Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan COP29-un evsahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə olan yüksək etimadın və inamın göstəricisi, Prezident İlham Əliyevin liderliyində beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
Belə böyük bir tədbirə evsahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində fəal iştirakının, eyni zamanda müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir.
COP29-un keçirildiyi bu günlərdə bütün dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. Ölkəmizə misli görünməmiş xarici qonaq, turist gəlməkdə davam edir. Birmənalı olaraq qeyd edə bilərik ki, keçirilən bu möhtəşəm tədbir ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə yanaşı, Azərbaycanın bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirir.
Qəzetin əməkdaşları İçərişəhərdə ölkəmizə gələn qonaqlarla görüşüb, onların Azərbaycan haqqında fikirləri, təəssüratları ilə tanış olublar.
Deepak Suami Hindistandan gəldiyini deyir:
- Azərbaycan, Bakı haqqında çox da məlumatlı deyildim. COP29-un Bakıda keçiriləcəyini mətbuatdan xəbər tutdum. Fikirləşdim ki, dünyanın 190-dan çox ölkəsinin nümayəndələrinin üz tutduqları şəhərə getmək maraqlı olar. Ölkənizlə tanışlıqdan sonra indiyə kimi bu gözəl diyara gəlmədiyim üçün təəssüfləndim. Əvvəllər eşitmişdim ki, Azərbaycanda müharibə gedir. Açığını deyim ki, ölkəniz haqqında fikrim çox qarışıq idi. İnsanlarınızı, buradakı mehribançılığı, qonaqpərvərliyi görüb heyrətləndim. Anladım ki, 30 il haqsız olaraq müharibəyə cəlb edilmisiniz. Bu cür istiqanlı, mehriban insanlar başqalarına pislik edə bilməzlər. Fürsətdən istifadə edib, "Yanardağ"da və "Atəşgah"da da oldum. Yalnız özüm üçün yox, sizin xalqa da dualar etdim. Qədim İçərişəhər isə xalqınızın tarixi mədəniyyəti haqqında çox yaxşı təəssürat yaradır. Mən bu gözəl məkanı heyranlıqla seyr edirəm. Bakı xatirələri yaddaşıma öz möhürünü əbədi olaraq vurdu. Öz ölkəmə dönəndən sonra Azərbaycandan, onun gözəl təbiətindən, mehriban insanlarından söz açacağam.
Tatarıstandan gəlmiş Lada Zakirova isə deyir:
- Bir neçə gündür ki, rəfiqələrimlə Bakıdayam. Şəhərinizin gözəlliyi haqqında çox eşitmişdim. Amma belə gözəl ola biləcəyini ağlımdan keçirə bilməzdim. Çaşıb qalmışam. Bu möhtəşəmliyin rəsmini gözlərimə köçürmək istəyirəm. Bakı dünyanın ən gözəl şəhər modeli kimi yaddaşıma əbədi həkk olundu. Bilirsiniz, bu şəhəri gözəl edən nədir? Bu şəhərin insanları. Adamlara olan doğma münasibət, qonaqpərvərlik... Mən Bakı ilə tanışlığa Şəhidlər xiyabanından başladım. Müasir ölkənizin qurucusu Heydər Əliyevin məzarını ziyarət etməyi özüm üçün vacib sandım. Çox xoşbəxt xalqsınız ki, bəxtinizə belə bir dahi şəxsiyyət düşüb. İftixar edə bilərsiniz ki, onun cənab İlham Əliyev kimi davamçısı var və belə bir qüdrətli dövlət qurub. Çalışacağam ki, işğaldan azad olunmuş torpaqlara da gedim. Erməni vandallarının dağıtdığı, xaraba qoyduğu o şəhərləri, kəndləri görüm. Tatarıstana qayıdanda gözümlə gördüklərimin şahidi kimi danışacağam.
Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi gücü, hərbi qüdrəti ilə fəxr edə bilərsiniz. Ölkəniz dünyada sülhün, əmin-amanlığın əsl ünvanı kimi tanınmaqdadır. Bura gələndə eşitdim ki, COP29 sədrliyi rəsmi olaraq möhtəşəm bir təşəbbüslə, dünyaya sülh çağırışı ilə müraciət edib. COP29-un əsas mesajı budur ki, bütün bəşər siyasi fərqliliyi bir kənara qoyaraq birlik nümayiş etdirməlidir.
