17 Oktyabr 2025 20:36
534
SİYASƏT
A- A+
Məhkəmədə Ermənistan vətəndaşlarının Azərbaycanın suverenliyi əleyhinə çağırışları və digər cinayət xarakterli məlumatlar tədqiq olunub  

Məhkəmədə Ermənistan vətəndaşlarının Azərbaycanın suverenliyi əleyhinə çağırışları və digər cinayət xarakterli məlumatlar tədqiq olunub  


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 17-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Zeynal Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş ediblər.

Tərəflər həmin zərərçəkənlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

Z.Ağayev deyib ki, həmin ifadələr növbəti iclaslarda elan olunacaq.

Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Belə ki, təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, Levon Mnatsakanyan və digərlərinin bir sıra internet informasiya resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdikləri fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.

Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.

Sənədlərin elanı başa çatdıqdan sonra iclasa sədrlik edən təqsirləndirilən şəxslərə həmin sənədlərə münasibət bildirmələri üçün söz verib.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan çıxış edərək, onun Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibənin yenidən tədqiq olunmasını istəyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov həmin müsahibənin ötən məhkəmə iclaslarının birində təqsirləndirilən şəxslərin dindirilməsi zamanı nümayiş etdirildiyini və Levon Mnatsakanyanın da bununla bağlı dövlət ittihamçılarının suallarını cavablandırdığını deyib. Vurğulayıb ki, sözügedən müsahibə həmin iclasda tədqiq olunanda Levon Mnatsakanyan razılaşmadığı hissələrə dair fikirlərini bildirib və bu, iclas protokolunda da öz əksini tapıb. Dövlət ittihamını müdafiə edən prokuror həmin sübutun yenidən tədqiqinə ehtiyac olmadığını deyib və məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edib.

Bundan sonra hakim Zeynal Ağayev sözügedən videomüsahibənin nümayiş olunduğu iclasın protokolundan Levon Mnatsakanyanın narazılığını bildirdiyi hissəni elan edib.

Ardınca təqsirləndirilən D.İşxanyan məhkəməyə müraciət edərək, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mediaya müsahibəsinin videosuna baxmağa şərait yaradıldığını bildirib.

Qeyd edək ki, D.İşxanyan əvvəlki məhkəmə iclasında həmin videonun təqsirləndirilən şəxslərə verilən planşetə yüklənməsini istəmişdi.

D.İşxanyan, həmçinin qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənədin surəti ilə tanış olmaq istəyib.

Əmrin surəti tanış olmaq üçün təqsirləndirilən şəxsə təqdim edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər Davit İşxanyan və David Babayan elan edilmiş sənədlərdə göstərilən bir çox xüsusatla razı olmadıqlarını bildirdilər.

Təqsirləndirilən şəxs A.Qukasyan çıxışında elan olunan sənədlərlə bağlı növbəti məhkəmə iclasında münasibət bildirməsinə şərait yaradılmasını məhkəmədən xahiş edib.

Hakim Zeynal Ağayev xahişin nəzərə alınacağını bildirib.

Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Pərviz Şahbazov: Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

17:53
03 Mart

İran ABŞ-yə dəstək verəcəyi təqdirdə Avropa ölkələrini müharibə ilə hədələyib

17:43
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!