10 Dekabr 2025 08:05
134
PARLAMENT
A- A+
Büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub

Büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub


Dekabrın 9-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda ilk olaraq "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, 2026-cı ilin  dövlət büdcəsinin gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard, kəsiri 3,1 milyard manat, icmal büdcənin gəlirləri 44,9 milyard, xərcləri 48,8 milyard, kəsiri isə 3,9 milyard manat təşkil etməklə üçüncü oxunuşda da dəyişməz olaraq qalır.

Komitə sədri nəzərə çatdırıb ki, sənədin müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən bəzi təkliflər, həmçinin müzakirələr ərəfəsində bir neçə büdcə təşkilatının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda müvafiq dəyişikliklər əlavə maliyyə təminatı tələb edir. O qeyd edib ki, yaranmış əlavə maliyyə ehtiyacının qarşılanması üçün "2026-cı ilin dövlət büdcəsi haqqında" qanun layihəsində dəyişikliklərin edilməsi təklif olunur. Bu dəyişikliklər növbəti ilin dövlət büdcəsinin və icmal büdcənin gəlir və xərcləri çərçivəsində nəzərdə tutulur və büdcənin ümumi parametrləri dəyişməz olaraq qalır.   

Azər Əmiraslanov növbəti ilin büdcə layihəsinə edilən dəyişikliklər barədə məlumatında bildirib ki, müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərcləri üzrə bəzi maddələrin əlavə olaraq 47,8 milyon manat artırılması təklif olunur. Habelə ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklər və epizotiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Həmçinin bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. O, ümumilikdə 52 milyon manat təşkil edən bu xərclərin dövlət büdcəsinin müvafiq ehtiyatları hesabına təmin olunacağını söyləyib. Bununla yanaşı, bəzi təşkilatların təklifləri əsasında onların xərclərinin optimallaşdırılması səbəbindən iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılmasına ehtiyac yarandığını qeyd edib.

Azər Əmiraslanov bildirib ki, post-müharibə dövründə taleyüklü məsələlərin büdcə zərfində nəzərə alınması onun unikallığını ifadə edir. Böyük qayıdış proqramının icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat-tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin əsas xüsusiyyətlərindəndir. Büdcə zərfi həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir. O, Azərbaycan Prezidentinin səsləndirdiyi "Dövlət Neft Fondu bizim iqtisadi suverenliyimizin əsas dayağıdır" fikrinin önəmini vurğulayaraq, fondun aktivlərinin qorunmasının, dövlət büdcəsinin əsasən qeyri-neft gəlirləri hesabına formalaşdırılmasının, fiskal risklərin azaldılmasının ölkəmizin iqtisadi və maliyyə təhlükəsizliyinin başlıca şərti olduğunu qeyd edib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova nəzərə çatdırıb ki, birinci və ikinci oxunuşlar  zamanı 68 deputat 2026-ci ilin dövlət büdcəsi haqqında öz fikirlərini bildirib və bütün çıxışlar, o cümlədən deputatların yazılı şəkildə təqdim etdikləri 21 çıxış aidiyyəti üzrə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə göndərilib.

Bundan sonra "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti iki məsələsini - "Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən Sığorta Fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihələrini üçüncü oxunuşda  təqdim edib. O, 2026-cı il üçün Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələrinin birinci və ikinci oxunuşlarda müzakirələri zamanı ətraflı məlumat verildiyini və hər iki sənədin dəstəkləndiyini qeyd edib. 

Komitə sədri DSMF-nin 2026-cı il üçün gəlirlərinin cari ildəkindən 9,3 faiz, xərclərinin isə 10,5 faiz çox nəzərdə tutulduğunu bildirib. O, DSMF-nin büdcəsi haqqında qanun layihəsinin qanunvericiliyin tələblərinə uyğun hazırlandığını,   büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiq olduğunu və növbəti ildə şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alanların, təqaüdçülərin, ümumilikdə ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılması üçün etibarlı təminat yaradacağını söyləyib.

İşsizlikdən Sığorta Fondunun növbəti il üçün büdcə layihəsinə dair fikirlərini açıqlayan Musa Quliyev nəzərə çatdırıb ki, sənəd 2026-cı ildə sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiyası, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, haqqı ödənilən ictimai işlərin təşkili və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi üçün optimal maliyyə əsasları yarada biləcək. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin hər iki qanun layihəsi ilə bağlı müsbət rəyi açıqlandıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov  "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Layihəyə əsasən, əhalinin əsas sosial demoqrafik qrupları üzrə  yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Bu, 2026-cı il üçün proqnozlaşdırılan 4,8 faiz inflyasiya fonunda ölkə üzrə yaşayış minimumunun 5,3 faiz artımı deməkdir. 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha  sonra "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi (üçüncü  oxunuş) təqdim olunub. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddinin 300 manat məbləğində müəyyən edildiyini, bunun cari ildəki ehtiyac meyarından 5,3 faiz çox olduğunu bildirib. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsələ barədə müsbət rəyi səsləndirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Sığorta fəaliyyəti haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Gömrük tarifi haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov ikinci oxunuşdan sonra layihədə müəyyən dəyişikliklərin edildiyini söyləyib. O, təklif olunan düzəlişlərin Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" qanunlara, həmçinin qanunun qüvvəyə minməsinə dair 19-cu maddəsinə şamil olunduğunu və əsasən dəqiqləşdirici xarakter daşıdığını deyib. Qeyd edilib ki, bu düzəlişlər Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə hazırlanıb və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb. 