Münaqişələrin davamlı olaraq artması fonunda bu amal həmişə olduğundan daha vacibdir. Bu, fikir ayrılıqlarını aradan qaldırmaq və uzunmüddətli sülhün yollarını müəyyən etmək üçün unikal imkandır. Münaqişələr, istixana effekti yaradan qaz (İXQ) emissiyalarını artıraraq ətraf mühiti məhv etməklə yanaşı, torpaq, su və havanı da çirkləndirir. Münaqişələr nəticəsində ekosistemin məhv edilməsi və ətraf mühitin çirklənməsi iqlim dəyişməsini daha da gücləndirir və planeti qorumaq üçün göstərdiyimiz səyləri zəiflədir. Ölkənizin təşəbbüsünü alqışlayırıq. Hesab edirəm ki, iqlim danışıqları hamını bir araya gətirməlidir, hər kəsin tam diqqət və əməkdaşlığı çərçivəsində COP29-un keçirildiyi günlər ərzində dünyada münaqişə edən bütün tərəflər COP Atəşkəs Çağırışına riayət etməlidir.
Yunanıstanlı qonaq Antonis Mihail deyir ki, ölkəniz haqqında xoş təəssüratım elə hava limanından başladı. Xalqınızın qonaqpərvərliyi, xoş münasibəti məni duyğulandırdı. Burada taksi sürücüsündən tutmuş restorandakı qarsona qədər hamıda nəzakət, yüksək mənəvi dəyər gördüm. Elə bil insanlar daha çox yaxşılıq etmək üçün bir-biriylə bəhsə giriblər. Bütün bunları görəndən sonra 2020-ci ilin Vətən müharibəsində qazandığınız qələbənin sirrini anladım. Belə birliyi olan xalq Tanrının ən yüksək mükafatına layiqdir.
Dövlətinizin başçısı ilə fəxr edə bilərsiniz. Mən 2020-ci ildə ölkənizdə müharibə gedəndə Azərbaycanda baş verən prosesi ciddi izləyirdim. Açığını deyim ki, cənab İlham Əliyevin fəaliyyətini görəndə sizə həsəd apardım. Ürəyimdən keçdi ki, kaş mənim ölkəmin də belə uzaqgörən, xalqı üçün gecə-gündüz çalışan bir lideri olaydı. İnanın ki, bu hiss mənim ölkəmin vətəndaşlarının çoxunun ürəyindən keçib. Ölkəmiz çətin durumdadır. Xarici borcu artıb. Gördüklərimdən belə qənaətə gəlmişəm ki, Azərbaycan nəinki regionun ən qüdrətli dövlətidir, dünyada iqtisadi gücü ilə fərqlənən bir respublikadır. Faktiki olaraq ölkəniz Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır.
COP29-un Azərbaycanda keçirilməsi ölkənizin nüfuzuna beynəlxalq miqyasda verilən ən doğru qiymətdir. Mən Azərbaycana gəlib bu gözəllikləri gözümlə gördüyüm üçün çox məmnunam. Sizin qüdrətli ölkənin vətəndaşı kimi fəxr etməyə tam haqqınız var.
Digər həmsöhbətimiz isə Dubaydan gəlmiş Raşid Məcid oldu. Raşid deyir:
- Mən dünyanın çox ölkəsində olmuşam. Azərbaycanda olan qonaqpərvərliklə, insanpərvərliklə dünyanın heç bir yerində rastlaşmamışam. Xidmət təşkilatlarının işi də nümunəvidir. Bakı gözəlliyi, rəngarəng gül-çiçəyi ilə məni valeh edib. İnsanların səmimi ünsiyyəti, mehriban davranışları, məni çox düşündürür. İnsanların bir məqsədi var - yaxşılıq etmək. Bəzi yerlərdə küçə musiqisi ilə məşğul olan insanlar qarşıma çıxdı. İnanın ki, musiqinin gözəlliyi, ifaçıların məharəti məni təəccübləndirdi. Saatlarla musiqiyə qulaq asmışam. Musiqinizi, mədəniyyətinizi sevməmək qeyri-mümkündür.
İçərişəhər qədimliyi və səliqə-sahmanı, təmizliyi ilə xoş təəssürat yaradır. Bura insanı tarixin keçmiş zamanına aparır. Qədim dövrə aid toxunma corablar, Azərbaycan kəlağayısı almışam. Qarşıma nə çıxırsa, xoşuma gəlir. Gördüklərimi almaq istəyirəm. Belə getsə, Dubaydakı mənzilim əsl Azərbaycan muzeyinə çevriləcək. Özümə söz vermişəm ki, Dubaya gedəndən sonra bu gözəl ölkənin təbliğatçısı olum. Qarşıma çıxan bütün insanlara azərbaycanlıların gözəl xüsusiyyətlərindən bəhs edəcəyəm.
