02 May 2024 08:50
108
SİYASƏT
A- A+

Delimitasiya prosesinin uğurlu həlli Cənubi Qafqazda sülhə töhfələr verəcək

 

Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi, Ermənistan ordusunu diz çökdürməsi, separatçıları məhv etməsi regionda əvvəlki vəziyyəti kökündən dəyişdi. Dünənə qədər mümkün olmayan müşkül məsələlərin həll yolları açıldı. Ölkəmiz həmişə regionda sülhün, əmin-amanlığın tərəfdarı olub. 
Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin və ölkələrarası əməkdaşlığın təmin olunması məqsədilə 44 günlük Vətən müharibəsindən sonra Ermənistana sülh sazişi imzalamağı, sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını təklif etdi. Amma təəssüf ki, düşmən tərəfi ölkəmizin təşəbbüslərinə müsbət cavab vermədi. Revanşist fikirlərdən əl çəkməyən rəsmi İrəvan Fransadan və başqa ölkələrdən silah alaraq vaxtaşırı sərhəddə hərbi təxribatlar törətməyə, bölgədə vəziyyəti gərginləşdirməyə başladı. Amma heç nəyə nail ola bilmədi. Çünki qarşısında İkinci Qarabağ müharibəsindən qalib çıxmış Cənubi Qafqazda söz sahibi olan Azərbaycan dayanmışdı.
Prezident İlham Əliyev sərhədlərin delimitasiyası məsələsinə toxunaraq demişdir: "Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz".
Ermənistanın 30 il ərzində sərhədləri çəkmək üçün vaxtı da, imkanı da var idi. Lakin bunu etmədi. Çünki düşmən "böyük Ermənistan" xülyası ilə yaşayırdı. Məlumdur ki, delimitasiya asan məsələ deyil. Bu prosesdə müvafiq şərtlərlə mühəndis işləri görülməlidir. Mühəndis işləri görüləndə də hər iki tərəfin razılığı əsasında mövqelər müəyyən edilməlidir.
Vurğuladığımız kimi, dövlətimiz bir neçə il əvvəl delimitasiya işini birgə aparmağı təklif etsə də, ermənilər razılıq vermirdilər, boyun qaçırırdılar. Ermənistanın müzakirələrdən yayınmasının isə müəyyən səbəbləri var idi. İmtinalar daha çox eksklav ərazilərlə bağlı idi. Çünki delimitasiya prosesi həyata keçirilərkən, Ermənistan bu əraziləri də Azərbaycana qaytarmalı idi. Onlar isə çox vacib coğrafi mövqedə yerləşən ərazilərdir. Məsələn, Naxçıvanın Kərki kəndi çox strateji mövqedə yerləşir. Həmin kəndin ərazisində yerləşən yüksəklik vasitəsilə Türkiyə sərhədinə qədər vizual nəzarət etmək mümkündür. Eləcə də Qazaxın Əskipara kəndinin ərazisi Ermənistandan Gürcüstana gedən yolları nəzarətdə saxlamaq imkanı verir. Buna görə də Ermənistan müxtəlif bəhanələrlə delimitasiya prosesini uzadır, müxtəlif vasitələrlə sərhəddə gərginliklər yaradırdı.
Yaxşı deyiblər ki, hər şeyin zamana ehtiyacı var. Qərb ölkələrində özünə arxa axtaran rəsmi İrəvan nəhayət ki, delimitasiya prosesinin qaçılmaz olduğunu anladı. Necə deyərlər, "başı daşdan daşa dəyəndən" tarixi reallığı qəbul etdi, qüdrətli Azərbaycan qarşısında dayana bilməyəcəyini anladı. Bundan sonra Ermənistan və Azərbaycan sərhədində delimitasiya işlərinə başlanması üçün ilkin addımlar atıldı. 
Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Prezident İlham Əliyevin iradəsi, qətiyyəti sayəsində reallaşdı. Əminlik var ki, digər kəndlərimizin və ərazilərimizin qaytarılması, bütün məsələlərin həlli də Ali Baş Komandanın uğurlu daxili və xarici siyasəti nəticəsində reallaşacaq.
İlk addım olaraq Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlandı.
2024-cü il aprelin 23-də isə sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk dirəklər quraşdırıldı. İki ölkənin ekspert qruplarının işi davam edir. Verilən məlumatlarda bildirilir ki, proses görüşün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq aparılır. Artıq sərhəddə 35 dirək quraşdırılıb.
Azərbaycan-Ermənistan arasında delimitasiya prosesinə başlanmasını NATO da alqışlayıb. Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina sosial şəbəkəsində yazıb: "Biz Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi haqqında sazişi sərhədlərin delimitasiyası üçün baza sənəd kimi alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfəri zamanı qeyd etdiyi kimi, NATO normallaşma səylərini dəstəkləyir".
Azərbaycan-Ermənistan sərhəddində delimitasiya və demarkasiya prosesi Cənubi Qafqazda sülhə nail olunmasına böyük töhfələr verəcək. Bəzi ölkələr və beynəlxalq təşkilatlar da bilməlidirlər ki, gərginlik nə qədər tez ortadan qaldırılarsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə region üçün son dərəcə əhəmiyyətlidir. Beynəlxalq təşkilatlar və nüfuzlu dövlətlər bu vacib məsələyə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə ona təzyiq göstərməlidirlər. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video