19 Mart 2024 08:45
1345
SİYASƏT
A- A+

Dövlətçilik sisteminə milli dəyərlər kontekstindən strateji baxış

 

Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycanın xilaskarı və memarı, Heydər Əliyevin zaman keçdikcə bənzərsiz dühasının əzəməti, Onun Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz və təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki hakimiyyəti dövründə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrinin inkişafının fundamental bazasını, əsaslarını yaratmış və d övlətimizin uzunmüddətli inkişaf istiqamətlərini, strategiyasını və milli ideologiyamızı formalaşdırmışdır. Şübhəsiz ki, Heydər Əliyev bu taleyüklü və genişmiqyaslı işləri həyata keçirərkən istinad etdiyi əsas meyar ölkənin milli mənafeləri və xalqımızın milli-mənəvi dəyərlər sistemi idi. Milli dəyərlərin qorunması, onların yabançı ünsürlərdən təmizlənərək daha da zənginləşdirilməsi və müstəqil, demokratik, dünyəvi dövlətin milli ideologiyasının formalaşdırılması Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi. 
Heydər Əliyev milli dəyərlər sisteminə ayrıca götürülmüş milli varlığın - "varlıq" forması, mövcudluq şərti, yüksəkkeyfiyyətli "gələcək" quruculuğunun məna yükünü formalaşdıran fundamental baza kimi yanaşırdı. Məlumdur ki, milli dəyərlər Protestant inqilabı, "dini mərkəzçiliyi"n "antropomərkəzçilik" ideologiyası ilə əvəzlənməsi və yekun olaraq modernizmə keçidin (Qərb ölkələrində) və orta əsr imperiyalarının milli dövlətlərə transferindən qaynaqlanan, mürəkkəb məzmuna və struktura malik inteqral yaranışdır. 
Milli dəyərlər sistemi - milli dövlət anlayışı ilə eyniyyət təşkil edir desək, yəqin ki, səhv etmiş olmarıq. Milli dəyərlər sistemində baş verən pozuntular, dünyəvilik adı altında kosmopolitizmə keçid və s. sonuc etibarı ilə milli dövlətin mövcudluğuna ciddi təhdidlər yaradır və həmin istiqamətlərdə deformasiyalara səbəb olur. Başqa sözlə, milli dövlətin müstəqilliyi milli dəyərlər sisteminin dəyişikliyə uğrama dərəcəsindən birbaşa (determinoloji) asılılıqdadır. 
"Dünyəvi dövlət" - milliliyin inkarı deyildir. Milli dövlətin təzahür formalarından biridir, invariantıdır. Yəni milli çərçivədə qapanma, təcrid olunmanın yoxluğu anlamını daşıyır. Məsələn, islam dövləti - dini dəyərlər sistemi çərçivəsində qapanmış dövlətdir. Nə milli, nə də dünyəvi dövlətdir. Türkmənistan - milli (etnik stereotiplər bazasında qapanmış) təcrid olunmuş dövlətdir. Yaxud Koreya Xalq Demokratik Respublikası - siyasi ideologiyanın (sosializm/kommunizm) dəyər sərhədləri çərçivəsində qapanmır, adi məntiqlə anlaşılması müşkül olan, "unikal xarakterli" "ağalıq-tabeçilik" konfiqurasiyası formalaşdırmış dövlətdir və sairə. 
Cəmiyyətin və iqtisadiyyatın tip dəyişikliyi dövrünü yaşayan ölkəmiz, kəskin formalı sistem böhranı ilə üzləşmiş, ölkənin mövcudluğunun böyük təhlükə altında olduğu dövrdə (1990-cı illərin əvvəli) Ulu Öndər çıxış yolunun milli-mental dəyərlər sistemindən keçdiyini qəti əminliklə bildirmişdir. Apardığımız araşdırmalar göstərir ki, Heydər Əliyevin strateji baxışları hansısa bir nəzəri konstruksiyanın konseptual çərçivəsinə deyil, reallığın struktur özəlliklərinə istinad edirdi. 
Anqlo-sakson dəyərlər sistemindən qaynaqlanan ortodoksal paradiqmanın süni şəkildə formalaşdırdığı individual fərdi iradə - milli iradə antinomiyası, yalançı antinomiyadır. İndividium, fərd - mahiyyət etibarı ilə sosial varlıqdır: "özbaşına" deyildir. Zatən olması da mümkünsüzdür. Fərd - sosiuniun, başqa sözlə millətin üzvi tərkib elementidir. 
