Heydər Əliyevin "Dilinizi itirməyin, dininizi itirməyin, milliyyətinizi qoruyun və fəxr edin ki, siz azərbaycanlısınız" fikrinin epiloq kimi seçilməsi təsadüfi deyil. Ümummilli Lider milli özünəməxsusluğun qorunması konsepsiyasını üç fundamental tezisdə birləşdirərək milli varlığın strateji əsaslarını müəyyənləşdirir:
- Ana dilinin qorunması;
- Dini və mənəvi dəyərlərə hörmət;
- Milli mənsubiyyətin qorunması.
Dərin elmi-intellektual təfəkkürə malik olan dövlət xadimi Heydər Əliyev milli dilin qorunması ideyasını irəli sürərkən, əslində, insan cəmiyyətinin və etnosun varlığını şərtləndirən ən mühüm amillərdən birinə, dil faktoruna istinad edirdi. Bu yanaşma məşhur etnoqraf Lev Qumilyovun etnosun davamlılığında dilin aparıcı amil kimi çıxış etməsi prinsipində özünü ehtiva edir. Bu baxımdan, Ümummilli Liderin Azərbaycan dilinin yaşadılması və inkişafı istiqamətində apardığı mübarizənin mahiyyətini anlamaq çətin deyil. Onun "İnkişaf etmiş, zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir" fikri həm dilin fəlsəfəsini, həm də onun dövlətçilik üçün strateji əhəmiyyətini açıq şəkildə ifadə edir.
Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, eyni zamanda mədəniyyətin bünövrəsi, ictimai şüurun daşıyıcısı və dövlətçiliyin əsas sütunlarından biridir. Dil vasitəsilə mədəni normalar formalaşır, ictimai münasibətlər tənzimlənir, nəsillərarası təcrübə ötürülür. Ana dilini mənimsəyən hər bir fərd, əslində, onunla birlikdə milli identiklik arxitekturasını, etnosun ümumiləşdirilmiş tarixi yaddaşını və kollektiv dəyərlər sistemini də mənimsəmiş olur. Bu səbəbdən dil yalnız kommunikativ vasitə deyil, həm də şəxsiyyətin sosial-mədəni formalaşmasını şərtləndirən, dünyagörüşünün konturlarını müəyyən edən fundamental fəlsəfi kateqoriyadır.
Eyni zamanda dil dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsidir. Dövlətin ideoloji və institusional dayaqlarının möhkəmlənməsi, hüquqi-siyasi sistemin legitimliyi, milli birliyin və ictimai həmrəyliyin təmin olunması məhz vahid dil müstəvisində mümkün olur. Dil etnosun özünüdərk və özünüidentifikasiyasının, milli dövlətin isə ideoloji bütövlüyünün əsas komponentidir.
Azərbaycan xalqı tarixin ağır sınaqlarından keçərək dilini, mənəvi dəyərlərini və mədəni yaddaşını qoruyub saxlamış bir toplum kimi formalaşıb. Dərin tarixi köklərə malik olan Azərbaycan dili bizim milli varlığımızın və dövlətçiliyimizin təməl daşıdır. Məhz buna görə də bu dili qorumaq və yaşatmaq hər bir Azərbaycan vətəndaşı üçün yalnız mənəvi məsuliyyət yox, həm də müqəddəs vətəndaşlıq borcudur.
Qürur duyuruq ki, bu gün Azərbaycan dilində danışan 50 milyondan artıq insan dünya mədəniyyətinin inkişafına böyük şairlər, yazıçılar, alimlər, filosoflar, dövlət xadimləri və çoxsaylı dahilər bəxş etmiş zəngin bir mənəvi-mədəni irsin daşıyıcılarıdır. Bu fakt, əslində, dilin yalnız ünsiyyət vasitəsi olmadığını, həm də bütün mədəni-intellektual irsin fundamental təcəssümü olduğunu bir daha təsdiq edir.
Heydər Əliyevin dilə verdiyi yüksək dəyər - onu əyilməzliyin, ölməzliyin rəmzi kimi təqdim etməsi, milli sərvət və müqəddəs miras adlandırması - milli dövlətçiliyin fəlsəfi əsasları ilə üst-üstə düşməsi ilə yanaşı, həm də onları daha da zənginləşdirir. Ulu Öndərin ana dilini bilməyənləri "şikəst" hesab etməsi, mahiyyət etibarilə, millətin bütövlüyü və etnik kimliyinin formalaşdırıcı komponentinin məhz dil olduğunu vurğulayan dərin bir tezisdir. Bu baxış onun uzun və çətin siyasi fəaliyyətinin aparıcı xəttini təşkil edir.
