İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə terrorla mübarizə təlimlərinin başladığını elan edib.
İRNA agentliyinin verdiyi məlumata görə, tədbir təşkilatın üzv dövlətlərindən yüksək vəzifəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilir və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Quru Qoşunları tərəfindən təşkil olunur.
Qəribabadi bu manevrləri "yeni regional təhlükəsizlik arxitekturasının formalaşdırılması çərçivəsində hərəkətlərin əlaqələndirilməsi və koalisiyaların qurulması" istiqamətində strateji addım kimi xarakterizə edib.
Diplomat xüsusilə İran Silahlı Qüvvələrinin respublikanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı bir təcavüz aktına qarşı mübarizədə təcrübəsini və imkanlarını vurğulayıb:"İran İslam Respublikası terrorizmin əsas qurbanlarından biridir və həmişə ona qarşı mübarizənin ön sıralarında olub".
Diplomatın sözlərinə görə, Tehran müxtəlif formalarda terror təhdidlərini neytrallaşdırmaqda əhəmiyyətli təcrübə toplayıb. Hazırkı təlimlər bu təcrübəni bölüşmək və terrorizmə qarşı mübarizədə ŞƏT üzv dövlətləri arasında sinerji təmin etmək üçün effektiv platforma kimi xidmət etmək məqsədi daşıyır.
Şanxay Əməkdaşlıq Təşkilatının birgə antiterror təlimləri olan "Səhənd Antiterror 2025" daim təkmilləşdirilir və onların praktik nəticələri "düşmənin şərini aradan qaldırmağa və terrorçu qrupları məğlub etməyə" gətirib çıxaracaq, - deyə Məclisin sədri Məhəmməd Bağır Qalibaf parlamentin açıq iclasında bildirib.
O xatırladıb ki, təlimlər Şərqi Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Quru Qoşunlarının himayəsi altında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin iştirakı ilə keçirilir.
Parlamentin sədri vurğulayıb ki, bu təlimlərin keçirilməsi hegemon güclərə mühüm siqnaldır və müstəqil ölkələrin ədalətsiz dünya nizamı qarşısında özlərini müdafiə etmək üçün güclü iradəsini nümayiş etdirir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”