Milli dəyərlər sisteminin formalaşmasının spesifikliyi etnik stereotiplərlə dini dəyərlərin unikal xarakterli çulğalaşmasında təzahür edir. Bu aspektdən Ümummilli Liderin qeyd etdiyi kimi, zəngin dövlətçilik tarixi olan Azərbaycanın mental modeli XX əsr ərzində iki dəfə kardinal dəyişikliyə məruz qalmışdır. Sosialist inqilabına qədərki dövrdə, əsasən də XX əsrin əvvəllərində Azərbaycanda kapitalist istehsal üsulu, klassik məzmunlu bazar iqtisadiyyatının formalaşması prosesi intensiv şəkildə inkişaf etməkdə idi. Əsas hərəkətverici qüvvə kimi, neft sənayesinin inkişafı çıxış edirdi. Bu dövrdə Antropomərkəzçilik ideologiyasının, individual fərdi iradənin ön planda qərarlaşması prosesi gedirdi. İnqilabdan sonrakı dövrdə isə modernləşmə prosesi dayandı və kollektiv iradənin (siyasi-ideoloji aspektdən) hakim mövqeyə çıxışı baş verdi. 
Ulu Öndər ortodoksal paradiqmanın "ilahiləşdirdiyi" individual fərdi iradənin "mütləq" hakimiyyətə keçidini yanlış hesab edirdi. Bu cür yanaşmanın; yəni əsas olan ayrıca götürülmüş individiumdur, fərddir, yerdə qalanlar (millət, dövlət, həmrəylik və s.) təfərrüatdan başqa bir şey deyildir tipli yanaşmaların təbii ki, məna tutumu anqlo-sakson dəyərlərindən qaynaqlanırdı. 
Eyni zamanda dini dəyərlər qadağan olundu, "millilik" anlayışı mahiyyətcə leksikondan çıxarıldı, proletar həmrəyliyi bazasında müxtəlif etnik mənsubiyyətli insanların "sovet adamı" tipli primitiv mutanta çevirmə prosesinə start verildi. Sovet utopiyası cəmi 70 il davam gətirə bildi. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etdi. Bu müddət ərzində amansız repressiyalara rəğmən Azərbaycan xalqı milli dəyərlər sistemini və dini inancını qoruyub saxlaya bildi. Cəmiyyətin və iqtisadiyyatın tip dəyişikliyi, modernləşmə kontekstində Azərbaycan xalqı sadəcə olaraq: 
1) Yeni keyfiyyət mərhələsinə keçid aspektindən 70 il itirdi. Ölkənin Qərb ölkələrinin inkişaf səviyyəsindən geri qalmasında əsas amillərdən biri məhz zaman itkisinə uğraması oldu; 
2) Modernləşmə prosesi 1920-ci ildə qaldığı yerdən davam etmək "məcburiyyətində" oldu. Amma bərpa prosesi XX əsrin əvvəllərindəki proseslə eyniyyətdə deyildi. Dünya - kardinal şəkildə dəyişmiş, modernist paradiqmanın böhranı baş vermiş, postmodernizm və postindustrializm qərarlaşmış, rəqəmsal cəmiyyət quruculuğu getməkdə idi. Buna görə də Azərbaycan "hibridləşmə" effektindən istifadə etmək zəruriliyi ilə qarşılaşmışdır; 
3) Kollektiv iradə - individual fərdi iradə ilə əvəzlənir. Amma, bugünkü, individium 100 il əvvəlki analoqundan müqayisəyə gəlməyəcək ölçüdə fərqlənir və s. Beləliklə, milli dəyərlərin müxtəlif millətlərə məxsus olan dəyərlərlə qarşılıqlı "zənginləşməsi" prosesi, əslində, istisnalar sinfinə aid olan özünü aldatmaqdan qeyri bir məna daşımır. Həqiqətən də, baş verən "zənginləşmə" daha böyük gücə (hərbi, iqtisadi, siyasi və s.) sahib olan millətin dəyərlər kompleksinin qloballaşması prosesidir. Qlobal səviyyədə "güclü"nün (anqlo-sakson mənşəli qlobal kapitalın) - mütləq hakimiyyətə sahiblənməsinin "eyniyyətdə" olan dəyərlər sisteminin formalaşmasından səbəbiyyət asılılığında olması - hər cür elmi şübhədən uzaqdır. Və milli varlığın gələcəyi - bu nüansın ("yabançı" dəyər-konseptlərin müdaxiləsi) neytrallaşdırılması dərəcəsi ilə determinoloji bağlılıqdadır. 
