01 Oktyabr 2022 02:03
649
SİYASƏT
A- A+

İlham Əliyevin sülh gündəliyi regionda davamlı sabitliyin təminatıdır

 

Tarix sübut edir ki, hər bir müharibənin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnir, məğlub tərəf qalibin diktə etdiyi reallıqlarla barışmaq məcburiyyətində qalır. Bundan sonra tərəflər arasında müxtəlif istiqamətli sazişlər də imzalana bilir. 
Amma  təəssüflər olsun ki, işğalçı Ermənistanla Azərbaycan arasında 30 il davam edən keçmiş Dağlıq Qarabağ münaqişəsinə iki ilə yaxın müddətdə son qoyulsa da, hələ tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Bunun da səbəbləri cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən Ermənistanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatlarıdır. 
Real vəziyyət isə budur ki, qalib tərəf kimi Azərbaycan sazişin imzalanması üçün əlindən gələni, üzərinə düşən öhdəliyi reallaşdırmağa tam hazır vəziyyətdə olduğu halda rəsmi İrəvan hələ də bəhanələr gətirməklə prosesi uzadır. Bu azmış kimi, bölgədə sülhün-təhlükəsizliyin təmin olunmasını istəyən böyük güclər, beynəlxalq təşkilatlar bu ölkəyə sülh müqaviləsinin imzalanması prosesini yubatdığı üçün heç bir təzyiq göstərmirlər. Necə ki, Ermənistanın 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayarkən ortaya qoyduqları "mövqe" kimi... Yəni hazırda da eyni ssenari davam edir. 

 

Ermənistanın təxribatlarının məqsədi nədir?

 

Lakin bu cür vəziyyət çox davam edə bilməz. Ermənistan gec-tez bu sazişə imza atmalıdır. Ona görə ki, artıq Dağlıq Qarabağ adlı münaqişə yoxdur, İkinci Qarabağ müharibəsi bu məsələni həll edib, indi sülh zamanıdır. 
Qalib komandan kimi İlham Əliyev Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini, məharətini sərgiləməyə davam edir. 
Azərbaycan sülhün, qarşılıqlı olaraq Ermənistanla bir-birilərinin ərazi bütövlüyünü tanımaqla Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün konkret addımlar atır. İlham Əliyev bütün çıxışlarında sülh prosesindən yayınan və bunun alternativinin nə ilə nəticələnəcəyini də Ermənistana göstərməklə deyir ki, barış sazişinin imzalanmaması bu ölkə üçün böyük fəlakət ola bilər. 
Maraqlıdır, bəs Ermənistanın təxribatlarının məqsədi nədir?
Bəllidir ki, 2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri getdikcə güclənməyə başladı. Keçmiş hərbi xunta hakimiyyəti satqınlıqda günahlandırmaqla xalqı iqtidara qarşı üsyan etməyə çağırıb, ölkədə vəziyyəti gərginləşdirdi. Bu azmış kimi, ermənilər Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan torpaqlarında terrorçu dəstələrinin əli ilə təxribatlar törətdi. Lakin Azərbaycan Ordusunun "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları ilə qarşı tərəf ağır zərbə almaqla susduruldu. Bütün bu təxribatların sülh sazişi ilə bağlı aparılan danışıqlara xələl gətirmək, prosesi uzatmaq üçün baş verdiyi aydın görünürdü.  
Məlumdur ki, İlham Əliyevin sülh müqaviləsinin bağlanması üçün irəli sürdüyü 5 təkliflə Ermənistan rəhbərliyi razılaşıb. Amma son proseslər göstərdi ki, bu, yalnız sözdədir. Əməldə isə vəziyyət tam başqa istiqamətə yönəlib. Avropa İttifaqı Şurasının Prezident Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması, eləcə də İlham Əliyevin 5 prinsipi ilə razılaşması ilə bağlı fikirlər səsləndirməsi fonunda bu ölkənin atdığı son təxribatçı addımlar göstərdi ki, rəsmi İrəvan yenə çirkin oyunlar oynayır. Bunu baş verən proseslər və reallıqlar bir daha təsdiqləyir. Diqqəti bir daha ona yönəldək. 
Üçtərəfli Bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçıran Ermənistan müxtəlif bəhanələr gətirməklə Azərbaycan ərazisində hələ də qalmış hərbçilərini və texnikalarını çıxarmır. Bununla da müxtəlif yollarla Qarabağ və Şərqi Zəngəzurda hərbi mövcudluğunu qoruyub saxlamağa və gücləndirməyə çalışır. Məhz bu qeyri-qanuni hərbi birləşmələrin vasitəsilə avqustun 3-də və sentyabrın 12-14-də ardıcıl şəkildə təxribatlar törətməsi deyilən fikirlərin bariz nümunəsidir.
Məğlub ölkə hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın yalnız öz qüdrəti hesabına həyata keçirdiyi işlərin miqyasını aydın görür və anlayır ki, tezliklə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası qaçılmaz olacaq. Ona görə də bu prosesə zərbə vurmağa çalışır. 
Digər bir məqam isə odur ki, son hadisələr artıq Ermənistanın oriyentirlərini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Buna ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri və onun qeyri-ciddi açıqlamaları, hazırda müxtəlif ölkələrdə İrəvana dəstək göstərərək "ərazi bütövlüyünün pozulmasının" yolverilməzliyi barədə ağızdolusu danışan siyasətçilərin "aktivləşməsi" də bir daha təsdiqləyir. 
Maraqlıdır, görəsən, Ermənistanın 30 illik işğalı dövründə bu adamlar niyə danışmırdılar, beynəlxalq qanunları, ədalət prinsipini nədən müdafiə etmirdilər? İndi regionda yaranan yeni reallıqları niyə qəbul etmək istəmirlər? 
Bütün bunlar əlbəttə ki, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Əslində isə regionda təhlükəsizliyin təmin olunmasını istəyən dünya gücləri Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətini düzgün qiymətləndirməli və İrəvanı sərsəm iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər. Amma görünən odur ki, Ermənistan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla, bu ölkə beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. Ermənistanın bu təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa can atır.

