Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müzakirələrdə Azərbaycan Biznesinin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri, yerli fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Aqrar sahənin inkişafına müxtəlif istiqamətli subsidiyalar ayrıldığını deyən AİM rəhbəri bu dəstək mexanizmləri nəticəsində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının son illər sürətlə artdığını deyib. O qeyd edib ki, konkret inkişaf hədəflərini stimullaşdırmağa yönəlmiş subsidiya siyasəti təkcə kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını deyil, həm də müasir suvarma sistemlərinin tətbiqi sayəsində su və torpaq resurslarında səmərəli istifadənin genişlənməsini, xarici bazarlarda rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsalının artmasını təmin edir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev isə çıxışında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aqrar sahənin davamlı və dayanıqlı inkişafı təmin edilib. Dövlətin aqrar siyasətinin əsas istiqamətlərindən birinin bölgələrdə məşğulluq səviyyəsinin, aqrar sahədə məhsul istehsalının artırılması olduğunu xatırladan Elvin Paşayev əlavə edib ki, aqrar sahəyə dövlət tərəfindən subsidiyalar şəklində dəstək verilməsi bölgələrin inkişafını sürətləndirir. Göygöl rayonunun aqroiqlim şəraitinin kənd təsərrüfatının müxtəlif istiqamətlərinin, o cümlədən giləmeyvəçiliyin inkişafına imkan verdiyini deyən icra hakimiyyətinin başçısı bu sahəyə subsidiyaların artırılmasının rayonda moruq, böyürtgən və digər giləmeyvələrin becərilməsinə ciddi maraq yaratdığını vurğulayıb.
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev aqrar sahəyə dövlət dəstəyi prosesinin tam elektronlaşdırıldığını, fermerlərə subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verildiyini deyib. Payızlıq və yazlıq əkinlərin, çoxillik əkmələrin EKTİS-də vaxtında bəyan edilməsinin vacibliyini vurğulayan DAİM direktoru bu prosesdə fermerlərə hər cür texniki dəstək göstərildiyini qeyd edib.
Panel müzakirələrdə çıxış edən digər dövlət qurumlarının, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri aqrar sahədə dövlətin dəstək mexanizmləri, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılan güzəştli kreditlər, texnika və damazlıq heyvanların alınması zamanı 40-60 faiz aralığında dövlət dəstəyi barədə geniş məlumat veriblər.
Sabir ƏLİYEV,
"Azərbaycan"