İnkişaf - özünün bütün təzahür formalarında milli xarakter daşıyır. Yəni inkişaf - subyekt müəyyənliyi olan keyfiyyət yüksəlişi prosesidir: "sahibsiz" deyil, nə də spontan qaydada baş vermir. İnkişaf - dəyərlərin harmoniyası üzərində gerçəkləşə bilir və nəyin "keyfiyyət yüksəlişi" olduğunu - sosiumun qəbul etdiyi dəyərlər sistemi müəyyənləşdirir. 
İnkişaf etmiş ölkələrin təcrübəsini olduğu kimi təkrarlamaq tətbiq etmək, yəni "təqlidçilik"  inkişafa yox, nəticəsizlik sindromuna aparan yoldur. Amma "yabançı" dəyərlərdən tam şəkildə imtina etmək də mümkünsüzdür. Yeganə çıxış yolu - "yabançı" dəyər - konseptlərin milli dəyər "süzgəcindən" keçirilməsi, "özününküləşdirilməsidir". Yanlış anlamanı önləmək xatirinə deyək ki, Cənub-Şərqi Asiyanın "Yeni sənaye ölkələri" inkişaf etmiş ölkələrin təcrübəsini "özününküləşdirməklə" ABŞ-nin 200 ilə, Yaponiyanın 100 ilə nail olduqlarını 25 illik zaman kəsiyində gerçəkləşdirmişlər. Amma milli-mentalitetlə bağlı hər hansı bir dəyişiklik baş verməmiş, anqlo-sakson məzmunlu yeniləşmə olmamışdır. 
Ulu Öndər deyirdi ki, biz üzümüzü Qərbə çevirsək də, heç bir zaman fərqli olduğumuzu unutmamalıyıq. Şərq-Qərb müxtəlifliyi antik dövrdən bu günə qədər davam etməkdədir. Həyat tərzindən tutmuş dəyərlər sisteminə, davranış və inkişaf modellərinə, cəmiyyət daxili birgə yaşayış qaydalarına qədər mövcud olan fərqliliklərdə əsaslı bir dəyişiklik, uyğunlaşma baş verməmişdir. Hətta son Orta əsrlərə qədər Şərqin irrasional hesab etdikləri Qərbin yaşam fəlsəfəsini təşkil etmişdir. 
Eyni zamanda Şərqin özündə də monolitlik yoxdur və tarixin heç bir dönəmində mövcud olmamışdır. Bu kontekstdə Azərbaycan "şərqlidir" - türk-islam dünyasına mənsubdur. Və, kollektiv Qərb tərəfindən modernləşmənin ana xətti kimi ortalığa qoyulan "qərbləşmə"yə məcbur deyil. Cənub-Şərqi Asiya ölkələrinin, ələlxüsus Yaponiyanın inkişaf təcrübəsi göstərir ki, "qərbləşmə"dən də modernləşmə və postmodernləşməyə keçid mümkündür. "Qərbə üzümüzü çevirmək" - qərbləşmə deyildir. İnkişafa təkan verən (milli dəyərləri inkar etmədən) və hətta təhrik edən formal institutların "idxalı" anlamını daşıyır. Və, "idxal" edilən institutlar da xalis formada deyil, "özününküləşdirildikdən" sonra praqmatik müstəvidə tətbiq edilir. Əksi, zatən mümkün deyildir. Yaxud mümkündür, amma imitasiyadan qeyri  məna kəsb etməyəcəkdir. Ümumiyyətlə, "özününküləşdirilməmiş" yabançı dəyərlərin, institutların praqmatik tətbiqi yalnız fəsadlı situasiyaların yaranması "effektini" verə bilər. 
Ulu Öndər Heydər Əliyevin problemə strateji baxışı, sözün bütün mənalarında, milli məzmun daşıyır. Onun "Cəmiyyətimizi Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı, milli ənənələri prinsipləri əsasında tərbiyə etmək lazımdır" - müdrik kəlamında əsas vurğu "tərbiyə etmək lazımdır" ifadəsinin üzərinə düşür. Belə ki, milli-mental dəyərlər uzunmüddətli tarixi-təkamül prosesində formalaşır. Bu prosesdə individual fərdi iradə, eləcə də, subyektiv müdaxilə iştirak etmir. Formalaşma prosesi spontan şəkildə gedir və təbii səciyyə daşıyır. Lakin təfəkkürün milliləşməsi mexaniki xarakterli deyildir. Milli-mental dəyərlər cəmiyyətə, ələlxüsus gənc nəslə təlqin olunmalıdır. Yəni bu anlamda təlim-tərbiyə əlahiddə rol oynayır. Məhz buna görə, Ulu Öndər dahi uzaqgörənliklə qeyd edirdi ki: "Təhsil müəssisəsi digərlərindən fərqlidir. O, nə kənd təsərrüfatı, nə də ticarət müəssisəsi deyildir". Ulu Öndər xəbərdarlıq edir ki, təhsili - sözün tam mənasında - "bazarlaşdırmaq" olmaz. Təhsil - ideoloji sferadır. Milli varlığın mövcudluğu və inkişafı aspektindən əsas hərəkətverici qüvvədir. Şübhə yoxdur ki, real bazar münasibətlərinin sistemli şəkildə qərarlaşdığı sosiumda gec, ya tez, "bazar" cəmiyyəti formalaşır. Başqa ifadə ilə milli məzmun daşıyan çox şey deformasiyaya uğrayır. 
Bazarın "özbaşına" buraxılması həyatın mənasını belə bazar təfəkkürü ilə dəyərləndirməyə gətirib çıxarır. Milli-mental dəyərlər irrasional hesab olunur. Bu situasiya milli sosium üçün böyük təhdidlər yaradır. Əgər nəzərə alsaq ki, iqtisadi proses özünün istənilən təzahür formasında - dəyər yüklü olur, yəni dəyərlərin prosesə münasibəti ekzogen deyil, endogen xarakterlidir, iqtisadi effektivliyin yüksəlişində xüsusi rola malik olur, onda Heydər Əliyev strateji dühasının ortalığa qoyduğu istiqamətin müəyyənliyinin həyati əhəmiyyət kəsb etdiyini daha aydın şəkildə anlamaq olar. Milli-mental dəyərlərə xidmət edən sahə və sferaların "bazarlaşdırılmasına" deyil, bazarı "milliləşdirməyə" - sözün müstəqim mənasında - milli bazar formalaşdırmağa yönəlmək lazımdır. Modern cəmiyyət tipində milli varlığın bazar kortəbiiliyindən mühafizə olunmasının alternativ variantı sadəcə olaraq, yoxdur. Bununla belə, postindustrial təsərrüfat tipi, ələlxüsus rəqəmsal transformasiya milli varlığa daha böyük təhdidlər doğurur: bazar fiaskoya uğrayır, postbazar konstruksiyası formalaşır və s. Postbazar - bazardan sonra gələn deməkdir, yəni öz adı yoxdur. Paralel olaraq post dövlət, post insan eralarına transformasiya baş verir. Kifayət qədər fantastik səslənir, amma müasir elmi təfəkkürün ortalığa qoyduğu proqnoz qiymətləndirmə, məhz belədir. 
Ulu Öndər Heydər Əliyev "Xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir... Milli-mənəvi dəyərləri... onun milli sərvətidir" deyirdi. Bir çox özünü "ultramüasir" hesab edənlər, Ümummilli Liderin də qeyd etdiyi kimi, "mentaliteti" ya keçmişin qalığı hesab edirlər, ya da yaranan problemləri "keçmişin qalığı" hesab etdikləri mentalitetlə bağlamağa cəhd göstərirlər. Həqiqətdə isə məsələnin qoyuluşu tam şəkildə əks yönümlüdür: yeniləşmə, keyfiyyət yüksəlişi inkişafın təminatı istiqamətində qəbul edilən strateji proqramların sistemli olaraq xarici təcrübəyə istinadla hazırlanması (milli mentalitetin proses üzərində, ən azı nəzəri proyeksiyasının aparılmaması), strateji məqsədlərə çatma trayektoriyasının yalnış seçiminə gətirib çıxarır. Axı məlumdur ki, inkişafın keyfiyyət yüksəlişinin əsas mərkəzi subyekti sosiumdur. Və inkişafın gerçəkləşməsində, əldə edilən effektin proporsional və ədalətli bölgüsündə əlverişli şərait yaradan sosiumdaxili qarşılıqlı münasibətlər sisteminin formalaşmasıdır ki, burada da milli mentalitet həlledici əhəmiyyət kəsb edir. Milli mentalitet - sosio-iqtisadi, siyasi mədəniyyətin formalaşdırılması prosesində iki əsas dayaqlardan biridir, ikincisi isə müstəqillikdir. Milli mentalitet millətin "dəyər" sərhədlərini müəyyənləşdirən unikal yaranışdır. 
