18 Noyabr 2023 10:40
338
İQTİSADİYYAT
A- A+

BTC-yə yol açan saziş

 

24 il əvvəl 5 dövlətin başçıları bu möhtəşəm kəmərin marşrutunu müəyyənləşdirən sənəd imzaladılar

 

1997-ci il noyabrın əvvəlində "Çıraq" platformasından "Əsrin müqaviləsi"nin ilkin nefti alındı. Qarşıdakı illərdə isə üç böyük hissədən - Mərkəzi, Qərbi və Şərqi  hissələrdən ibarət olan "Azəri" yatağından, eləcə də "Günəşli"nin dərinlikdə yerləşən hissəsindən hasilata başlanılması gözlənilirdi. Neft hasilatı artdıqca, mövcud olan kəmərlərdən əlavə, daha böyük bir ixrac marşrutuna ehtiyac yaranacağı labüd idi.
Belə bir şəraitdə müəllifi Ümummilli Lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin çəkilişi ideyası irəli sürüldü. 1998-ci il oktyabrın 19-da Ankarada  kəmərin inşa edilməsi haqqında bəyannamə imzalandı. 1999-cu il noyabrın 18-də İstanbulda, ATƏT-in  Zirvə toplantısında xəttin çəkilişi ilə bağlı   növbəti sazişə imza atıldı. Bu, xam neftin BTC vasitəsilə Azərbaycan, Gürcüstanı və Türkiyənin əraziləri ilə nəql edilməsinə dair saziş idi. Kəmərin tikintisi üçün  həlledici rol oynayan həmin mühüm sənədi Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-nin ovaxtkı prezidentləri imzaladılar. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün oldu.
BTC qarşısında "yaşıl işıq"  yandıran  həmin sazişin imzalanması "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən daha bir böyük hadisə idi. Çünki  Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir.  "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində çıxarılan nefti dünya bazarlarına nəql etmək üçün boru kəmərləri çəkilməsi zərurəti həm də bu səbəbdən yaranmışdı. 1999-cu ildə Azərbaycan neftini Bakı-Supsa marşrutu ilə daşıyan Qərb İxrac Boru Kəməri (QİBK) istifadəyə verildi. Bu, texniki cəhətdən çox mürəkkəb layihə idi və böyük maliyyə vəsaiti hesabına reallaşdı. Tikintinin müvəffəqiyyətlə başa çatdırılması bir daha göstərdi ki, Azərbaycan böyük işlər görməyə, həm də onları qısa müddətdə həyata keçirməyə qadirdir.
Lakin BTC-nin həm ölkəmizdə, həm də xaricdə bədxahları çox idi. Onlar hər vasitə ilə bu layihənin gerçəkləşməsinə sədd çəkmək istəyirdilər. Əsassız bəhanələr gətirirdilər. Gah deyirdilər ki, Azrbaycanın bu xətti doldurmaq üçün kifayət qədər nefti yoxdur. Gah kəmərin seysmik zonalardan keçəcəyini söyləyir, gah da ətraf mühitə ziyan vuracağı barədə səs-küy qaldırırdılar.
 Lakin Heydər Əliyev dühası ilə bu möhtəşəm layihə qalib gəldi. 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Ulu Öndərin iştirakı ilə kəmərin təməli qoyuldu. 2005-ci il mayın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə xəttə ilk neft vuruldu. BTC tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi.
 Qısa arayış: Uzunluğu 1768 kilometr olan BTC Xəzər regionundan Aralıq dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək üçün çəkilib. Kəmər Azərbaycanda  443, Gürcüstanda 249, Türkiyədə 1076 kilometr məsafə qət edir. Ölkəmizdə 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarından keçir. Gürcüstanda 7 bölgənin - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agideni rayonlarının ərazisi boyu uzanır. Xəttin Türkiyədə keçdiyi 9 rayon isə Ərdahan, Qars, Ərzurum, Ərzincan, Sivas, Kayseri, Qəhrəman Maraş, Osmaniyə və Adanadır.
BTC əvvəvcə gündə bir milyon barel neft ötürmək gücündə layihələndirilmişdi. 2009-cu ilin yazından isə onun gündəlik ötürücülük  qabiliyyəti  1,2 milyon  barelə çatdırıldı. Kəmərin 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var.  Baş nasos stansiyası Səngəçalda yerləşir. İkinci stansiya  da ölkəmizin  ərazisində, Yevlax rayonundadır. Daha iki stansiya Gürcüstanda fəaliyyət  göstərir.  Qalan dörd stansiya Tükiyənin payına düşür.
İstismara verildiyi vaxtdan  cari il sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 554 milyon ton (4,2 milyard barel) xam neft nəql edilib və həmin  neft həcmləri Ceyhanda 5482 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin  ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir  uğur kimi bu il  yanvarın 18-də  qeyd edilib.
Əməliyyatçı olan bp şirkətinin məlumatına görə, cari ilin ilk üç rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 23 milyon ton (təxminən 171 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 238 tankerə yüklənib və dünya bazarlarına yola salınıb.
Hazırda  BTC  əsasən  AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmərlə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur. BTC haqlı olaraq regionda enerji ixracının  arteriyası sayılır. 
Kəmər istifadəyə verilərkən layihənin tərəfdaşları ona Ulu Öndər Heydər Əliyevin adının verilməsi təklifini irəli sürmüşdülər və bu təşəbbüs yekdilliklə bəyənilmişdir. BTC bu uca adı şərəflə daşıyır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video