Londondan gələn Cen Orsen deyir:
- Ölkənizin dünyanın qlobal problemlərinin çözüldüyü bir mərkəz olması ilə qürur duymaqda tam haqlısınız. Dünyanın harasına nəzər salsan təbii fəlakətlər, siyasi kataklizmlər müşahidə edilir. Dünya sanki fəlakət qarşısındadır. Mən belə düşünürəm ki, təbiət insanlara bu cür etiraz edir. Bir tərəfdə quraqlıqlar, qlobal istiləşmə, digər bir tərəfdə isə sel, tufan, sunami. Başqa bir yerdə insanlar bir-birinin başına göydən bomba tökür, raket atır...
Belə bir zamanda Azərbaycan dünyaya sülh çağırışı edir. Hər yerdə sülh olmasını istəyir. Bir baxın sizin ölkənin insanlarının üzündən nur tökülür. Ona görə ki, sülhpərvər, insansevərdirlər...
Azərbaycanda gördüklərim mənə çox xoş təsir bağışlayır. Hər yeri bəzəyən güllərin rayihəsi sanki insanların üzünə də təsir edib, onları gözəlləşdirib. Yaxud da düşünürəm ki, burada belə insanlar yaşadığı üçün Tanrı Azərbaycana belə imkanlar yaradıb. Fürsətdən istifadə edib bütün Azərbaycanı gəzmək istəyərdim. Nə qədər imkanım var, Bakının bütün görməli yerlərini gəzəcəyəm.
Ağ Şəhərdə də olmuşam. Öyrəndim ki, Ağ Şəhər Bakının ən çirkli yeri, neft tullantıları ilə çirklənmiş ərazisi olub. Ağ Şəhəri ölkənizin ağ günlərinin simvolu kimi də qəbul etmək olar. Çox möhtəşəmdir, heyran olmamaq mümkün deyil.
Bakı bulvarını isə reallıqdan çox gözəl bir tabloya bənzətdim. İnsanlarınız kimi buranın havası da gözəldir. Bu gündən özümü İngiltərədə Azərbaycanın xoşməramlı, könüllü səfiri elan edirəm. Londona qayıtdıqdan sonra insanlara ölkənizdə gördüyüm möcüzələrdən bəhs edəcəyəm. Deyəcəyəm ki, azərbaycanlılar yaşadığımız dünyanın mənəvi sərvətidirlər. İnsanlığın ən gözəl inciləridir.
Rastlaşdığım braziliyalı qonaq Cilto Olevera deyir:
- Bakı həyatımda ən çox xatırlayacağım ən gözəl şəhər kimi qalacaq. Bu şəhər doğmalığı ilə məni heyran etdi. Gördüyüm hər bir yer məni özünə bağlayır. İnsanların münasibəti isə tamam başqadır. Yalnız doğma adamın ilə belə səmimi davrana bilərsən. Qəti gəldiyim qənaət budur ki, insanları birləşdirən din, irq deyil, insanlıqdır. İnsanlıq ölkənizin çox qiymətli sərvətidir. Yəqin ki, bu möhtəşəm tədbirin, bəşəriyyət üçün çox önəmli məsələnin müzakirəsinin keçirilməsini Bakıya salanda bu faktoru nəzərə alıblar. Bakı COP konfransını keçirməklə yalnız təbiəti yox, dünyanı fəlakətdən, müharibələrdən xilas etmək üçün sülh çağırışı edib.
Bakının gündüzü kimi, gecələri də gözəldir. Binaların əlvan görünüşü, rəngbərəng işıqlar, sanki ulduzlara qarışıb gözəl bir harmoniya yaradır.
Braziliyaya qayıdanda insanlara deyəcəyəm ki, mən bir sevgi şəhərində oldum. Olduğum ölkənin vətəndaşları insanları sevmək üçün yaranıb.
Digər braziliyalı Vera Luçia söhbətə qoşulur:
- Belə bir tarixi gündə Azərbaycanda olmaq mənim üçün çox qürurvericidir. Özümü bəxtli insan hesab edirəm. Dünyanın üzləşdiyi çox qlobal bir məsələnin Bakı kimi gözəl bir şəhərdə müzakirəsi çox yerinə düşüb. Bu tədbirin iştirakçısı olmağım ömrümün ən yaddaqalan anları kimi xatirəmdə qalacaq. Dünyanın çox ölkəsində olmuşam. Belə mütəşəkkil tədbirin keçirildiyinə heç yerdə şahidlik etməmişəm. Hava limanından COP29-un keçirildiyi konfrans zalına kimi hər şey çox gözəldir. Bakının cazibədarlığı, xoşrəftarlı insanların münasibəti ruhumu oxşadı.
Ölkənizdə insanların bayrağa olan sevgisi məni təəccübləndirdi. Düşünürəm ki, Azərbaycan iqtisadi, sosial inkişafa sevgi ilə nail olub. Burada insanların hamısı sanki bir-birinin yanındadır. Azərbaycandan öyrəniləsi çox şey olduğu qənaətindəyəm.
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"