Müstəqilliyimiz gerçəkləşən arzumuz, milli qürurumuz və bir xalq kimi dünyada təsdiqlənməyimizin əbədi ifadəsidir
"Biz azadıq, biz müstəqilik. Biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik... Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir!"
Ümummilli Lider Heydər Əliyev
Ulu Öndərin bu sözlərinin əbədiyyətinə təminat verən odur ki, hər bir ifadədə əzmkarlıq, milli ruh, vətənin müstəqilliyinə və xalqın qüdrətinə inam əks olunub. Xalqımız bir millət kimi mövcudluğunu təsdiq edə bilib.
Müstəqil bir dövlətə sahiblik eyni bayraq altında birləşən, Vətənin azadlığı, bütövlüyü uğrunda vuruşub qurbanlar verən bütün insanlar üçün ən böyük dəyərdir. Onun uğrunda mübarizə bütün dövrlərdə Azərbaycan xalqının ən ali məqsədi və şərəf işi olub. Xalq bu dəyər sayəsində öz haqlarını təmin edir, milli mövcudluğunu qoruyur, yaradıcılıq əzmi, nəsillərdən-nəsillərə ötürülən dövlətçilik irsi ilə tarixdə yeni səhifələr yaradır. Dövlət müstəqilliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür. Bəli, artıq dünya bizi öz adımızla tanıyır. Dövlətimiz öz taleyinin sahibi kimi yeni və şərəfli inkişaf dövrünü yaşayır.
Ağır illər və çətin sınaqlar: tarixə qısa nəzər
1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə özünün Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etdi. 2021-ci ilin 15 oktyabrında Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" yeni qanun imzaladı. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Müstəqilliyimiz möhtəşəm sınaqlardan çıxdı. Azərbaycanın son 34 il ərzində əldə etdiyi bütün tarixi uğurlar məhz müstəqilliklə bağlıdır və bu dövrdən başlanır. Sovetlər İttifaqı hər nə qədər özünü bu təsisatda bir araya gəlmiş milli respublikaların bərabərhüquqlu birliyi kimi təqdim etməyə çalışsa da, aparılan siyasət, əslində, imperiya maraqlarına xidmət edir, sovet totalitar rejiminə uyğun hesablanırdı. Hər hansı bir işin həyata keçirilməsindən ötrü mərkəzdən saysız-hesabsız icazələr tələb olunurdu. Hətta sənədləşmə işləri, rəsmi protokollar, əmr və qərarlar, fərmanlar rus dilində aparılır, ana dilinin əhatə dairəsi getdikcə kiçilirdi. Belə bir mühitdə milli inkişafdan danışmaq mümkünsüz idi.
Tarix isə təkrar olunurdu. 1918-ci ildə Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Milli Şura İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi.
Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. 1918-ci il 28 may Azərbaycan tarixinə müstəqillik günü, milli qürur və şərəf günü kimi yazıldı. Amma bu şərəfli tarix uzun sürmədi, bolşevik-daşnak quldurlarının və onların rəhbərlərinin cinayəti nəticəsində 23 aydan sonra süqut etdi. Bolşevizmin istiqlal üzərində 70 illik hakimiyyəti başlandı.
1990-cı il yanvarın 20-də sovet tankları müstəqillik uğrunda mücadiləyə qalxmış vətəndaşlarımızın üzərinə yeridi. Şəhidlər verdik, böyük itkilərə məruz qaldıq, amma bu qanlar bahasına itirilmiş azadlığımızı, müstəqilliyimizi bərpa etməyə nail olduq. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bu akt cümhuriyyətin süqutu və bolşevik işğalı nəticəsində yarıda qırılmış müstəqil dövlətçilik ənənələrinin bərpası demək idi. Beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bütün dünyaya bəyan etdi.
Lakin ölkə müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşdi. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoydu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşdü. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük faciələrə səbəb oldu. Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsinə gəlib çatdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi iki ildə itirdik. Bu dəfə də belə bir vəziyyətə çox yaxın idik. Baş verənlər bir daha göstərdi ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətinmiş.
Azərbaycan Prezidenti İlham Əliyev həmin dövr - müstəqilliyin ilk illəri haqqında çıxışlarında müəyyən məqamları xüsusi vurğulayırdı: "Hələ 1990-cı ildə Ulu Öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. 20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdü, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist" sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən, bütün bu addımlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir".
Ümummilli Lider Heydər Əliyev həmin ağır vaxtlarda Bakıya gəlməklə, ilk növbədə, ölkəni məhvolma təhlükəsindən qurtardı. 1993-cü ilin iyun ayında Ali Sovetin Sədri, oktyabrın 3-də isə ümumxalq səsverməsi ilə xalqın böyük əksəriyyətinin etimadını qazandı, Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü ildə tarixə "Əsrin müqaviləsi" adı ilə daxil olmuş beynəlxalq neft müqavilələrinin bağlanmasına nail oldu. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlandı.
