15 Aprel 2025 08:40
413
Mədəniyyət
A- A+
Dəyərə çevrilmiş ömür

Dəyərə çevrilmiş ömür


Vəfatından 40 il ötən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır, yad edilir.

Yaddaşlarda yaşamaq əbədi ömür qazanmaqdır. Yalnız belə işıqlı simaların adları bəşər tarixinə qızıl hərflərlə yazılır. İmzası, dəst-xəti ilə seçilən şəxsiyyətlərdən olan akademik Zərifə Əziz qızı Əliyevanın da adı əbədiyyət ünvanında həmişəlik qərar tutub. O, həyatın sınaqlarından, elmin çətin yollarından keçərək şərəfli bir ömür yaşamağın nümunəsinə çevrilib. 

Zərifə xanım Əliyeva mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yolunda apardığı qətiyyətli mübarizədə böyük dövlət xadimi Heydər Əliyevin ən etibarlı silahdaşı olmuşdur. Güclü, müstəqil Azərbaycan amalı uğrunda apardığı haqq mücadiləsində Ulu Öndərin iki əsas mənəvi dayağı vardı. Onlardan biri daim bu böyük dövlət adamının qüdrətinə güvənən, taleyini onun müdrikliyinə etibar edən Azərbaycan xalqı, digəri isə bütün həyatını ona həsr etmiş, vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyeva idi.

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Görkəmli alim milyonların qəlbində daim dərin hörmət və ehtiramla, rəğbətlə xatırlanır. O, böyük bir mənəvi dünyanın adamı idi. Aydın və nurlu bir şəxsiyyət idi. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan, ilk növbədə, həm də böyük bir ziyalı idi. Sözün həqiqi mənasında, bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır.

Zərifə xanım elə bir ailədə dünyaya gəlmişdi ki, orada xeyirxahlıq, alicənablıq, insansevərlik kimi xüsusiyyətlər nəsildən-nəslə genlərlə keçmişdi. Dövrünün böyük şəxsiyyəti olmuş Əziz Əliyev övladlarına mənəvi təmizlik, paklıq aşılamışdı. Bu xüsusiyyətlər Zərifə xanımın əlindən həmişə tuturdu. O, təmkinli, dözümlü, düşüncəli idi. İşıq isə onun həyatının mənası idi. 


Böyük yol və ilk uğurlar


Zərifə xanım orta məktəb illərindən tibb sahəsinə maraq göstərərək insanların gözünə nur vermək kimi müqəddəs bir yol seçmişdi. Oftalmologiya ixtisasına bağlılığı həm də onun daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətindən irəli gəlirdi. Sonralar peşəsində qazandığı uğurlar da məhz bu keyfiyyətləri ilə bağlı oldu. Xəstələrini doğmalarından ayırmadı, insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün əlindən gələni əsirgəmədi. İstedad, zəhmət və ağılla qazanılan uğurlu illər getdikcə zənginləşir və onlardan bütün cəmiyyətə pay düşürdü. 

Zərifə xanım orta məktəbi bitirəndə 1942-ci il idi. Cəbhədə sovet ordusu bir-birinin ardınca uğursuzluqlara düçar olurdu. Atası da daim əsgər şinelində idi, dövlət onu hara yollayırdısa, gedirdi. Onda İkinci Dünya müharibəsi bir il idi ki, başlamışdı. Bakıda bir çox binalar hospitala çevrilmişdi. Bu hospitallar cəbhədə ağır yaralanmış döyüşçülərlə dolu idi. Tibbi kadrlar isə çatışmırdı. Zərifə xanım dərslərdən sonra rəfiqələri ilə evlərinin yaxınlığındakı hospitallara gedər, həkimlərə, digər tibb işçilərinə bacardığı dəstəyi göstərər, yaralıların doğmalarına məktub yazmalarına kömək edər, onlara mənəvi dayaq olmağa çalışardı. Nəhayət, ağır və mürəkkəb bir dövrdə orta məktəbi uğurla başa vurdu. 1942-ci ilin yayında ali məktəbə imtahanları uğurla verib Azərbaycan Tibb İnstitutunun Müalicə fakültəsinə daxil oldu.

