Quruda, suda, havada - hər yerdə peşəkarlığın simvolu
Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə sahib olan Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da ordusunun modernləşməsi istiqamətində çox mühüm addımlar atmaqdadır.
Bu gün Azərbaycan qalib dövlət kimi regionda yalnız sülhün, təhlükəsizliyin tərəfdarıdır. Lakin məğlub Ermənistanın savaşdan 5 ilə yaxın vaxt ötməsinə baxmayaraq, hələ də sülh müqaviləsini imzalamaqdan boyun qaçırması, vaxt udaraq gizli şəkildə silahlanması Azərbaycanı daha diqqətli olmağı sövq edir. Çünki tarixin bütün zamanlarında Azərbaycan xalqı erməni hiyləsinin, erməni məkrinin qurbanı olub.
Maddi-texniki baza modernləşir, hərbi təlimlər ordumuzun gücünə güc qatır
İndi isə zaman dəyişib və bu gün diktə edən tərəf Azərbaycandır. Belə bir deyim də vardır ki, sülh istəyirsənsə, müharibəyə hazır ol! Əgər Ermənistan sülhdən yayınaraq gizli şəkildə yenidən silahlanırsa, onda Azərbaycan nədən öz hərbi gücünü daha da artırmasın?!
Ermənistan yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildə ona qalib gələn ordudan daha da güclüdür. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, ordunun arsenalına daxil edilən zirehli texnikalar, modern silah-sursatlar bunu deməyə bir daha əsas verir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər isə Silahlı Qüvvələrimizin gücünə güc qatır. Hazırda Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən silahlı qüvvələr kimi düşmənlərə gözdağı verir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.
Müasir dövrdə hərbi texniki təchizat texnologiyanın sürətli inkişafı ilə daha da modernləşib, hərbi gücün artırılması üçün dövrün tələblərinə uyğun innovativ sistemlərə əsaslanıb. Bu vasitələr ölkənin həm döyüşaparma, həm də özünümüdafiə qabiliyyətinin yüksəldilməsində effektivliyi təmin edir. Bundan savayı, işğaldan azad olunmuş ərazilərimizdəki hərbi hissələrin maddi-texniki bazasının inkişaf etdirilməsi, şəxsi heyətin xidməti və məişət şəraitinin yaxşılaşdırılması da gündəlikdə duran vacib məsələlərdəndir. Bu ildə də dünyanın aparıcı ordularına sahib dövlətlərlə qurulmuş qarşılıqlı səmərəli əməkdaşlıq sayəsində mühüm layihələrə imza atılıb, nəticədə ordumuzun hərbi təminat və təchizat bazası xeyli modernləşib və gücləndirilib.
Müdafiə sənayesindən söz düşmüşkən onu da qeyd etmək lazımdır ki, xarici dövlətlərlə yanaşı, yerli müdafiə sənayemizin istehsalı olan müxtəlif hərbi texniki təminat və təchizat vasitələrini də ordumuzda görmək mümkündür.
Bu gün Azərbaycan, Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Vətən maharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirlir.
Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komando idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Xüsusi təlim görmüş, çevik və yüksək döyüş qabiliyyətinə malik hərbçi
Ordu quruculuğu istiqamətində bu gün də uğurlu addımlar atılır, döyüş qabiliyyətinin daha da gücləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Vətən müharibəsindən sonra bu istiqamətdə atılan uğurlu addımlardan biri də azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (Komando) hərbi hissələrinin yaradılması oldu.
Komando sözü xüsusi təlim görmüş, çevik və yüksək döyüş qabiliyyətinə malik hərbi hissələri ifadə edir. Bu hərbçilər müxtəlif hava şəraitində, mürəkkəb relyefdə və çətin şəraitdə döyüş əməliyyatları aparmaq üçün hazırlanırlar. Onlar xüsusi taktiki bacarıqlara, döyüş texnikalarına və fiziki dözümlülüyə malik olurlar.
Azərbaycan Ordusunda Komando birləşmələrinin yaradılması 2020-ci il Vətən müharibəsindən sonra prioritet istiqamətlərdən biri olub. Belə ki, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə daha çevik, mobil və ixtisaslaşmış hərbi hissələrin yaradılmasına qərar verildi.
İlk Komando briqadası 2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində yaradıldı. Sonrakı illərdə bu tip yeni hərbi hissələrin sayı artdı və Komando heyətinin təlimi, texniki təminatı gücləndirildi. İlk hərbi hissənin açılışında iştirak edən Müzəffər Ali Baş Komandan bildirdi ki, Komando briqadasının yaradılması Azərbaycan üçün yenilikdir. Belə hərbi hissələrin sayı getdikcə artacaq: "Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".
Qalib Sərkərdənin bu sözləri ordumuza verilən dəyərin və göstərilən etimadın göstəricisi idi. Ali Baş Komandanın bu qiymətli sözləri yeni yaradılan Komando heyətinə böyük ruh yüksəkliyi aşıladı.
