Azərbaycanın və Türkiyənin birgə layihəsi olan TANAP-ın təməlinin qoyulmasından 8 il keçir
TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulmuşdur. Bu, tarixi bir hadisə idi. Çünki TANAP Xəzərin sahilindəki Səngəçal terminalından başlayaraq Adriatik dənizinin sahilinə, İtaliya torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir.
TANAP Azərbaycanın və Türkiyənin birgə layihəsidir. Lakin bu boru xətti bütün Avropa məkanı ücün də mühüm əhəmiyyət daşıyır. "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərin ikinci hissəsi olması TANAP-ın dəyərini daha aydın əks etdirir. Belə ki, bu xətt Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Təsadüfi deyil ki, bu boru xəttini möhtəşəm "Cənub qaz dəhlizi"nin birləşdirici halqası, onurğa sütunu adlandırırlar.
TANAP-ın təməlinin qoyulması uzunmüddətli danışıqlardan konkret işlərə keçməyə imkan yaradan bir hadisə idi. Çünki kəmərin salnaməsi hələ bundan xeyli əvvəl başlanmışdı. 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan İstanbulda TANAP üzrə hökumətlərarası saziş imzalamışdılar. Layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə də elə həmin vaxtdan start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün incəlikləri nəzərdən keçirilmişdi. Beləliklə, 2014-2015-ci illər TANAP-ın ərsəyə gəlməsində çox məsuliyyətli bir dövr olmuşdu.
Prezident İlham Əliyevin dediyi kimi: "TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu".
Xatırladaq ki, enerjinin İpək yolu sayılan TANAP 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb.
TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır. Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir. 2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib.
TANAP ilk mərhələdə ildə 16 milyard kubmetr Azərbaycan təbii qazını nəql etmək gücündə layihələndirilmişdi. Bunun 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri isə Avropa ölkələrindəki istehlakçılar üçün nəzərdə tutulmuşdu. Növbəti illərdə isə kəmərin nəqletmə qabiliyyətinin artırılacağı da istisna deyildi. Lakin zaman, yaranmış şərait, yəni Avropanın mavi yanacağa tələbatının kəskin şəkildə artması bunu daha tez və daha ciddi çağırışlarla gündəmə gətirdi. Belə ki, Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı getdikcə artır. Bu isə mavi yanacağı Avropaya çatdıran TAP-ın genişləndirilməsini tələb edir. TAP-ın genişləndirilməsi isə TANAP genişləndirilmədən mümkün deyil.
Məlum olduğu kimi, keçən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz Avropaya qaz ixracının gələcək perspektivlərinə xidmət edirdi. Həmin məqsədlə Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalandı. Hazırda memorandumun icrası uğurla davam edir. Bir sözlə, Azərbaycan qaz bazarında, o cümlədən Avropa bazarında ciddi aktora çevrilib. Artıq TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin ikiqat artırılması gündəmə gəlib. Bunun üçün təbii ki, əlavə tədbirlər tələb olunur. Prezident İlham Əliyev bu barədə demişdir: "Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq. Yəni xanım Ursula Fon der Lyayen ilə imzalanmış sənəddə məhz bu məqam nəzərdə tutulur".
Xatırladaq ki, TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş."yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi bp şirkətinə məxsusdur.
Yaxın gələcəkdə TANAP istehlakçılara təkcə "Şahdəniz"dən deyil, Xəzərin Azərbaycan sektorunda işlənməsinin müxtəlif mərhələlərində olan yeni qaz yataqlarından hasil ediləcək mavi yanacağı da çatdıracaq. Bu, kəmərin iqtisadi və siyasi əhəmiyyətini daha da artıracaq.
Flora SADIQLI,
"Azərbaycan"