Müharibə ağır bir sınaq idi - acıları, amansız qayda və tələbləri ilə. Bunların hamısına dözmək gərəkdi, stalinizmin total nəzarətinə də həmçinin. Belə bir şəraitdə büdrəmək, nədənsə gileylənmək həm təhlükəli, həm də qadağan idi.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha artıq praktik biliklərə yiyələnmək üçün Moskvaya - Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna yollanır. Bu gedişin daha bir məqsədi var idi - Azərbaycanı bürümüş traxoma epidemiyası! Ölkəyə məhz bu yöndə ixtisaslı həkimlər çox lazım idi. Zərifə xanım isə Müalicə fakültəsini bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də vardı və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu.

Moskva dövrü gənc mütəxəssisin dünyagörüşündə yeni bir aləmə çevrildi. Gənc həkim o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Bir də göz cərrahiyyəsinin sürətli inkişafı nəzərindən yayınmadı. Müharibə tibbin cərrahiyyə sahəsinə böyük təkan vermişdi, ağlasığmaz əməliyyatlar həyata keçirilirdi.

Zərifə xanım Moskvada iki il yaşadı, elmi işçi kimi püxtələşdi. 


İşıq onun həyatının mənası idi


1949-cu ildə yüksəkixtisaslı göz həkimi kimi Bakıya qayıtdı. Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə aspiranturaya daxil olub, praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirdi. Apardığı tədqiqatlar nəticəsində 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı.

Traxoma XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda və dünyanın əksər məkanlarında sosial bəlaya çevrilmişdi. Gözü zədələyən bu xəstəlik ağır nəticələrə, hətta tam korluğa gətirib çıxarırdı. Ona görə də bu infeksiya və onun ziyanlı nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım böyük bir fəallıq və məsuliyyətlə traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkili, keçirilməsi proseslərinə qoşuldu. Antibiotiklərin imkanlarından səmərəli istifadə yollarını yorulmadan tədqiq etdi. Nəticələr də uğurlu oldu. Günü bu günəcən Azərbaycanda traxomanın ləğvi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.

1968-ci ildən etibarən isə o, professional oftalmologiyanın digər aktual məsələlərini tədqiq etməyə başladı. Böyük alim eyni zamanda praktik həkimlik işindən də uzaqlaşmadı: çoxlu cərrahiyyə əməliyyatları həyata keçirir, xəstələri ilə məşğul olur, onların müalicə tarixçəsini izləyirdi. Həm kurslara gələn həkimlərə oftalmologiyanın ən yeni nailiyyətləri, müalicə və cərrahiyyə üsulları barədə mühazirələr oxuyur, həm də cavan kadrlarla, tələbələri ilə iş aparırdı. Ölkə üçün yeni, peşəkar oftalmoloqlar nəslinin yetişməsinə böyük zəhmət sərf edirdi. Şəxsi nüfuzu hesabına əksəri sadə, zəhmətkeş ailədən çıxmış istedadlı, köməyə ehtiyac duyan gənclərə dəstək olurdu. Onların tanınmış elmi-tədqiqat institutlarının aspirantura və doktoranturalarına qəbuluna kömək göstərirdi. 

Alimin şəxsiyyətinə yaxından bələd olanlar, taleyinə Zərifə xanımla birgə çalışmaq, ondan dərs almaq qisməti yazılanlar bu insanı geniş maraq dairəsinə malik əsl elm fədaisi, sadə olduğu qədər də nəcib bir ziyalı kimi səciyyələndirirlər. Zərifə xanım üçün elmdə nəticələrin sonu yox idi, əldə edilmiş hər hansı elmi titul, ad onun üçün daha çox hansısa mərhələnin yekunu kimi əhəmiyyət daşıyırdı. Bu fədakar alimi daha çox elmi-tədqiqat prosesinin özü maraqlandırırdı, tədqiqatlar davam etdikcə, onu oftalmologiya elmi qarşısında məşğul olduğu istiqamətdən açılan yeni üfüqlər cəlb edirdi. Zərifə xanım yaxşı bilirdi ki, elm böyük bir dəryadır. Bəşəriyyətin elmdə vaqif olduğu sirlər bu dəryada bir damla kimidir. Ona görə elmdə bir gün də dayanmaq, hansısa yüksək titulları qazandıqdan, müvafiq adlara yiyələndikdən sonra müasir dildə desək, özünü komfort zonasında hiss etmək olmaz. Əsl alim hər gün düşünməli, axtarmalı, tapıntılarını qələmə alaraq öz mühitində bölüşməlidir. Zərifə xanım Əliyeva özü məhz belə alimlərdən idi və başqalarına da bunu təlqin edirdi. 

