03 Dekabr 2023 09:00
1216
CƏMİYYƏT
A- A+

İlham Əliyev söndürülən çıraqlarımızı yandırdı

 

Laçınlılar bu xoşbəxtliyi onlara yaşadan Müzəffər Ali Baş Komandana minnətdardırlar

 

Yolumuz yenə dağlaradır...
Otuzillik həsrətmizin vüsalı olan Şərqi Zəngəzura sarı gedirik...
Bir yandan Tanrının yaratdığı füsunkar təbiət, əzəmətli dağlar, başı buludlara dirənən şiş qayalar, gurultu ilə axan dağ çayları, bir yandan da insan əli ilə yaradılan gözəlliklər adamı valeh edir. 
Dolanbac yollarla üzüyuxarı hərəkət edə-edə bu əsrarəngiz mənzərəyə tamaşa etmək ürəyimizi dağa döndərir. Həkəri çayını keçib Şərqi Zəngəzurun əzəmətli dağları qoynunda qərar tutan Laçına yetişirik.

 

Düşmənə gözdağı verən möhtəşəm şəhər

 

Düz 31 il düşmən tapdağında inlədi, tar-mar edildi, daşı-divarları söküldü, dağıdıldı. Düşmən elə zənn etdi ki, bu dağlarda yenidən həyat qurmaq müşkül məsələdi. 
Amma cəmi 20 ilə Azərbaycanı tarixinin ən qüdrətli möhtəşəm dövlətinə çevirən, düşməni 30 il möhkəmləndiyi torpaqlarımızdan 44 günə qovub çıxaran İlham Əliyev 3 ildə elə xarüqələr yaratdı ki, hətta bu gün ermənilərin özləri də heyranlıqlarını gizlədə bilmirlər. 
Nəyi nə zaman etməyi hər kəsdən yaxşı bilən, sözü imzası qədər keçərli olan İlham Əliyev Laçına ilk səfərində demişdi ki, şəhərin bütün infrastrukturu yenidən qurulacaq. Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, çox füsunkar təbiəti - meşələri, dağları, çayları olan bu şəhər cənnətməkan olacaq.
İlham Əliyevin səsləndirdiyi bu fikirlərdən cəmi 1 il sonra çətin dağlıq reylefdə yerləşməsinə baxmayaraq, Laçın şəhəri elə quruldu ki,  düşmən baxanda bağrı yarıldı.    
İndi dağların qoynunda elə bir Laçın salınıb ki, sanki cənnəti xatırladır, barbar haylara, onların havadarlarına gözdağı verir. Küçələrdə, məhəllələrdə təmir-bərpa, abadlıq-quruculuq işləri gedir. Hər tərəfdə yaşıllıqlar salınıb, yolların kənarlarına dekorativ bitkilər əkilib. 
Bir sözlə, Laçında bu gün həyat qaynayır. Şəhər yenidən qurulur, ona yaraşan yeni həyat, yeni nəfəs verilir. Bu mənzərəyə şahidlik etmək insanda ruh yüksəkliyi yaradır. 

 

Laçında 712 obyekt üzrə tikinti-quruculuq işləri davam edir

 

Şəhərin mərkəzinə yetişib ilk olaraq bütün bu işləri həyata keçirən "Laçın Abadlıq Xidməti"nin ofisinə baş çəkib, direktor müavini Elnur Abdullayevlə söhbətləşirik. 
Elnur müəllim deyir ki, hazırda Laçında 712 obyekt üzrə tikinti-quruculuq işləri davam edir. Şəhərdə 75-i inzibati bina, 628-i fərdi, hər biri 144 mənzildən ibarət olan 9 yaşayış binası inşa edilir. Laçının soyuq iqlimini nəzərə alaraq, bütün evlərdə kombi istilik sistemi qurulub. Günəş şüalarının çox olduğu yerlərdə dam örtüklərində elektrik panelləri quraşdırılıb. Bu da alternativ enerji üçün istifadə olunur. Digər tərəfdən Laçın şəhərinin özünün klassik xalq memarlıq üslubu var.
Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı 20 ailəyə mənzillərinin açarlarını təqdim etmişdi. Həmin vaxtdan etibarən mütəmadi olaraq davamlı köç prosesi aparılır. Noyabrın 29-da şəhərə daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimi məskunlaşması təmin edilib.
E.Abdullayev deyir ki, şəhərin estetik görüntüsünün pozulmaması üçün bütün kommunikasiyalar yeraltı çəkilib. Noyabrın 7-də şəhərə və Zabux kəndinə mavi qazın verilməsi də təmin edilib. Şəhərin içməli su ilə təminatı tamamilə həllini tapıb. Şəhərdə 9 su anbarı, 3 ədəd yağış sularının toplanma deposu, 1 ədəd çirkli suyun təmizlənmə qurğusu istifadəyə verilib. 

