdik. Onun bir-birinə bənzəməyən əsərləri bizdə xoş təəssüratlar oyatdı. Yaradıcılığı ilə yaxından tanış olmazdan əvvəl ömür yolunu qısaca vərəqlədik. Öyrəndik ki, Əzizbala Kamalpaşa oğlu Dadaşov 9 oktyabr 1964-cü ildə Balaxanıda dünyaya göz açıb. Kənddəki 259 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından rəssamlıq sənətinə maraq göstərib. 1981-1983-cü illərdə Bakı şəhərindəki 84 nömrəli texniki-peşə məktəbində metal üzərində döymə ixtisasının sirlərinə yiyələnib. Zaman keçdikcə bu sənətə marağı artan Əzizbala ali təhsil almaq qərarına gəlib. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Bədii xalçaçılıq fakültəsinə qəbul olunub. 1992-ci ildə universiteti uğurla başa vurub. Arxada qalan beşillik təhsil ona bu sənətin bütün incəliklərini öyrədib. 

Əzizbala hazırda müstəqil rəssam kimi fəaliyyət göstərir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun kətana çəkdiyi, metal üzərində döydüyü əsərlərə, eskizləri əsasında toxunan xalçalara  heyran qalmamaq mümkün deyil. Əsərlərinə tamaşa etdikcə şahidi oluruq ki, Ə.Dadaşov bacarığı, peşəkarlığı və işgüzarlığı ilə mümkün olmayanları mümkün edir. Qırx ildən çoxdur ki, bu sənəti yaşada-yaşada ziyarətçilərin zövqünü oxşayan bir-birindən maraqlı əsərlər çəkir.


Çəkdiyi ilk əsərlər atasını da sevindirib


Əzizbala Dadaşov çox da uzun çəkməyən söhbətinə ürəyində rəssamlığa maraq oyanan günlərdən cığır saldı: "Bu sahəyə həvəsim və marağım hələ orta məktəbdə, beşinci sinifdə oxuyan günlərdən başladı. Bizi tez-tez şəhərdəki muzeylərə, sərgilərə aparırdılar. Ziyarətinə getdiyim mədəniyyət ocaqlarında gördüyüm rəsm və döymə əsərləri diqqətimi cəlb edirdi. Sanki qısa müddət ərzində ürəyimdə bu sahəyə sevgi ocağı qalandı. Hərdən evdə döymə işləri görürdüm. Atam neftçıxarma idarəsində sürücü işləyirdi. Mənim bu sahəyə marağımı görəndə bir gün dedi ki, "bala, işimizdə milliyyətcə yunan olan Anatoli adında alim var. O da istirahət vaxtlarında sənin kimi belə döymə işləri görür. Gəl bir gün səni onun yanına aparım. Xahiş edim ki, bu sənətin sirlərini sənə də öyrətsin". Atamın dedikləri ürəyimcə oldu. 

Bir gün dərsdən qayıtdıqdan sonra onun idarə etdiyi yük maşınına minib işlədiyi neft mədənlərinə getdik. Anatoli ilə yaxından tanış olduq. Atamın dediyi kimi, o, çox mehriban adama oxşayırdı. Onun işlədiyi yerdə balaca bir otağı var idi. Bütün rəssamlıq işlərini burada görürdü. Milliyyətcə yunan olsa da, Azərbaycan dilində sərbəst danışırdı. Anatoli əvvəlcə özünün döymə işlərini mənə göstərdi. Onun metal üzərində döymə üsulu ilə çəkdikləri muzeylərdə, sərgilərdə nümayiş olunan əsərlərdən heç də geri qalmırdı. Doğrudan da, Anatoli atamın dediyi kimi yaxşı alim idi. İki ilə yaxın onun yanında təcrübə keçdim. Sağ olsun Anatoli, bu sənəti mənə həm öyrətdi, həm də sevdirdi. İki il ərzində döymə sənətinin sirlərinə dərindən yiyələndim. 

