FƏRHADOV CAVİD MÖVLUD OĞLU
ehtiyatda olan polkovnik-leytenant
1978-ci il yanvar ayının 7-də Bakıda anadan olub. 185 nömrəli orta məktəbin məzunudur. 1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 1995-ci ildə hərbi təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Ümumqoşun fakültəsində davam etdirib.
1999-cu ildə Gədəbəy rayonundakı "N" saylı hərbi hissədə leytenant hərbi rütbəsində taqım komandiri vəzifəsində xidmətə başlayıb. Müxtəlif dövrlərdə Gədəbəy, Gəncə, Tovuz, Göygöl, Tərtər rayonlarında, Murovdağ yüksəkliyində bölük komandiri, tabor komandirinin müavini, taborun qərargah rəisi və tabor komandiri olub.
2016-cı ilin Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısıdır. Vətən müharibəsində Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.
Ehtiyatda olan polkovnik-leytenantdır. İkinci qrup müharibə əlilidir.
Hazırda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatında yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışır.
"İgidliyə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10, 90, 95, 100 illik "Yubiley", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Ailəlidir, 4 övladı var.
Deyirlər, tarixi qəhrəmanlar yazıb-yaradır. Bizə - Vətən savaşından ləyaqətlə çıxan döyüşçülərə də igid, qəhrəman deyirlər. Amma bizlərə qəhrəman olmaq üçün meydan verən, şücaət göstərməyə imkan yaradan, ən əsası isə müzəffər sərkərdəlik edən baş qəhrəmanımız olmasaydı, nə tarix yazılar, nə də qəhrəmanlar tanınardı.
Baş qəhrəmanımızın cahangirliyi ilə müqəddəs savaşa atıldıq, sinəmizi Vətən üçün sipər etdik və həyatımızın ən böyük arzusunu gerçəkləşdirdik. Bu zəfərimizə görə biz qəhrəmanlar məhz baş qəhrəmanımıza borcluyuq...
Xocalı faciəsindən sonra and içdim
1990-cı ildə 12 yaşım vardı. 20 Yanvar faciəsi zamanı baş verənlər məni çox sarsıtmışdı. Ardınca Qarabağ müharibəsi, torpaqlarımızın itkisi məndə belə bir təsəvvür yaratdı ki, ən böyük problem dövlətimizin zəifliyi ilə yanaşı, ordumuzun olmamasıdır. Əgər güclü ordumuz olsaydı, torpaqlarımızı işğal edə bilməzdilər.
1992-ci ildə Xocalıda baş verən dəhşətli qətliamdan sonra isə qərar verdim ki, mütləq hərbçi olacağam. İçimdə intiqam hissi, qisas yanğısı yaranmışdı...
Ailəmdə hər kəs həkim olmağımı istəyirdi. Amma onlardan gizli 1992-ci ildə sənədlərimi hazırlayıb Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etdim və qəbul olundum. Çox fərəhlənirdim və sevinə-sevinə evə gəlib valideynlərimə xəbər verdim. Amma, əslində, onlar ilk vaxtlar sevinmədilər.
Liseyi bitirdikdən sonra - 1995-ci ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Burada dörd il Ümumqoşun fakültəsində hərbi biliyimi daha da təkmilləşdirdim, hərb peşəsinin nəzəri və praktiki sirlərini dərindən öyrəndim. 1999-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi xidməti davam etdirdim. İlk olaraq, Gədəbəy rayonunda düşmənlə təmas xəttində döyüş tapşırığı yerinə yetirən "N" saylı hərbi hissəyə taqım komandiri təyin olundum.
Ümumiyyətlə, bu peşəni hər bir gənc ürəyinin səsi ilə seçməli və onun çətinliklərinə hər addımda hazır olmalıdır. Mən də böyük həvəslə ömrümü şərəfli zabit peşəsinə həsr etdim. Xidmətimin böyük hissəsini, demək olar ki, düşmənlə üz-üzə, daim ön xətdə keçirdim.
Torpaqlarımızın düşmən tapdağında qalmasının dərdi, nisgili qəlbimə yüklənmişdi. Aradan illər ötdükcə bu yükü daşımaq daha da ağır olurdu. Ön xətdə hər dəfə müşahidə apararkən Ağdamın, Ağdərənin, Kəlbəcərin kəndlərini görürdüm və o torpaqların əsirlikdə qalması mənə çox ağır təsir edirdi. Murovdağ istiqamətində xidmət edərkən Kəlbəcərin uca dağları, meşələri və gözəl təbiəti açıq-aydın görünürdü. Qəzəblənirdim, öz-özümə deyirdim ki, minilliklər boyu bu ərazilərdə babalarımız yaşayıb. Bəs nədən bu gözəl yerlərimizi qoruya bilmədik? Niyə bu torpaqlar işğal edildi?
