Tarix boyu yaxın, uzaq ölkələrdən gələnləri çox olub. Qonaqlar bu şəhərə heyran olublar. Onu heç zaman unutmayıblar. Əsrarəngiz gözəlliyindən, zəngin təbii sərvətlərindən, sakinlərinin qonaqpərvərliyindən, mehribanlığından, səmimiyyətindən dönə-dönə söz açıblar.
Hər zaman qonaq-qaralı olsa da, bu günlər Bakı şəhəri üçün xüsusi günlərdir. Çünki dünyanın müxtəlif ölkələrindən gəlmiş on minlərlə qonağı var...
Azərbaycanın paytaxtında bütün dünya üçün olduqca əhəmiyyətli, ən mötəbər beynəlxalq tədbir keçirilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də Bakıda öz işinə başlayıb. Uğurla davam edən COP29-da 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Onların arasında 80 prezident, vitse-prezident, baş nazir və digər rəsmilər var. Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərləri, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanda keçirilən dünyanın ən böyük iqlim tədbirində iştirak edirlər.
Qeyd edək ki, ölkəmizin COP29-a evsahibliyi etməsi ilə bağlı yekdil qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verildi. Qısa müddət ərzində bu qədər böyük bir tədbirə yüksək səviyyədə hazırlıq görmək asan məsələ deyildi. Ancaq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycan bu məsuliyyətli işin də öhdəsindən uğurla gəldi. Bunu COP29 tədbirlərinin davam etdiyi günlərdə respublikamızda səfərdə olan dünyanın fərqli ölkələrindən gəlmiş qonaqlar məmnuniyyətlə, hörmət və ehtiramla söylədikləri xoş sözlərlə ifadə edirlər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə respublikamıza gələn qonaqlar arasında FIFA-nın prezidenti Canni İnfantino da var. Qeyd edək ki, noyabrın 12-də Prezident İlham Əliyev Canni İnfantino ilə görüşdü. FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirdi. Qonaq da öz növbəsində COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Görüş zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı vurğulandı. FIFA-nın prezidenti ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə minnətdarlığını ifadə etdi. Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olundu. Bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə edildi. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə olundu.
Məşhur braziliyalı futbolçu, Braziliya millisinin heyətində dünya çempionu olmuş Ronaldinyo Qauço isə noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə gəldi. Futbol əfsanəsi dünən COP29-un keçirildiyi məkanda oldu. Ronaldinyo Qauço Braziliya, Azərbaycan və digər ölkələrin pavilyonları ilə tanış oldu.
Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib COP29-da iştirak etmək üçün noyabrın 10-dan Azərbaycandadır.
Məşhur hindistanlı yoqin Sadhquru da noyabrın 10-dan ölkəmizdədir. İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhqurunin (Caqqi Vasudev) də gəlişinin məqsədi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasında iştirak etməkdir.
Hazırda ölkəmizdə olan çinli rejissor Yii Li olduqca zəngin təəssüratlarını dilə gətirdi. O, COP29-la bağlı sənədli film çəkəcəyini diqqətə çatdırdı: "Mənim bura gəlməkdə məqsədim COP29-la bağlı sənədli film hazırlamaqdır. Eyni zamanda dünyanın fərqli nöqtələrindən məhz iqlim məsələlərini müzakirə etmək üçün buraya gələn insanları görmək olduqca xoşdur. Biz burada planetimizi qorumaq yollarını ictimaiyyətə çatdırmaq üsulları barədə müzakirələr aparırıq". Qonaq ölkəmizdə gördüklərinin ona xoş təsir bağışladığını diqqətə çatdırdı. Çinli rejissor COP29-un keçirildiyi məkanın da çox gözəl hazırlandığını vurğuladı.
Azərbaycan uzun illərdir ki, haqq səsini dünyaya çatdırmaq üçün səy göstərir, əsl həqiqətləri bəyan edir. Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistanın işğalından azad etdi. Lakin həmin ərazilərin bərpası zamanı Azərbaycan çox böyük problemlərlə üzləşir. Qəsbkar Ermənistan tərəfindən basdırılmış minalar əhalinin məskunlaşmasına mane olur və onların təhlükəsizliyinə təhdid yaradır. Azərbaycan hər zaman olduğu kimi, sülh tərəfdarıdır. Ermənistanla sülh müqaviləsinin imzalanmasına səy göstərir. Ölkəmizin qonaqları bu barədə də məlumatlar əldə edə bilir, əsl həqiqətlərdən xəbərdar olurlar. Bu baxımdan da, COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"