Danılmaz faktdır ki, qloballaşma prosesinə bəslənən ümidlər özünü doğrultmadı: dünya nəinki "eyniyyətə" (dəyərlər kontekstində) gəlmədi, əksinə, müxtəlifləşmə, "müxtəlif" dünyaların formalaşması prosesinin intensivlik dərəcəsini daha da yüksəltdi. Qloballaşma sadəcə olaraq, dünya ölkələrini "boy sırasına" düzdü. 1980-ci illərin sonundan başlayaraq davam etməkdə olan qloballaşma prosesində dünya daha çox qütbləşməyə, parçalanmaya məruz qaldı, fəsadlı situasiyaların növbələşməsi praktiki xarakter aldı, dünyanın həm siyasi, həm hüquqi, həm də iqtisadi nizamı alt-üst oldu. Bir sözlə, qlobal xarakterli böyük ümidlər bəslənilən qloballaşma prosesi - özünün neoliberal məzmununda iflasa uğradı. "Müxtəlifliyin" eyniyyətə gətirilməsinin real zaman rejimində mümkünsüzlüyü bütün təfərrüatı ilə ortaya çıxdı. Ümumbəşəri dəyərlər kimi "təqdim" olunanların anqlo-sakson mentallığının amerikan variantından başqa bir şey olmadığı aydınlaşdı. Bu aspektdən "Amerika üçün uyğun olan standartlar, dəyərlər hamı üçün uyğun olmalıdır" tezisini irəli sürən ideoloqların qlobal reallığı adekvat şəkildə anlama problemləri, bu gün də olduğu kimi qalmaqdadır.
Qərbin bizə təqdim etdikləri standartlar, yaşam tərzi, ailə münasibətləri və sairə anqlo-sakson dəyərlər sisteminin doğurduqlarıdır. Maraqlıdır ki, minilliklər boyu Şərq Qərbdən həmişə üstün olub (bütün parametrlər üzrə), amma heç bir tarixi dönəmdə onu "özünə oxşatmağa" çalışmamışdır. Qərbin dünya liderliyinə keçidinin isə cəmi 300 il (1700-ci ildən) yaşı var. Amma belə qısa zaman kəsiyində Qərbin, 5 mindən çox milləti, 10 mindən çox spesifik özəllikləri olan cəmiyyətləri anqlo-sakson mentallığında "əritmə" cəhdi, heç bir sağlam məntiqə sığışmır. Səbəbləri gizlətməyə çalışsalar da, bu "istəyin" reallaşma ehtimalının olmadığını əsaslandırmağa belə lüzum yoxdur.
Bunlarla yanaşı, onu da qeyd etmək vacibdir ki, yaşadığımız dünya özünün təbii sərvətlərinin müxtəlifliyi və zənginliyi ilə yanaşı, bu sərvətlərdən istifadə edən insanların dil, din, irq, etnik, mədəni və sairə xüsusiyyətlərinin rəngarəngliyi ilə də fərqlənir. Vahid Yer Kürəsində yaşamağımıza, eyni dünyanı bölüşməyimizə baxmayaraq, dünyamız tarixən ayrı-ayrı xalqlar, millətlər, dinlər formasında müəyyən edilmiş sərhədlərlə fərqli dünyalara - sivilizasiyalara ayrılmışdır. Bu sərhədlər nə qədər qapalı olursa, sivilizasiyalararası fərqlər və ziddiyyətlər də bir o qədər dərinləşir, dini, irqi, etnik zəmində münaqişələr genişlənir və nəticədə dünya sosial-mədəni, siyasi və iqtisadi böhrana düçar olur. Əksinə, sərhədlər nə qədər açıq-liberal olarsa, sivilizasiyalararası körpü nə qədər möhkəm olarsa, müxtəlif sivilizasiyalara mənsub insanların, xalqların, millətlərin dialoqunu təmin edən tolerant və əməkdaşlıq mühiti nə qədər sağlam formalaşarsa, dünyanın sosial, mədəni, iqtisadi bütövləşməsi prosesi və davamlı inkişafı da bir o qədər sürətlə baş verər. 