Günlərin birində Anatoli mənə metal üzərində döymə üsulu ilə əsər çəkməyi tapşırdı. Böyük həvəslə onun tapşırığını yerinə yetirməyə başladım. Özümə ilk müəllim bildiyim Anatoli metal üzərində döydüyüm rəsmləri bəyəndi, haqqımda xoş sözlər dedi. Çəkdiklərimin bəyənilməsi məni yeni əsərlər yaratmağa həvəsləndirdi. Atam da döymə yolu ilə metal üzərinə çəkdiyim əsərlərə baxanda xeyli sevindi".

Söhbətimiz zamanı Əzizbala Dadaşov 23 il əvvəl ilk və son dəfə keçirdiyi şəxsi sərgisindən söz açaraq dedi: 

- 2001-ci ildə Balaxanı kəndində ilk dəfə şəxsi sərgimi keçirdim. Sərgiyə yüzdən çox əsər çıxarmışdım. İlk tədbirim olduğuna görə bir az narahatlıq keçirirdim. Düşünürdüm ki, görəsən ziyarətçilər əsərlərimi necə qarşılayacaqlar? Bu narahatlığın içində sevinc qığılcımları da parlayırdı. Ümid edirdim ki, baxanlar əsərlərimi bəyənəcək, sənətkarlığıma yüksək dəyər verəcəklər. Hər şey ümid etdiyim kimi oldu. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılandı, əsərlərimə yüksək dəyər verildi, ünvanıma xoş sözlər deyildi. Rəsm əsərlərimlə bərabər, metal üzərindəki döymə işlərim də böyük rəğbətlə qarşılandı. 

Rəssam Əzizbala Dadaşov indiyə qədər onlarca maraqlı rəsm əsəri çəkib, metal üzərində döymə işləri görüb. İşlərinə diqqətlə fikir verdikcə, araşdırdıqca, təhlil etdikcə görürük ki, rəssamın yaradıcılığı hərtərəfli, geniş və əhatəlidir. Əzizbalanın emalatxanasının divarlarını Azərbaycanın görkəmli şairləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Əfzələddin Xaqaninin, Mirzə Ələkbər Sabirin və başqalarının portretləri və döymə işləri bəzəyir. Rəssamın emalatxanasında dünyanın məşhur dramaturqu Şekspirə, görkəmli hind yazıçısı və filosofu Rabindranat Taqora, həkimlər həkimi İbn Sina və başqalarına həsr olunmuş əsərləri də gördük. Söhbət zamanı öyrəndik ki, Ə.Dadaşov təbiət mənzərələrini də, Azərbaycanın görkəmli rəssamlarının portretlərini də sevə-sevə çəkir. Hazırda görkəmli rəssam Səttar Bəhlulzadənin portreti üzərində döymə işləri aparır. Yaxın günlərdə əlindəki bu işi yekunlaşdırmağı planlaşdırır.


Hər sənətkarın öz yolu olmalıdır


Doymaq və yorulmaq bilmədiyimiz söhbətindən, hikmət dolu sözlərindən hiss etdik ki, Əzizbalanın ədəbiyyata da böyük marağı var. Rəssam rəsm, döymə və xalça üzərində iş aparmaqla yanaşı, həm də mütaliəsindən də qalmır. Bu vacib işə də vaxt ayırır. Həm klassik, həm də müasir yazıçı və şairlərin əsərlərini oxuyur. Əzizbala filosofların həyat və yaradıcılığı ilə də dərindən maraqlanır. Yaratdığı əsərlər də özünün fəlsəfi düşüncələrindən yaranır. Buna görə də baxanları düşündürür, onları qırılmaz tellərlə həyata bağlayır. İş masasının üzərində yunan filosofu Senekanın balaca büstünün olması yazdıqlarımızı bir daha təsdiq edir. 