Azərbaycanın beynəlxalq nüfuzunun artırılması müstəqilliyin əbədiliyi üçün hər zaman başlıca şərt rolunu oynayır. Burada da Heydər Əliyevin böyük siyasi iradəsi, dünyadakı nüfuzu, diplomatik təcrübəsi mühüm əhəmiyyət kəsb etdi. O zaman Ulu Öndər müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını belə izah edirdi: "Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşdığımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq". Biz bu gün Ulu Öndər Heydər Əliyevin 1993-cü ildən sonrakı dövrdə apardığı uzaqgörən siyasətinin bəhrələrini görürük.
Müstəqillik tariximizin 3 mərhələsi
Təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın taleyi naşı adamların əlində oldu. Ona görə də ölkəmiz 1991-1993-cü illərdə çox böyük problemlərlə üzləşdi. Azərbaycan Prezidenti İlham Əliyev o dövrü belə xatırlayır: "Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi". Həmin dövrün nəticəsini qısaca olaraq belə xarakterizə edə bilərik ki, Azərbaycan nəinki müstəqilliyini qorumaq, ümumiyyətlə, vətəndaş müharibəsinin, bir neçə yerə parçalanmaq, dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsinin bir addımlığına gəlib çatmışdı.
Azərbaycan Prezidenti qeyd edir: "1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi".
Ümummilli Lider Heydər Əliyevin o illərdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı dövlətimizin xilas anı idi. Ulu Öndər müstəqil dövlətin milli ideologiyasını yaratdı - azərbaycançılıq təlimini dövlətçilik ideologiyasına çevirdi. Ümummilli Lider bütün mədəniyyətimizi, tariximizi, etnoqrafiyamızı, çoxəsrlik adət-ənənələrimizi, klassik yazılı və şifahi ədəbiyyatımızı, nəhayət, ana dilimizi azərbaycançılığın təməlinə gətirdi, onun izahına yönəltdi. Ulu Öndər ötən illər ərzində bu deyilənlərin hamısını əzmlə reallaşdırmağa nail oldu. Böyük rəhbər təkcə müstəqilliyi möhkəmləndirmədi, onu qorumağın yollarını öyrətdi, prioritetlərini göstərdi və ən əsası gələcəkdə müstəqilliyi tarixdə irəli apara biləcək lideri nişan verdi.
Azərbaycanın öz dirçəliş və sabitlik dövrünü yaşadığı 1993-2003-cü illər müstəqilliyimizin ikinci dövrüdür. 2003-cü ildən sonra isə müstəqillik tariximizdə yeni bir səhifə açılır. 2003-cü ildə xalqımız ölkənin bundan sonra hansı yolla gedəcəyi barədə tarixi qərarını verdi. Ulu Öndərin "Mən ona özüm qədər inanıram" əminliyinə söykənərək Azərbaycanın gələcəyini dövlətimizin başçısı İlham Əliyevə etibar etdi. Həmin vaxtdan başlanan möhtəşəm tarix dövlət müstəqilliyimizin üçüncü dövrüdür.
Prezident İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndərin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirirdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, 2023-cü ilin sentyabrında aparılan qısamüddətli antiterror tədbirləri nəticəsində Qarabağın tam şəkildə azad olunması və Azərbaycanın suverenliyinin bərpası, Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir.
Dönməz siyasi iradə, intellektual düşüncə tərzi, yüksək nitq mədəniyyəti, ən çətin danışıqlarda müsahibini asanlıqla təslim edən diplomatik təfəkkür və məntiq Azərbaycan Prezidenti İlham Əliyevə böyük beynəlxalq nüfuz gətirən başlıca cəhətlərdir. Elə bu əzəmətli xüsusiyyətlərlə də o, Azərbaycan xalqını tarixin çətinliklərindən çıxararaq istiqlal dolu sabahlara aparır.
Müstəqil siyasət güclü dövlətin təməlidir
Böyük güclərin toqquşan maraqları səbəbindən bu gün bir çox ölkələrin mürəkkəb çağırışlarla üz-üzə qaldıqları müasir dünyamızda Azərbaycan strateji inkişaf yoluna davam edir, qazandığı nailiyyətləri möhkəmləndirərək onların sırasını yeni uğurlarla genişləndirir. Bunun təməlində dayanan əsas amil Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Dövlət başçısının həyata keçirdiyi bu siyasət bir neçə mühüm prinsipə əsaslanır. Həmin prinsiplər Azərbaycanın uzun illərin mübarizəsindən sonra nail olduğu ərazi bütövlüyünü, suverenliyini qorumaq, beynəlxalq arenada balanslı davranmaq, milli maraqlara əsaslanan xarici və daxili siyasət yürütmək strategiyasını formalaşdırmaqdır. Bu strategiyanın bir çox məqamları, Azərbaycan dövlətinin müstəqil siyasət prioritetləri ilə Prezident İlham Əliyevin son aylar yerli və xarici mediaya müsahibələrində, xarici ölkələrə səfərlərindəki çıxışlarında da ətraflı şəkildə tanış olmaq mümkündür.
