Hər bir xalqın tarixdəki yeri və rolu uzaq və yaxın keçmişdə onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahi şəxsiyyətin fövqəladə missiyası ilə şərtlənir. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər zəkası, dühası və istedadı ilə dünyada tanınırlar. Bütün ömürlərini doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edirlər. Dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında dövlət modeli yaradırlar.
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin təcəssümüdür. Tədqiqatçılar Ulu Öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir. Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdir: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Dahi lider haqqında Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer yazırdı: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər…"
Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Ulu Öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. Dahi lider böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişini öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.
Ulu Öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvana çətin vaxtlarda qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası isə, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu və daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin çıxarılması dahi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə sözün redaktəsi deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.
Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii, dağınıq görünən fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün dahi liderə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.
Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".
Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş respublikada milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Qarşıda isə Ulu Öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi...
1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıdan Ulu Öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi, bununla da ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoydu.
Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyi nəticəsində Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi dövlətin müstəqilliyinin praktik müstəvidə möhkəmləndirilməsi üçün real əsaslar yaratdı. Ulu Öndər Heydər Əliyev prezident seçiləndən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmalı oldu - qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm tədbirlər həyata keçirilməyə başlandı. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirdi. Məhz Ulu Öndərin gərgin səyi nəticəsində müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı sahəsində Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədləri özündə ehtiva edirdi. Eyni zamanda həmin gün paralel olaraq Milli Məclisə keçirilmiş seçkilər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yüksək nüfuz və potensialını nümayiş etdirməklə, onu güclü iqtidar partiyasına çevirmiş, cəmiyyətdəki mövqelərini möhkəmləndirmişdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Azərbaycan xalqı öz böyük oğlunu yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edirdi. Çünki Ulu Öndər Heydər Əliyev siyasi kursundan kənarda müstəqil Azərbaycan dövlətçiliyi yoxdur. Dahi şəxsiyyət Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən bir dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Ümummilli Liderin gərgin səyləri ölkədə sabitliyin yaradılmasına və normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.
Dünya siyasətçiləri, beynəlxalq ictimaiyyət və xalqımız bu dahi insanı vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və davamlı inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə yüksək dəyərləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri dahi lider Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmişlər.
Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Corc Buş yazırdı: "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Eyni zamanda onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".
Dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı və yüksək analitik təfəkkürə, yenilməz iradəyə malik siyasətçi idi. Ona görə də bir sıra hallarda Ulu Öndər Heydər Əliyevi "siyasət nəhəngi", "siyasət qrosmeysteri" kimi xarakterizə edirlər.
Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ümummilli Liderin izi olmasın. Bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz qüdrətli rəhbərin qüdrətli əlləri ilə hörülüb. Müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir. Ümummilli Liderimiz bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söyləyirdi.
Zamanın dahisinin bizə ərməğan etdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İndiyədək əldə etdiyimiz bütün bu möhtəşəm nailiyyətlərin təməlində dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır.
Bu gün ölkəmiz bu siyasətlə yaşayır və ondan faydalanır. Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırmışdır. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşiblər.
Əbədiyaşar Liderin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, bütün ömrü boyu sədaqətlə xidmət etdiyi doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun".
Bəli, belə də oldu. Tarixi zaman baxımından çox qısa dövr keçdi, işğal altındakı torpaqlarımız azad olundu. Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi və müdrikliyi ilə rəşadətli Azərbaycan Ordusu yerinə yetirdi. İldən-ilə güc toplayan Azərbaycan, onun güclü ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Azərbaycanın müzəffər ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu" mifi bütün dünyanın gözü qarşısında iflasa uğradı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlayan Vətən müharibəsi 44 gün davam etdi və qazanılan parlaq qələbə hərb tariximizin ən şərəfli səhifəsi oldu. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olunaraq ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.
Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur.
Ötən ay Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a evsahibliyi etməsi isə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.
Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu uğurlara ölkə Prezidentinin vaxtilə dediyi "...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm" fikirlərinə sadiqliyin nəticəsində nail olundu.
Ötən illərə baxdıqca bir daha əmin oluruq ki, ölkəmizdə dahi lider Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur.
Arzu ABDULLAYEV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent