06 Iyul 2022 02:01
897
Fərmanlar
A- A+

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 iyun tarixli 729 nömrəli və "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

1.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 20-1.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. həmin Qanunun 20-2.2-ci maddəsinə uyğun olaraq, kritik informasiya infrastrukturu obyektlərinin meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. həmin Qanunun 20-2.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin iyirmi doqquzuncu abzasında və 20-4.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədilə bu Fərmanın 1.1-ci bəndində göstərilən qaydalarda kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər də müəyyən olunsun.

3. Müəyyən edilsin ki:

3.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin iyirmi səkkizinci və iyirmi doqquzuncu abzaslarında, 20-1.3-cü, 20-2.2-ci maddələrində,

20-2.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 20-4.1-ci, 20-6.5-ci və 20-6.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2.  həmin Qanunun 2-ci maddəsinin iyirmi doqquzuncu abzasında, 20-1.3-cü, 20-2.2-ci maddələrində, 20-2.3-cü maddəsinin ikinci cümləsində, 20-4.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

3.3. həmin Qanunun 2-ci maddəsinin iyirmi səkkizinci abzasında və 20-6.8-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir;

3.4. həmin Qanunun 20-2.3-cü maddəsinin birinci cümləsində və 20-6.5-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.

4. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390, 2017, № 3, maddə 373; 2018, № 10, maddə 1984; 2021, № 12, maddə 1432) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin iyirmi səkkizinci və iyirmi doqquzuncu abzaslarında, 20-1.3-cü, 20-2.2-ci maddələrində, 20-2.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 20-4.1-ci, 20-6.5-ci və 20-6.8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;";

4.2. aşağıdakı məzmunda 2.1-1-ci, 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilsin:

"2.1-1. həmin Qanunun 2-ci maddəsinin iyirmi doqquzuncu abzasında, 20-1.3-cü, 20-2.2-ci maddələrində, 20-2.3-cü maddəsinin ikinci cümləsində, 20-4.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;";

"2.2-1. həmin Qanunun 2-ci maddəsinin iyirmi səkkizinci abzasında və 20-6.8-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir;

2.2-2. həmin Qanunun 20-2.3-cü maddəsinin birinci cümləsində və 20-6.5-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;".

5. "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 aprel tarixli 1315 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 320) 1-ci hissəsində "dövlətə məxsus olan hüquqi şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik" sözləri "dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyul 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video