Bu illərdə o daha mühüm bir problemlə - peşə ilə bağlı göz xəstəlikləri ilə məşğul olmağa başlamışdı. Həyatın tələbi olan bu problemin həlli minlərlə insanların görmə qabiliyyətini qorumağa yönəlmişdi. Azərbaycanda sənayenin sürətli inkişafı, istehsal sahələrinin genişlənməsi, xüsusən, kimya sənayesi bu sahələrlə bağlı göz xəstəliklərini ciddi problemə çevirmişdi. Zərifə xanımın 1968-ci ildən sonrakı elmi fəaliyyətini peşə ilə bağlı göz xəstəliklərinə həsr etməsi də bununla əlaqədar idi. Sumqayıtda insanlar bütün ömürləri boyu kimyəvi maddələr istehsalı sahəsində çalışırdılar. Bu isə müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarırdı və göz xəstəlikləri onların bəlkə də ən ağırı idi.

Görkəmli alim bunu yaxşı dərk edir və zəhmət adamlarına kömək edən dərmanlar və müalicə üsulları yaratmağa çalışırdı. Bu məqsədlə Bakı və Sumqayıtın bəzi zavodlarında eksperimentlər keçirirdi. Təcrübi yol kimyəvi maddələrin və zəhərlərin insanın görmə orqanına təsirini əsaslandırmaq üçün zəruri idi. Bu işlərlə bağlı tədqiqatçı tez-tez kimya müəssislərində olur, xəstələri ilə görüşür, patoloji halları izləyirdi.

Zərifə Əliyeva çoxillik araşdırmalarını peşə göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən sayılan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin il Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi, Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, bir ildən sonra isə kafedranın rəhbəri oldu. 


Alimin həyatında əlamətdar hadisə


1979-cu ildə SSRİ miqyasında görkəmli oftalmoloq kimi tanınan alimin həyatında bir-birinin ardınca yeni əlamətdar hadisələr baş verdi. Zərifə xanımın təşəbbüsü ilə Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə peşə göz xəstəliklərini öyrənən laboratoriya açıldı və o, həmin laboratoriyanın rəhbəri təyin edildi. 

Əslində, bu, dünyaşöhrətli alimin elmi məktəbi idi. Bu dövrdə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çapdan çıxdı və yüksək qiymətlər aldı. Alim virus mənşəli göz xəstəlikləri barədə də dəyərli əsərlər yazdı. Həmçinin göz cərrahiyyəsi, həkim etikası, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edir, bu mövzularda yeni əsərlərin yaradılması ilə nəticələnirdi. Professor Zərifə xanım Əliyevanın elmi-tədqiqat işləri alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.

Görkəmli alimin elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün əlaqədar dəyişiklikləri və görmə-sinir yolları" adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı fundamental "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, belə bir yüksək mükafata layiq görülən ilk azərbaycanlı qadın idi. 1983-cü ildə isə böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçildi. Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalə, 14 monoqrafiya, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər qoydu. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacaran Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla, oftalmoloqların əsas istinad mənbələrindəndir.

"Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamında da qeyd olunduğu kimi, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası isə məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. 


Xəstə həkimə inanmalıdır


Zərifə Əliyevanın bir həkim kimi fəaliyyətində ali insani keyfiyyətlər hər zaman özünü qabarıq büruzə verib. O, böyük bir mənəvi dünyanın adamıdır. "Yüksək əqidə" əsərindən də aydın olur ki, o, müraicət edən pasiyentlərinə sadəcə bir həkim kimi yanaşmayıb. Zərifə xanım onlara həm də dərdlərinə şərik çıxan insan kimi yanaşıb və xəstəliklə üzləşmiş şəxsləri müalicə etdikdə özünü dünyanın xoşbəxti sanıb. Pasiyentlərə yardımını əsirgəməyən, onları ümidsizliyə qapılmağa qoymayan Zərifə Əliyeva özünün yüksək mənəviyyatından irəli gələrək həmin insanların fiziki sağlamlıqlarının keşiyində dayanıb, böyük ürək sahibi kimi onlara dayaq dururdu. 

Zərifə xanım bunu həm peşə, həm də insanlıq vəzifəsi hesab edirdi. Əsərində Zərifə Əliyeva bu barədə yazır: "Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o soruşur: Ağ xalat geyinməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, pasiyentin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır".

