24 Oktyabr 2025 08:05
501
SİYASƏT
A- A+
İqtisadi azadlıq dövlət suverenliyinin əsas göstəricilərindən biridir

İqtisadi azadlıq dövlət suverenliyinin əsas göstəricilərindən biridir


Dövlət suverenliyinin əsas prinsiplərindən biri dövlətin iqtisadi müstəqilliyidir. İqtisadi azadlıq bazar münasibətləri yaratmaqla yanaşı, eyni zamanda suverenliyin təməl funksional ifadəsidir. 

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, həmin dövrdə bu müstəqilliyin iqtisadi əsasları kifayət qədər möhkəm deyildi. Təbii resurslara, xüsusən də zəngin neft yataqlarına malik olmağımıza baxmayaraq, onların üzərində milli qərarvermə iradəsi formalaşmamışdı. Əslində, iqtisadi müstəqilliyi əngəlləyən qüvvələr var idi və başa düşürdülər ki, bu müstəqillik dövlət müstəqilliyinin əsasıdır. Onlar müstəqil dövlət olmağımızın əleyhinə çıxırdılar. Bu gün də belə qüvvələr var, son hadisələr buna əyani misaldır. Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkədə xaosdan hüquqa, qeyri-müəyyənlikdən institusional idarəetməyə, nizamsızlıqdan dövlət intizamına keçidin başlanğıcı oldu. Bu qayıdış Azərbaycanın real müstəqilliyinin, o cümlədən iqtisadi suverenliyinin və azad bazar münasibətlərinə əsaslanan inkişaf modelinin təməlini qoydu.

Ulu Öndər ilk növbədə dövlətin hüquqi əsaslarını möhkəmləndirərək, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbuluna nail oldu. Bu fundamental sənəd Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını və sistemli idarəetmə modelinə keçidini təmin etdi. 

Yeni konstitusiya yalnız siyasi sabitliyin təminatçısı kimi çıxış etmədi, eyni zamanda iqtisadi azadlıqların hüquqi çərçivəsini də müəyyənləşdirdi. Burada əsas prinsiplər aşağıdakı kimi təsbit olundu: 

* Mülkiyyətin toxunulmazlığı; 

* Sahibkarlığın azadlığı; 

* Təbii resursların dövlətə məxsusluğu ilə yanaşı, onların istifadəsində azad bazar mexanizmlərinin tətbiqi.

 Ümummilli Lider Heydər Əliyev iqtisadi azadlığı ideoloji seçim kimi deyil, milli suverenliyin qorunmasının əsas mexanizmi kimi qəbul edirdi. Öz çıxışlarında Ulu Öndər deyirdi: "Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir". "Biz yeni iqtisadi münasibətlərə keçidlə çoxnövlü iqtisadiyyatın yaradılmasını və mülkiyyət münasibətlərinin yenidən qurulmasını təmin edirik". "Sahibkarlığın inkişafı bizim strateji yolumuzdur". 

Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlarda azadlıq nizam-intizamla, bazar isə milli maraqla və dövlət nəzarəti ilə vəhdət təşkil edirdi. 

Bu konseptual yanaşmanın ən parlaq təzahürü "Əsrin müqaviləsi" oldu. Həmin müqavilə Azərbaycanın enerji potensialını beynəlxalq kapital və texnologiya ilə birləşdirməklə ölkəmizi qlobal enerji xəritəsinə daxil etdi. Heydər Əliyev çıxışlarında bu barədə deyib: "Biz bu müqaviləni imzalamaqla Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq". "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır". 

Daha mühümü isə odur ki, Ulu Öndər iqtisadi azadlıqları real maliyyə resursuna, sərmayəyə və institusional inkişaf dinamikasına çevirdi. Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi azadlıqlar təkcə bazar münasibətləri deyil, dövlət müstəqilliyinin praktiki təminat forması kimi reallaşdı. 

İqtisadi azadlıq, konstitusiyanın canlı prinsipi kimi, yalnız hüquqi norma olaraq deyil, həm də iqtisadi sistemin real funksionallığında özünü göstərməlidir. İqtisadi azadlıq anlayışı çərçivəsində sahibkarlığın sərbəst fəaliyyəti, sərmayənin sərbəst hərəkəti, mülkiyyət hüquqlarının qorunması və təbii resursların milli maraqlara uyğun idarə olunması nəzərdə tutulur. 

Bu azadlıqların strateji funksiyaları aşağıdakı kimi müəyyən edilə bilər: 

1. Siyasi müstəqilliyin iqtisadi təminatı: Dövlətin siyasi qərarvermə səlahiyyətləri iqtisadi dayaqlarla dəstəklənir. 

2. Enerji sektorunda suveren qərarvermənin əsası: Enerji resurslarının idarə olunması və ixracı ilə bağlı qərarlar milli maraqlar çərçivəsində qəbul edilir. 

