Keçən il Qarabağ və Şərqi Zəngəzurdakı sənaye müəssisələrində 300 milyon manatlığa yaxın məhsul istehsal edilib
Azərbaycanda qəbul edilən qərarların çevik yerinə yetirilməsi dünyada qəbul olunmuş reallıqdır. Bu reallıq nəhəng neft-qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars magistral dəmir yolu xəttinin və digər qlobal layihələrin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi ilə sübut olunub.
Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarımızı dünya hərb tarixində görünməmiş sürətlə və qısa zamanda işğaldan azad etməsi də dünyanın şahidlik etdiyi gerçəklikdir. İndi də dosta və düşmənə yerlə yeksan edilmiş ərazilərin necə sürətlə bərpa olunmasını nümayiş etdiririk. Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng obyektin cəmi 8 ay ərzində istifadəyə verilməsi sıradan fakt deyil, dostları sevindirən, düşmənləri üzən reallıqdır.
Belə reallıqlardan biri də Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin yaradılmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 142 sənaye müəssisəsi fəaliyyət göstərib ki, bu da 2022-ci illə müqayisədə 25,7 faiz çoxdur. Məlumatda həmçinin qeyd edilir ki, bu müəssisələrin 82,4 faizi Qarabağ, 17,6 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Həmin dövr işğaldan azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edib qeydə alınan fərdi sahibkarların sayı 13,1 faiz artaraq 1218-ə, o cümlədən Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərmək istəyən fərdi sahibkarların sayı 11,6 faiz artaraq 1070-ə, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 25,4 faiz artaraq 148-ə çatıb. Keçən il işğaldan azad edilmiş ərazilərdə istehsal edilmiş sənaye məhsullarının dəyəri də artaraq 298,679 milyon manat olub.
İşğaldan azad edilən ərazilərdə yeni müəssisələrin açılması əhalinin məşğulluğuna imkan yaradır. Təkcə cari ilin birinci yarımilində işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri açılıb və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb - Laçında 299, Şuşada 232 yeni iş yeri açılıb.
DSK-nın məlumatında həmçinin bildirilir ki, azad edilmiş rayonlarda qeyd edilən müddətdə 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı 488 vahid artıb.
Məlum olduğu kimi, Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədi ilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı, 2021-ci il 4 oktyabr fərmanına əsasən isə Cəbrayıl rayonunda 200 hektar ərazidə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələri, soyuducu kameralar və s. xidmətlərdir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
İndiyədək Ağdam Sənaye Parkının 17 rezidenti və 5 qeyri-rezidenti qeydiyyatdan keçib. Sərmayədarlar tərəfindən sənaye parkına 161 milyon manatdan çox investisiyanın qoyulması, 1400-dən artıq daimi iş yerinin yaradılması proqnozlaşdırılır. Artıq parkda məhsul istehsalına başlanılıb. Qeyri-rezident "Yüksəl Beton" QSC tərəfindən sənaye parkının ərazisində tikilən beton istehsalı müəssisəsi topdan və pərakəndə satışla məşğuldur. Parkın digər rezidentlərindən bir çoxu da tikinti işlərinə başlayıb. Bəziləri isə layihələndirmə işləri görür. Tezliklə onlar da tikinti işlərinə start verəcəklər.
Sənaye parkında rezidentlərin rahat fəaliyyət göstərmələri üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Sahibkarlar dövlət vəsaiti hesabına zəruri infrastrukturla təmin edilir. Parkda indiyədək yataqxana, yeməkxana, anbar, market, camaşırxana, tibb məntəqəsi, "paypoint" ödəniş məntəqəsi, bankomat və idman zonasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri tamamlanıb, transformator məntəqəsi quraşdırılıb.
200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının hələlik 5 rezidenti və 1 qeyri-rezidenti qeydiyyatdan keçib. İnvestorlar tərəfindən ümumi olaraq sənaye parkına 32 milyon manatdan çox investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulub. Bu parkda da işçilərin və sahibkarların rahatlığının təmin edilməsi üçün mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, tibb məntəqəsi və aptek, market, anbar, camaşırxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədi ilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb.
Rüstəm KAMAL,
"Azərbaycan"