Prezident İlham Əliyevin “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etməsi mühüm strateji əhəmiyyətə malik qərardır. Bu Sərəncam müasir şəhərsalma çağırışlarına cavab verən, dayanıqlı infrastrukturun formalaşdırılmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və ekoloji təhlükəsizliyin təmininə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Elgiz Həsənov deyib. O bildirib ki, iqlim dəyişikliklərinin təsirlərinin artdığı, intensiv yağışlar və subasma risklərinin aktual problemə çevrildiyi bir dövrdə su təchizatı, yağış və tullantı suları sistemlərinin kompleks şəkildə yenilənməsi Bakının və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır: “Dövlət Proqramının Bakı şəhərinin Baş planı ilə uzlaşdırılması isə bu yanaşmanın uzunmüddətli olduğunu və elmi əsaslara söykəndiyini bir daha göstərir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq biz bu prosesdə kadr hazırlığı və elmi-texniki potensial baxımından mühüm rol oynayırıq. Universitetimizdə fəaliyyət göstərən Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində meliorasiya mühəndisliyi ixtisası üzrə bakalavr, eləcə də hidroteхniki tikinti və meliorasiya mühəndis sistemləri tikintisi və istismarı ixtisaslaşmaları üzrə magistr hazırlığı həyata keçirilir. Bu ixtisaslar çərçivəsində tələbələr su anbarlarının layihələndirilməsi, hidroteхniki qurğuların tikintisi və istismarı, daşqın və subasma sularından mühafizə sistemləri, kollektor-drenaj və irriqasiya şəbəkələri, su ehtiyatlarından səmərəli və ekoloji cəhətdən təhlükəsiz istifadə sahəsində fundamental və tətbiqi biliklərə yiyələnirlər”.
O əlavə edib ki, Dövlət Proqramında nəzərdə tutulan yeni su anbarlarının, nasos stansiyalarının, müasir kanalizasiya və yağış suları sistemlərinin qurulması üçün məhz bu profilli, geniş dünyagörüşlü və müasir mühəndislik yanaşmalarına malik kadrların hazırlanması xüsusi əhəmiyyət kəsb edir: “AzMİU bu istiqamətdə dövlət qurumları, müvafiq ASC-lər və elmi-tədqiqat institutları ilə əməkdaşlığını daha da gücləndirməyə hazırdır. Əminik ki, bu Dövlət Proqramının uğurla icrası nəticəsində Bakı və Abşeron yarımadasında su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri keyfiyyətcə yeni mərhələyə yüksələcək və bu prosesdə elmi biliklə praktikanın vəhdəti həlledici rol oynayacaq”.