Rusiya-Ukrayna müharibəsinə nə vaxt son qoyulacaq
Amerika Birləşmiş Ştatları bu yaxınlarda Ukraynaya müharibəni dayandırmaq üçün yeddi bənddən ibarət təklif təqdim edib. Təklifin məzmunu ilə bağlı mövcud məlumatlar onun ABŞ Prezidenti Donald Tramp administrasiyasının müharibənin bu yaxınlarda elan etdiyi həlli strategiyasında qəfil və əhəmiyyətli dəyişiklik olduğunu göstərir.
İndi aydındır ki, Vaşinqton həm Ukraynada atəşkəs, həm də Rusiya ilə iqtisadi əməkdaşlığın bərpa olunmasını istəyir. Amma bu, Müharibə Tədqiqat İnstitutunun (ISW) analitiklərinin rəyidir.
ABŞ Ukraynaya nə təklif edib?
Tramp administrasiyasının sözdə yeni sülh planı barədə aprelin 22-də və 23-də "The Telegraph" və "Axios" "məsələ ilə tanış olan mənbələrə" istinadən məlumat verib. Bu nəşrlər aprelin 17-də Parisdə keçirilən görüşdə Vaşinqtonun Kiyevə müharibənin dayandırılması təklifini təqdim etdiyini bildirərək, bununla bağlı dialoqun aprelin 23-də Londonda çoxtərəfli danışıqlarda davam etdiriləcəyini qeyd etmişdi. ABŞ-nin təklifi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib və buna görə də ISW öz qiymətləndirməsində digər məsələlərlə yanaşı, qeyd olunan media nəşrlərinə əsaslanır.
"The Teleqraph"ın yazdığına görə, Amerika tərəfinin sənədində dərhal atəşkəs, Ukrayna-Rusiya danışıqları, Ukraynanın NATO-ya üzv olmayacağı, ərazilər, Zaporojye AES, Amerika-Ukrayna mədən yanacaqlarına dair razılaşma və Amerika-Rusiya münasibətləri ilə bağlı yeddi bənd var. Hər iki nəşrin yazdığına əsasən, plan ABŞ-nin Krım üzərində Rusiyanın nəzarətini de-yure tanımasını və Rusiya qoşunlarının hazırda yerləşdiyi Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin əksər ərazilərinin de-fakto işğalını nəzərdə tutur. Eyni zamanda Rusiya ordusu Xarkov vilayətinin işğal etdiyi hissəsindən geri çəkilməli olacaq. "Axios" həmçinin bu planın Ukraynaya Dnepr çayı boyunca maneəsiz keçid imkanı verəcəyini, "The Telegraph" isə Ukraynanın ancaq çayın ağzına çıxış əldə edəcəyini yazıb. Bundan əlavə, Amerikanın təklifi 2022-ci ilin martında işğalçılar tərəfindən ələ keçirilən Zaporojye AES-in "Ukrayna ərazisi hesab edilməsini", lakin ABŞ-nin nəzarətində olmasını nəzərdə tutur. Bu halda stansiya həm Ukraynanı, həm də Rusiyanı elektrik enerjisi ilə təmin edəcək.
ABŞ-nin təklifində həmçinin bildirilir ki, Ukrayna NATO-ya üzv olmayacaq, amma Avropa Ittidaqına qoşula bilər. Amerika tərəfi əmindir ki, bu, Kiyevə bir qrup Avropa və ola bilsin ki, qeyri-Avropa dövlətlərinin iştirakı ilə etibarlı təhlükəsizlik zəmanəti verəcək. Lakin sənəddə bu "sülhməramlı əməliyyat"ın necə işləyəcəyi barədə təfərrüatlar göstərilmir və ABŞ-nin bu sülhməramlı kontingentdə iştirakı qeyd olunmur.
Eyni zamanda ABŞ-nin 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv edəcəyi və Moskva ilə iqtisadi əməkdaşlığı, xüsusilə enerji və sənaye sektorlarında gücləndirəcəyi bildirilir. Nəhayət, Ukraynaya kompensasiya və yenidənqurma üçün yardım vəd edilir, lakin maliyyə mənbəyi göstərilmir.
London görüşündə Britaniyanın Kiyevə təklifləri açıqlanıb
Britaniya diplomatları Londondakı görüşdə Ukraynanı münaqişənin həllində ABŞ-yə yaxınlaşmağa inandırmaq istəyiblər. Bu barədə "The Telegraph" öz mənbələrinə istinadən xəbər verir. Məqalədə deyilir: "Böyük Britaniya Kiyevin mövqeyini dəstəklədiyi halda, diplomatlar aprelin 23-də Londonda keçirilən görüşlərdən ukraynalıları Vaşinqtonun təqdim etdiyi təklifə yaxınlaşmağa çağırmaq üçün istifadə ediblər. Britaniya rəsmiləri Ukraynaya xəbərdarlıq ediblər ki, yaxın günlərdə aydın irəliləyiş görməsə, ABŞ-nin danışıqlar masasına qayıtmaq ehtimalı azdır".
Eyni zamanda mənbələrə görə, Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın tam atəşkəs haqqında razılıq əldə edilməmişdən əvvəl Krımı Rusiya ərazisi kimi tanımaq bəyanatına qarşı "birləşmiş cəbhə" yaradıblar. Buna baxmayaraq, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Londonda Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqları müsbət hesab edir. Bu barədə o, "X" şəbəkəsində yazıb.
Öz növbəsində Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib: "Biz öz mövqeyimizi çatdırdıq və qeyd etdik ki, dərhal, tam və qeyd-şərtsiz atəşkəs ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlara başlamaq yolunda ilk addım olmalıdır". O əlavə edib ki, tərəflər dialoqu və müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.
Son məlumata əsasən, ABŞ-nin mümkün yeni sülh planı açıqlandıqdan sonra Amerika liderinin köməkçiləri bildiriblər ki, Tramp Ukraynada sülhə nail olmağın onun gözlədiyindən daha çətin olduğunu etiraf edib. O, Ukrayna lideri Volodimir Zelenskini Krımı Rusiyanın ərazisi kimi tanımaqdan imtina etdiyinə görə tənqid edib və bu cür ritorikanın münaqişənin həlli üzrə danışıqlara ziyan vurduğunu deyib.
Ukraynanın amansız bombardmanı isə davam edir. Aprelin 24-nə keçən gecə Rusiya qüvvələri "Şahed" tipli hücum PUA-ları, həmçinin "Kalibr" qanadlı raketləri və ballistik raketlərlə Kiyevə hücum ediblər. Şəhərin meri Vitali Kliçko bildirib ki, paytaxtın Svyatoşin rayonunda ikimərtəbəli ev dağıdılıb. 9 nəfərin öldüyü, 70 nəfərin yaralandığı məlumdur. Qurbanların arasında uşaqlar və hamilə qadın var. Yaşayış binalarının dağıntıları altında qalan insanların axtarışları davam edir.
BMT Kiyevin rus qoşunları tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyir. Bu barədə təşkilatın Ukraynadakı humanitar yardım koordinatoru Matias Şmale bildirib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) bəyanatına görə, Rusiya ordusunun Kiyev və ətraf yaşayış məntəqələrinə genişmiqyaslı hücumu beynəlxalq humanitar hüququn növbəti dəfə kobud şəkildə pozulmasıdır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"