Qeyd edək ki, yaradılan Komando bölmələrinin döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azərbaycan ilə Türkiyə arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilə çərçivəsində hərbçilərimiz mütəmadi olaraq qardaş ölkədə keçirilən "Komando hazırlığı" kurslarını uğurla başa vuraraq peşəkarlıq səviyyələrini daha da yüksəldirlər.
Komando kimdir?
Fransız mənşəli olan "komando" sözü hərbi sahə ilə maraqlanan şəxslərin tez-tez işlətdikləri sözlərdən biridir. Uzun illər Türkiyədə ekranlaşdırılan filmlərdən dilimizə keçən komando sözü, vətəndaşların həm gündəlik həyatda, həm də sosial mediada istifadə etdikləri sözlərdən biri kimi önə çıxır.
Komando sözünün mənası xüsusi təlim keçmiş hərbi qulluqçulardan ibarət birlikdir. Sözügedən birlikdə xidmət edən əsgər vurucu qüvvə adlandırılır.
Ümumiyyətlə, Komando birliyi Silahlı Qüvvələr tərəfindən xüsusi olaraq formalaşdırılan, müstəqil olaraq fəaliyyət göstərən, basqın və təxribat kimi xüsusi tapşırıqları uğurla yerinə yetirən müəyyən sayda hərbi qulluqçudan ibarətdir. Komando birliyində xidmət edən hərbi qulluqçuların hər birinə komando deyilir. Komandolar xüsusi təlim görmüş hərbi qulluqçulardır. Onlar orduda ən tələbkar və qabaqcıl təlim və təhsil görmüş hərbi qulluqçular arasından seçilir.
Komando qısa müddət ərzində hədəfin üzərində kəşfiyyat aparıb, mövcud vəziyyətin qiymətləndirilməsini ortaya qoyaraq bu hədəfi məhv edən, tapşırığı tamamlayan hərbi qulluqçulardır. Komandolar təchizat göndərilməsə belə tapşırıqlarını yerinə yetirən hərbi qulluqçulardır.
Komando olmağın ilk şərtlərindən biri insanın fiziki və əqli cəhətdən komando olmağa hazır olmasıdır. Fiziki hazırlıq dedikdə insanın boy və çəkisi arasındakı harmoniya nəzərdə tutulur. Ümumən hər kəs tərəfindən düşünülənin əksinə olaraq, komando olmaq üçün çox uzunboylu olmaq da tələb edilmir.
Komando olmaq üçün insanın psixoloji cəhətdən sağlam olması lazımdır. Komando olmaq həm fiziki, həm də psixoloji cəhətdən çətindir. Psixoloji cəhətdən zəif insanlar bu çətin şərtlərdə depressiyaya düşə, hətta intihar edə bilər. Bu səbəbdən Komando olacaq şəxs polad kimi sinirlərə sahib olmalıdır.
Komando birləşmələri sürətli hücum və cavab əməliyyatlarında, terrorizmə qarşı mübarizədə, strateji obyektlərin ələ keçirilməsi və müdafiəsində, sərhədlərin qorunmasında, xüsusi şəraitli döyüşlərdə (dağlıq, gecə, şəhər mühiti) mühüm rol oynayır. Onların mövcudluğu Azərbaycan Ordusunun çevikliyini, gücünü və reaksiya sürətini əhəmiyyətli dərəcədə artırır.
Azərbaycanın Komando hərbi qüvvələri - müasir, vətənpərvər və peşəkar ordu quruculuğunun mühüm sütunlarından biridir. Onlar Vətənə sədaqət, dəmir iradə və yüksək hazırlıqla seçilir. Komando hərbçisi olmaq təkcə bir peşə deyil - bu, şərəfli bir missiyadır. Komando Hərbi Qüvvələri gücün və peşəkarlığın simvoludur.
Yeni yaradılan Komando birlikləri düşmənə gözdağı verir. İşğaldan azad edilən ərazilərin coğrafi relyefi nə qədər çətin olsa da, ağır təlimlərdən keçmiş yüksək fiziki dözümlülüyə və döyüş qabiliyyətinə malik olan Azərbaycan Komandosu gecə-gündüz, isti-soyuq demədən havada, quruda, dənizdə hər zaman və hər yerdə verilən istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə qadirdir.
Ali Baş Komandanın həyata keçirdiyi islahatlar onu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Qalib Sərkərdənin söylədiyi kimi, görülən işlərə, aparılan islahatların real nəticəsinə əsasən deyə bilərik ki, hazırda Azərbaycan Silahlı Qüvvələri müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş ordumuzdan daha da güclüdür. Bu hərbi güc Qafqazın ən güclü Zəfər Ordusudur. Güclü ordun varsa, gücün, qüdrətin və hörmətin də var. Ordumuz güclüdürsə, xalqımız da, dövlətimiz də güclüdür.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"