Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diaspor fəaliyyətinə böyük dəstək var. Bu dəstək hər bir istiqamətdə, o cümlədən Azərbaycanın tanıdılması istiqamətində həyata keçirilir. Eyni zamanda, biz çalışırıq ki, icmamız Azərbaycan mədəniyyəti, Azərbaycanda gedən proseslərlə bağlı mütəmadi xəbərdar edilsin. Elə bu səbəbdən də birbaşa icma nümayəndələri ilə görüşlər keçiririk. Bu görüşlərdə tanınmış adamlar iştirak edir, öz fikirlərini bildirirlər, müxtəlif müzakirələr aparılır. Buraya yerli dövlət adamları, deputatlar da qoşulurlar. Yəni Azərbaycan dövləti ilə bağlı bu insanlar vasitəsilə yerli icmalara müəyyən qədər məlumat verilir, Azərbaycanın mövqeyi bir daha vurğulanır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin İzmir şəhərində mətbuata açıqlamasında yer alıb.
Komitə sədri Prezident İlham Əliyevin diaspor fəaliyyəti ilə bağlı tapşırığının eyni zamanda gənc nəslə böyük diqqət ayrılması ilə də bağlı olduğunu vurğulayıb: “Türkiyə bizim üçün yaxın, qardaş dövlətdir. Türkiyə ilə eyni dili danışmağımıza baxmayaraq, gənclərimizə Azərbaycan dili, mədəniyyəti, adət-ənənələri ilə bağlı müəyyən məlumatların verilməsi çox vacibdir. Bu baxımdan, diaspor komitəsi bu işi həyata keçirir. İzmir və ətraf bölgələrdə çox sayda azərbaycanlı yaşayır və onlar inteqrasiya prosesini artıq keçiblər. Bunu nəzərə alaraq bu görüşdə gələcək perspektivlər çox ciddi müzakirə edildi”.
Fuad Muradov belə görüşlərin azərbaycanlıların yaşadığı bütün bölgələrdə keçiriləcəyini qeyd edib: “İl ərzində müxtəlif bölgələrdə çox sayıda tədbirlərimiz olacaq və Azərbaycan Evi, Azərbaycan mərkəzlərinin açılması ilə bağlı çoxsaylı təkliflər var. Bu gün dünyada 32 Azərbaycan Evi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Həftəsonu Məktəbləri fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan dövlətinin icmaya, soydaşlarımıza dəstəyidir”.