Problemin daha da kəskinləşməsinin kökündə dayanan əsas səbəb - neoliberal paradiqmanın siyasi-ideoloji, sosio-mədəni, sosio-iqtisadi sferalarda qərarlaşmış real situasiyanı adekvat qiymətləndirilə bilinməməsindədir. Təbidir ki, ehtimal olunanı, arzuediləni, ilüziyaları gerçək hesab edirsənsə, sonuc məhz belə də olmalı idi. Beləliklə, individual fərdi iradənin aparıcı, hərəkətverici qüvvə statusuna yiyələnməsi, birmənalı olaraq, imkan xaricindədir. Yəni: 
- Müxtəlifməzmunlu milli dəyərlər sisteminin özünəməxsus spesifikalarını "eyniyyətə" gətirə biləcək universum yoxdur. İndividiumun, fərdin mahiyyəti - mənsub olduğu millətin dəyər konseptlərinə istinadla formalaşır. Fərdin istəyindən asılı olmayaraq, davranış tərzi milli dəyərlər üzərində qərarlaşır. Ona görə də, individual fərdi iradənin milli iradəyə "tabeçiliyi" milli varlığın bu günü və gələcəyi aspektindən həyati əhəmiyyət kəsb edir; 
- Məlumdur ki, cəmiyyətdaxili münasibətlər sistemi, birgəyaşayış qaydaları, funksional fəaliyyətin spektral bölgüsü, formal institutlar və sairə birmənalı olaraq ideoloji dəyər daşıyıcılarıdır. Əksər fəaliyyət sferaları və oturmuş həyat tərzi, milli-mental dəyərlər sisteminin struktur - bərabərlik prinsipləri bazasında formalaşır. Formal və qeyri-formal institutlar arasındakı harmoniya (inkişaf kontekstində) xüsusi əhəmiyyət daşıyır; 
- Milli varlığın inkişafı prosesinin əsas spesifik xüsusiyyəti sosial həmrəylik - sosial əməkdaşlıq - sosio-mədəni, yaxud milli identiklik xətti üzrə sosial hərəkətin dayanıqlılıq dərəcəsinin sabitliyində təzahür edir;
- Sosial hərəkətin dayanıqlılığı: milli - mental spesifikanın (dəyərlər kontekstində) formalaşdırdığı platformaya istinadla gerçəkləşə bilir. 
Paradoks ondadır ki, meqa proseslərin dəyər tutumunun ölkələrarası qarşılıqlı, yaxud birtərəfli asılılığın gücləndiyi şəraitdə və onun qaçılmaz xarakter daşımasında hansısa bir formada dəyişiklik, yeniləşmə baş verməməkdədir. Doğrudur, "yabançı" dəyərlərin özününküləşdirilməsi prosesi, kütləvi hal almasa da, müəyyən intensivliklə getməkdədir. Amma sosial bütövlüyün, sosio-mədəni identikliyin formalaşması aspektindən elə bir rol oynamır, yaxud mane yaradan element kimi çıxış etmir. İdentikliyi formalaşdıran yeganə mənbə - milli-mental dəyərlər sistemidir. Məhz bu aspektdən dünyanın "vahidləşəcəyinə" ümid edən noeliberal (ultraliberal) paradiqma, əslində, xalis abstraksiyadır. 
Müxtəlif milli-mental dəyərləri, fərqli məzmunlu milli mədəniyyətləri nəinki "vahid"ləşməyə sövq edə, hətta "ümumiləşdirə", qarşılıqlı şəkildə uyğunlaşdıra biləcək heç nə (hansısa bir dəyər, anlayış, prinsip və s.) yoxdur və olması da mümkünsüzdür. Eyni zamanda milli dəyərlər və mədəniyyətlərə münasibətdə pis-yaxşı terminlərindən istifadə etmək də yanlış olardı. Pis mədəniyyət (dəyər) yoxdur. Sadəcə olaraq, onlar müxtəlifdirlər və onlardan yararlanmaq, heç bir situasiyada mexaniki səciyyə daşımamalıdır. Ulu Öndər Heydər Əliyev bu nüansa xüsusi diqqət yetirirdi: "Vətəndaş birliyi, vətəndaş həmrəyliyi, bu, bizim üçün çox vacibdir!" 
Azərbaycan dövlətçiliyinin məhv olma təhlükəsi ilə üz-üzə gəldiyi dövrdə (1990-cı illərin əvvəli) xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev sözügedən problemin köklü surətdə həllinin iki əsas strateji istiqamətini formalaşdırdı: 
- Azərbaycan dövlətinin milli ideologiyasını - azərbaycançılığı müəyyənləşdirdi; 
- Azərbaycan xalqının həyat tərzinə çevrilmiş tolerantlıq və multikulturalizm - dövlət siyasəti səviyyəsinə yüksəldildi. 
Beləliklə, yeni müstəqillik əldə etmiş dövlət yaranan ideoloji böhranın aradan qaldırılmasının, strateji müstəvidə həllinin mümkünlüyünü bütün təfsilatı ilə sübuta yetirdi. Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". 
Əslində, azərbaycançılıq - müstəmləkə - əyalət statusundan yenicə xilas olmuş və müstəqilliyini elan etmiş dövlətin "görünən" və "görünməyən" təhlükələri neytrallaşdırmağa imkan verən və ona şərait yaradan, alternativi olmayan baxış bucağıdır. Təsadüfi deyildir ki, müstəqilliyimizin ilk illərində xarici qüvvələr tərəfindən qızışdırılan separatçılığın aradan qaldırılmasında, neytrallaşdırılmasında azərbaycançılıq ideologiyasının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini hər kəs gördü.
