Respublikamızın şəhərlərində, qəsəbə və kəndlərində sənaye müəssisələrinin, sosial əhəmiyyətli obyektlərin, özəl şirkətlərin və əhalinin elektrik enerjisi ilə təminatında indi heç bir çətinlik və problem yoxdur. Ölkəmizin hər bir guşəsinə davamlı və keyfiyyətli elektrik enerjisi verilməkdədir. Bu isə dövlətimiz, onun başçısı İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən tədbirlər nəticəsində yaranmışdır.
Bir anlığa 2000-ci illərin əvvəllərinə qədərki dövrü göz önünə gətirək. 1990-cı illərdə respublikada yaranan xaos, özbaşınalıq nəticəsində digər sahələr kimi, elektrik enerji sistemi də bərbad hala düşmüşdü. Ayrı-ayrı yerlərdə elektrik məftilləri belə oğurlanırdı. Əhaliyə yalnız günün müəyyən vaxtlarında elektrik enerjisi verilirdi. Özü də keyfiyyətsiz halda. Gərginliyin az olması nəticəsində evlərdəki məişət cihazları tez-tez sıradan çıxırdı. O vaxt kondisioner, kombi istilik sistemi haqqında adamların çoxunda anlayış belə yox idi.
2004-cü ildən başlayaraq bu sahədə dirçəliş yaranmağa başladı. Neftdən gələn gəlirlərin bir hissəsi ölkəmizin elektrik enerji sisteminin yenidən qurulmasına yönəldildi. Yeni elektrik stansiyaları və digər lazımi qurğular inşa olundu. Hacıqabul rayonu ilə yaxın qonşu olan Şirvan şəhərindəki Cənub Elektrik Stansiyası da onlardan biridir. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, respublikamız indi bir neçə xarici ölkəyə elektrik enerjisi ixrac edir. Ölkə daxilində də işlər davam etdirilir. Enerji təchizatının dünya standartları səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bunu Hacıqabul rayonunun timsalında da görmək olar. Cari ilin ötən 7 ayı ərzində burada 35 kilovoltluq 753 saylı hava xəttinin giriş yağ açarı və bölmə ayırıcısı, 35/6 kilovoltluq Atbulaq yarımstansiyasının 1 saylı 2,5 meqavoltluq transformatorlarında, 35 kilovoltluq 752 saylı yarımstansiyanın 6 kilovoltluq Nəvahı hava xəttində, 35/10 kilovoltluq Abdulabad yarımstansiyasının 35 kilovoltluq giriş açarı və 7,5 meqavoltluq transformatorunda əsaslı və cari təmir işləri aparılmışdır.
Abdulabad kəndinin ərazisində yeni inşa edilmiş 35/10 kilovoltluq yarımstansiyada cərəyan akkumlyatorları, Ələt və Hacıqabul arasında çəkilmiş 35 kilovoltluq ikidövrəli hava xəttində 110/35/10 kilovoltluq, Ələt yarımstansiyasında 2 ədəd 35 kilovoltluq elektrik yuvası quraşdırılmışdır. Eyni zamanda 110/35/10 kilovoltluq 15 saylı Darti yarımstansiyasında 10 meqavoltluq transformatorun soyutma sisteminin quraşdırılmasında "2x2,5 TTR" markalı kabeldən, 110/35/10 meqavoltluq transformatorun soyutma sisteminin quraşdırılmasında 2 ədəd sənaye tipli xüsusi məhluldan, 35/6 kilovoltluq Atbulaq stansiyasında cərəyan akkumlyatorunun quraşdırılmasında isə 9 ədəd "60 A" akkumlyatorundan və 18 ədəd klemadan istifadə edilmişdir.
Bunlardan başqa, 6 kilovoltluq Xilə, Hacıqabul şəhər, Çkalov, Hərbi Hissə, Meyniman və Axtaçı hava xətlərində, habelə 10 kilovoltluq Xilə-Mirzə hava xəttində yaşıl kütlədən təmizləmə işləri görülmüş, 35/6 kilovoltluq 753 saylı yarımstansiyadan çıxan 6 kilovoltluq hava xəttində dayaqlar dəyişdirilmişdir.
10 kilovoltluq Abdulabad-1 hava xəttində yenidənqurma ilə əlaqədar 157 ədəd aralıq və 37 ədəd söykənəcək dayaq basdırılıb. 6 kilovoltluq Rəncbər-Qubalı hava xəttində 52 ədəd aralıq dayaq basdırılıb. Digər ərazilərdə də elektrik xətləri keçən ərazilərdə yaşıl kütlədən təmizləmə işləri həyata keçirilib, Meyniman, Ağacanlı, Talış ərazilərində yararsız naqillər yenisi ilə əvəz olunmuşdur.
Abdulabad kəndində 1244 aralıq, 158 söykənəcək dayaq basdırılmış, 22 min 656 kilometr "4x35" markalı kabel çəkilmişdir. Rəncbər kəndində 629 aralıq, 27 söykənəcək dayaq basdırılmış, 3 min 940 kilometr "4x35" kabeli çəkilmişdir.
Qarasu, Rəncbər, Kompressor, Muğan ərazilərindəki transformatorlar təzələnmiş, yeni ayırıcılar və qoruyucular quraşdırılmışdır. Xarab olan transformatorlar təmirə göndərilmişdir.
Hacıqabulda elektrik təsərrüfatının yenilənməsi ilə əlaqədar görülən işlər hazırda davam etdirilir. Layihədə nəzərdə tutulan tədbirlərin hamısının cari ilin sonunadək başa çatdırılması üçün rayondakı Elektrik Şəbəkəsinin kollektivi səylə çalışır.
Seyran CAVADOV,
"Azərbaycan"