24 Iyun 2022 00:48
593
SİYASƏT
A- A+

Əsl sərkərdə qətiyyəti

 

İlham Əliyev Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanla sülh sazişinin bağlanmayacağını bəyan etdi

 

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələrlə Azərbaycanın geosiyasi və geoiqtisadi imkanlarının daha da genişlənməsini mühüm prioritet məsələ kimi müəyyənləşdirib. Bu xüsusda Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır.

Amma Ermənistanın son günlərdəki davranışı, əsassız "status" iddiaları və bu dəhlizin açılması istiqamətindəki fəaliyyətsizliyi vəziyyəti bir qədər mürəkkəbləşdirir. Yəni məğlub ölkənin mövcud olmayan Dağlıq Qarabağa "status" istəyi, 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına əsasən götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınması təbii ki, yaxşı hal deyil. Azərbaycan öhdəliyə sadiqliyini dəhlizin açılması istiqamətində artıq yekunlaşdırmağa hazırlaşdığı layihələrlə bir daha sübut etdiyi halda rəsmi İrəvan  köhnə ampluasından uzaqlaşmaq istəmir.

Sözü imzası qədər keçərli olan İlham Əliyev dünyanın 50-dən artıq ölkəsinin tanınmış siyasi xadimləri önündə məhz bu məsələyə də aydınlıq gətirərək Ermənistana xəbərdarlıq etdi.

IX Bakı Qlobal Forumundakı çıxışında Prezident qəti şəkildə bildirdi ki, Ermənistan götürdüyü öhdəliyə əsasən Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasını əngəlləmək istəsə, bunun nəticəsi çox ağır olacaq. 

 

Ermənilər Laçın dəhlizindən maneəsiz hərəkət edirlərsə, nədən biz Zəngəzurdan Naxçıvana gedə bilməyək?

 

Forumda İlham Əliyev açıq şəkildə dedi ki, Azərbaycan  kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əməl edəcəyini gözləyir. Yəni məğlub ölkə öhdəliyini yerinə yetirdiyi halda Azərbaycanın Naxçıvan Muxtar Respublikasına çıxışı olacaq, yəni avtomobil və dəmir yolu əlaqəsi yaranacaq.

Lakin Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından ilyarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmayıb. Bu da əlbəttə ki, qəbuledilməzdir. Ən əsası da Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Ona görə ki,  bəyanata əsasən, Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə götürdüyü öhdəlik icra olunmaqdadır. Yəni ilyarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Amma azərbaycanlılar Ermənistan ərazisindən keçən yoldan, ölkəmizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər.

Bunu ədalətsizlik adlandıran İlham Əliyev qəti şəkildə bildirdi ki, Azərbaycan  bununla razılaşmayacaq. Ermənistan tərəfindən Azərbaycana belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi isə səmərəsizdir. Çünki qüdrətli Azərbaycan bu dəhlizin açılmasını təmin etməyə qadirdir. "Dəmir yumruq" hər an işə düşə bilər. Ona görə də rəsmi İrəvan yaxşı-yaxşı düşünüb qərar verməlidir. Azərbaycan əvvəlki kimi məsələnin sülh yolu ilə həllinə tərəfdardır. Lakin Ermənistan yenə də prosesi gecikdirməyə çalışsa, alacağı ağır zərbənin nəticəsindən uzun müddət özünə gələ bilməyəcək.

 

"Dəmir yumruq" hər an  işə düşə bilər

 

Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindən olduğunu deyən İlham Əliyev Ermənistana sonuncu xəbərdarlığını da ünvanladı: "Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgəyaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq".

Göründüyü kimi, Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılmasının ən prioritet məsələ olduğunu vurğulayaraq bu məsələdə tutduğu mövqeyi bir daha dünyaya bəyan etdi. Əgər Ermənistan rəhbərliyi tezliklə bu dəhlizin açılması istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirməsə, Azərbaycan nəinki sülh danışıqlarına gedəcək, həmçinin Laçın dəhlizini də bağlayacaq.

Azərbaycan Prezidentinin söylədiyi kimi, bu yanaşma Ermənistanı çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.

 

Zəngəzura aparan dəmir və avtomobil yolları  sürətlə reallaşır

 

Artıq xeyli müddətdir ki, İlham Əliyevin nəzarəti altında bu istiqamətdə böyük işlər həyata keçirilməkdədir. İndi əsas məsələ dəhlizin quru yollarının açılışına istiqamətlənib. Bu istiqamətdə 2 layihə reallaşdırılır - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti gələn il, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə istifadəyə veriləcək.

Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr bəyanatının müddəalarına sadiqliyini bir daha göstərmiş oldu. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin bir parçasıdır. Dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizdən çoxu tamamlanıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir.  Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın mühəndis qurğusunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşıb.

Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Bu dəhlizin açılması ilə eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə bilər.

Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. 330 kV-luq Ağcabədi yarımstansiyasının tikilməsi, bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmdədir.

Ən önəmlisi isə bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

Ötən il oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropanı birləşdirən "Şərq-Qərb" dəhlizinin bir hissəsinə çevriləcək.

Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu ilə çıxa biləcək. Bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video