Düzdür, Birinci Qarabağ müharibəsində də atalarımız, qardaşlarımız düşmənə qarşı qəhrəmancasına savaşıblar. Sadəcə olaraq, o zaman vahid komandanlığın olmaması, onları "dəmir yumruq" ətrafında birləşdirən baş komandanın yoxluğu ağır nəticələrə səbəb oldu, torpaqlarımız itirildi. Hər dəfə tabeliyimdə olan şəxsi heyətlə söhbətlər zamanı Xocalı faciəsini, torpaqlarımızın işğalda qalmasını - namusumuza vurulan qara ləkəni onlara xatırladırdım. Beləcə hər an qisas almağa hazır olmaq üçün çalışırdıq.
Orduda islahatlar, modernləşməyə doğru uğurlu addımlar, artan döyüş ruhu
Bütün bunlara baxmayaraq, içimdə bir duyğu, inam var idi və bu hisslər 2000-ci illərin əvvəllərindən getdikcə daha da artmağa başladı.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu 2003-cü ildən sonra möhtərəm Prezidentimiz İlham Əliyevin respublikaya rəhbərliyi zamanı daha sürətli mərhələyə qədəm qoydu. Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində vəziyyət müsbətə doğru əsaslı şəkildə dəyişməyə başladı. Ordumuzda həyata keçirilən islahatlarla silahlı qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Müasir hərbi texnikalar, silah-sursatlar, maddi-texniki təminat getdikcə daha da modernləşdi.
Müzəffər sərkərdəmiz İlham Əliyevin əsas məqsədlərindən biri olan milli müdafiə sənayesinin təkmilləşməsi, modernləşməsi də tezliklə reallığa çevrildi. 2005-ci ildən Azərbaycan özü silah-sursat istehsalına başladı. Ən müasir hərbi texnika, silah-sursat istehsal olunması ilə bərabər, eyni zamanda xarici dövlətlərdən də son nəsil silahlar alındı. Bununla yanaşı, birbaşa Ali Baş Komandanın şəxsi nəzarəti altında müasir standartlara uyğun hərbi hissələr qurulmağa başlanıldı, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində mühüm işlər görüldü.
Ordumuz gücləndikcə, modernləşdikcə zabit heyətinin üzərinə düşən məsuliyyət daha da artırdı. Şübhəsiz ki, ön xətdə çətin şəraitdə Vətənə övlad borcunu yerinə yetirən əsgərin bacarıqlı döyüşçü kimi formalaşmasının əsas məsuliyyəti komandir heyətinin üzərinə düşür. Komandir əsgərin güvənc yeridir. Əsgər hər addımda komandirinə inanmalıdır. Əslində, ön xətdə döyüş tapşırığını yerinə yetirmək vəzifəsi komandirlə əsgəri bir amal ətrafında birləşdirir - Vətəni qorumaq, müdafiə etmək və işğaldakı torpaqlarımızı azad etmək. Bu amal əsgərlə komandir arasında qardaş, sirdaş, ən əsası komandir-əsgər dostluğunun əsasını qoyur. Mən də tələbkar və qayğıkeş zabit kimi çalışırdım ki, tabeliyimdə olan şəxsi heyətin, ilk növbədə, əsgərlərin döyüş ruhu yüksək olsun. Bu həm hərbi qaydaların, həm də Ali Baş Komandanımızın tələbi idi.
İllər keçdikcə, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü: çoxlu texniki avadanlıq, müasir silahlar alındı və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə gücləndi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
Qüdrətli sərkərdəmizin ordu islahatları bizi çox qürurlandırır, inamımızı daha da artırırdı. Bir komandir olaraq dərk edirdim ki, Ali Baş Komandanın həyata keçirdiyi bu siyasət nəticə etibarilə bizi zəfərə doğru istiqamətləndirir.
