02 May 2024 09:00
203
İQTİSADİYYAT
A- A+

COP29 ekologiyanı sağlamlaşdırmaq yolunda mühüm platforma olacaq

 

2024-cü il tarixə bəşəriyyətin ümumi problemi olan  iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə ili kimi düşəcək. Azərbaycanın da bu mübarizədə xüsusi  yeri var.  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası  (COP29) həmin mübarizə istiqamətində Azərbaycanı dünya ölkələri ilə birləşdirən mühüm platforma olacaq.  Bu platformada icra olunan  COP tədbirlərində dövlət və hökumət rəhbərləri, müvafiq beynəlxalq qurumlar, ekoloqlar ətraf mühitlə bağlı  problemlərin həlli istiqamətində birləşib çəkici eyni zindana vuracaqlar. 
Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçirilən beynəlxalq  tədbirdir. Bu görüşlər iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş uğurları qiymətləndirməyə xidmət etməklə yanaşı, yeni çağırışların yerinə yetirilməsi yollarının  tapılmasını və icra olunmasını da ortaya qoyur. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirdiyinin etirafı deməkdir. O həm də beynəlxalq təşkilat səviyyəsində ölkədə siyasi, iqtisadi sabitliyin tanınmasından xəbər verir. İndiyədək Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edib və etməkdədir. Məsələn, ölkəmiz 4 il BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edib. Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir. Çünki çox az ölkə eyni vaxtda  həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvüdür.
Bu gün Azərbaycan davamlı inkişafın bir komponenti olaraq "yaşıl iqtisadiyyat"ın qurulması istiqamətində uğurlu siyasət yürüdür, necə deyərlər, "yaşıl enerji" "yaşıl iqtisadiyyat" yolunda "yaşıl inkişaf"a doğru  sürətlə addımlayır. Bir faktı xatırlayaq ki, ölkəmiz qısa müddətdə  elektrik enerjisinın idxalçısından  ixracatçısına çevrilib. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq xarici dövlətlərə elektrik enerjisi  ixrac edir.  Bərpaolunan enerji növlərinin inkişafı  da   həmin məqsədə yönəldilib.  Bu  istiqamətdə  böyük planlar tərtib olunub və genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyev ölkəmizin bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağını bəyan edib. Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək bildirib ki, azad edilmiş ərazilər "yaşıl enerji" zonasına çevriləcək. 
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun qənaəti belədir ki, Azərbaycan regionda "yaşıl enerji"nin inkişafına ən çox investisiya qoyan ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda Azərbaycanın "yaşıl enerji" sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir: "Eyni zamanda Azərbaycan həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz  "yaşıl enerji"sini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının "yaşıl enerji"yə olan tələbinin ödənilməsində xüsusi paya malik olacaq. Həmin istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstəklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır".
COP29-un Bakıda keçirilməsi  beynəlxalq arenada ölkəmizin nüfuzunun  bir daha artmasına, daha da güclənməsinə təkan verən  qlobal tədbirdir. Postsovet ölkələri arasında ilk dəfə Azərbaycan qapılarını belə nəhəng tədbir üçün açacaq. Bu baxımdan, Bakıdakı mövcud infrastrukturları ciddi sınaq gözləyir. Hava limanı, nəqliyyat sistemi, hotellərin COP29 "imtahan"ından əla qiymət almaları Azərbaycanın dünyada sanbalının və çəkisinin göstəricisi olacaq. 
Qlobal tədbir dördüncü sənaye inqilabının "övladı" olaraq ənənəvi enerji mənbələrinin - daş kömür, neft-qaz kimi sahələrin  yerinə "yaşıl enerji"ni qoymağın  üstünlüklərini və effektini dünyaya bir daha nümayiş etdirəcək. İllərdir mühərriklər, maşınlar neft, qaz və elektrik enerjiləri ilə işləyirlər. Həmin enerji mənbələrinin "yaşıl kölgə"də qalmasının vaxtı çoxdan çatıb. Ona görə də bərpaolunan enerji mənbələri olan  günəş, külək-elektrik stansiyaları məhdud səviyyədə deyil,  imkanların  yol verəcəyi dərəcədə fəaliyyət göstərməlidir. Azərbaycanın maliyyə  ehtiyatları və dayanıqlılığı bu işlərin reallaşmasına imkan verir. Təbii ki, ölkənin maliyyə resursları  COP29-la bağlı danışıqlarda əsas proses kimi önə çəkilib. Dünən "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bu məsələyə də toxunub: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır". Dövlət başçısı qeyd edib ki, tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyik.  
Demək olar ki, COP29 indidən iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq  səylərin əsas prinsiplərinin işlənib hazırlanması və həyata keçirilməsində irəliyə doğru atılan addım olmaqla yanaşı,  çirklənməni azaltmaq, həssas icmaları dəstəkləmək və mövcud ekoloji vəziyyəti yaxşılaşdırmaq  yollarını tapmaq üçün strategiyaların  hazırlanması üçün əsas platformaya çevrilib.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video