Naxçıvan Sənaye Parkı muxtar respublikanın sahibkarlarına fəaliyyətlərini genişləndirmək üçün yeni imkan yaradacaq
Prezident İlham Əliyevin keçən il dekabrın 5-də imzaladığı fərmana əsasən, Naxçıvan Sənaye Parkı yaradılır. Bu, Naxçıvan Muxtar Respublikasının ölkənin milli iqtisadiyyatına tam və dolğun inteqrasiyası istiqamətində mühüm bir addımdır.
Azərbaycan dövlətinin iqtisadi prioritetlərində Naxçıvan MR-in uzunmüddətli sosial-iqtisadi inkişafı strateji məsələ kimi yer alır. Təbii olaraq bütün bu prosesin səmərəli şəkildə tənzimlənməsi sənaye park və məhəllələrinin makroiqtisadi inkişafdakı yerinin, rolunun və əhəmiyyətinin yüksəldilməsi ilə də özünü göstərmiş olacaq.
Əvvəla xatırladaq ki, sənaye parkları sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazilərdir.
Sənaye parklarının yaradılmasında məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsidir. Bu parklar eləcə də iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliyinin və əməkqabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədini daşıyır.
Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi, Naxçıvan Sənaye Parkında da əsas hədəflər bunlar olacaq. Bu istiqamətdə ilkin mərhələdə Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan 500 min manat ayrılıb. Həmin vəsait ərazinin yararlı vəziyyətə gətirilməsi və xarici infrastrukturun yaradılması üçün layihələndirmə işlərinə sərf olunacaq. Parkın inkişafı isə İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.
Burada da sahibkarlar üçün stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, elektrik enerjisi, su, kanalizasiya, fiber-optik internet şəbəkəsi, daxili avtomobil yolları) təmin ediləcəklər. Eləcə də qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və yaxud mənfəət vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunacaqlar. Parkın qurulmasında təşkilati, infrastruktur işləri tamamlandıqdan sonra sahibkarların sənaye parkının rezidenti kimi qeydiyyata alınması prosesinə başlanılacaq. Naxçıvan Sənaye Parkının rezidentləri də istehsal prosesini ekoloji tələblərə cavab verməklə həyata keçirəcəklər.
Sənaye parkı üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində, beynəlxalq avtomobil və dəmir yollarına çıxış imkanlarına malik 310 hektar torpaq sahəsi ayrılıb. Parkın əhatə edəcəyi ərazi muxtar respublikanın əsasən əkinçilik bölgəsi olan Arazboyu düzənlik sahəsində yerləşir. Həmin sahə əkinçilik məhsullarının 90 faizini özündə cəmləşdirir. Bu da o deməkdir ki, Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün kifayət qədər xammal ehtiyatları mövcud olacaq. Bu isə təbii olaraq parkın sənaye əhəmiyyətinin yüksəldilməsində həlledici mərhələni təşkil edəcək. Beləliklə, Naxçıvan Sənaye Parkı muxtar respublikanın digər regionlarında da yeni, dayanıqlı kənd təsərrüfatı sahələrinin yaradılmasını və sənaye əhəmiyyətli məhsulların istehsalını stimullaşdıracaq.
Başqa sözlə, Naxçıvan Sənaye Parkının yaradılması bir tərəfdən kiçik və orta sahibkarlıq subyektlərinin inkişafında mühüm mərhələ olacaq, digər tərəfdən zəruri infrastruktur təchizatlarının yaradılmasına təkan verəcək. Bununla da muxtar respublikanın yeni reallıqlar müstəvisində etibarlı və dayanıqlı iqtisadi inkişafında yeni mərhələni təmin etmiş olacaq.
Ərazi mühəndis-kommunikasiya təminatı sistemləri ilə tam təchiz ediləcək. Xüsusilə dəmir yolu və beynəlxalq avtomagistral xətləri ilə yaxınlıq, eləcə də Zəngəzur dəhlizinə qoşulma imkanı gələcəkdə yük daşımalarının artırılmasına mühüm töhfə verəcək.
Sənaye parkı regionun sənaye potensialını gücləndirərək yeni iş yerləri yaradacaq və iqtisadi artımı təmin edəcək. Eyni zamanda bu layihə Naxçıvanın tranzit potensialını da artıracaq və bölgəni müasir texnologiyalarla təchiz olunmuş sənaye mərkəzinə çevirəcək.
Flora SADIQLI,
"Azərbaycan"