03 May 2024 09:30
225
SİYASƏT
A- A+

Etirazçılar Paşinyana vaxt verdilər

 

Keçmiş hərbi xunta ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır

 

Hayastanda ictimai-siyasi vəziyyətin daha böyük sürətlə gərginləşməsi müşahidə olunur.  Son günlərdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı gedən müzakirələr fonunda sosial narazılıqlardan istifadə edən keçmiş hərbi xuntanın yenidən revanş istəyi vəziyyətin daha da qarışacağını göstərir. Belə ki, Sarkisyan-Koçaryan tandemi  ölkədəki xaosu dərinləşdirməyə cəhd göstərir.
Kütləvi həbslərə baxmayaraq, aksiyalar fonunda ölkədəki vəziyyət getdikcə daha da dramatikləşir. Hayastanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçular da qatılmışdılar. Sonradan hərbi polis onların hər birinin nəzarətə götürülməsi barədə məlumat yaydı. Yerli media isə iddia edir ki, həmin etirazçı hərbçilər zorakılığa məruz qalıblar.
"Hraparak" nəşri yazıb ki, Nikol Paşinyanın toyunda xaç atası olan Tavuş vilayətinin rəisi Hayk Qalumyan dövlətlərarası yolu bağlayan Günən (Kirants) sakinlərini və onlara dəstək verməyə gedən müxtəlif din xadimlərini dağıtmağa çalışır. Qeyd edilib ki, sözügedən xadimlər on gündən artıqdır küçədə gecələyirlər, Günəndə demarkasiya və delimitasiya işlərinin aparılmasına imkan vermirlər. "Kənddən bizə bildiriblər ki, ötən gün Günəndən olan bir qrup şəxs yolda qurulmuş çadırı sökmək üçün etirazçıları fikrindən daşındırmağa çalışıb və mübarizənin artıq nəticə vermədiyini əsaslandıraraq hamısını evə göndərməyə cəhd edib. Arqument kimi deyiblər ki, ara yollar açıqdırsa, o zaman mütəxəssislər təhvil verilən ərazilərə qalxa və dirəklərin quraşdırılması işlərini apara bilərlər. Lakin etirazçılar təxribatlara boyun əyməyib və ötən gün dövlətlərarası yolların bağlanması məsələsini də müzakirə ediblər", - deyə nəşr bildirib.
Bu arada ötən il Hayastanın Azat kəndində baş vermiş yanğın nəticəsində həlak olan hərbçilərin valideynləri etiraz aksiyası keçiriblər. İrəvanda Respublika meydanına toplaşan etirazçılar adları açıqlanmayan müəyyən şəxslərin saxlanılması üçün hakimiyyətə və hüquq-mühafizə sisteminə mayın 10-dək vaxt veriblər. Ölən əsgərlərdən birinin atası Hayk Kirakosyan konkret adlar çəkə biləcəyini, lakin hələlik bundan çəkindiyini deyib: "Əgər mayın 10-da keçirilən məhkəmə prosesində həmin şəxslərə qarşı cinayət işi başlanmadığını öyrənsək və onların həbsi məsələsinin həll olunmadığını görsək, o zaman bütün valideynlər, dostlarımızla birlikdə hökumət binasına axın edəcəyik. Yumşaq desək, bu hökumət üçün problemlər yaradacayıq".
Xatırladaq ki, ötən il yanvarın 19-da Basarkeçər rayonunun Azat kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 20-yə yaxın erməni hərbçisi həlak olub, üç əsgər isə ölümcül xəsarətlər alıb. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan əlavə, daha 10 zabit vəzifədən uzaqlaşdırılıb. Həmçinin sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılıb. Ölən əsgərlərin yaxınları hökumətin səsləndirdiyi təsadüfi yanğın versiyasına inanmırlar. 
Göründüyü kimi, hər iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə hərbi xunta və ona bənzər digər ara qızışdıranlar erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir. Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət Hayastanı elə bir uçuruma yuvarladıb ki, xilası mümkün deyil. Bütün bunlar, o cümlədən Koçaryan və Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti  çətin vəziyyətə salıb.  Əslində, revanşist qüvvələr çox  yaxşı başa düşür ki,  böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video