25 May 2023 09:12
537
Elm və texnika
A- A+

Heydər Əliyev və Azərbaycanın neft strategiyası – beynəlxalq elmi-praktik konfrans

 

Mayın 24-də Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov Ümummilli Liderin neft strategiyasının bir neçə mərhələdən ibarət olduğunu söyləyib. Strategiyanın ilkin mərhələsində Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı 1969-cu ildən etibarən Xəzərdə aparılan geoloji-kəşfiyyat, qazma işləri nəticəsində zəngin neft yataqlarının kəşf olunduğunu deyib. Bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev müstəqilliyin ilk illərində neft strategiyasını həyata keçirərkən bir çox çətinliklərlə üzləşib. Akademik Fəxrəddin Qədirov keçmiş Sovet İttifaqı ölkələri ilə iqtisadi əlaqələrin qırılması, ölkə ərazisində olan böhran və investisiya çatışmazlığının həmin illərdə başlıca problemlər olduğunu söyləyib.

Diqqətə çatdırıb ki, Ümummilli Lider “Neft Azərbaycanın milli sərvətidir” devizini əsas tutaraq xarici neft şirkətlərini ölkəmizə dəvət edərək yeni neft strategiyası işləyib- hazırladı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ni Ulu Öndər ölkəmizin suverenliyinin qarantı və iqtisadiyyatımızın inkişaf etdirilməsinin əsas faktoru olduğunu bəyan etdi, 1999-cu ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi haqqında müqavilə imzalandı.

Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Fəxrəddin Qədirov 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişinin 2056-cı ilə qədər uzadıldığını vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində Musa Əliyev, Şəfaət Mehdiyev, Xoşbəxt Yusifzadə kimi alimlərin xüsusi rolu olduğunu, müstəqillik illərində isə Geologiya və Geofizika İnstitutunun bu sahədə fərqləndiyini söyləyib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, neft strategiyası Heydər Əliyev və Azərbaycan dövlətçiliyi probleminin ana xətlərini müəyyən edən məsələlərdən biridir. Heydər Əliyev Azərbaycan neftindən xalqımızın milli maraqlarına uyğun şəkildə istifadə etmək siyasətini həyata keçirib. Ulu Öndər SSRİ dövründə Azərbaycanda neft emalı sənayesini bərpa etməklə və miqyasını genişləndirməklə ölkədən xam neft ixracının payını qat-qat azaltmağa nail olub, apardığı siyasət nəticəsində neft hasilatı bir neçə dəfə artıb və ölkəmizə düşən pay əvvəlki illərdən çox olub.

Ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi çətin iqtisadi böhran barədə də danışan akademik İsa Həbibbəyli Ulu Öndərin diplomatik bacarığı, uzaqgörənliyi, dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” ilə xarici investorları ölkəmizə gətirdiyini söyləyib.

Prezident İlham Əliyevin Ulu Öndərin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, neft strategiyası istiqamətində də atdığı bütün addımları böyük bacarıqla, əzmlə inkişaf etdirdiyini deyən AMEA rəhbəri həmin zəmin əsasında ölkə başçısının yeni neft epoxasını formalaşdırdığını, TANAP, TAP, “Cənub Qaz Dəhlizi” və digər beynəlxalq layihələrin həyata keçirildiyini bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır və neftin, qazın satışından əldə olunan gəlir ölkəmizdə qeyri-neft sektorunun inkişafına, ən əsası isə insan kapitalına yatırılır.

Sonra Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə çıxış edərək Ulu Öndərin 1969-cu ildə respublika hakimiyyətinə gəldikdən sonra Azərbaycanın neft strategiyasında əsaslı dönüş yarandığını söyləyib. Akademik Akif Əlizadə həmin dövrdə Heydər Əliyevin atdığı addımların Azərbaycan neftini qorumaq və gələcək nəsillərə saxlamaq məqsədi daşıdığını bildirib. Qeyd edib ki, Ümummilli Liderin SSRİ-nin aparıcı ali təhsil və elm ocaqlarında təhsil almağa göndərdiyi gənclər arasında neft üzrə mütəxəssislər də vardı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Azərbaycanın investisiya qoymağa imkanı olmadığını xatırladan akademik Akif Əlizadə məhz Ulu Öndərin dünya miqyasında nüfuzunun bu müqavilənin həyata keçirilməsində mühüm rol oynadığını deyib.

SOCAR-ın baş geoloqu Arzu Cavadova isə təmsil etdiyi qurum tərəfindən aparılan neft strategiyasından danışıb, bu gün SOCAR-da neft-qaz-kondensatından əlavə, alternativ enerji mənbələri üzrə də işlərin davam etdirildiyini söyləyib, konfransın Ulu Öndərin neft siyasətini yenidən tədqiq etməyə imkan verəcəyini deyib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin neft strategiyasını əks etdirən film nümayiş olunub.

Konfransda, həmçinin AMEA-nın müşaviri akademik Yaqub Mahmudov “Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyəti”, Neft və Qaz İnstitutunun professoru Vaqif Kərimov və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin əməkdaşı Ulyana Serikova “Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev – Azərbaycanın neft strategiyası konsepsiyasının müəllifidir”, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun elmi katibi Şəlalə Hüseynova və şöbə müdiri Namaz Yusubov “Karbohidrogen sistemləri və palçıq vulkanizmi: paragenezis və ya birgə inkişaf” və Türkiyənin Dokuz Eylül Universitetinin professoru Günay Çiftci “Yeni oyun dəyişdiricisi: dəniz qaz hidratları” mövzularında məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, elmi sessiyalarla davam edən konfrans mayın 25-də başa çatacaq. Mayın 26-da isə konfrans iştirakçıları palçıq vulkanları olan ərazilərə gedəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video