Azərbaycançılıq - milli ideologiyanın - ədalət mülkün təməlidir deyən türkçülük ideologiyasının invariantıdır. Başqa sözlə, özünün gerçək məzmununda konkret məna yükü daşıyır. Sözsüz ki, azərbaycançılıq - əsas hədəfi ölkə vətəndaşlarının bir qisminin mənsub olduğu fərqli dini inancların, etnik stereotiplərin ölkənin dayanıqlı inkişaf trayektoriyasına keçidində maneə (əngəl) yaratmamasına, bütün cəmiyyət miqyasında makrosabitliyin mühafizəsinə hədəflənən, ümummilli həmrəyliyi, tolerantlığı və monolitliyi ehtiva edən fundamental konsepsiyadır. 
Azərbaycançılıq  ölkə vətəndaşlarının "torpaq-Vətən eyniliyi" platformasında birləşmək, müxtəlifməzmunlu etnostereotiplərin qeyd edilən müstəvidə, yəni Vətən sevgisi, təəssübkeşliyi kontekstində ümumuyğunluğa gəlməsidir. Bu halda söhbət müxtəlifliyin "eyniyyətə" gəlməsindən, müxtəlif milli dəyərlərin assimiliyasından getmir. Birləşdirici amil - davranış tərzi və funksional fəaliyyətin istiqamət yönümlüyünə münasibətdə adekvatlığın təminatıdır. Başqa ifadə ilə azərbaycançılıq - dövlət ətrafında vətəndaş həmrəyliyi, vətəndaş birliyi formalaşdırmağın effektiv yanaşma üsulu, prinsipidir. 
Azərbaycançılıq - Azərbaycan polietnik cəmiyyətinin vahid ideya ətrafında monolit birliyinin yaranmasına xidmət edən dövlətçilik prinsipidir. Azərbaycan vətəndaşları dini inancı və etnik mənsubiyyətindən asılı olmayaraq, azərbaycanlıdırlar. Azərbaycançılıq - sayı 50 milyonu ötmüş dünya azərbaycanlılarının milli mənafelərinin təminatına xidmət edən, vahid ideologiya ətrafında sıx birləşdirən milli varlıq prinsipidir. 
Azərbaycançılıq - müxtəlifliklərin (dini inanclar, milli mədəniyyət, milli-mənəvi dəyərlər və s.) qorunması, dinc yanaşı yaşamasının təminatına yönəlik insanlıq prinsipidir. 
N. Berdyayev yazırdı ki, millət anlayışına təkcə bəşər aləmi deyil, eləcə də məbəd, saray və imarətlərin tikildiyi daşlar, qəbir daşları, köhnə əlyazmalar və kitablar daxildir. Millətin iradəsini anlamaq üçün həmin daşları eşitmək, saralmış səhifələri oxumaq lazımdır. 
Millət, milli mədəniyyət, milli mentalitet fövqəl zaman statusludur. Bu aspektdən "keçmiş" - "indi" - "gələcək" zaman modusları arasında keçid deyilən bir şey yoxdur və hər üçü ayrılmaz vəhdətdədirlər. Buna görə də, millətin iradəsini anlamaq milli dəyərlər sisteminin dayanıqlı mövcudluğu şəraitində mümkündür. Məhz buna görə də, Ulu Öndər cəmiyyətin milli dəyərlərlə tərbiyə olunmasını, ələlxüsus gənc nəsillə bağlı təhsilin ideoloji səciyyə daşımasının zəruriliyi və ona heç vəchlə xələl gətirilməməsi ilə bağlı çox ciddi xəbərdarlıqlar və tövsiyələr verirdi. Məhz buna görə də O, ictimai-siyasi həyatın və funksional fəaliyyətin bütün sahələrinin inkişaf istiqamətlərinin müəyyən edilməsində bu amilin birmənalı şəkildə nəzərə alınmasını zəruri hesab edirdi. Bu anlamda, Heydər Əliyev milli varlığın bu günü və gələcəyi ilə bağlı əsas prioritetin milli mənafelər olduğunu açıq mətnlə bəyan etmişdir: "Birinci dərəcəli məsələ, birinci dərəcəli vəzifə ümumxalq, ümummilli mənafeyimizdir". 