 

Laçına qayıdanlar işlə necə təmin olunurlar?

 

Təbii ki, yeni salınan şəhərdə məskunlaşmaq, yaşayıb-yaratmaq üçün insanların məşğulluq məsələsi ilk olaraq həllini tapmalıdır. Bu istiqamətdə də işlər həyata keçirilməkdədir. Direktor müavini deyir ki, bu məsələ dövlətin xüsusi olaraq diqqət etdiyi prosesdir. Ona görə də bununla bağlı əvvəlcədən addımlar atılıb. 
Əhalinin sosial durumunun yaxşılaşdırılması üçün Zeyirdi kəndində 52 hektar ərazidə yaradılan Aqro və Sənaye Parkında 46 müəssisənin fəaliyyəti nəzərdə tutulub. Bu da toplam olaraq 1169 vakansiya deməkdir. Artıq orada 7 müəssisə fəaliyyətə başlayıb. Digər müəssisələr də yaxın vaxtlarda işə düşəcək. Hazırda toplam istehsal sahəsi 4800 kvadratmetr olan mebel fabriki, ayaqqabı istehsalı, tekstil, efir yağlarının istehsalı, seleksiya, istixanalar fəaliyyətdədir. 12 istixanada nadir bitkilər yetişdirilir.
Həkəri çayının sahilində "Həkəri" balıqçılıq təsərrüfatı yaradılıb və orada 37 nəfər işlə təmin edilib. Onlar da ixtisaslaşma kurslarını bitirdikdən sonra müəssisədə çalışmağa başlayıblar. 
Darıkaha ərazisində peşəyönümlü kurslar açılıb. Burada peşəyönümlü təhsil almaq mümkündür. Qapalı və açıq tipli yarmarkalar təşkil olunub, sakinlər öz məhsullarını sata biləcəklər. Buraya ətraf ərazilərdən mallarını satmaq, yaxud alış-veriş üçün gələnlərdən ötrü gecələmə yeri də var.
Ümumilikdə bu günədək 431 Laçın şəhər sakini işlə təmin edilib. Gələcəkdə insanlar Laçına köçdükcə onların ixtisaslarına uyğun işlərlə təmin olunması diqqət mərkəzindədir. 
Müsahibimizlə söhbət zamanı o da bəlli oldu ki, hələ sakinlər Laçına köçməmişdən öncə ailələrlə görüşlər keçirilib və insanların ixtisasları ilə yaxından maraqlanılıb: "Bir çox sakin neft-qaz sektorunda çalışıb. Təbii ki, Laçında  neft-qaz sektoru olmadığı üçün onların işlə təminatı ən prioritet məsələ hesab olunurdu. Buna görə də iştisaslaşma kursları təşkil etdik. Hətta Laçın şəhər sakinlərini doğma yurda köçmədən öncə qardaş Türkiyədə, İtaliyada və ölkə daxilində kurslara göndərdik. Çünki onlar əmin olmalı idilər ki, Laçına qayıdanda işlə təminat məsələsində problem yaşanmayacaq. Məqsədimiz dayanıqlı məskunlaşmanın təminidir".

 

Ən böyük məscid, tramvay, kinoteatr, analoqu olmayan studiya

 

Laçın şəhərinin içtimai nəqliyyatla təmin olunması istiqamətində də addımlar atılıb. Yerüstü Nəqliyyat Agentliyi ilə birgə elektron xəritə üzərində marşrut xətləri təyin edilib. Zabux kəndinə də köç ölduğu üçün şəhərlə kənd arasında marşrut fəaliyyət göstərəcək. Kəndlə şəhər mərkəzi arasında marşrut xəttinin gediş-dönüş məsafəsi 25,7 kilometrə bərabərdir. Yaxın günlərdə dayanacaqların da təyini məsələsi həllini tapacaq.    
Əhalinin mədəni istirahəti üçün də tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan addımlardan biri 1974-cü ildə şəhərdə istifadəyə verilən, lakin işğal dövründə ermənilərin dağıtdığı kinoteatr binası yenidən qurularaq noyabrın 9-da sakinlərin ixtiyarına verilib. Kinoteatr Laçında olan tikililərin şah əsəridir. 230 yerdən ibarət olan kinoteatr ən son texnologiyalarla təchiz olunub. 
Ümumiyyətlə, şəhərdəki Mədəniyyət küçəsində kinoteatr, Teatr binası, Konsert Mərkəzi və Gənclər Mərkəzi fəaliyyət göstərəcək. 
Qədimliyi də qorumaq üçün Laçında yenilik olaraq 530 metrlik məsafədə tramvay xətti çəkilir: "Bu, çox maraqlı layihədir. Artıq tramvay sifariş olunub və Laçın şəhərindədir. Xətt tamamən istifadəyə verildikdən sonra şəhərin daxilində tramvayın hərəkəti gözlənilir".
Abdallar məhəlləsində mövcud olan mağarlarda da abadlıq işləri aparılıb, televiziya kanallarının yayımı, internet, mobil operatorların fəaliyyəti təmin olunub.    
Hazırda Laçında məscid kompleksi inşa edilir. Yeni məscid işğaldan azad edilən ərazilərdə ən böyük məscidlərdən biri olacaq. Elnur Abdullayev deyir ki, Laçın rayonu ərazisində çoxlu sayda məscid, məbəd inanc yerləri olub, lakin işğal zamanı sözügedən tikililər ermənilər tərəfindən dağıdılıb. Hazırda işğaldan azad olunan ərazilərdə ən böyük məscidlərdən biri məhz Laçında inşa olunur. Məscid kompleksinin ərazisi 1 hektara yaxın sahəni əhatə edəcək. Relyefə uyğun inşa edilən məscid iki mərtəbədən ibarət olacaq, birinci mərtəbədə texniki otaqlar yer alacaq. İkinci mərtəbə isə birbaşa məscidin qarşısındakı eyvana açılacaq ki, bu da əhalinin rahat ibadəti üçün məscidə girişi təmin edəcək. Məsciddə qadınlar və kişilər üçün ayrıca ibadət zalları, dəstəmaz otaqları olacaq. 600 kvadratmetrə yaxın sahəsi olacaq məscid binası 16 metr hündürlükdə bir günbəz və hər biri 24 metr hündürlükdə iki minarə ilə layihələndirilib. Məscid şəhərin hər yerindən görünəcək və azan səsinin şəhər ərazisinə daha rahat yayılmasına imkan yaranacaq. Məscid şəhərin qərb hissəsində girişdə magistral yolun kənarında yerləşir ki, bu da şəhərə gələn turist və qonaqların burada rahat ibadət etməsi üçün nəzərdə tutulub.
Laçında yaradılan "Hoçazfilm" yaradıcılıq studiyasının isə analoqu yoxdur. Studiya Prezident İlham Əliyevin iştirakı ilə avqustun 25-də açılıb. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan "Hoçazfilm" studiyası iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

 

"İlham Əliyev qürurumuzu və xoşbəxt günlərimizi özümüzə qaytardı"

 

Müsahibimizlə söhbətimizi yekunlaşdırıb şəhər sakinlərinin təəssüratlarını eşitmək üçün enişli-yoxuşlu yollarla hərəkət edirik. Əlbəttə ki, yeni Laçının ən böyük sərvəti onun sakinləridir. Kimi dindirdiksə, ilk sözü onlara bu sevinci yaşadan, yurd həsrətini sona çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ölməz şəhidlərimizə və qazilərimizə minnətdarlıq oldu. 
75 yaşlı şəhər sakini Zemfira Fətəliyeva doğma yurda qayıtdığı üçün göydə Tanrıya, yerdə isə Qalib Ali Baş Komandan İlham Əliyevə duaçıdır, şükranlığı sözlərə sığmır, ürəyindən qopub gələn duyğular düşməni diz çökdürən əsgərlərimizin, zabitlərimizin hünərini vəsf edir, öyünür, qürur keçirir. Danışdıqca göz yaşlarını saxlaya bilmir: "Mən Laçında böyümüşəm. Azərbaycan Tibb Universitetini bitirmişəm. Üç övlad böyütmüşəm. Hər biri ali savadlıdır, rus, ingilis dillərini yaxşı bilirlər. İki oğlum ali təhsilli iqtisadçıdır. Qızım Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində dərs deyir. Təəssüf ki, həyat yoldaşım 61 yaşında Laçını görmədən, Laçın həsrətilə bu dünyadan köçdü. Kaş ki, bu günləri görəydi. Təsəllim odur ki, özü görməsə də, adını daşıdığı nəvəsi Laçını gördü. Oturub-durub Prezidentimizə min alqış edirəm. O ki, bizim üstümüzdən qaçqın adını götürdü, Allah onun  ömrünə ömür qatsın. İlham Əliyev bizim qürurumuzu, yurdumuzu, evimizi, ocağımızı, xoşbəxt günlərimizi özümüzə qaytardı". 
76 yaşlı Əli Əliyev deyir ki, Laçına ilk dəfə gələndə hər şeyi yuxuda gördüyünü zənn edib. Amma evinə daxil olub bir müddət ətrafa boylandıqdan sonra "yuxusu" çin çıxıb: "Ay bala, elə bildim yuxudayam. Axı illərlə Laçını ancaq yuxularımızda görürdük. Bu dəfə yuxu deyil, həqiqətdi. Bu yaşımda məni Laçına gətirən, mənliyimi özümə qaytaran İlham Əliyev var olsun! Heç bir kəsirimiz yoxdur, elə evlər tikiblər ki, biz 10 il də çalışsaq, belə ev tikə bilməzdik. Həm torpağımızı qaytardı, həm də evimizi tikib verdi. 4 otaqlı geniş ev veribər bizə. Belə Prezident dünyanın heç bir yerində yoxdur. Allah İlham Əliyevi bu ölkənin üstündən əskik etməsin".   
Dörd aydır Laçında yaşayan Rəfael Məmmədov artıq işlə də təmin olunub. "Laçın Abadlıq Xidməti"ndə sürücü kimi çalışır. 65 yaşlı Rəfael kişi deyir ki, doğma yurdda yaşamağın ləzzəti ayrıdır. Şəhərdə onlar üçün hər şərait yaradılıb. "İllərlə Laçınımıza qovuşacağımız günü səbirsizliklə gözləmişik. Bu xoşbəxt günlərə görə Prezidentimiz İlham Əliyevə, ordumuza minnətdarıq. Laçında yaşamaq və burada çalışmaq bizlər üçün həyatımızın ən gözəl günlərinin yenidən başlanması deməkdir".
24 yaşında Laçını valideynləri ilə tərk edən Namiq Alıyev bu gün doğma yurduna  ailəsi ilə geri dönüb. Məcburi köçkünlük həyatını Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində keçirən Namiq deyir ki, min əzab-əziyyət çəksələr də, məşəqqətli günlər yaşasalar da, hər zaman Prezident İlham Əliyevə güvənib və səbirlə bu günü gözləyiblər: "Allaha min şükür ki, bu gün öz elimizdə-obamızdayıq. Ağır günlər, illər keçirdik. Amma hər zaman Prezidentimizə inandıq, güvəndik. Mən əmin idim ki, İlham Əliyev Qarabağı ermənidən bir gün tamamilə təmizləyəcək. Nə xoş ki bizə o günü görmək də nəsib oldu. Burdan çıxanda subay idim. İndi Laçına ailəmlə, iki övladımla geri qayıtmışam. Dövlət hər cür təminatlı 4 otaqlı mənzil verib. Bundan yaxşısı ola da bilməz. Həyat yoldaşım məktəbdə çalışır. Övladlarımızı məktəbə avtobus aparıb-gətirir. Bu xoşbəxt həyatı bizə Prezidentimiz bəxş edib. Biz ömürboyu İlham Əliyevə minnətdar olacağıq".  
Laçını bələkdə tərk edən 32 yaşlı Sahib Əhmədzadə 1991-ci il martın 5-də Laçın şəhərində anadan olub. Şəhid övladıdır. Atası Şahin Əhmədzadə Birinci Qarabağ müharibəsində Laçının müdafiəsi uğrunda gedən döyüşlərdə son damla qanınadək savaşıb və 1992-ci il may ayının 9-da şəhərin Bayraq meydanı adlanan küçəsində qəhrəmancasına döyüşərək şəhid olub. Anası Sahibi şəhid atasının yadigarı kimi böyüdüb boya-başa çatdırıb. İndi Sahib doğma yurduna, atasının qanı ilə yoğurduğu Laçına qayıdıb: "Keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Laçını heç vaxt görməmişdim. Anam danışırdı, mən də təsəvvürümdə canlandırırdım. Bura mənim üçün müqəddəs torpaqdır. Bu gün ən çox atamın ruhu sevinir. Laçın azaddır və onun övladı doğma elində-obasındadır. Bizi Laçına qaytaran Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, müqəddəs ruhlu şəhidərimizə, qazilərimizə hər zaman minnətdar olmalıyıq. Bizlər də burada yaşayıb yaratmalı, Laçınımızı göz bəbəyimiz kimi qorumalıyıq". Hazırda "Laçın Abadlıq Xidməti"ndə sahə nəzarətçisi vəzifəsində çalışan Sahib 31 ildən sonra Laçına dönüşün sevincini yaşayır.   
Göründüyü kimi, azad olunmuş ərazilərə Böyük qayıdış proqramı uğurla reallaşır, doğma yurda qayıdanların sevinci yerə-göyə sığmır. Bu tükənməz sevincdən minlərlə laçınlıya da pay düşür.
Bu xoş duyğularla Laçını gəzməkdə davam edirik. Yolumuz isə yeni fəaliyyətə başlamış "Həkəri Balıq Təsərrüfatı"nadır...

(Ardı var)

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Bakı-Laçın-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video