Geostrateji maraqların kəsişdiyi kifayət qədər mürəkkəb coğrafiyada yerləşmiş Azərbaycan heç bir siyasi konfiqurasiyada tərəf olmamaq üçün ölkələrlə və beynəlxalq təşkilatlarla müstəqil, tarazlı xarici siyasət xəttinə üstünlük verir. Ölkəmiz Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirak edir, Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və digər türk dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi Prezident İlham Əliyevin siyasətində xüsusi yer tutur. Eyni zamanda Azərbaycan qonşularla da bərabərhüquqlu normal münasibətləri davam etdirir. Bu siyasət həm enerji məsələlərində, həm geosiyasi baxımdan, həm də iqtisadi-ticari əlaqələrdə ölkəmizə mühüm üstünlüklər qazandırır.
Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətdə regional sülh və təhlükəsizlik təşəbbüsləri çox mühüm rol oynayır. Prezident İlham Əliyev də bir çox müsahibələrində, çıxışlarında Cənubi Qafqazda sabitliyin təmin edilməsində Azərbaycanın fəal rolunu qeyd edir. Ölkəmizin yürütdüyü müstəqil siyasət xətti yerləşdiyimiz bölgədə qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin təmin olunması üçün çox mühümdür. Çünki ölkəmizin gücü, çəkisi, beynəlxalq aləmdəki yüksək nüfüzü, eyni zamanda dövlətimizin rəhbəri İlham Əliyevin müasir dünya siyasətindəki mötəbər mövqeyi Cənubi Qafqazda xarici maraqların uzlaşdırılmasında, yeni qarşıdurma cəhdlərinin dəf edilməsində həlledici rol oynayır.
Bir sözlə, bu gün Azərbaycan elə bir müstəqillik ölçüsünə nail olmuş dövlətdir ki, qlobal güclərin maraqları fonunda öz geosiyasətini müəyyən etməyə və suveren gündəmi ilə fəaliyyət göstərməyə qadirdir. Ölkəmiz özünün müstəqil siyasəti ilə dünya dövlətləri və xüsusən də güc mərkəzlərinin nəzərində ciddi etimad ünvanına çevrilib. Bu status imkan verir ki, rəsmi Bakı Avropa İttifaqının bir sıra üzvləri ilə strateji münasibətlərə malik olmaqla yanaşı, eyniməzmunlu və statuslu razılaşmanı digər dövlətlərlə də əldə edə bilsin. İndi isə dünyanın birnömrəli iqtisadiyyatına sahib güc - ABŞ ilə strateji münasibətlərin əsasının qoyulması Azərbaycanın özünün xarici siyasət prioritetlərində seçim edərkən nə qədər müstəqil davrana bildiyinin göstəricisidir.
İkitərəfli münasibətlər etimad və etibar məsələsidir. Bu kimi əlaqələrin qurulmasına qərar anidən verilmir, illərin sınağından çıxmış təmaslar strateji tərəfdaşlığın bünövrəsini təşkil etməlidir. Strateji münasibətlər tərəflərin üzərinə ciddi öhdəliklər qoyur və bu kimi əlaqələr tam əminliklə demək olar ki, müttəfiqliyin ən ali məqamıdır.
Bu gün rəsmi Bakı ilə Vaşinqtonun dünyada baş verən bir sıra təzahürlərə baxışları ümumi xarakter daşıyır. Bu, ilk növbədə, Azərbaycanın beynəlxalq aləmdə yeni rol - Orta güc statusu qazanması ilə bağlıdır ki, Bakının xarici siyasət oriyentirləri təkcə təmsil olunduğu bölgə və ya qonşuları ilə məhdudlaşmır, artıq daha geniş coğrafiyalarda baş verən hadisələrə reaksiya verə bilmək mərhələsinə daxil olub.
Qətiyyətli Lider - qüdrətli ölkə
Bu anlayışlar daim biri-birini tamamlayır. Azərbaycan hazırda qlobal siyasətdə qətiyyətli mövqe sahibidir. Prezident İlham Əliyevi Azərbaycanın milli maraqlarından bir addım da olsun geri çəkilməyə məcbur etməyin mümkünsüzlüyünü indi bütün dünyada hər kəs anlayır. Çıxışlarında "Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub", deyən Azərbaycan Prezidenti buna daim böyük əminliyini ifadə edir: "Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan bayrağı ərazimizin hər bir yerində dalğalanacaq... Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. …Biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun".
Ona görə də dövlətimizin müəllifi olduğu qlobal layihələri gerçəkləşdirən Azərbaycana indi beynəlxalq aləmin daha çox ehtiyacı var. Ölkəmiz xalqın milli vəhdətinə, fərqli mədəniyyətlərə hörmət ruhuna, tolerantlıq ənənələrinə görə bütün dünyaya örnəkdir. Vətən övladlarının sorağı böyük dövlətlərin ən mötəbər kürsülərindən gəlir. Dünya bizi daha yaxından tanıyır, milli mədəniyyətimizə heyran olur. Ölkəmiz mənəvi incilərimizlə, ənənələrimizlə bəşəriyyətə fayda verir.
Bütün bunlar müstəqilliyimizin uğurlu nailiyyətləri, dəyərli töhfələridir.
İradə ƏLİYEVA,
"Azərbaycan"