3. Ekoloji siyasətdə məsuliyyətli qərarvermənin zəruriliyi: İqtisadi azadlıq ekoloji standartlar və davamlı inkişaf prinsipləri ilə uzlaşdırılmalıdır. 

Əgər bir dövlətin enerji siyasətini beynəlxalq şirkətlər, ekoloji siyasətini isə donor təşkilatlar müəyyənləşdirirsə, həmin dövlət yalnız formal müstəqillik qazanmış olur, lakin onun iqtisadi suverenliyi ciddi şəkildə məhdudlaşır. Azərbaycan Respublikası isə bu riskdən uzaq qalmağı bacarmışdır, çünki ölkədə iqtisadi azadlıq nəzarətsizlik deyil, qanun və institusional qaydalar əsasında formalaşan məsuliyyətli azadlıq prinsipi ilə həyata keçirilir. 

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi azadlıqlar anlayışı yeni məzmun aldı. Heydər Əliyev dövlətin bünövrəsini qoydu, cənab İlham Əliyev isə bu bünövrəni modern idarəetmə və strateji çevikliklə inkişaf etdirdi. 

Prezidentin enerji siyasəti artıq yalnız neft gəlirləri üzərində qurulmur. O, "Azərbaycan 2030" strategiyasında iqtisadi azadlıqları davamlı inkişaf, "yaşıl enerji" və innovasiya iqtisadiyyatı ilə birləşdirdi. 

* "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Ceyhan kimi layihələr milli qərarvermənin suverenliyini qorudu; 

* Zəngilan və Kəlbəcərdə bərpaolunan enerji zonaları isə iqtisadi azadlıqları ekoloji məsuliyyətlə birləşdirdi; 

* Dövlət Neft Fondunun fəaliyyəti isə neft gəlirlərinin nəsillərarası bərabərlik prinsipinə əsaslanmasını təmin etdi. 

Cənab İlham Əliyevin yeni iqtisadi yanaşması ilə iqtisadi azadlıq konsepsiyası dövlət idarəçiliyinin mərkəzi elementinə çevrilmişdir. Bu yanaşmada dövlət yalnız nəzarətçi funksiyasını icra etməklə kifayətlənmir, əksinə, tənzimləyici və təşviqedici rol oynayaraq iqtisadi fəaliyyətin səmərəli və dayanıqlı şəkildə inkişafını təmin edir.

Bu model həmçinin klassik "sərbəst bazar" anlayışından fərqlənir, çünki iqtisadi azadlıq burada milli maraqlar və strateji hədəflər üzərində qurulmuşdur, dövlət iqtisadiyyatı yalnız bazar qüvvələrinə buraxmır, eyni zamanda strategiya və dövlət maraqları çərçivəsində yönləndirir və təşviq edir. 

Azərbaycanın enerji sektoru, neft, qaz, alternativ enerji yalnız ixrac potensialı deyil, həm də geoiqtisadi müstəqilliyin nüvəsini təşkil edir. Enerji resurslarını sərbəst idarə etmək, gəlirləri müstəqil bölüşdürmək, tərəfdaş seçmək bunların hamısı iqtisadi azadlığın ifadəsidir. Eyni zamanda bu həm də məsuliyyət azadlığıdır. Resurslardan düzgün istifadə, bərpa-olunan enerjiyə keçid, enerji səmərəliliyinin artırılması, bütün bunlar iqtisadi azadlığın etik ölçüsüdür. Bu baxımdan ekoloji azadlığa iqtisadi azadlığın təbii davamı kimi baxmaq olar. 

Azərbaycanın "yaşıl enerji" siyasəti, külək, günəş, hidro potensialı iqtisadi azadlıqları gələcəyə yönəldən strateji düşüncənin nəticəsidir. 

Konstitusiya iqtisadi azadlığın canlı çərçivəsini təmin edir.  Müstəqillik dövrünün ən əhəmiyyətli nailiyyəti iqtisadi azadlığın Konstitusiyanın ruhuna cevrilməsidir. 

Azərbaycanın suverenliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır, onun əsas dayağı daxildə azad iqtisadi mühitin formalaşmasıdır. Azad sahibkar, azad bazar və azad investor müstəqil dövlətin fundamental elementləridir. Konstitusiyamız bu azadlıqları təmin edir. Ümummilli Lider Heydər Əliyev bunları yaratdı, cənab İlham Əliyev isə intellektual, ekoloji və qlobal səviyyəyə yüksəltdi. Bu gün bizə düşən vəzifə isə iqtisadi azadlıqları yalnız qanunlarda deyil, institusional davranışda, idarəetmə mədəniyyətində və ekoloji məsuliyyətdə reallaşdırmaqdır. Çünki suveren dövlət o dövlətdir ki, onun iqtisadiyyatı azad, azadlığı isə məsuliyyətli olur.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!