Əzizbala deyir ki, rəssam nə çəkirsə, gərək sevgi ilə çəksin. Sevgi ilə çəkilməyən rəsm əsəri sənətkarın istədiyi kimi alınmır, istədiyi kimi yaranmır. Nə öz zövqünü oxşayır, nə də baxanlara xoş ovqat bəxş edir. Əgər sənətkar sənətinə sevgi ilə yanaşsa, sənət onu zirvələrə yüksəldəcək. Yox, əksinə, sənətinə sevgi ilə yanaşmasan, arzusunda olduğun zirvələri fəth elə bilməyəcəksən. Mən sənətimə sevgi ilə yanaşıram. İstəyirəm ki, çəkdiyim əsərlər insanın zövqünü oxşasın, onu düşündürsün, ona xoş anlar yaşatsın. 

Yaradıcı insanların, o cümlədən rəssamların da bəziləri yuxularında gördükləri mənzərələri çəkirlər. Buna münasibətini soruşanda Əzizbala dedi: "Bəli, elə rəssamlar olub və bu gün də var. Amma bunu hamıya şamil etmək olmaz. Hər bir sənətkarın öz yaradıcılıq yolu, öz üsulu, üslubu var. Şəxsən mən yuxu məsələsini özümə yaxın buraxmıram. Çünki ruhən, qəlbən həyata bağlı insanam, yuxularla yaşayanlardan deyiləm. Yalnız fikir dünyamda tüğyan edən öz fantaziyalarımla yaşayıb yaradıram. Sənətkarın öz fantaziyası olmalıdır. Fantaziyasız çəkilmiş bir rəsm əsəri, yazılmış bir bədii nümunə heç vaxt maraqla qarşılanmır. Tamaşaçı, oxucu zövqünü oxşamaz, onu düşündürüb xəyallar aləminə aparmaz".

Tanınmış rəssam onu da dedi ki, bəzən eyni vaxtda bir neçə əsər üzərində işləyir. Həm rəsm əsəri çəkir, həm xalça üçün eskizləri cızır, həm də metal üzərində döymə işləri aparır. Nə qədər hərəkətdə olsa da, işindən zövq alır, mənəvi rahatlıq tapır. Yorğunluğu heç vaxt yaxınlığına buraxmır. Yorğun halda iş gördüyü günü xatırlamır. Başı yaradıcılıq işlərinə o qədər qarışır ki, vaxtın, zamanın necə keçdiyini də hiss etmir. Yaradıcılıq anlarında insan sanki özünü unudur, xəyallar aləminin labirintlərində azıb qalır, geri dönə bilmir. Dahilərdən biri çox gözəl deyib ki, yaradıcı insan hansısa bir əsər üzərində işləyəndə hiss və duyğuları adi vaxtlardakından on dəfə yüksək olur. Doğrudan da, bu, elədir. Əgər belə olmasaydı, insanları heyrətə gətirən gözəl əsərlər də yaranmazdı.

Elə sənətkarlar da var ki, əsərlərində hansısa tanınmış birisinə oxşamağa çalışırlar. Bir növ onun çəkdiklərini, yazdıqlarını təkrar edirlər. Gedilmiş yolla addımlayırlar. Buna görə də özlərinin yaradıcılıq yolları olmur. Əzizbala deyir: "Mən heç bir rəssama oxşamaq, heç kimi təkrar etmək istəmirəm. Gərək sənət aləmində hər sənətkarın öz yolu, öz cığırı, öz yaradıcılığı olsun. Daha doğrusu, yaradıcılığı ilə, çəkdiyi bənzərsiz əsərləri ilə öz-özünə yol açsın. Məktəbini yaratsın, öz üslübünü dünyaya göstərsin. Sənətkar heç kimi təqlid etməməlidir. Çünki gedilən yollar çala-çökəkli olur. Bütün yaradıcı adamlar kimi, rəssamlar da özlərini yaradıcılıq axtarışlarında tapırlar. Düşünürəm ki, bütün sənətlərin inkişafına təkan verən üç əsas amil var: fantaziya, təcrübə və peşəkarlıq. Üçü bir yerdə birləşəndə böyük sənət əsərləri yaranır, sənətkar tanınır və daim sevilir".