Milli mənafe dövlət mənafeyindən xeyli geniş anlayışdır. Bura dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsi, milli dövlətçiliyin mühafizəsi və daha da gücləndirilməsi, hərbi-siyasi və iqtisadi cəhətdən inkişaf etmiş sosial rifah cəmiyyətinin yaradılması, gələcək nəsillərin və ölkədən kənarda yaşayan azərbaycanlıların mənafeləri də daxildir. Eyni zamanda ayrıca götürülmüş fərdin, kollektiv strukturların, o cümlədən korporasiyaların, ayrı-ayrı sosial qrupların, təbəqələrin mənafeləri ilə, dövlətin mənafeləri arasında tarazlığın yaradılması da milli mənafelərin strukturuna daxildir. 
Dövlət mənafeyi milli mənafenin indiki zaman kəsiyində lokal təzahür formasıdır. Həmçinin milli mənafe transregional və qlobal səviyyələrdə milli azadlığın, suverenliyin, insan hüquq və azadlıqlarının təminatıdır. Hətta dini inancların belə deformasiyaya uğramaması, dini radikalizmin və ekstremizmin qarşısının alınması və sairə bütün təfərrüatı ilə milli mənafelərin sırasında yer alır. Məhz bu aspektdən dini tolerantlıq - xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan xalqının son 1000 illik tarixi-təkamül prosesində milli mentallığın qaynaqlandığı əsas mənbə islam dini olmuşdur. Əlbəttə ki, söhbət son 30-40 il ərzində İrandan - fars mədəniyyətinin dəyərlər sistemi ilə çulğalaşmış və islam dini adı altında Azərbaycana "ixrac" edilən mənasızlıqdan getmir. Dövlətin dini olmaz, amma dövlət yuxarıda qeyd etdiyimiz (dini radikalizm, esktremizm, eləcə də təfriqətçilik və s.) təhlükələrin yaranmasına yol verməmək üçün düşünülmüş dini siyasət yeritməlidir. 
Ulu Öndər deyirdi: "İslam dini bizim müqəddəs dinimizdir, Qurani-Kərim müqəddəs kitabımızdır. Quranın Azərbaycan xalqına bəxş etdiyi mənəvi dəyərlər bizim üçün çox əzizdir". Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda dini tolerantlıq və multikulturalizmin həyat tərzinə çevrilməsində, bu sferada dünyaya örnək olmasında əsas rol məhz islam dininə məxsusdur. Qurani-Kərim müxtəlifliyinin (həm milli, həm də dini) təbiiliyini ilahi hikmətcə əsaslandırır. Dünya "eyniyyətdə" yaradılmamış və eyniyyətə gəlməsi də prinsipcə, mümkünsüzdür: hansı millətin, o cümlədən ümmətin daha çox haqq yolunda olduğunu qiymətləndirməyin ən doğru yolu yaranışın, yaradılanların "müxtəlifliyindən" keçir. 
Ulu Öndər milli varlığı möhtəşəm gələcəyə aparacaq inkişaf trayektoriyasının bütün parametrlərinin dəyər tutumunu dahi uzaqgörənliklə formalaşdırılmasına nail olmuşdur. Qonşu ölkələrlə müqayisədə Heydər Əliyevin inkişaf strategiyasının nə qədər böyük həyati əhəmiyyət kəsb etdiyini adi gözlə görmək mümkündür. Qlobal situasiyanın ifrat ziddiyətliliyi, xaotik proseslərin intensiv şəkildə artımı fonunda Ulu Öndər xəbərdarlıq edirdi ki: "Biz nazik sapın üstü ilə gedirik, odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun". 
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyev tərəfindən varislik prinsipi, ən kiçik təfərrüatlarına qədər dönmədən həyata keçirilməkdədir. Kollektiv Qərbin (başda Fransa olmaqla) və İranın güclü müqavimətinə rəğmən cənab Prezident 30 illik erməni işğalına son qoydu və Azərbaycana düşmən, ən azı qeyri-dost münasibəti bəsləyənlər üzərində parlaq qələbə çaldı. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Bu gün üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün torpaqlarımızda qürurla dalğalanması artıq kifayət qədər güclənmiş Azərbaycan dövlətinin millilik xarakterini qabarıq şəkildə nümayiş etdirir. Azərbaycan bu gün əsl demokratik və milli-mənəvi dəyərlərinə əsaslanan ölkə kimi özünün sosialyönümlü iqtisadi inkişaf modelini, tolerantlıq və multikulturalizmə əsaslanan həyat tərzini dünyaya təqdim edir. Ölkəmizdə yaranmış vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin, multikultural və tolerant mühitin əsasında məhz Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq məfkurəsi, azərbaycançılıq konsepsiyası dayanır. Bir sözlə, Azərbaycanın milli mənafeləri, milli-mənəvi dəyərləri etibarlı əllərdədir. 

Şəmsəddin HACIYEV,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video