Görülən tədbirlər sayəsində samuxlu fermerlərin belə sınağa çəkilmə ehtimalı azalır
Məlum məsələdir ki, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunması su təminatından çox asılıdır. Odur ki, son illər ölkəmizdə bu sahədə çoxsaylı tədbirlər həyata keçirilir və bu, nəticəsiz qalmır.
Amma o da məlumdur ki, son bir neçə ildir dünyada baş verən iqlim dəyişikliyi Azərbaycandan, o cümlədən Samux rayonundan yan keçməmişdir. Xüsusilə keçən il təbiət növbəti dəfə rayon fermerlərini sınağa çəkmiş və gecəsi-gündüzü əkin sahələrində keçən kənd adamları, sözün əsl mənasında, imtahan qarşısında qalmışlar. Belə bir vaxtda onların köməyinə yenə də rayon Suvarma Sistemləri İdarəsinin işçiləri gəldilər. Onlar mövcud su ehtiyatlarını hərəkətə gətirərək min bir əziyyətlə yetişdirilmiş məhsulun itkiyə getməməsi üçün qüvvələrini səfərbər etdilər.
Yaranmış çətinliyin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirləri öyrənmək məqsədilə Samux rayon Suvarma Sistemləri İdarəsində olduq. Öncə qeyd edək ki, son illər digər sahələrdə olduğu kimi, suvarma sahəsində də çoxsaylı yeniliklər edilmişdir. Rayonlarda idarələr üçün müasir tələblərə cavab verən binalar tikilmiş, işçilər lazımi texnoloji avadanlıqlarla təmin edilmişlər. Bu yenilikləri Samuxda da gördük. İdarənin rəisi Gülağa Bağırov diqqətə çatdırdı ki, son illər mərkəzi qurumun diqqəti sayəsində onların işləri xeyli asanlaşıb. Yüksəksəviyyəli təminat yarana biləcək bütün problemləri aradan qaldırıb.
Öyrəndik ki, Samux Suvarma Sistemləri İdarəsinin kollektivi rayonda 27856 hektar suvarılan torpaqlara xidmət göstərir. İdarənin balansında 574 subartezian quyusu, 25 nasos stansiyası, 30 maşın-mexanizm var ki, onların da hamısı işlək vəziyyətdədir. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 kilometr olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcuddur. 3 kilometr suötürücü kanal və 63 hidrotexniki qurğu, 39 körpü-keçid, 61 suölçən qurğu, 14,5 kilometr drenaj kanal da idarənin balansındadır.
Hər il olduğu kimi, keçən il də idarənin hər bir üzvü öhdəsinə düşən işi vaxtında yerinə yetirmək üçün əlindən gələni əsirgəməmişdir. Kollektiv öz gücü ilə keçən il 370 nasosu, 24 elektrik avadanlığını, eləcə də nasos stansiyalarında mexaniki və elektrik avadanlıqlarını təmir etmişdir.
Əkin sahələrinin suvarılmasında rayondaxili suvarma kanallarının böyük əhəmiyyəti var. Bunu nəzərə alan kollektiv həmin kanalları vaxtında lildən təmizləmiş, il ərzində təsərrüfatlararası və təsərrüfatdaxili kanalların 360 kilometrində təmizləmə işləri aparmışdır. Bundan başqa, suyun əkin sahələrinə vaxtında çatdırılması üçün 106 kubmetr sahilbərkitmə işləri görülmüş və digər tədbirlər həyata keçirilmişdir. Belə ki, kanallarda 24 hidropost təmir edilmiş, təsərrüfatarası və təsərrüfatdaxili kanallarda 30 min kvadratmetr ərazi kol-kosdan təmizlənmişdir. Qeyd edək ki, əkin sahələrinin suvarma suyu ilə vaxtında təmin olunması üçün idarədə işçilərin növbəsi də təşkil edilmişdir.
Rayonun əkin sahələrinin suvarma suyu ilə təminatında Gəncə, Qoşqar və Qabrı çayları böyük rol oynayır. Həmin çaylardan gələn kanalların işlək olması üçün çay yataqlarında torpaq işləri görülmüş, drenaj kanallarının 1,5 kilometrinə beton üzlük çəkilmişdir.
Rayonda əkin sahələrinin suvarılmasının bir hissəsi də subartezian quyularının vasitəsilə həyata keçirilir. Təkcə keçən il rayonda 6 yeni subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.
Hazırda samuxlular cari ilin məhsulu üçün bünövrə qoyurlar. Qısa vaxtda 12677 hektarda şum qaldırılmış, 9538,9 hektarda payızlıq taxıl toxumu əkilmişdir. Toxum əkini sahələrinin 5188 hektarı buğda, 3644,5 hektarı arpa, 706,4 hektarı xəsildir. Səpilən toxumun vaxtında suvarılmasının nəticəsidir ki, yaxşı çıxış alınmışdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”