 

Bütün dövrlərdə sülhün tərəfdarı olan İlham Əliyev yenə də Ermənistana çıxış yolu göstərir

  
Vətən müharibəsindən öncə boş-boş bəyanatlar verən, öz ordusunun gücünə güvənən bir ölkənin cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvarması heç də uzaq tarix deyil. Cəmi 2 il bundan öncə baş verən bu həqiqətlərə dünya şahidlik edib. Lakin bu müharibədən öncə də, savaşdan sonra da qalib ölkənin müzəffər sərkərdəsi kimi İlham Əliyev proseslərin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu bəyan edib. Müharibədən öncə İlham Əliyev bütün beynəlxalq təşkilatların ali tribunasından BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasının yerinə yetirilməsinin vacibliyini dünyaya çatdırırdı. Münaqişənin qan tökülmədən sülh yolu ilə həll olunmasını istəyən Azərbaycan Prezidenti Ermənistana yol göstərirdi. Amma zaman göstərdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində hüququn gücü keçərli deyil.   
Azərbaycan öz gücü ilə 30 il işğal altında olan torpaqlarını düşməndən təmizlədi və Ermənistanı kapitulyasıya aktına imza atmağa məcbur etdi. Bundan sonra regionda yeni reallıqlar yarandı və İlham Əliyev yenə də Ermənistanı sülh müqaviləsi imzalamağa dəvət etdi. O müqavilə ki, məhz Ermənistanın sosial-iqtisadi fəlakətdən qurtulmasını şərtləndirən sənəd sayılır.    
Sentyabrın 21-də Laçına, sentyabrın 27-də, Anım günündə Füzuliyə səfərlərində qalib Ali Baş Komandan bir daha Ermənistanın əsl məqsədinin nəyə xidmət etdiyini dünyaya çatdırdı və həmişə olduğu kimi, yenə də məğlub ölkəyə çıxış yolu göstərdi. Prezident dedi ki, törətdiyi təxribatlar, səsləndirdiyi iddialar Ermənistanın sülh istəmədiyini, yenə də revanşist fikirlərlə yaşadığını göstərir. İlham Əliyev bunu faktlar əsasında bir daha göstərərək bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Sözdə onları qəbul ediblər, amma əməldə iş görmürlər. Yenə də vaxt uzatmaq taktikası seçiblər. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu deyilməyib. Heç bir praktiki iş aparılmayıb. Azərbaycan isə dəmir yolunu, avtomobil yolunu Zəngilana qədər çəkib. Gələn ilin sonuna qədər hər iki layihə Ermənistan sərhədinə çatacaq. Ancaq Ermənistan ərazisində heç bir iş görülmür və görünür ki, heç bir iş görmək istəmirlər. Yenə də vaxt uzadırlar. Bu azmış kimi tərk etdikləri ərazilərimizə minalar basdırırlar. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənib və bu minalar 2021-ci ildə basdırılıb, yəni müharibədən sonra. Bu, əlbəttə ki, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. 
Prezident dedi ki, Ermənistanın Azərbaycana qarşı müharibəsi davam edir. Amma bunun da həddi var. Dəfələrlə bu ölkəyə xəbərdarlıq edilib ki, bunun nəticəsi ancaq onlar üçün ağır ola bilər, 44 günlük müharibədəki aqibətlərini unutmasınlar. 
Laçından, Füzulidən bir daha Ermənistana və onun havadarlarına səslənən İlham Əliyev bəyan etdi ki, Azərbaycan müharibə yox, sülh müqaviləsinin imzanlamasını istəyir. Ancaq əgər Ermənistan yenə də təxribat törədəcəksə, layiqli cavabı veriləcək. Ermənistan yaxşı fikirləşməlidir. Artıq Azərbaycanla heç kim ultimatum dili ilə danışa bilməz və ermənilər heç kimə də bel bağlamasınlar. Azərbaycanı heç kim və heç nə dayandıra bilməz. Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
İndi hansı qərarın veriləcəyi rəsmi İrəvandan asılıdır. Ya sülh sazişini imzalayaraq dövləti və illərdir sosial-iqtisadi böhran şəraitində çabalayan erməni xalqını bataqlıqdan qurtaracaq, ya da bundan imtina edərək ölkəni daha acınacaqlı duruma, məhvə sürükləyəcək. Çünki Ermənistana yaxşı bəllidir ki, İlham Əliyev sözünə, vədinə sadiq lider kimi, verdiyi qərarlarda hər zaman qətiyyət nümayiş etdirib. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, əgər təklif edilən 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasını qəbul etməsə, onda Azərbaycan Ermənistanın müstəqilliyini tanımadığını rəsmən elan edəcək. 
Hər şey açıq şəkildə ortadadır. İlham Əliyev konkret mövqe nümayiş etdirərək həm Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir. Azərbaycan Prezidentinin bu istiqamətdəki fəaliyyəti beynəlxalq birlik tərəfindən də təqdir edilir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video