Aprel döyüşləri - Müzəffər Ali Baş Komandanın ilk zəfəri
Düşmən cəbhədə tez-tez təxribatlara əl atırdı. Layiqli cavab versək də, onlara yerlərini birdəfəlik göstərmək üçün fürsətimiz olmurdu. Zaman keçdi və həmin an yetişdi. 2016-cı ilin aprel ayında nəinki Ermənistan, bütün dünya da Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu.
Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu mövqelərimiz və yaşayış məntəqələrimiz güclü artilleriya atəşinə məruz qaldı. Həmin vaxt Tərtər rayonundakı "N" saylı hərbi hissədə tabor komandiri vəzifəsində idim. Tapşırıq aldıq və Talış kəndi istiqamətindəki yüksəkliklərdən düşmənə ağır zərbələr endirməyə başladıq. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək strateji cəhətdən mühüm ərazilər azad edildi.
Biz bu döyüşlər nəticəsində cəbhənin cənub istiqamətini tam nəzarətimizə keçirərək müşahidə qabiliyyəti qazanmış olduq. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Bu mənim 1992-ci ildən başlayan hərbçi həyatımda ilk böyük savaşım idi. Düşmənin xeyli sayda canlı qüvvəsini, hərbi texnikasını məhv etdik və işğalda olan torpaqlarımıza ilk dəfə ayaq basdıq. Çox sevinirdik və yüksək döyüş ruhu ilə irəliyə doğru inamla hərəkət edirdik. Elə bilirdim ki, arzum gerçəkləşib və biz Qarabağın azadlığı uğrunda savaşa atılmışıq. Amma, çox təəssüf ki, aprelin 5-də atəşkəsin elan olunması ilə missiyamız yarımçıq qaldı...
Ancaq bu döyüş bizim üçün böyük təcrübə və şanlı qələbəyə aparan yolun başlanğıcı oldu. Bu döyüşlər Ali Baş Komandanın modern, yeni tipli müasir ordu quruculuğu prosesinin ilk uğuru idi. Aprel zəfəri göstərdi ki, biz böyük qələbəyə doğru düzgün yoldayıq.
Bu savaşda göstərdiyim qəhrəmanlığa görə Ali Baş Komandan tərəfindən "İgidliyə görə" medalı ilə təltif edildim.
Ümumiyyətlə, Aprel döyüşləri düşmənə ağır zərbənin, Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatının ilk mərhələsi, ilk qığılcım və zəfərin ilk təntənəsi idi.
Vətən müharibəsi - sanki döyüşə yox, toya gedirmiş kimi sevinirdik
Aprel döyüşlərində yarımçıq qalmış missiyamızı 4 il sonra Vətən müharibəsində yerinə yetirmək də qismətimizə yazılmışdı. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində ordumuzun əsgər və yüksəkrütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar.
Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev həmçinin digər əsgər və zabitlərimiz qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Dünya şahidlik etdi ki, Azərbaycan Ordusunun generalı da əsgərlə birgə səngərdə döyüşür. Əlbəttə ki, generalımızın şəhid olması içimdə düşmənə olan intiqam hissini daha da alovlandırdı. Hiss edirdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Cəmi iki ay sonra o tarixi an yetişdi. 28 il öncə içdiyim andı, arzumu gerçəkləşdirmək üçün fürsət yarandı. Erməni silahlı bölmələrinin növbəti təxribatlarına qarşı əks-həmlə hücumları Aprel döyüşləri kimi yarımçıq qalmadı...
44 günlük Vətən müharibəsi başlayanda məni Bakıdakı "N" saylı hərbi hissənin "Həmlə" taborunun komandiri təyin etdilər. Sentyabrın 27-də Ali Baş Komandanın xalqa müraciəti bütün şəxsi heyətin böyük sevincinə səbəb oldu. Müraciət bitdi və sanki şəxsi heyət bu anı gözləyirmiş kimi silaha sarıldı. Əsgər və zabitlər döyüşə yox, toya gedirmiş kimi sevinirdilər. Bu vəziyyət məni çox qürurlandırırdı.
Hazırlıqları görüb yola çıxdıq. Komandiri olduğum hərbi hissə Xüsusi Təyinatlı Qüvvələrin sərəncamına verildi və Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə komandanlığın əmr və göstərişlərini yerinə yetirməyə başladıq. Hərbi hissənin ("Həmlə" taborunun) vəzifəsi düşmənin ön xəttini yarmaq, strateji yüksəkliklərin ələ keçirilməsi və arxadan gələn bölmələrimizə yol açmaqdan ibarət idi. Tabeçiliyimdə olan bölmələrlə Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdik. Hər gün yeni bir döyüş tapşırığı alaraq irəliləyirdik. İrəlilədikcə, işğal altında olan torpaqlarımızda addımladıqca və hər atdığımız addımın nəticəsində torpaqlarımızın işğaldan azad olunduğunun fərqinə vardıqca bu, bizi həm qürurlandırır, həm də daha sürətlə irəliləməyimizə səbəb olurdu.
