AÇG 125 milyon barel neft, "Şahdəniz" 28 milyard standart kubmetr qaz verib, ixrac və geoloji kəşfiyyat işləri ahəngdar davam edib
Ölkəmizdə ən iri neft, qaz və ixrac layihələrinə əməliyyatçılıq edən BP şirkəti 2024-cü ilin göstəricilərini açıqlayıb. Şirkət bütün layihələr üzrə işlərin ahəngdar getdiyini, əməliyyatların və ixracın təhlükəsiz davam etdiyini bildirib.
Keçən il "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton neft hasil olunub. AÇG-nin orta hesabla bir gün ərzində verdiyi 342 min barel neftin 23 min bareli "Çıraq"dan, 97min bareli "Mərkəzi Azəri"dən, 75 min bareli "Qərbi Azəri"dən, 51 min bareli "Şərqi Azəri"dən, 57 min bareli "Dərinsulu Günəşli"dən, 29 min bareli "Qərbi Çıraq"dan və 10 min bareli ACE-dən alınıb. İlin dördüncü rübündə AÇG-dən indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb. İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı, 46 su injektoru və 7 qaz injektoru quyusu istismarda olub.
2024-cü ildə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,5 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Səngəçal terminalından ixrac da sabit şəkildə davam edib. Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr təşkil edir.
Terminaldan ötən il təxminən 225 milyon barel neft və kondensat ixrac olunub. Bunun 224 milyon bareli Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, təxminən 1 milyon bareli Qərb İxrac Boru Kəməri vasitəsilə nəql edilib.
Qaz terminaldan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"la birləşdirən Azərbaycana məxsus kəmərlə ixrac olunur. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 654 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.
2006-cı ilin ortalarında istismara veriləndən 2024-cü ilin sonunadək BTC kəməri ilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft ötürülüb və bu həcm Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Hazırda BTC əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmərlə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
İl ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib. Yataqdakı "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 28 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat alınıb. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Geoloji kəşfiyyat işlərinə gəldikdə isə BP bildirir ki, "Şahdəniz" müqavilə sahəsində qazılmış kəşfiyyat quyusunun (SDX-8) hədəflədiyi laylardan 2023-cü ildə əldə olunmuş məlumatların təhlili 2024-cü ildə də davam edib. Məqsəd hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirməkdir.
"Şəfəq-Asiman" dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda (SAX01) aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri də davam edir.
İllik hesabatda o da xatırladılır ki, ötən il sentyabrın 20-də BP ilə SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu imzalanıb. Bunlar "Qarabağ" neft yatağı və "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) kəşfiyyat sahəsidir.
Əməliyyatçı şirkət işçi heyəti haqqında da məlumat verib. Belə ki, 2024-cü ilin sonunda BP-də çalışan Azərbaycan vətəndaşlarının sayı 2413 nəfər olub və bura müddətli müqavilə əsasında işləyənlər də daxildir. 2018-ci ilin ortalarından ixtisaslı işçilərin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardır.
BP və tərəfdaşları mühüm sosial investisiya layihələrini də davam etdirirlər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
Keçən il şirkət əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,5 milyon dollardan çox vəsait xərcləyiblər.
Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından ölkəmizdə sponsorluq etdiyi layihələrə il ərzində təqribən 1,7 milyon dollar vəsait xərcləyib.
Flora SADIQLI,
"Azərbaycan"