Sadəlik, səmimiyyət, kübarlıq əksər böyük insanlar kimi, Zərifə xanım Əliyeva şəxsiyyətinin də zinəti idi. O, malik olduğu bütün yüksək elmi titullara, statuslara rəğmən, insanlara xoş münasibətini hər zaman qoruyurdu. Bu mənada Zərifə xanım onu tanıyanlar üçün xeyirxahlıq mücəssəməsi idi. Atası Əziz Əliyevin ocağında, doğma valideynlərindən, eləcə də tez-tez bu ailədə qonaq olan Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Səməd Vurğun, Mirəsədulla Mirqasımov, Qara Qarayev, Bülbül və başqa görkəmli şəxsiyyətlərimizdən əxz etdiyi dəyərlər Zərifə xanımı kamil bir şəxsiyyət kimi formalaşdırmışdı. Kamilliyə can atmaq düşünən insan üçün ən vacib xüsusiyyətlərdən biridir. Düşüncə kamilliyi isə bir qayda olaraq, əxlaqla dünyagörüşünün dialektik vəhdətindən yaranır. Təbabətdə də əxlaqla peşə dünyagörüşünün vəhdəti yüksək peşəkarlığın başlıca təminatçısıdır. Zərifə xanımın yüksək intellektual mövqeyini şərtləndirən ən əsas cəhətlərdən biri də elə məhz ondan ibarət idi ki, bu nəcib insan daim tibbi praktikada əxlaqi dəyərlərə böyük üstünlük verir, bu dəyəri gənc yetirmələrinə də ötürürdü. Zərifə xanım özü həkim adının ucalığına, içdiyi Hippokrat andına bütün ömrü boyu sadiq qalmışdı və başqalarından da gözləntisi bu idi.

Tibb elmləri doktoru, tibb xidməti polkovniki V.İ.Vaynşteyn Zərifə Əliyevanı ehtiramla xatırlayıb deyirdi ki, onun xarakteri heyrətamiz idi: "Onu yüksək vətəndaşlıq və peşəkar prinsipiallıq səciyyələndirirdi. İstər söhbətlərində, istərsə də məqalələrində - həmişə həkimlik peşəsinin təmizliyindən danışır, dönə-dönə bildirirdi ki, elmi-texniki tərəqqi dövründə həkimlərin mənəvi-əxlaqi keyfiyyətləri nəinki aşağı düşməməli, əksinə, daha da yüksəlməlidir".

Professor A.N.Dobromıslov isə Zərifə Əliyevanın zəngin həkimlik və müdrik həyat təcrübəsinə əsaslanan tövsiyələrini yüksək qiymətləndirirdi. Bu cəhətdən o, həkimin sözlə müalicəsini xüsusi qeyd edirdi. Professorun fikri Zərifə xanımın səmimilik, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq kimi keyfiyyətlərin səhiyyə əxlaqının əsasını təşkil etdiyi fikrinə tamamilə uyğundur. Dobromıslov bir dəfə Zərifə xanımın xəstələrini necə qəbul etdiyinin şahidi olduğunu xatırlayıb deyirdi ki, Z.Əliyevanın müayinəsindən və müalicə təyin etməsindən sonra xəstələr kabineti təbəssümlə, ümidlə, minnətdarlıqla tərk edirdilər: "Mənəvi borc və məsuliyyət duyğuları onu bircə an da tərk etmirdi. Ətrafdakıların hörmət və ehtiramını qazansa da, həmişə özünü sadə və təvazökar aparardı. Başqalarının vaxtına qiymət verməyi də bacarırdı, ünsiyyətdə olduğu insanlarda yalnız yaxşı keyfiyyətləri görməyi də..."


Sevgi dolu yaddaş


Zərifə xanım Əliyeva ailə dəyərlərinə sadiq, vəfalı həyat yoldaşı və qayğıkeş ana kimi də cəmiyyətə nümunə sayılırdı. Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ailə modeli Azərbaycan cəmiyyətində mənəvi dəyərlərin və ailə institutunun daha da güclənməsinə çox təsir etmişdi. O, işinin çoxluğuna, elmi-pedaqoji, praktik həkimlik fəaliyyəti ilə bağlı qayğılarının ağırlığına baxmayaraq, işlə ailə arasında balansı uğurla təmin etməyi bacarır, ailə ocağında gələcəyin görkəmli övladlarını tərbiyələndirir, xarakterindəki ən gözəl, nəcib xüsusiyyətləri onlara ötürürdü. 