Heydər Əliyevin dil məsələsindəki prinsipial mövqeyi hələ Azərbaycan Respublikasının milli Konstitusiyası qəbul edilməmişdən xeyli əvvəl, SSRİ Konstitusiyası barədə söylədiyi cəsarətli fikirlərdə özünü göstərirdi. O, təhsil hüququnun ana dilində təmin olunmasının mütləqliyini xüsusi vurğulayırdı ki, bu mövqe həm milli dilin hüquqi statusunun zəiflədilməsi təhlükələrinə qarşı qabaqlayıcı addım idi, həm də dövlətçilik şüurunun formalaşmasına yönəlmiş strateji siyasi iradəni ortaya qoyurdu.
1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin dövrün ideoloji-siyasi reallıqları fonunda son dərəcə cəsarətli və müstəsna əhəmiyyətli hadisə idi. Sovet məkanında rus dilinin açıq hegemonluğu şəraitində bu statusun qorunması ilk baxışdan qeyri-mümkün təsir bağışlasa da, Heydər Əliyevin siyasi nüfuzu, praqmatik diplomatik bacarığı və milli məsuliyyəti onu bu mühüm hədəfə çatdırdı.
Mərkəzi hakimiyyətin yüksək rütbəli dairələrində Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qeyd edilməsinə ciddi etirazların mövcud olduğu bir şəraitdə Heydər Əliyevin qətiyyətli mövqeyi xüsusi diqqətəlayiq idi. O, məsələni yalnız dil məsələsi kimi deyil, milli kimliyin, dövlətçilik perspektivinin və konstitusion hüquqi quruluşun gələcəyi baxımından əsaslandıraraq, ən çətin tribunalar qarşısında belə milli marağı müdafiə etməyi bacarmışdı.
Nəticədə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi yeni redaksiyada qəbul edilərək "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" müddəası hüquqi qüvvə aldı. Bu qərar, 21 aprel 1978-ci ildə təsdiqlənərək, Azərbaycan dilinin dövlət dili kimi statusunu yalnız texniki şəkildə təsbit etmədi, həm də gələcək müstəqil Azərbaycan dövlətinin milli rəmzlərdən ibarət ideoloji bünövrəsini möhkəmləndirdi.
Azərbaycan dilinin dövlət dili statusunun hüquqi təsbiti Heydər Əliyevin xalq qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir. Bu addımla o, yalnız dilin hüquqi və siyasi müdafiəsini təmin etmədi, həm də etnosun özünüdərkinin ən mühüm sütununu və müstəqil dövlətçiliyin ideoloji simvolunu böyük uzaqgörənliklə qorudu.
Qeyd etmək vacibdir ki, 1921-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında milli dilimizlə bağlı heç bir maddə nəzərdə tutulmamışdır. Daha sonra, 1937-ci ildə hazırlanmış Azərbaycan SSR Konstitusiyası layihəsində dövlət dili kimi türk dili göstərilsə də, Moskvadan gələn tapşırıq nəticəsində bu maddə çıxarılmış və məsələ uzun illər tamamilə unudulmuşdur.
Ulu Öndər Heydər Əliyev bu kontekstdə vurğulayırdı: "Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir". O, ana dilinin qorunması və inkişafı istiqamətində əldə olunan tarixi uğuru yalnız öz xidmətləri kimi deyil, bütün xalqın böyük nailiyyəti kimi qiymətləndirirdi.
Ulu Öndərin "mənlik", "millilik" və "dil" konseptləri arasında bərabərlik işarəsi qoyması onun dövlətçilik fəlsəfəsi baxımından dərin mənalara malikdir. Heydər Əliyevin "xalqımızın əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçməsinə baxmayaraq, özünün mənlik, millilik və dil kimi dəyərləri itirməməyi haqqında fikri təkcə xalqımızın milli-mənəvi bütövlüyünə hörmətdən irəli gəlmir. Əlbəttə, məsələnin bu tərəfi də var və bu cəhət Ulu Öndər üçün həmişə vacib olmuşdur: ana dilinə bağlılığı daim milli mənliyin ən vacib ünsürü hesab etmişdir. Lakin müdrik dövlət xadiminin yuxarıdakı fikrində həm də dərin fəlsəfə vardır.