Yaradıcılıq yollarına düşən işıq


Rəssamla söhbət etdiyimiz vaxt həyətə bir uşaq gəldi. Əzizbala dedi ki, bu tələbələrindən biridir, qardaşının nəvəsi Yusif Dadaşzadədir: "Mən bu peşənin sirlərini uşaqlara da, gənclərə də öyrədirəm. Bundan başqa, beş nəfər də tələbəm var. Çalışıram ki, rəssamlıq sənətini onlara da aşılayım. Sevindiricidir ki, uşaqlar rəssamlıq sənətini həvəslə mənimsəyirlər. Bir də mənim üçün maraqlıdır ki, nədənsə son vaxtlar rəssamlığa oğlanlardan daha çox qızlar maraq göstərirlər. Amma düşünürəm ki, bunun o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, sənət yaşasın və yaşadılsın. Rəssamlığa olan sevgi, məhəbbət heç vaxt azalmasın, tükənməsin. Rəssamlığa gedən yollar gəlimli-gedimli olsun". 

Əzizbala Dadaşovdan rəssamlıq sənətinin incəliklərini öyrənən Yusiflə söhbət edərkən öyrəndik ki, o, Bakıxanov qəsəbəsindəki 72 nömrəli məktəbin 7-ci sinfində oxuyur. 4 yaşından rəssamlıq sənətinin sirlərini öyrənir. Yusif həm rəsm əsərləri çəkir, həm metal üzərində döymə işləri görür, həm də dərslərini yaxşı oxuyur. Əmisi də işini bəyənir və onun gələcəyinə böyük ümidlər bəsləyir. 

Rəssamın emalatxanasından gələn səslər kəsilmir. Burada aparılan yaradıcılıq işləri, axtarışlar heç vaxt dayanmır. Bir-birindən yaradıcı olan işıqlı fikirlər, düşüncələr uc-uca duyulur. Çox keçmir ki, bu düşüncələrdən, fikirlərdən dəyərli və qiymətli əsərlər yaranır. Rəssamın əlində adi gördüyümüz metal hissəsi, kətan parçası bir müddətdən sonra böyük sənət əsərinə çevrilir. Bax, budur sənətkarlıq, bax, budur rəssamlıq, bax, budur yaradıcılıq! 

Yenə də emalatxanadan asta-asta çəkic səsləri eşidilir. Rəssam Əzizbala Dadaşov metal lövhə üzərində yeni döymə işləri aparır, yeni əsərlər yaradır. Sənətkarın əlindən yeni əsər dünyaya boylanır. Yeni yaranan əsərlər isə rəssamın yaradıcılıq yollarına gur işıq salır. Əminliklə demək olar ki, bu işığın nuru, şöləsi heç vaxt tükənməyəcək. Bu şölələrdən onlarca, yüzlərlə yeni əsərlərin ideyaları doğulacaq. 


Vahid MƏHƏRRƏMOV,

İlham Babayev (fotolar),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

20:23
23 Dekabr

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

20:22
23 Dekabr

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilib  

20:19
23 Dekabr

Macarıstanın Baş naziri Viktor Orbandan

20:18
23 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

20:17
23 Dekabr

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib  

20:16
23 Dekabr

Avrokomissiya İtaliyaya 8,7 milyard avro yardım paketi ayırıb

20:15
23 Dekabr

Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  

20:14
23 Dekabr

Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır

20:13
23 Dekabr

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar

18:47
23 Dekabr

Növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək

18:46
23 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:44
23 Dekabr

Xankəndidə ilk dəfə “Qış nağılı” yarmarkası açılacaq

18:44
23 Dekabr

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

18:42
23 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

18:42
23 Dekabr

Saatlıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:41
23 Dekabr

Yeni dişlərin yetişdirilməsinə kömək edən dərmanın testlərinə başlanılıb

18:22
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

18:20
23 Dekabr

Honda və Nissan birləşmək niyyətindədirlər

18:18
23 Dekabr

Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

18:17
23 Dekabr

Serbiyanın Baş nazirinə Azərbaycanın yaşıl enerji istehsalı potensialı barədə məlumat verilib  

18:16
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!