Komitə sədri diqqətə çatdırıb ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərdən formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilir və bununla da həmin dövriyyə ƏDV qeydiyyatı məqsədləri üçün iki dəfə artırılmış məbləğdə nəzərə alınır. Təklif olunan düzəlişlə bu müddəanın yalnız ƏDV qeydiyyatına daxilolma deyil, həm də ƏDV qeydiyyatından çıxma zamanı nəzərə alınması dəqiqləşdirilir.

Habelə bildirilib ki, qanun layihəsinin 3-cü oxunuşa qədərki mətnində 2026-cı il yanvarın 1-dən tütündən hazırlanan siqaretlər üzrə aksiz dərəcələrinin tənzimlənməsi təsbit edilib. Lakin aidiyyəti qurumlar tərəfindən aparılmış müzakirələr nəticəsində tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb. 

Bununla yanaşı, qeyd olunub ki, "İşğaldan azad edilmiş ərazinin rezidenti olma" statusu artıq Vergi Məcəlləsi ilə müəyyən edildiyindən, "Sosial sığorta haqqında" qanuna da uyğunlaşdırıcı dəyişikliyin edilməsi təklif olunur. Habelə "Tibbi sığorta haqqında" qanuna təklif olunan düzəlişdə qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalıların müəyyən edilməsi qaydasının müvafiq səlahiyyətli orqan tərəfindən təsdiq edilməsi zəruri hesab olunur. 

Sonra məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu, Əmək və sosial siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Ailə, qadın və uşaq məsələləri komitələrinin müsbət rəyləri diqqətə çatdırılıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova büdcə zərfinə daxil olan bütün qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirib və çıxış üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.

(Baş nazir Əli Əsədovun çıxışı qəzetin bugünkü nömrəsində dərc olunub).

Spiker Sahibə Qafarova Baş nazir Əli Əsədova təşəkkür edib, hökumət üzvlərinə dövlət büdcəsinin və digər büdcə sənədlərinin icrasında və fəaliyyətlərində  uğurlar arzulayıb.

Sonra Milli Məclis Sədrinin birinci müavini Əli Əhmədov gündəliyin növbəti iki məsələsinin Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihələri olduğunu bildirib. O, hər iki sənədin büdcə zərfinin müzakirələri zamanı nəzərdən keçirildiyini, bu gün isə bu məsələlərə münasibət bildiriləcəyini söyləyib.

Milli Məclisin hər iki qərar layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəliyin doqquzuncu məsələsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, məsələ Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlıdır. Komitə sədri deyib ki, Aida Hüseyn yüksək peşəkarlığa və uzunmüddətli iş təcrübəsinə malikdir və öz gələcək fəaliyyəti ilə də Naxçıvanda ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə verəcək, həmçinin hüquq sisteminin inkişafına və məhkəmə fəaliyyətinin daha səmərəli təşkilinə ciddi dəstək olacaq.

Təqdim olunan məsələ üzrə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti məsələnin "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" konstitusiya qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu layihəsinin (II səsvermə) olduğunu deyib. O bildirib ki, konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsverməyə qoyulur. Təqdim olunan konstitusiya qanununa müvafiq dəyişiklik altı ay əvvəl birinci səsvermədə qəbul edilmişdir və indi də ikinci səsverməyə çıxarılır. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək.

Konstitusiya qanununun layihəsi səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.

Növbəti məsələ - "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd bundan əvvəl qəbul edilən konstitusiya qanununa uyğunlaşdırma xarakterlidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda "Azərbaycan Respublikasının daxili qoşunları haqqında"Azərbaycan Respublikası qanununun layihəsi, o cümlədən  "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Balıq ətri, kulinariya şousu və su macərası

09:10
10 Dekabr

ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

09:05
10 Dekabr

Göygöl melioratorları növbəti mövsümə hazırlaşırlar

09:00
10 Dekabr

Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir

08:55
10 Dekabr

"Polşa Azərbaycan rəssamlarının gözü ilə" Gəncədə sərgiləndi

08:50
10 Dekabr

Ombudsman təsisatlarının müstəqilliyinin institusional əsasları

08:45
10 Dekabr

Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar

08:40
10 Dekabr

Qlobal nüfuzun təzahürü

08:35
10 Dekabr

Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir

08:30
10 Dekabr

Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir

08:25
10 Dekabr

İlham Əliyev diplomatiyasının daha bir uğuru

08:20
10 Dekabr

Əbədiyaşar Lider

08:15
10 Dekabr

Müasir Azərbaycanın xilaskarı və qurucusu 

08:10
10 Dekabr

Büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul olunub

08:05
10 Dekabr

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Milli Məclisin plenar iclasında çıxışı

08:00
10 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

03:23
10 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 iyul tarixli 287 nömrəli və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydalarının və qeydiyyatın qüvvədəolma müddəti”nin və “Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının siyahısı”nın təsdiq edilməsi barədə” 2024-cü il 13 mart tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

03:21
10 Dekabr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta” Elmi İstehsalat Birliyinin, “Aşqar” Elmi İstehsalat Birliyinin və “Kompozit” Elmi İstehsalat Birliyinin ləğv edilməsi haqqında

03:19
10 Dekabr

“Bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi Qaydası”nın təsdiq edilməsi və “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:18
10 Dekabr

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:17
10 Dekabr

“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:16
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!