Heydər Əliyevə görə, "mənlik", "millilik" və "dil" anlayışları bir-biri ilə qırılmaz şəkildə bağlıdır:
- Milli mənlik - bir xalqın kimliyinin əsasını təşkil edən, onun özünü tanımasını və dərk etməsini mümkün edən düşüncə və dəyər bazasıdır. Yəni millətin daxili özünüifadə "bünövrəsidir".
- Dil - milliliyin bütün elementlərini birləşdirən, xalqın düşüncə tərzini, mədəniyyətini, dəyərlərini ifadə edən və ötürən əsas ünsiyyət sistemidir. Başqa sözlə, millətin varlığını sözə çevirən mexanizmdir.
- Millilik - həm milli mənliyi, həm də dili öz daxilində birləşdirən və bir xalqın kimliyini bütöv şəkildə formalaşdıran əsas atributdur. Yəni xalqı xalq edən ümumi kimlik çərçivəsidir.
Bütün bunlardan Ulu Öndərin fikrinə yanaşdıqda aydın olur ki, müdrik dövlət xadiminin "mənlik", "millilik" və "dil" anlayışlarını bir fikir vahidində birləşdirməsi, ilk növbədə, onun bu anlayışlara dövlətçilik və millilik müstəvisində yanaşdığını ortaya qoyur. Dövlətçilik tarixi və fəlsəfəsinə, o cümlədən Azərbaycan dövlətçilik tarixinə dərindən bələd olan Heydər Əliyev məhz dil amilinin dövlət quruculuğu proseslərindəki yerini, rolunu və əhəmiyyətini yüksək qiymətləndirirdi. Ulu Öndər çox yaxşı bilirdi ki, xalqın, millətin və onun varlığında təcəssüm edən etnik-mədəni sistemin əsasında dil amili durur. Ulu Öndər bu düşüncələrində, ilk növbədə, milli tarixin dərslərinə əsaslanırdı. İxtisas etibarilə tarixçi olan Heydər Əliyev onu da bilirdi ki, dil dövlət quruculuğunda əsas faktordur. Şah İsmayıl Xətai Azərbaycan imperiyasını, əslində, ilk baxışda görünməsə də, məhz dil faktoruna əsaslanaraq qurdu. O, poetik kimliyi klassik ənənələr əsasında formalaşmış bir şair olsa da, fars dilinə deyil, ana dilinə - doğma türkcəyə üstünlük verirdi. Çünki bilirdi ki, milli dövlət qurmaq üçün xalqa onun öz dilində - milli dildə xitab etmək lazım idi. Ulu Öndər də bu mənada dili milli varlığın əsası, milli kimliyin nüvəsi hesab edirdi. O dərindən anlayırdı ki, dil milli yaddaşın daşıyıcısı və düşüncə xəzinəsidir. Məhz buna görə də xalqa ana dilində müraciət edən Heydər Əliyev Azərbaycan xalqını səfərbər edə bilib, müstəqilliyimizi qorumağı bacardı. O, sovet dövründə də "qaydaları pozub" ana dilinə üstünlük verirdi. Bilirdi ki, ana dilində danışmaqla Azərbaycan xalqının milli kimliyini yaşadır. Ulu Öndər onu da çox yaxşı bilirdi ki, xalqa onun dilində müraciət etdikcə insanların milli taleyə olan ümidlərini oyadır və yaşadır.
Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial və qəti mövqeyi rus dilinə qarşı barışmazlıq anlamına gəlmirdi. O, yaxşı başa düşürdü ki, Sovet İttifaqı xalqlarının elmi, mədəni və intellektual tərəqqisi, həmçinin beynəlxalq aləmdə mövqelərinin güclənməsi əsasən rus dili vasitəsilə həyata keçirilirdi. Dünyanın ən son elmi və mədəni yenilikləri ilk olaraq rus dilinə çevrilir, daha sonra isə milli dillərə tərcümə olunurdu. Bu səbəbdən Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini yüksək səviyyədə bilmələrinin tərəfdarı idi və onların yalnız ana dili çərçivəsində məhdudlaşmasının əleyhinə çıxırdı.
Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Ümummilli Lider dili qorumağı, onun inkişafına xidmət etməyi yalnız dövlət vəzifəsi kimi yox, eyni zamanda milli-mənəvi borc kimi qiymətləndirirdi. O, alimlərdən, şairlərdən, yazıçılardan və bütövlükdə ziyalılardan ədəbi dilin saflığının qorunmasına qətiyyətlə riayət etməyi tələb edirdi.
Hətta rəsmi toplantılarda Heydər Əliyev bu məsələ ilə bağlı öz prinsipial mövqeyini açıq şəkildə ifadə edirdi. Məsələn, Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Ümummilli Lider deyirdi:
"Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır".
Bu mövqe, Heydər Əliyevin milli dilin həm etnik, həm mədəni, həm də dövlətçilik baxımından strateji əhəmiyyətini necə dərk etdiyini və onun qorunmasına yönəlmiş prinsipial fəaliyyətini aydın şəkildə ortaya qoyur. Məhz Ümummilli Liderin təşəbbüsü ilə ilk dəfə bir neçə dilçi alimə dövlət mükafatı verildi və nəticədə Azərbaycan dilçilərinin nüfuzu yüksəldi. Bu mükafatların verilməsi, eyni zamanda ana dilinin istifadə dairəsinin genişlənməsinə mühüm töhfə idi. Heydər Əliyev yalnız bununla kifayətlənməmiş, əvvəlki illərdə müəyyən təzyiqlərə məruz qalmış alimlərə də xüsusi qayğı göstərmişdir. Onun diqqət və təşəbbüsü nəticəsində respublikada ana dilində nəşr edilən kitabların tirajı əhəmiyyətli dərəcədə artmışdır. 1979-cu ildə Azərbaycanda çap edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində olmuşdur.
Heydər Əliyevin ana dilinə və doğma torpağa bağlılığı Azərbaycanın yeni himninin hazırlanması və müzakirəsi zamanı da özünü büruzə vermişdir. O, Azərbaycana yalnız diyar və ya region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır və onun hüquqlarını qətiyyətlə müdafiə edirdi. 1978-ci il 14 aprel tarixli Azərbaycan KP MK-nın iclasında yeni himnin mətnində "respublika" sözünün olmaması məsələsi müzakirə edilərkən, Heydər Əliyev bu ifadənin daxil edilməsinin vacibliyini israrla bildirirdi. O, açıq şəkildə deyirdi:
"Mən çox istərdim ki, "respublika" sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada "respublika" sözü olsun".
Təkidlər və məntiqli izahlar nəticəsində himnin mətninə "respublika" ifadəsi daxil edildi və Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiqləndi. Heydər Əliyev bu hadisəni belə qiymətləndirirdi: "Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm".
Azərbaycan dilinin inkişafı və qorunması sahəsində Heydər Əliyevin həssaslığı onun ikinci dəfə hakimiyyətə gəlməsindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbulunda da özünü göstərdi. Xüsusilə, Konstitusiyanın dillə bağlı maddəsinin televiziya vasitəsilə canlı yayımda və ziyalıların iştirakı ilə müzakirə edilməsi bu yanaşmanın bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət xadimi Heydər Əliyev müzakirələr zamanı iştirakçılara sərbəst fikir bildirmə imkanı vermiş, dövlət dilinin necə adlandırılacağı ilə bağlı müxtəlif təkliflərin səsləndirilməsinə şərait yaratmışdır.
Geniş müzakirələr nəticəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili kimi təsbit edilmişdir. Əsas qanun qəbul edildikdən sonra dövlət dili sahəsində məqsədyönlü və davamlı strateji siyasət həyata keçirilmişdir. Heydər Əliyev ana dilimizin tarixi irsi ilə yanaşı, onun mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlamış, bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.
Xüsusilə, 2001-ci il iyunun 18-də Ulu Öndər tərəfindən imzalanmış "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin formalaşması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malik olmuşdur. Bu fərman həm də Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını nəzərdə tutmuş, qanunvericilik bazasının möhkəmləndirilməsi və dilin daha da inkişaf etdirilməsi üçün sistemli tədbirlər planını əhatə etmişdir.
Ulu Öndərin təşəbbüsü ilə 9 avqust 2001-ci il tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilmiş, hər il avqustun 1-i ölkəmizdə qeyd olunmağa başlanmışdır. Həmçinin dövlət dili ilə bağlı siyasətin əsas sütunlarından biri kimi "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun qəbul edilməsinə də nail olunmuşdur. Bu addımlar Heydər Əliyevin dilin qorunması və inkişafı sahəsində strateji baxışını və davamlı səylərini əks etdirir.
30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı uğurla davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını dəyərləndirmək lazımdır. Dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən çox vacib sənədlərdən biridir.
Prezident Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında qeyd etmişdir ki, "Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir".