Ulu Öndər Heydər Əliyevin onun haqqında çəkilmiş sənədli filmlərdə, müsahibələrində, insanlar qarşısındakı səmimi çıxışlarında ömür-gün yoldaşı Zərifə xanım Əliyeva haqqında danışdığı xatirələr bu gün də Azərbaycan gəncləri üçün əsl mənəvi paklıq nümunəsidir. Zərifə xanımın məzarüstü abidəsinin açılışı günü Ümummilli Liderin heykəlin önündə duyğulandığı tarixi an əsl sevgiyə sədaqət hissinin mənəvi ifadəsi kimi hər dəfə xatırlandıqca insan qəlbini riqqətə gətirir.

Səmimilik, alicənablıq, qayğıkeşlik qədər birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işi arasında vəhdət, vətənpərvərlik, xalqına, Vətəninə və torpağına sönməz məhəbbət Zərifə xanım Əliyevanın şəxsiyyətini səciyyələndirən ən əsas xüsusiyyətlər kimi nəzərə çarpırdı. 

Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanımı işıqlı xatirələrlə yada salır: "Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əzizdir, doğmadır. Eyni zamanda Zərifə xanım yüksək davranış meyarlarına malik idi. İnsanlara münasibətdə səmimiyyət, xeyirxahlıq, eyni zamanda yüksək mədəniyyət, alicənablıq - bütün bu gözəl amillər onda birləşmişdi. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi, onları təcəssüm etdirirdi.

...Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Ancaq əfsuslar olsun ki, biz onu tez itirdik. Vaxtından əvvəl həyatdan getdi, hələ çox iş görə bilərdi".

Həqiqətən, alim-həkim ömrünün ən gözəl, müdrik, səriştəli zamanlarında olan Zərifə xanımın böyük arzu və ümidləri, yeni elmi layihələri vardı. Əfsus ki, tale aman vermədi. Çarəsiz xəstəlik 1985-ci ildə onun ömrünə son qoydu. Artıq 40-cı ildir ki, Zərifə xanım Əliyeva aramıza yoxdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu itkinin acısını müsahibələrinin birində belə dilə gətirmişdi: "Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır".

Zərifə xanımın xatirəsi cənab İlham Əliyevin Azərbaycan üçün gördüyü tarixi işlərdə, nəcib əməllərində, Mehriban xanımın Vətənə verdiyi töhfələrdə, yaratdığı xeyirxahlıq, humanizm, mərhəmət, insana sevgi nümunələrində də yaşayır. Bütün ömrünü insanlara nur bəxş etmək üçün yaşamış Zərifə xanım Əliyeva insanlar üçün işıq və sevgi dolu bir yaddaşdır. O, yaddaşımızda elmlə təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsindədir. 

* * *

Akademik Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər böyük dəyərlərin simvollarıdırlar. Onları xatırlamaq həm də bu dəyərləri yada salmaq, onların göstərdiyi istiqamətə yönəlməkdir. Dəyərlər də insanlar kimidir, xatırlandıqca yaşayırlar. Dünyaşöhrətli alim Zərifə Əliyeva da hər zaman yaddaşlarda yaşayacaq və bu işıqlı ömrün ətrafında bir araya gələn dəyərlərə əbədi ömür bəxş edəcək. 

 

Əhliman ƏMİRASLANOV,

SSRİ Dövlət Mükafatı laureatı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AŞPA Azərbaycan xalqının haqlı nifrətini qazanıb

08:30
18 Aprel

Paşinyan hakimiyyəti ikili oyun oynayır

08:25
18 Aprel

Qərbi azərbaycanlıların geri qayıdışı ədalətin bərpası olacaq

08:20
18 Aprel

Sebastiyan BURDUJA: "Avropanın enerji xəritəsini "Cənub qaz dəhlizi" olmadan təsəvvür belə etmək çətindir" 

08:15
18 Aprel

Yeni dünya nizamı və Azərbaycanın xarici siyasəti

08:10
18 Aprel

Azərbaycanın Yaxın Şərq siyasətində növbəti mərhələ

08:05
18 Aprel

Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır

08:00
18 Aprel

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:23
18 Aprel

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:22
18 Aprel

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
18 Aprel

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:21
18 Aprel

"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:21
18 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "Azərbaycan alüminiumu" ("Azəralüminium") Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin "N.Ə.Əmirovun "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında" 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə" 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında

01:20
18 Aprel

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:19
18 Aprel

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:18
18 Aprel

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:18
18 Aprel

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

01:17
18 Aprel

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında

01:16
18 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:15
18 Aprel

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib  

22:51
17 Aprel

Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı möhkəm təməllərə söykənir

22:48
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!