Vətən müharibəsində ən çox narahatçılığım Aprel döyüşlərindəki kimi atəşkəsin elan olunması, ən böyük arzumuz olan şəhidlərimizin qisasının alınmasının və torpaqlarımızın azad olunmasının yarımçıq qalması idi. Amma şükürlər olsun ki, Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı arzularımızın gerçəkləşməsinə imkan verdi. Biz zabitləri məğlub ordunun zabiti durumundan qalib ordunun zabiti, qalib dövlətin vətəndaşı etdiyinə görə Ali Baş Komandanımıza minnətdarıq.
20 oktyabr 2020-ci il tarixdə komandiri olduğum hərbi hissə Xüsusi Təyinatlı Qüvvələrin sərəncamından çıxarılaraq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarının sərəncamına verildi və onlarla birlikdə Məngələnata yüksəkliyindən hücum əməliyyatlarına başladıq. Yuxarı Yağlıvənd, Dilağardı, Yuxarı Veysəlli və bir çox strateji yüksəkliklərin, hərbi obyektlərin azad olunmasında iştirak etdik.
Vətən müharibəsində cəsur, mərd, qorxmaz, döyüş əməliyyatları vaxtı yüksəkrütbəli zabit olmağına baxmayaraq, əsgərləri ilə birlikdə ön sıralarda, ən təhlükəli istiqamətlərdə döyüşlərdə birbaşa iştirak edən əfsanəvi komandir, polkovnik Tehran Mənsimovla birlikdə, onun tabeçiliyində xidmət etdiyim üçün çox şanslıydım. Əldə etdiyimiz nailiyyətlərdə onun təcrübəsinin, cəsarətinin və hərb elmini dərindən bilməsinin böyük rolu oldu.
Aktiv döyüş əməliyyatlarına Füzuli rayonunun Dilağarda kəndinin azad olunmasından başladıq və qısa zamanda həmin kəndi düşməndən azad etdik. İlk yaralanmağım da həmin kəndin azad olunması vaxtı oldu. Yaxınlığımıza düşən top mərmisinin qəlpələri mənim sol kürək nahiyəmdən yaralanmağıma, müavinim kapitan Şikarov Nəcəf Şikar oğlununsa hər iki ayağından qəlpə yarası almasına səbəb oldu.
Yaralanmağımıza baxmayaraq, düşmənlə çox yaxın məsafədə olduğumuza görə heç ilkin tibbi yardım göstərilməsinə belə vaxt olmadığından yaralı-yaralı hər ikimiz kəndin girişindəki yüksəkliyə çıxaraq düşmənin səngərinə girdik və bir neçə düşmən əsgərini məhv edərək kəndin mühafizəsi üçün qazılmış mövqeni ələ keçirdik. Həmin yüksəklikdən kəndin aşağı hissəsində yerləşən düşmənin artilleriya batareyasına tərk etdikləri mövqelərdə qoyub qaçdıqları öz silahlarından atəş açaraq onların bir çoxunun məhv edilməsinə, qalanlarınsa qaçmasına nail olduq. Dilağarda kəndi azad edildikdə düşmənin dörd ədəd KamAZ, üç ədəd QAZ 3308, bir ədəd UAZ, bir ədəd "2S1 Qaubitsa", bir ədəd zirehli transportyor, çox sayda TƏİR kompleksini və silah-sursatlarını qənimət olaraq ələ keçirdik.
Həmin texnikaları düşmənin özünə qarşı döyüşlərdə istifadə etdik.
Ali Baş Komandanın xalqa müraciətləri bizi daha da ruhlandırırdı
Hücum əməliyyatlarından sonra Radio ilə Ali Baş Komandanımızın xalqa müraciətlərini, azad olunmuş ərazilərimizlə bağlı şad xəbərləri eşitdikcə qürurlanır və Ali Baş Komandanımızla fəxr edirdik.