Prezident İlham Əliyevin çıxışında əsas məqamlardan biri dilin qorunması və inkişafının məhz mədəniyyətlə vəhdətində öyrənilməsinin vacibliyidir. Milli dil məsələsi Prezident İlham Əliyevin siyasətində sistematik və prioritet xarakter daşıyır. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyində çıxışında deyib: "On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik".
Proqram xarakterli bu çıxışda Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan dövləti dilimizin qorunmasında əsas vəzifə sahibidir. O, müstəqil dövlətin rəsmi dili kimi Azərbaycan dilinin inkişafı üçün geniş imkanların yaradılmasını nəzərdə tutaraq, vətəndaşları məsuliyyətli olmağa çağırır və Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən mədəni dəyər olduğunu qeyd edir. Cənab Prezident çıxışında daha sonra deyib: "Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".
Dövlət başçısı dilin saflığının qorunmasında dövlətin üzərinə böyük vəzifələr qoyur. Eyni zamanda Prezident dilin səciyyə xüsusiyyətlərinə toxunaraq, heç bir zərurət olmadan alınma sözlərin Azərbaycan dilinə gətirilməsini zərərli hesab edir. Azərbaycan dilinin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının işi olduğunu vurğulayan Prezident, bütün cəmiyyət zümrələrini - alimləri, dilçiləri, yazıçıları, şairləri, jurnalistləri və siyasətlə məşğul olan şəxsləri dilimizin keşiyində dayanmağa çağırır.
Prezident çıxışında bir neçə dəfə qeyd edir ki, on il əvvəl dil məsələsinə toxunmuşdur və bu, problemin təsadüfi xarakter daşımadığını göstərir. Dövlət başçısı öz narahatlığını dönə-dönə ifadə edərək, dili milli kimliyin ifadəsi və onun ən vacib komponenti kimi qiymətləndirir. "On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında - buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax bu məsələyə öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm", - deyə Prezident bildirir.
Dövlət başçısının AMEA-nın 80 illik yubileyində bir çox vacib istiqamətlərlə yanaşı, dil məsələsinə də önəm verməsinin bir mühüm cəhəti də var. Bu, dövlətimizin mühüm istiqamətlərindən olan Qərbi Azərbaycan faktoru ilə bağlıdır. Əslində, zahirən görünməsə də, Prezidentin öz çıxışında ritorikanı həm də ana dilinin üzərində qurması Qərbi Azərbaycan siyasəti ilə birbaşa bağlıdır. Dövlət başçısının alimlərə müraciətində ana dilinə münasibətdə daha ciddi olmağa çağırışının altında Qərbi Azərbaycana qayıdışın dil kodu durur.
Qərbi Azərbaycan, sadəcə, ana torpaq, ana vətən deyil, həm də ana dili məsələsidir. Bu torpağı "analaşdıran", "vətənləşdirən" elə dil yaddaşıdır. Bu gün Qərbi Azərbaycan anlayışını ermənilərin və o cümlədən xalqımızın bədxahlarının qarşısında keçilməz qalaya çevirən bu regionun dil yaddaşı - toponimlər sistemidir. Qərbi Azərbaycanın dünya xəritələrində öz əksini tapmış dil yaddaşı erməniləri bu regiondakı tarixini və ümumən varlığını birmənalı şəkildə inkar edir. Cənab Prezidentin AMEA-nın 80 illik yubileyində ana dilinə münasibəti vurğulamasının alt qatında məhz bu məna, bu siyasət durur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsimizin inkişafında göstərdiyi misilsiz xidmətlər, ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidir. Bu gün Heydər Əliyevi anaraq, onun milli dilin qorunması və inkişaf etdirilməsi sahəsində qoyduğu zəngin irsi xatırlayır və yüksək qiymətləndiririk.
Ulu Öndərin əsas prinsipləri üzərində qurulan bu siyasət, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsədyönlü səyləri ilə davam etdirilir. Azərbaycan dili yalnız milli kimliyimizin və mədəni-intellektual irsimizin ifadəsi deyil, həm də dövlətçiliyimizin və müstəqilliyimizin sarsılmaz təməlidir. Bu gün hər bir Azərbaycan vətəndaşı, dövlət və cəmiyyət birliyində, ana dilimizin saflığını qorumaq və gələcək nəsillərə çatdırmaq istiqamətində məsuliyyətini dərk etməli və bu müqəddəs vəzifəni şərəflə yerinə yetirməlidir.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri