Biləsuvarda rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" adlı konfrans keçirilib.
Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbirdə çıxış edənlər - Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı Murtəza Həsənov, tarix elmləri doktoru, adıçəkilən akademiyanın professoru Fuad Məmmədov bildirmişlər ki, 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu. Qeyd edilmişdir ki, həmin illər cəmiyyətin gələcək inkişafı üçün tamamilə yeni və demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılması zərurətə çevrilmişdi. Məhz bu səbəbdən müstəqil dövlətin qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu. Ümummilli Lider Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verməklə yanaşı, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf etmişdir.
Ümummilli Liderin özünün də qeyd etdiyi kimi, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması respublikamızın tarixində çox böyük bir hadisə oldu. Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən islahatlar öz mənbəyini məhz Əsas Qanundan götürüb.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov Heydər Əliyevin Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verərək bildirmişdir ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır: "Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı".
Konfransda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
S.CAVADOV,
"Azərbaycan"