Ali Baş Komandanımız 30 il ərzində eşitmək istədiyimiz fikirləri səsləndirirdi. Ruhlanırdıq, döyüş əzmimiz daha da artırdı. Öz-özümə deyirdim ki, Azərbaycan Ordusu arsenalında olan texnika, silah-sursata görə dünyanın 50 güclü ordusu sırasındadır, lakin döyüş ruhuna görə ən birincidir. Çünki döyüşlərdə yaralanan hərbçilərimiz də bu məsələdə aşkar itaətsizlik göstərirdilər. Vəziyyətləri barədə heç kimə məlumat vermirdilər, yaralı olduqlarını gizlədirdilər. Çünki yaralı hərbçi bilirdi ki, komandanlıq xəbər tutsa, onu həmin ərazidən təxliyə edəcək və yoldaşlarından, hərbi xidmətdən ayrı düşəcək. Ona görə də yaralı-yaralı döyüşürdülər.
Bu da məni çox sevindirirdi. Qürur duyurdum ki, Azərbaycan əsgəri yaralansa da, torpaqlarımızın azadlığı uğrunda başladığımız haqq savaşını yarımçıq buraxmaq istəmir.
Qərargah rəisi olan kapitan Şikarov Nəcəf Şikar oğlu da yaralı olmasına baxmayaraq, müalicə olunmaqdan imtina edirdi; nə qədər israr etsəm də, hospitala getmədi və qəhrəmancasına döyüşərək zabit borcunu şərəflə yerinə yetirərkən - Xocavənd rayonunda olan strateji yüksəkliyin azad olunması vaxtı gedən döyüşlərdə əlbəyaxa savaşaraq bir neçə düşmən əsgərini öldürdükdən sonra şəhid oldu. Ruhu şad olsun!
Dilağarda kəndini azad etdikdən sonra Xocavənd istiqamətində irəlilədik. Füzuli-Xocavənd magistral yolunun solu ilə irəliləyərək bir neçə yüksəkliyi azad etdik. Magistral yola yaxın hərəkət etdiyimizdən düşmənin Tank Əleyhinə İdarəolunan Raketlərinin atəşlərinə daha çox məruz qalırdıq. Mənfur düşmən Tank Əleyhinə İdarəolunan Raketlərdən canlı qüvvələrimizə, hətta tək bir əsgərə qarşı belə istifadə edirdi. Azad etdiyimiz yüksəkliklərdə çoxlu TƏİR kompleksi ələ keçirərək düşmənin özünə qarşı istifadə etdik və onun bir neçə texnikası bu yolla məhv olundu.
Əldə etdiyimiz yüksəkliklərdən Xocavənd rayonunun yaxınlığında, Füzuli-Xocavənd magistral yolunun solunda düşmənə məxsus alayın yerləşmə yerini müşahidə etdik. Bizimlə həmin alay arasında düşmən iki bölüyə qədər qüvvəsi ilə yüksəkliklərdə müdafiə olunurdu. Qərara gəldik ki, bu yüksəkliklərin hər biri uğrunda döyüşərək yaralı və şəhid verməkdənsə, ərazinin relyefindən istifadə edib yarğanlarla irəliləyərək həmin alayın yerləşdiyi yeri ələ keçirməyə cəhd edək. Bu yolla düşməndə mühasirəyə düşmə xofu yaradılsa, çox ehtimal ki, həmin yüksəklikləri qoyub qaçacaqdı. Elə də etdik: iki qrupla - bir qrupda rəhbər mən, digər qrupda kapitan Şikarov Nəcəf olmaqla həmin alayın yerləşdiyi yerə hücum etdik. Ərazinin relyefindən istifadə edərək alaya yaxınlaşdıqdan sonra, ilk öncə, yaxınlıqdakı yüksəkliyi ələ keçirərək irəlilədik və yolun yaxınlığında qaçmaqda olan düşmənin artilleriya batareyasının şəxsi heyətini zərərsizləşdirib alaya daxil olduq.
Alay çox böyük əraziyə malik olduğu üçün düşməndən təmizlənməsi xeyli vaxt apardı. Bir qrupla kazarmalar, qərargah, yeməkxana və digər binalarda, digər qrupla isə hərbi şəhərciyə aid binalar və məktəb binasında yoxlanışlar keçirildi.
Alayın azad olunması vaxtı mən növbəti dəfə sol ayaq nahiyəmdən yaralandım. Bu mənim ikinci yaralanmağım idi. Yenə də daxildən gələn qisas hissi və işğalda olan torpaq həsrəti məni dayandırmadı: tapşırığı axıra qədər yerinə yetirdikdən sonra ilkin tibbi yardım göstərilərək qanaxma dayandırıldı.
Tapşırığı yerinə yetirdikdən sonra yuxarı komandanlığa məruzə etdim. Yaralı olduğumu biləndə geri qayıtmağımı tələb etdilər, amma mən əmrə tabe olmadım. Dedim ki, geri qayıtsam, hospitalda ürəyim partlayacaq, öləcəm. Qoy ondansa, savaşda şəhid olum. Həm də bilirdim ki, qarşıda daha ağır tapşırığımız var. Mühüm bir yüksəkliyə doğru sızma əməliyyatı həyata keçirib dərinliyə doğru irəliləməli idik, şəxsi heyəti buraxıb geri qayıda bilməzdim...
Noyabrın 5-də növbəti tapşırıq aldıq. Xocavənd rayonunda strateji yüksəkliyi ələ keçirməli idik. O yüksəklik tamamən boz ərazi idi. Yəni yüksəklikdə bir ağac və ya daş parçası belə yox idi. Tam açıq şəkildə düşmənin üzərinə şığımalıydıq. Bu yüksəklik həm də düşmənin Komanda Məntəqəsi idi. Oradan həmin istiqamətdə gedən bütün döyüşlər idarə olunurdu. Mən də, müavinim Nəcəf Şikarov da yaralı-yaralı şəxsi heyətlə bərabər yüksəklik uğrunda savaşa başladıq və strateji yüksəkliyi ələ keçirdik.
Noyabrın 9-da tapşırıq gəldi ki, Xocavənd rayonunun mərkəzinə doğru irəliləməliyik. Şəhərin girişində olan yüksəkliyə doğru irəlilədik. Düşmən bizi ağır artilleriya ilə atəşə tuturdu. Top mərmisi çox yaxınlığıma düşdü və qarın boşluğumdan yaralandım. Qəlpə daxili orqanlarımı parçalamışdı. Hiss edirdim ki, artıq bu sondur, çünki qanaxmanı dayandıra bilmirdim. Ayaqda, qolda olan yaranı sarımaqla qanaxmanı dayandırmaq olur. Amma qarın boşluğundakı yaranın qanaxmasını saxlamaq qeyri-mümkündür.
Yenə də heç kimə demədim. Bir qədər irəliləyəndə hiss etdim ki, qan axıb çəkməmin içərisinə dolub. Fikirləşdim ki, şəxsi heyəti bu vəziyyətimdə döyüşə apara bilməyəcəyəm və tapşırıq yarımçıq qalacaq. Rəhbərliyə məruzə etdim. Bir qədər sonra isə huşumu itirdim. Ayılanda gördüm ki, hospitaldayam.
Əhmədbəyli hospitalında gözümü açanda ilk eşitdiyim qələbə sözü oldu. Həkim dedi ki, komandir, təbrik edirəm sizi, qələbə qazanmışıq, müharibə bitib. Bundan xoş xəbər ola bilməzdi mənim üçün!.. Zəfər qazanmışdıq və mənim də bu zəfərdə payım olduğu üçün çox qürurlu idim.
İki dəfə əməliyyat olundum. Sonra məni Bakıya gətirdilər. Hərbi hospitalda iki ay müalicə aldım.
Bu dövrdə Azərbaycanın Birinci vitse-prezidentindən çox yüksək səviyyədə diqqət və qayğı gördüm. Mehriban xanım Əliyevanın bütün qazilərə, yaralılara xüsusi diqqətinin şahidi oldum. Mehriban xanım mütəmadi olaraq yaralıların durumu ilə maraqlanırdı.
Bu zəfər asan qazanılmadı. Ali Baş Komandanın dediyi kimi, bu qələbənin müəllifi Azərbaycan Ordusunun şəxsi heyətidir. Bu şəxsi heyəti isə idarə edən Baş Komandan var idi. Müzəffər Ali Baş Komandanın rəşadətli ordusunun düşmənə qarşı apardığı "Dəmir yumruq" əks-həmlə hərbi əməliyyatı zəfərlə başa çatdı.
1992-ci ildə Xocalı faciəsi baş verəndə içdiyim andı 28 il sonra Vətən müharibəsində gerçəkliyə çevirdim və bu şansı mənə yaradan cənab Ali Baş Komandanıma ömrüm boyu minnətdaram.